AXTAR

Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilmişdir

qizbayraq

Azərbaycan Respublikasında qadın siyasəti ilk növbədə, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayrıldı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verildi. Məhz ümummilli liderin uzaqgörənliyi və qətiyyəti sayəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilmişdir. Xalqımızın hüquq və azadlığını daim qorumuş, onun milli şüurunun formalaşmasında, maariflənməsində böyük xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətinin ilk dönəmində də, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır. O vaxtlar da qadın problemləri, qadınların inkişafı, onların irəli çəkilməsi haqqında dünya miqyasında söhbətlər gedirdi. Elə həmin dövrdə ümummilli lider Heydər Əliyev qadınlara diqqət və qayğı göstərərək, onları bilik və bacarıqlarına, istedad və intellektinə görə irəli çəkməyə, yüksək vəzifələrə təyin etməyə başlamışdı. O dövrdə bir çox rayonlara rəhbərlik qadınlara tapşırılmışdı. Vəzifəlilər – nazir müavinləri, hətta nazirlər arasında neçə-neçə qadın var idi. Respublikamızın tarixində ilk dəfə olaraq ali məktəblərə qadın rektorlar təyin edildi. Ümummilli liderimiz hələ o dövrdə öz işində, ictimai fəaliyyətində fərqlənən qadınlara fəxri adların verilməsinə, qadınların mükafatlandırılmasında, orden-medallarla təltif olunmasında səyini əsirgəmədi. Həmin illərdə neçə-neçə qadın “Sosialist Əməyi Qəhrəmanı”, “Qəhrəman ana” fəxri adlarını aldı. Bütün bunlar ölkə başçısının xalqına göstərdiyi sonsuz diqqət və qayğının nəticəsi idi. Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla onların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmalarına çalışmışdır.
Bu gün müstəqil Azərbaycan Respublikasında dövlətçilik ideyaları ətrafında sıx birləşən qadınlarımız dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək Vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Onların geniş fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılmışdır.
Bu gün çox xoş bir qismətdir ki, onları ürəkdən dəstəkləyən, qayğılarını çəkən, ən əsası isə həqiqi qiymətini verə bilən dövlət başçımız vardır. Yaxşı bilirik ki, hər hansı bir dövrdə qadına münasibət, ilk növbədə, ölkə başçısının qadın siyasətindən asılıdır. Bu sahədə Azərbaycan qadınlarının da bəxti gətirmiş hesab etmək olar. Çünki uzun müddət bizim müstəqil dövlətimizin başında bəşər tarixinin XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət, böyük dövlət xadimi, fitri istedada malik siyasi lider, Azərbaycan xalqının əvəzedilməz lideri Heydər Əlirza oğlu Əliyev dururdu.
Ümummilli liderimiz Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi. Hətta müstəqil Azərbaycanın 1995-ci ilin 12 noyabrında qəbul edilmiş 27 noyabrında qüvvəyə minmiş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqləməklə demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır. Məlumdur ki, Azərbaycan Respublikası Konstitusiyasında qadınlar da daxil olmaqla, bütün vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ təsbit edilir. Onlar dövlət orqanlarında qulluq etmək və bütün seçkilərdə qeyd-şərtsiz iştirak etmək hüququna malikdirlər. Ümummilli lider Heydər Əliyev 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” sərəncam imzalamış və bu sərəncamda dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirilmişdir.
Respublikamızda qadınlara dair dövlət siyasətini daha mütəşəkkil şəkildə həyata keçirmək məqsədilə Ümummilli lider Heydər Əliyev 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaratdı və Nazirlər Kabinetinə ölkənin siyasi, sosial-iqtisadi, mədəni həyatında qadınların rolunu artırmaq məqsədilə müvafiq təkliflər işləyib hazırlamağı tapşırdı. Bu ulu öndərimizin Azərbaycan qadınlarına göstərdiyi qayğının parlaq nümunəsi idi. Eyni zamanda, qadın problemlərinin həlli zərurəti 1998-ci il sentyabrın 25-də keçirilmiş ilk qurultayda qeyd olundu.
Heydər Əliyevin “Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanı respublika qadınlarına 8 Mart bayramı qabağı önəmli hədiyyə olmuşdu. Fərmanda qadınların Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini rəhbər tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədilə onların münasib işlə təmin edilməsi proqramının hazırlanıb həyata keçirilməsi və sair tapşırılmışdı. Bu, ümummilli liderimizin respublika əhalisinin yarıdan çoxunu təşkil edən qadınlara böyük diqqəti idi.
Ulu Öndər Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar Bayramı ilə bağlı: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar” deyə qeyd etmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd etmişdir ki, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bu günkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər”.
Dövlət qadın siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictima-siyasi, sosial-iqtisadi, elm-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevnın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.
Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Bu gün Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurla qeyd edir, çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı, tərbiyə və təhsil verdiyi övladları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın işğalına son qoyaraq “Dəmir yumruq” olub 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad etdi. Bu gün biz Vətən, torpaq uğrunda canlarını qurban vermiş şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdüb, tərbiyə verən analara – qadınlara borcluyuq.

Kamal Təhməzov

Masallı rayon Çaxırlı kəndi

Oxşar məqalələr