AXTAR

Teleefir və tamaşaçı auditoriyası arasında ziddiyət

televizor

 

Bayağılıq mənasız reklama xidmət edir, zövqün formalaşmasına yox

Azərbaycan teleefirinin tamaşaçıya təqdim etdiyi verilişlərin səviyyəsi ayrı-ayrı epizodları çıxmaqla hədsiz dərəcədə aşağıdır. Dəfələrlə edilən tənqidələrə baxmayaraq, efirlərdə bayağı verlişlərin sayı azalmaq əvəzinə artır. Daha bir ciddi problem danışıq dili ilə bağlıdır, efirə etikadan uzaq sözlər daha çox ayaq açır. Belə düşünmək olar ki, yazılan rəyləri, verilən şərhləri bu sahəyə məsul olanlar ya eşitmir, ya da eşidib qulaqardına vururlar. Amma hər bir halda elin gözü və sözü hər şeydən tutarlıdır və tamaşaçıların rəyləri televiziya verilişlərinə verilən ən düzgün qiymət sayıla bilər.
Bizim qəzetdə də televerilişlərin və onların aparıcılarının, müzakirə olinan problemlərin aktuallığı haqda kifayət qədər şərhlər yazılıb. Şübhəsiz ki, bundan sonra da yazılacaq. Budəfəki rəyimizdə isə daha çox sosial şəbəkələrdə yazılmış tamaşaçı rəylərinə istinad edəcəyik.
Yerli telekanalların səviyyəsi müzakirə edilən forumlardan birinin üzvü yazır ki, istifadəçilərin böyük əksəriyyəti yerli TV kanallarını izləmədiklərini iddia edirlər. Bildirdiklərinə görə, onları verilişlərin və aparıcıların səviyyəsi və peşəkarlıq göstəriciləri qane etmir. İştirakçıların fikrincə, xarici telekanallarda daha maraqlı və baxılan verilişlər hazırlanır, studiyalardakı vəziyyət, dekorasiya daha baxımlı olur. “Verilişlər üzərində işləyən komanda mənə elə gəlir ki, bizdəkindən daha professionaldır”-deyə, tamaşaçılardan biri yazır.
Lakin müsbət rəy bildirənlər də çoxdur. Məsələn, bir istifadəçi yazır ki, “Çto?Qde?Koqda?” verilişinin səviyyəli aparıcıları var və bu onun daimi izlədiyi çox maraqlı verilişdir. Məlumdur ki, bu verilişiş dövlət televiziyasının məhsuludur. Bundan başqa bu kanalın intellektual verilişləri də tamaşaçılar arasında xeyli populyarlıq qazanıb. “Jazz” verilişi bu janrın həvəskarlarının və gənclərin ürəkdən izlədikləri verilişdir. Belə misalların sayını bir qədər də artırmaq olar. Təəssüf ki, bunlar çox cüzidir. Ancaq məsələnin başqa mühüm tərəfi də var. Bu, verilişlərin aparıcılığını edən jurnalistlər və ya hansısa bir şəxsin hazırlıq səviyyəsi ilə bağlıdır. Mən mütəxəssislərin fikirlərini bir yana qoyub, sadə tamaşaçının, televiziyalarımıza baxmaq istəyən, ondan öyrənmək, inkişaf etmək arzusunda olan vətəndaşlarımızın rəylərinə qeyd etmək istəyirəm.
İstifadəçilərdən biri yana-yana yazır: “Söhbət cəmiyyətin əsas taleyüklü məsələlərinin müzakirəsinin hansı aspektdə aparılmasından gedir. Aparıcıların əksəriyyəti qeyri-peşəkar, leksikonunda küçə jarqonlarının üstünlük təşkil etdiyi adamlardır. Axı, bu dərəcədə səviyəsiz verilişlər kimə və nəyə qulluq edir? Bəzən deyirlər Azərbaycanda bu gün ana dilində aparıcı tapmaq müşkül məsələdir. Bəs, necə olur ki, AzTV-də, BBC, VOA və sair xarici kanallarda gözəl Azərbaycan dilində səlis və məntiqli danışan aparıcılarımız var? Demək, səbəb kanallarımızdadır. C.Əliyev adlı istifadəçi fikrini açıq bildirir ki, Zaur, Elgiz kimi aparıcılarla hara qədər getmək olar? Xüsusilə, “XəzərTv”nin aparıcısı Zaur Kamalın lüğət tərkibinin bərbad olması nəinki adi tamaşaçıların, jurnalistlərin, ziyalıların da qınağına tuş gəlir. Tamaşaçı bu adamdan maarifləndirici heç bir qida almır. Ancaq, di gəl ki, o, “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb və bu ada görə aparıcı ikiqat məsuliyyət daşıyır. Təəssüf ki, biz bu məsuliyyəti görmürük, yaxud aparıcı öz məsuliyyətini dərk etmir.
Aparıcıların məsuliyyəti də sosial şəbəkə iştirakçılarının nəzərindən qaçmır. Sual verilir ki, nə üçün dövlət tərəfindən bayağı verilişlər hazırlayan telekanallara lisenziya verilir. Haqlı olaraq bildirilir ki, lisenziya almaq bir hüquqdur. Bu işdə dövlətin günahı yoxdur. Günah o lisenziyanı alıb səriştəsiz və səviyyəsiz aparıcını efirə buraxandadır. Telekanal rəhbərliyi nə üçün öz işçilərinin hazırlığı ilə ciddi məşğul olmur?! Haqlı tələbdir.
Maraqlısı budur ki, istifadəçilər haqqı nahaqqa qurban vermir, AZTV-nin əksər verilişlərinin səviyyəsini digər kanallara nümunə göstərirlər. O cümlədən, aparıcılar da bu sıraya aiddir. Lakin dövlət televiziyasında yaranmış məktəbdən digər kanallar öyrənmək, heç olmasa faydalanmaq istəmir.

İKSmedia.az

Oxşar məqalələr