AXTAR

Azərbaycan dəvətsiz qonaqlara sözünü açıq deməlidir

lachin
Cənubi Qafqazın strateji manevr açarı uğrunda 30 ildir gedən amansız mübarizə haqda bu gün açıq kodlarla danışılır. Rusiya və Qərbin görünən, Fransanın üzdəniraq, İranın isə gizli fəaliyyətlərinin xarakteri siyasilər və ictimaiyyət üçün tamamilə aydındır. Vaxt vardı ki, Azərbaycan bu qüvvələr arasında, obrazlı desək, “içini gəmirə-gəmirə” manevr etməyə məcbur qalmışdı. Ancaq zaman öz işini gördü, addım-addım, səbirlə qüvvə toplayan, ölkədəki başıpozuq qüvvələırin başını bir yerə toplayıb nizami ordu quruculuğunu relsə qoyan və müasir hərbi sənaye yaradan, habelə ölkənin təbii sərvətlərindən məldə olunan gəlirləri əsas məqsədə - torpaqlarımızın azadlığı uğrunda mübarizəyə istiqamətləndirən dövlət son sözünü 44 günlük müharibədəki zəfərlə dedi. Bu uğur diplomatik mübarizəni açıq müstəviyə keçirdi. Çünki, bədxahların siyasi ikiüzlülüyünə daha yer qalmamışdı. ATƏT-in Minsk Qrupu adlandırılan və fəaliyyəti dövründə siyasi demaqoqluqdan başqa heç nə ilə məşğul olmayan bədnam missiya ömrünü biabırçı şəkildə başa vurmağa məcbur oldu. Bütün kodlar açıldı və Azərbaycanın əlində ədalətsiz diplomatiyaya qarşı inkaredilməz faktlara çevrildi.
Hazırda ABŞ və Rusiya Azərbaycanın zəfəri fonunda özlərini nə qədər təmkinli aparmağa çalışırlarsa, Fransa və İran bir o qədər hövsələsiz və düşüncəsiz hərəkət edirlər. Çünki, bu ölkələr 44 günlük müharibənin əvvəlində özlərini bitərəflər rolunda göstərirdilər. Çünki, Azərbaycanın məğlubiyyətinə inanırdılar. Axı, ermənilərin işğal etdikləri Azərbaycan ərazilərindəki müdafiə sədlərinin yaradılmasında onların da gizli iştirakı vardı.
İndi Azərbaycan dövlətinin başçısı Qarabağ regionu üzərində qurulan beynəlxalq siyasətin çirkinlikləri barədə açıq danışır. “Beynəlxalq vasitəçilər - ATƏT-in o vaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. İndi hər şey aydın oldu - Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər, sadəcə olaraq, bizi çaşdırmaq istəyirdilər. Amma baxın, müharibədən – İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində bizə qarşı hansı çirkin əməllər törədilir, hansı əsassız ittihamlar irəli sürülür. Yəni, bütün bunlar göz qabağındadır, o cümlədən Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. İşğal dövründə də biz bunu təbii ki, hiss edirdik, amma bu dərəcədə yox. Təsəvvür edə bilməzdik ki, ölkələr bu dərəcədə riyakar, yalançı ola bilərlər. Adamın üzünə baxıb bir söz deyə, arxada başqa iş görə bilərlər” - bu fikirləri Prezident İlham Əliyev işğaldan azad ediləndən sonra bərpa dövrünü yaşayan Laçın rayonuna təyin etdiyi xüsusi nümayəndəsini qəbul edən zaman deyib.
Bu cür açıq danışıq iki vacib məqamı ehtiva edir: birincisi, Azərbaycan dünya çatındakı yerindən və mövqeyindən asılı olmayaraq bizə münasibətdə “qara oyunlar” oynamağa çalışanlara lazımı cavab vermək iqtidarındadır, ikincisi, “örtülü bazar, dostluğu pozar” prinsipi ilə dost-düşmən platformasında dumanlar dağıdılır, “kimin kim olduğu” üzə çıxır. Bu hal atılacaq növbəti diplomatik addımların konturlarını üzə çıxarır. Bu mənada Fransa və daha bir neçə dövlət kimi Azərbaycanın daxili işi olan Qarabağ bölgəsində erməni etnik qrupunun necə yaşaması məsələsində birtərəfli qaydada özbaşına təşəbbüslərlə çıxış etməyə çalışan dəvətsiz qonaqlara yerlərini aydın göstərmək lazımdır. Təbii ki, bu yolda Azərbaycan vətəndaşı olmaq istəməyənlər və yaxud ölkəmiz daxilində özlərinə separatçı qurum yaradanlar bizim üçün arzuolunmaz şəxslərdir. Dünyada elə bir ölkə yoxdur ki, öz ərazisində daxili separatçıların qalmasını istəsin. Bu, dövlətçiliyin şərtidir. Eyni zamanda öz vətəndaşının qayğısına qalmaq da dövlətçilik şərtlərindən biridir. Buna görə də Azərbaycan erməni millətindən olan vətəndaşlarının problemlərini özü həll etməyə və hüquqlarını qorumağa borcludur və buna qadirdir, necı deyərlər, “yengələrə ehtiyac yoxdur”.
Novruz Novruzov
AzVP Siyasi Şurasının sədri

Oxşar məqalələr