Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü Azərbaycanın beynəlxalq münasibətlərində irəliyə atılmış böyük bir addım oldu. XXI əsrdə ölkəmizin xarici siyasi və iqtisadi fəaliyyətinə nəzər salanda aydın görünür ki, Azərbaycanın əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatların fəaliyyətində bir canlanma baş verir. Türk Dövlətləri Təşkilatının, Qoşulmama Hərəkatının işində bu meyar qabarıq nəzərə çarpır. SPECA üzvü olan ölkələrin rəhbərlərinin zirvə görüşü də Azərbaycanın təşəbbüsü ilə keçirilib.
Belə bir görüşün keçirilməsi üçün tarixi və iqtisadi faktorlar əsas götürülüb. Çünki, nə vaxtsa proqramda iştirak edən dövlətləri dərin iqtisadi əlaqələr və siyasi vəhdət birləşdiribdir. Tarixi Böyük İpək Yolu məhz bu dövlətlərin bilavasitə iştirakı ilə salınıb və uzun əsrlər boyu fəaliyyət göstərib. Ancaq sonralar yadellilərin müdaxiləsi ilə yol da, əlaqələr də pozulub, düşmənlər bu varlı torpaqları talan edib viran qoymaqla yanaşı, dövlətçiliklərini də sarsıdıb. Bir neçə əsr əsarət altında qalan xalqlar müstəqilliklərini itirsələr də, mədəniyyətlərini və ictimai sərvətlərini qoruyub saxlamağa, hətta bir sıra istiqamətlərdə inkişaf etdirməyə nail olublar.
Yenidən müstəqilliklərinə qovuşan qədim türk dövlətləri niyə köhnə, amma sınaqdan çıxmış inkişaf yollarını perspektiv planlarına salmasınlar?! Eyni dilə və mədəniyyətə, ortaq tarixə malik xalqların birliyini qütbləşmiş dünyada gözü götürməyən, geostrateji maraqlarına ziyan sayanlar çox olsa da bunun qarşısını almağa qadir qüvvə tapılmaz.
Dünyanın hazırkı iqtisadi və siyasi vəziyyəti, habelə qloballaşma prosesi dünyadakı güc mərkəzlərinin də dəyişilməsinə səbəb olur. İndi birqütblü və ya ikiqütblülük anlayışları tarixin arxivinə göndərilir. Bu mənada SPECA ölkələrinin Zirvə görüşünün həm tarixi əsasları var, həm də bu, müasir geostrateji maraqlardan doğan zəruriyyət kimi meydana çıxır.
İndi dünya dərin siyasi və iqtisadi kataklizmlər dövrünü yaşayır. İqtisadi və siyasi mübarizələr bir-birini əvəz edir. Bəşəriyyətin uzun əsrlər boyu yaratdıqlarını dağıdıcı müharibələr bir anın içərisində məhv edir. Bu şəraitdə dünyanın sülhə, əmin-amanlığa, sabitliyə, dinc əməkdaşlığa olan ehtiyacı sürətlə artır. Belə bir ictimai-siyasi istiqamətdə bu amil bütün yer kürəsinin sosial tələbatıdır. Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. SPECA-ya üzv ölkələrində isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”.
Görüşdə Macarıstan və Gürcüstan rəhbərlərinin fəxri qonaq qismində iştirak etməsi SPECA Proqramına üzv dövlətlərin fəaliyyət dairəsinin yaxın gələcəkdə daha da genişlənməsini ehtiva edir. Belə ki, Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda iştirak edir. Gürcüstanın, Ukraynanın bu təşkilatın işində iştirak etməklə bağlı ciddi istəkləri var. Prinsipcə, adıçəkilən dövlətlərin yerləşdikləri cöğrafi ərazinin yaxın olması və dövlətlərarası siyasi münasibətlərin inkişaf dinamikası bu mülahizələri təsdiqləyir. Azərbaycan isə faktiki olaraq bu əlaqələrin yaranmasında və irəliləməsində koordinator rolunu oynayır. Başqa sözlə, ölkəmizin beynəlxalq aləmdə mövqeyi daha da güclənir.
Novruz Novruzov
Azad Vətən Partiyasının Siyasi Şurasının sədri