AXTAR

Misirdə 4400 il yaşı olan məqbərə tapılıb

misirdə məqbərə

 

Misirdə arxeoloqlar Qahirə kənarındakı Giza yaylasında məşhur piramidalar yaxınlığında 4 min 400 illik məzar tapıblar. Misir Antik Əsərlər Nazirliyi şənbə günü bildirib ki, bu kəşfin ölkənin durğunluq keçirən turizm sektorunu dirçəldəcəyinə ümid yaranıb. Məzarın Gizanın qərb hissəsində, Qədim Krallığa aid məqbərələrin yerləşdiyi ərazidə tapıldığı vurğulanır. Arxeoloqlar məzarın beşinci sülalədən olan Misir hökmdarlarına yaxın Hetpet adlı qadına aid olduğu vurğulanır.
Şənbə günü mediaya açıqlanan məzar gil kərpicdən hörülüb, Hetpeti ov edərkən, balıq tutarkən təsvir edən rəsmlərlə doludur. Təsvirlərin birində meyvə yığan meymun görünür. Oxşar rəsmlər 12-ci sülaləyə məxsus digər məzarlarda da aşkarlanıb. Nazirliyin məlumatına görə, başqa bir təsvirdə meymun orkestr qarşısında rəqs edir.
“The Associated Press” agentliyi nazirliyə istinadla bildirir ki, arxeoloji missiya qazıntı işlərinə ötən oktyabrda başlayıb. Bu ərazidə arxeoloqlar 19-cu əsrdən tədqiqat aparırlar. Missiya rəhbəri Mustafa Vaziri hələ aşkarlanmalı çox şey olduğunu deyir.
“Burası çox ümidverici ərazidir. Daha çox tapıntı gözləyirik. Məzarı tapanadək 250-300 kubmetr torpaq qazmışıq”, – Vaziri jurnalistlərə deyib. “Misirdə Yerin səthində gördüklərimiz yerin altındakıların heç 40%-i deyil”, – o, sözlərinə əlavə edib.
DAHA BİR MƏQBƏRƏ VAR
Vaziri inanır ki, Hetpetin Gizada daha bir məqbərəsi var və onun aşkarlanmasından ötrü qazıntı aparıldığını bildirir. Hetpetin mumiyası tapılmasa da, ona aid eksponatlar hələ 1909-cu ildə elə bu ərazidə tapılıb və Berlində muzeyə köçürülüb. Son kəşfin ərazisi tikilməkdə olan yeni muzeyə yaxındır. Böyük Misir muzeyinin birinci hissəsinin bu ilin sonunda, bütünlükdə isə 2022-ci ildə açılması planlaşdırılır.
Hökumət son illər arxeoloji və turizm məkanlarında təhlükəsizlik tədbirlərini gücləndirib. 2015-ci ildə Sinay yarımadasında 224 nəfərin olduğu Rusiya təyyarəsinin vurulmasına görə İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzərinə götürmüşdü. Rusiyanın Misirə uçuşları dayandırması bu ölkənin turizm sektoruna ağır zərbə vurub.

Oxşar məqalələr