AXTAR

“Müsəlman Şərqində demokratiya ənənələrinin formalaşması”

28may
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal
Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş,
xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində
Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş,
sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata
keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması,
diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar
atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin
möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında,
demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud
olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin
formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci
bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28-də İstiqlal
Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğunu,
1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”
Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa
olunduğunu nəzərə alaraq Mayın 28-i Müstəqillik Günü elan edilməsini qərara alır.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə
olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr
edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın
yaradılmasının müəllifi olmuşdur. Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır,
Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşlər. Xalq
Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir.
Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordu yaradılmışdır və
Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir. Bakı Dövlət
Universiteti yaradılmışdır. Bu, onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilirdi. 200-
dən çox qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsvermə hüququ verən
qanun qəbul edilmişdir. Yəni, bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan
Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər.
Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini
əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır. Bir neçə il bundan əvvəl cənab
prezidentin Sərəncamı ilə Bakı şəhərinin mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin
şərəfinə abidə ucaldılmışdır.
İyirmi üç aydan sonra respublika süqut etdi və bu, bir daha onu göstərir ki,
müstəqilliyi saxlamaq onu əldə etməkdən daha çətin işdir. 1918-ci ildə qaldırılmış
bayraq 1920-ci ildə endirildi. Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı ulu
öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında
rəsmi dövlət bayrağı kimi qaldırmışdır və təsis etmişdir. Əslində, müstəqilliyə gedən yol
bu tarixi andan başlamışdır. Sovet İttifaqı hələ yaşayırdı və belə cəsarətli addım Ulu
Öndərin öz xalqına, öz dövlətinə, xalqının, dövlətinin gələcəyinə nə qədər bağlı
olduğunu, nə qədər böyük önəm verdiyini göstərir.
1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində digər müttəfiq respublikalarla
birlikdə Azərbaycan da müstəqilliyə qovuşdu və əlbəttə ki, bizim üçün XX əsrdə ikinci
şans yarandı. Ancaq əfsuslar olsun ki, ölkədə gedən xoşagəlməz proseslər imkan
vermirdi ki, gənc müstəqil Azərbaycan ayaqda möhkəm dayana bilsin, öz müstəqil
siyasətini apara bilsin və xalqın maraqlarını doğrulda bilsin. Çox ağır, faciəvi illər idi.
1992-ci ildə AXC-Müsavat rejimi hakimiyyəti qanunsuz şəkildə zəbt etdikdən sonra
vəziyyət daha da ağırlaşdı, pisləşdi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz o
illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlanmış və torpaqlarımız
işğal altına düşmüşdü. Ölkəmizdə xaos, total böhran hökm sürürdü, iqtisadiyyat iflic

vəziyyətdə idi. Əlbəttə ki, Azərbaycan xalqı çıxış yolu axtarırdı. Onu da əlavə edim ki,
AXC-Müsavat rejimi ölkədə vətəndaş müharibəsini başlamışdı. Xalqımız nicat yolunu
Heydər Əliyevin simasında gördü, onu hakimiyyətə dəvət etdi və bir daha öz müdrikliyini
təsdiqlədi.
1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra
Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə
inamla irəliyə getməyə başladı. Ulu öndər Heydər Əliyevin xalq, dövlət qarşısında
misilsiz xidmətləri vardır. Onu da bildirməliyəm ki, 1993-cü ilə qədər müstəqilliyimiz
formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq
qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm
qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa
başlanmışdır. Nizami ordu yaradılmışdır, ölkəmizə böyük həcmdə xarici sərmayə
gəlməyə başlamışdır, dövlətçiliyin əsasları qoyulmuşdur, azərbaycançılıq ideologiyası
rəsmi ideologiya kimi qəbul edilmişdir. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji
inkişaf istiqamətləri müəyyən edildi. Bu gün Azərbaycan bu strateji inkişaf istiqamətlərini
əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini
aparır. Bu gün ölkəmiz müstəqil siyasət apararaq, milli maraqların təmin olunmasında
çox böyük addımlar atıb, çox böyük uğurlar qazanıb. 2003-cü ildən bu günə qədər
Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir. Əlbəttə ki,
o vaxtdan bu günə qədər çox böyük işlər görülüb, ancaq, eyni zamanda, dünya da,
bölgə də dəyişib.
Dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana
gəlir. Əlbəttə, biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən
qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik.
Bir sözlə, son illər ərzində bütün istiqamətlər üzrə inkişaf, tərəqqi var. Sosial
infrastrukturun inkişafı ilə bağlı çox böyük işlər görülmüşdür, məktəblər, xəstəxanalar
tikilmişdir. Bütün bunlar Azərbaycan reallıqlarıdır. Biz artıq güclü iqtisadi potensial, güclü
iqtisadi baza yaratmışıq. Əgər bizim təşəbbüsümüzlə uğurla reallaşan nəqliyyat və
enerji layihələrini əlavə etsək, görərik ki, doğrudan da Azərbaycan böyük yol keçmişdir.
Sadəcə olaraq, demək istəyirəm ki, bu gün Azərbaycan müstəqillik yolunda inamla
irəliləyir və ölkə qarşısında duran problemlər həll edilir. Ancaq biz gələcəyə baxmalıyıq,
əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Ölkə qarşısında duran problemlər bizim
üçün əsas məsələ olmalıdır və bütün müvafiq tapşırıqlar bu istiqamətdə verilir.
Bundan sonra dayanıqlı inkişafı təmin etmək üçün biz fəal işləməliyik və qəbul olunmuş
qərarlar icra edilməlidir. Hesab edirəm ki, bu, qarşıda duran ən vacib məsələlərdən
biridir. Çünki bəzi hallarda qərarlar qəbul edilir, sərəncamlar imzalanır, ancaq onların
reallaşması yubanır.
Ona görə, bundan sonrakı dövrdə mütləq bu sahəyə daha ciddi diqqət
göstərilməlidir ki, qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar həyata
keçirilsin.
Bizim qarşımızda bir çox vəzifələr dayanır. Ən önəmlisi ondan ibarətdir ki,
Azərbaycan öz müstəqil siyasətini aparmalıdır. Xalqımız ancaq müstəqillik şəraitində
inkişaf edə bilər. Biz əsrlər boyu müstəqillikdən məhrum idik və öz seçimimizi edə
bilmirdik. Bu gün biz xoşbəxtik ki, müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq, taleyimiz
öz əlimizdədir. Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən
biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.
Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini
biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim
inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi
olacaq!

 Fərid Əyyubzadə 

Masallı rayonu, Banbaşı kəndi

Oxşar məqalələr