Azərbaycan sonuncu dövlət müstəqiliyinə nail olanda beynəlxalq aləmdə olduğu kimi daxili ictimai-siyasi vəziyyətdə də ciddi gərginlik var idi. Böyük bir imperiya göz önündə dağılırdı. “Sovet ittifaqı” adlanan bu imperiyanı dağıdanlarla qorumağa çalışanlar arasında xırda dedi-qodulardan tutmuş silahlı qarşıdurmalara qədər hər cür siyasi avantüra baş alıb gedirdi. Uzun müddət qapalılıq mühitində yaşamış cəmiyyətin belə bir qarışıqlıqda bəzən hakimiyyət, bəzən isə ümidsizlik eyforiyasına qapılması təbii və olduqca ağrılı idi. Ermənistanın torpaqlarımızı işğal etməsi isə xaosu daha da artırmışdı. Xarici təsirlər nəticəsində əhali arasında yaranmış cəbhələşmə sayəsində qarşıdurmalar bitmək bilmirdi. Ancaq “hər qaranlıq gecədən sonra açılan işıqlı sabahlar” kimi zamanı yetişəndə “sular durulmağa” başladı. 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda qazanılan böyük zəfər sosial-iqtisadi sahədə sürətlə gedən evolyusion islahatların siyasi müstəviyə keçməsinə münbit şərait yaratdı. Azərbaycanın dövlət başçısının “dəmir yumruq” adlandırdığı ümumxalq birlik ideyasının reallaşdırılması üçün addımlar atıldı.
Baş verən prosesdə fundamental məsələ siyasi hakimiyyətin özünün milli maraqlar müstəvisində hamını birliyə dəvət etməsi oldu. Yəni, hakimiyyət ilk addımı özü atdı və bununla da cəmiyyətdə siyasi dialoqun memarı rolunu üzərinə götürdüyünü elan etdi. Prinsipcə, hakimiyyət öz yerini kifayət qədər möhkəmləndirmişdi və bu addımı atmağa ehtiyacı yox idi. Amma, beynəlxalq aləmdə və daxili siyasi həyatda ictimai nöqteyi-nəzərdən daha güclü olmaq üçün bu prosesə artıq cəmiyyətdə sosial tələbat vardı. Düzdür, yenə də xarici təsirlər nəticəsində bu addımı mənfi dəyərləndirənlər tapıldı. Ancaq siyasi təşkilatların ümumi rəyi müsbət idi və bu vəziyyət hakimiyyət uğrunda mübarizə aparan partiyaların işinin təkmilləşməsini zərurətə çevirirdi. Siyasi dialoq mühitinin yaradılması “dəmir yumruq” platformasının ideoloji əsaslarının yaradılmasına hədəflənmişdi.
Təbii ki, siyasi təşkilatın son məqsədi hakimiyyətə nail olmaqdır. Amma, necə? Düşünürük ki, müstəqilliyin ilk illərindən yaranmış çoxpartiyalı sistemin ən zəif cəhəti siyasi plüralizmin olmaması idi. Cəmiyyətin siyasi intellekti və siyasi ambisiyaları buna hazır deyildi. Məsəl var, deyir “çəkişməsən, bərkiməzsən”. Nə qədər ağrılı və mürəkkəb olsa da biz bu yolu keçdik və hazırkı islahatlar dövrünə qədəm qoyduq. Siyasi dialoq bu dövrün başlıca təşəbbüsüdür. Demək olar ki, uğurlu təşəbbüsdür. Çünki, bütün şəraitlərdə dialoq antoqonizmin əleyhinədir, antoqonizm isə düşmənçiliyə aparan yoldur.
Məncə, özünü siyasətdə görən hər bir Azərbaycxan vətəndaşı aydın hiss edir ki, son iki ildə ölkəmizin siyasi mühitində ab-hava əsaslı şəkildə dəyişilib. Artıq hakimiyyətdə təmsil olunmaq uğrunda çalışan partiyaların mməsələyə baxışlarında ciddi fərqlər hiss olunur. “Siyasi partiyalar haqqında” qəbul olunmuş yeni qanunun müzakirəsində parlamentə düşüb-düşməməyindən asılı olmayaraq bütün partiyaların müəyyən kriteriyalar daxilində dövlət büdcəsindən maliyyələşməsi təklifinin verilməsini yeni düşüncə kimi qəbul edilməlidir. Belə ki, vaxtilə xaricdən qrant almaq üçün az qala əlbayaxa davaya çıxanlar indi dərk edirlər ki, bu gün maliyyəni təmin edən sabah sifarişlər verəcək. Bu isə xaricdən asılı duruma düşmək və düşmənin məqsədinə xidmət etmək deməkdir. Azərbaycan xalqı indi dostu-düşməni daha aydın görür və qiymətləndirir. Fakt olaraq, indiyədək insan hüquqlarını ilk elan edən və bunu beynəlxalq aləmdə bayrağa çevirən qərbin aparıcı ölkəsi olan Fransanın öz vətəndaşlarının hüquqlarını necə qəddarlıqla pozduğunu göstərmək olar. Belə olan halda fransalı siyasilər Azərbaycan xalqının qədrini bilərlərmi? Qətiyyətlə cavab vermək olar ki, yox! Bəs, onda biz niyə bir-birimizi eşitməyək?! Buyur, məqsədin uğrunda mübarizə apar və qalib gəl. Söhbət mübarizədən gedir, daha düşmənçilikdən yox. Bu iki bir-birini qəbul etməyən məfhumu eyniləşdirmək düz deyil. Təəssüf ki, Azərbaycan cəmiyyəti bu nüansdan xali deyil. Buna görə də siyasi dialoq bu gün aktual məsələdir, başlanmış prosesin davamlı inkişafı istər hakim partiyanın, istərsə də hakimiyyətə can atan partiyaların xalqa, dövlətə vermək istədiklərinin həyata keçməsinə töhfələr verə bilər.
Öz proqramı ilə sol mərkəzçi mövqedən çıxış edən Azad Vətən Partiyası bu prosesi alqışlayır və öz növbəsində hər hansı siyasi təşkilatla dialoqa tam açıqdır. Düşünürük ki, partiyalararası əməkdaşlıq siyasi dialoq sayəsində yeni səviyyəyə qalxacaq və mübarizənin müasir metodlarının inkişafını sürətləndirəcək.
Novruz Novruzov
AzVP-nin Siyasi Şurasının sədri