Beş il əvvəl Azərbaycan Prezidentinin tarixi torpaqlarımız olan İrəvan, Zəngəzur, Göyçə barədə dedikləri Ermənistanda əsl ajiotaj yaratmışdı. Həmin vaxt Ermənistanın “1in.am” informasiya portalının dərc etdiyi bir məqalədə deyilirdi: “Bizim hakimiyyət bir məsələni təkidlə inkar edir ki, Prezident İlham Əliyevin özünə güvənməsinin mənbəyi, yumşaq desək, bizim dövlətimizin biabırçı vəziyyətdə olması, dağıdıcı mühacirətdir... Əgər biz belə davam etsək, İlham Əliyev nəinki İrəvanı qaytaracaq, hətta hər birimizin evinə daxil olacaq. Əliyevin çıxışının həyəcan doğuran tonu bizim hakimiyyətin nümayəndələrinin qulağına nə qədər xoş gəlməsə də, praqmatik siyasi əsasa malikdir. Bu, boşalan Ermənistan dövlətinin institusional və perspektiv iflasa uğramasıdır. Ermənistanın hakimiyyət orqanlarının nümayəndələri bir aşkar faktı – özlərinin siyasətinin açıq-aydın fiaskosunu gizlətmək məqsədilə dünəndən başlayaraq qılınclarını yellədirlər”.
Bu gün isə Azərbaycan siyasətinin uğurları haqda təkcə Ermənistanda deyil, bütün dünyada danışılır. Əsrimizin ötən dövrünə nəzər salanda aydın görünür ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər mükəmməl yürütdüyü siyasətin tərkib hissəsidir və mövcud reallıqları əks etdirir. Reallıqlar isə ondan ibarətdir ki, Azərbaycan dövləti kifayət qədər güclü siyasi, iqtisadi və hərbi gücə malikdir və ölkənin qarşısında duran taleyüklü məsələlərin həllində kənar qüvvələrdən asılı deyil. Prezident İlham Əliyevin yanvarın 10-da yerli telekanallara verdiyi müsahibədə bu reallığı aşkar şəkildə bildirib və apardığı siyasətin əsas istiqamətlərini bir daha diqqətə çatdırıb. Müsahibədə irəli sürülən əsas tezislər müasir tariximizə yazılmış hadisələrin əhəmiyyətini və inkişafımıza etdiyi təsirləri ehtiva edir.
Bu gün Azərbaycan xalqını narahat edən əsas məsələlərdən biri Ermənistanla bağlanması nəzərdə tutulan sülh müqaviləsidir. Çünki, bu müqavilədən sonra iki ölkə arasında sərhədlərin dəqiqləşdirilməsi prosesi başlayacaq. Ancaq, bu vaxt hansı coğrafi meyarlara, hansı ilin xəritələrinə istinad ediləcəyi hələ ki, sual altındadır. İlham Əliyev bu suala müsahibədə konkret cavab verib: “1970-ci illərin xəritəsini əsas götürmək istəyən təkcə Ermənistan deyil, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik. 1920-ci ilin aprelində sovetləşmədən sonra noyabr ayında artıq sovet hökuməti Qərbi Zəngəzurun böyük hissəsini Azərbaycandan qoparıb Ermənistana vermişdir. Bu da tarixi faktdır, XX əsrin əvvəlinin xəritələri var. Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi var və orada Zəngəzur, - şərqi, qərbi yoxdur, – bütün Zəngəzur Azərbaycan ərazisidir və bu, sovet dövründə baş verib”.
Tarixi xronologiyaya nəzər salanda görürük ki, Azərbaycanın dövlət başçısının illər əvvəl dediyi sözlər, xalqa verdiyi vədlər bu gün yerinə yetirilib. Heç şübhəsiz, bu gün deyilən sözlər də yaxın gələcəkdə reallığa çevriləcək. Çünki, bu cür anonslar Azərbaycan diplomatiyasının, başqa sözlə, tarixi ərazilərimizin qaytarılmasının dəyişilməz istiqamətidir. Əsrimizn tarixi təcrübəsindən aydın görünür ki, ümummilli problemlərin həlli artıq siyasi aksiomaya çevrilib. Davam edən proses ilkin mərhələdə Zəngəzur dəhlizinin reallaşacağını, perspektivdə isə bu regionun bütövlükdə həqiqi sahiblərinə qaytarılacağını ehtiva edir.
Novruz Novruzov
Azad Vərən Partiyası Siyasi Şurasının sədri