AXTAR

Azərbaycanın daha bir sülh çağırışı

170047412228593635071
İraq prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin genişlənməsinə və dünyada haqq-ədalət uğrunda mübarizəyə yeni töhfələr verəcək. Bu ölkələrin taleyində oxşar cəhətlər çoxdur. Hər ikisi beynəlxalq zorakı siyasətə məruz qalıb, torpaqları işğal edilib və gərgin mübarizədən sonra suverenliklərini bərpa ediblər.
Vətən müharibəsini zəfərlə başa vuran Azərbaycan təcavüzkar Ermənistan arasında regionda sabitliyi təmin edəcək sülh sazişinin imzalanması üçün dəfələrlə təkliflər verib. Lakin Ermənistanı öz maraqları daxilində təcavüzə təhrik edən bəzi dövlətlər, xüsusilə də ABŞ və Fransa, həmçinin bu və digər ölkələrdə kök salmış erməni diasporu bu strateji və humanist addıma mane olurlar. Biri Ermənistanı silahlandırır, digəri Azərbaycanın ərazisi üzərində qeyri-qanuni dinləmələr keçirir, yaxud “dağlıq Qarabağ” adlı bitib qurtarmış problem barədə hüquqdan danışmaqla aranı qatırlar. Azərbaycan isə səbir və təmkinlə bu cür beynəlxalq hüquqa zidd əməlləri ifşa edir, böyük-kiçikliyindən asılı olmayaraq yaxın və uzaq qonşularına yerlərini göstərir. Təbii ki, bu işdə ölkəmizin müttəfiqləri, dostları və tərəfdaşları onunla həmrəy və silahdaşdırlar. Bu istiqamətdə İraq Respublikası ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi xarici siyasətin əsas vektorları sırasındadır. Bu haqda Prezident İlham Əliyev mətbuata verdiyi açıqlamada deyib: “Biz təkbətək görüşümüz zamanı və nümayəndə heyətləri ilə görüşdə ikitərəfli gündəliyimizin bir çox məsələlərini müzakirə etdik, faktiki olaraq gələcək əməkdaşlığımız üçün əsas istiqamətləri müəyyənləşdirdik. Biz sözsüz ki, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. Biz BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik”.
Azərbaycandan sonra İraq prezidenti Ermənistana da səfər edəcək. Heç şübhəsiz, cənab Əbdüllətif Camal Rəşid bu ölkənin rəhbərləri ilə görüşündə sülh məsələsinin vacibliyi barədə mesajlar verəcək. Hesab etmək olar ki, bununla da Qafqazda sülh təşəbbüsünün daha bir müdafiəçisinin artması bu işdə irəliləyişə kömək edəcək.
Məsələyə tarixi konteksdə yanaşsaq, Ermənistan regionda heç vaxt söz sahibi olmayıb və ümumiyyətlə, hər hansı bir həlledici rol oynamayıb. Çünki, ermənilərin yalnız marionet dövlət kimi tarixləri 1918-ci ildən başlayır. Əgər Azərbaycanla sülh müqaviləsi bağlasalar, onda ermənilər özlərinin müstəqil dövlətini qurmağa nail ola bilərlər. Həm də bu işdə Azərbaycan onlara yardımçı ola bilər. Ancaq göstərdiyimiz kimi, xarici imperialist dairələr və daxili revançist qüvvələr bu işə mane olurlar. Hər bir halda Azərbaycanın dövlət başçısı Cənubi Qafqazda siyasi palitranın əsas məqamlarını İraqın dövlət başçısına bildirib: “Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib”. Bu, Azərbaycanın Ermənistana növbəti sülh çağırışıdır.
Bu sözlər Ermənistanda siyasi dairələri dərindən düşündürməlidir. Onlar Qərbin təzyiqləri qarşısında davam gətirməyib sülh sazişindən yayınmaqda israr etsələr, olan-qalan dövlətçiliklərini də itirə bilərlər. Həm də bu itkinin səbəbkarı elə ermənilərin özləri olacaqlar.

Novruz NOVRUZOV

Azad Vətən Partiyasının Siyasi Şurasının sədri

Oxşar məqalələr