AXTAR

2023-cü ilin gözlənilən və gözlənilməyən nəticələri

zefer
Azərbaycanın müstəqilliyi bərpa olunanda onun gələcəyi barədə proqnoz vermək çətin idi. İqtisadi cəhətdən dünyanın əksər dövlətlərindən geri qalan imperiyadan ayrılmış və dərhal da bədnam qonşularının təcavüzünə məruz qalmış bu Qafqaz ölkəsinin vəziyyəti birdən-birə o dərəcədə mürəkkəbləşmişdi ki, çoxları onun ayaq üstə dura biləcəyini təsəvvürünə belə gətirə bilmirdi. Amma dünyanın ən böyük hakimi zaman öz sözünü dedi. Qüdrətli və müdrik rəhbərlik sayəsində ölkə burulğandan çıxdı. Güclü iradə, uzaqgörənlik, səbr və təmkinlilik Azərbaycanı addım-addım zirvəyə istiqamətləndirdi və dünya birliyinin inamlı və etibarlı üzvlərindən birinə çevrilməsinə yardımçı oldu.
Yola saldığımız 2023-cü il Azərbaycan tarixində özünə əbədi iz saldı. Ötən il tarixdə ölkəmizin süverenlik haqqının bərpası ilə yadda qaldı. Bu möhtəşəm qələbə dünyada geniş rezonans yaratdı və Ermənistanın işğalçılıq fəaliyyətinə birdəfəlik son qoydu. Böyük Zəfərin bütün dünyaya səs salması onun mahiyyətinin nə qədər vacib olduğunu üzə çıxardı. İşğalçılara qarşı aparılan Vətən müharibəsinin Azərbaycan üçün əhəmiyyəti o dərəcədə böyükdür ki, onun dərsləri haqda bundan sonra da dəfələrlə elmi və tarixi məqalələr yazılacaq. Çünki, Azərbaycan Ordusunun döyüş əməliyyatları bir çox məqamlarla yanaşı sübut etdi ki:
- Müstəqil və gənc Azərbaycan dövlətinin güclü və müasir nizami ordusu formalaşıb;
- Azərbaycan Ordusu heç bir kənar qüvvənin köməyi olmadan ərazisini işğal etmiş düşmən ordusunu ölkədən qovmağa qadirdir;
- Azərbaycan dövləti ərazi bütövlüyü uğrunda hər cür mübarizəyə hazır və bu işdə qətiyyətlidir,
- Azərbaycan xalqı və hökuməti nə qədər xarici təzyiqlərə məruz qalsa da mənəvi-psixoloji durumunu, torpaqlarını erməni işğalından azad etmək ruhunu qoruyub saxlayır.
Bütün bu qələbələrimizin önündə Prezident, Ali Baş Komandan İlham Əliyev gedirdi. Belə ki, işğal dövründə torpaqlarımızın azadlığı barədə danışan Prezident İlham Əliyevin qətiyyəti tam mənası ilə özünü həmişə biruzə verirdi. Görünən odur ki, xalqın mübarizəsi önündə bacarıqlı komandan gedir. Hətta vəziyyəti təhlil edəndə məlum olur ki, Azərbaycanın qarşısını bir yox, bir neçə güclü qüvvəni birləşdirən düşmən qrupu kəsmişdi. Həm siyasi, həm iqtisadi, həm də açıq döyüşlərlə aparılan bu qeyri-bərabər, amma cəsarətli savaşda Azərbaycan addım-addım irəliləyir və ötən hər an onu qalibiyyətə yaxınlaşdırırdı. Biz artıq qalibik və sözümüzü qalib dövlət kimi deyirik.
Prezident İlham Əliyev 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində deyib: “2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür”.
Müraciətdə 30 illik işğal zülmünün Zəfər sonluğu aydın ifadə edilib: “Azərbaycanda separatizmin kökü kəsildi və separatizm bizim torpağımızda bir daha baş qaldıra bilməz. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır”.
Bu nəticə böyük tarixi dərsdir və ölkəmizin əbədi sülh içində yaşaması üçün möhkəm təməldir.Novruz Novruzov

AzVP Siyasi Şurasının sədri

Oxşar məqalələr