AXTAR

Azərbaycanla dünya ölkələrinin əməkdaşlığı genişlənir

qaradag gunüsh elektrik
Bu gün dünyanın hansı coğrafi nöqtəsi olur-olsun, Azərbaycan adı gələndə göz önündə mübariz və sürətlə inkişaf edən ölkə obrazı canlanır. Ona görə ki, Azərbaycan tanınır və təqdir olunur. Ona görə ki, indi şirin nemət olan müstəqilliyin bir atributu kimi ölkəmizin dünyanın 180-dən çox ölkəsi ilə diplomatik və iqtisadi əlaqələri var. Ölkə rəhbərliyinin yürütdüyü sülhsevər və dinc əməkdaşlıq siyasəti sayəsində Azərbaycan və azərbaycanlılar hər yanda tanınır və hörmətlə qarşılanır.
Təbii ki, bütün digər münasibətlərin əsasını təşkil edən iqtisadi əlaqələr daha üstün mövqeyə malikdir. Azərbaycan karbohidrogen ixracı ilə Avropanın enerji təhlükəsizliyinin qorunmasında yaxından iştirak edir. Bu, demək olar ki, bütün Avropa ölkələri ilə əlaqələrin başlanğıcında əsas amil olub. Hazırda dövlətimizin iqtisadi siyasətinin əsas məqsədlərindən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun hesabına reallaşdırmaqdır. Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, eləcə də “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi”ndə başlıca hədəflərdən biri budur. Azərbaycanın qeyri-neft sektorunun ekotəmiz məhsulları getdikcə daha çox xarici bazarı əhatə edir.
Dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə irihəcmli sərmayə yatırır, kreditlər ayırırlar. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən xarici investisiyanın çox hissəsi Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreyaya məxsusdur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrin icrasında türk şirkətləri daha fəal iştirak edirlər. Ölkəmizə qoyulan əsaslı investisiyalar, yerli şirkətlərin fəaliyyətinin genişlənməsi, sahibkarlığın inkişafına ayrılan vəsait, kredit, subsidiyaların artırılması xarici investorların fəaliyyətinə əlverişli şərait yaratmaqla güclü infrastruktur layihələrinin tətbiqini də genişləndirir. Təsadüfi deyil ki, artıq maliyyə imkanları geniş olan ərəb ölkələri də Azərbaycana investisiya yatırmağa böyük maraq göstərirlər. Oktyabr 26-da Bakının Qaradağ rayonunda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin inşa etdiyi 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev deyib: “Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfelimiz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür”.
Hazırda Azərbaycan xarici investisiyalara ehtiyacı olan ölkədən yerləşdiyi regionda və ondan kənarda irihəcmli investisiyalar yatıran ölkəyə çevrilib. Bu zaman qarşıya qoyulan əsas vəzifə qeyri-neft sektorundakı mövcud potensialın hərəkətə gətirilməsi, bu sahədə dinamik inkişafın təmin edilməsi üçün yeni iqtisadi islahatların həyata keçirilməsi olub. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritəsi bu məqsədlə qeyri-neft sektorunda müşahidə edilən proseslərə sürətlə uyğunlaşma, habelə postneft dövründə iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün sənayenin qarşısında duran yeni çağırışlar və imkanlar açıb. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəfləri ehtiva edir. Bu strateji sənəd Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətə malikdir ötən dövrdə görülən işlər sübut edir ki, ölkəmiz nəzərdə tutulan hədəflərə sürətlə yaxınlaşır.
İqtisadiyyatın şaxələndirilməsi siyasətinin prioritet istiqamətlərindən biri də regionların inkişafı strategiyasının həyata keçirilməsidir. Bu baxımdan qəbul edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra olunub və bu proqrama əsasən digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradıb, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində bir neçə ildən sonra Azərbaycan, iqtisadiyyatı neft sektorundan asılılığı mimimum dərəcədə olan dövlətlər sırasında olacaq.
Azərbaycan hökumətinin postneft dövründə apardığı iqtisadi islahatların əhəmiyyətini dünyanın iki ən böyük maliyyə institutunun - Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbərlikləri də təsdiqləyiblər ki, davamlı surətdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində qısa müddət ərzində neft sənayesindən asılılığı yüksək dərəcədə aşağı düşüb. Ölkəmizə yatırılan ərəb sərmayəsinin həcminin dəfələrlə artması gözlənilir. Artıq “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Neftçala və Biləsuvar rayonlarında Günəş elektrik stansiyasının layihəsi, Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqavilələri bağlanıb. Ərəb dünyası ilə təmaslar qurmaq, düşünürük ki, səmərəli və perspektivli əməkdaşlığa çevriləcək və getdikcə daha da genişlənəcək.
Novruz Novruzov
Azad Vətən Partiyası Siyasi Şurasının sədri

Oxşar məqalələr