Cəmiyyət hansını qəbul edir, hansını qınayır?
Sürücülər piyadaların yolu istənilən yerdən istədikləri şəkildə keçməklərindən şikayətlənirlər. Piyadalar isə hadisə baş verən kimi sürücünü diqqətsizlikdə günahlandırırlar. Uzun illərdir ki, bu sahədə problemlər davam edir. Yol infrastrukturu ildən-ilə inkişaf edir, təkmilləşir, sürücülərin və piyadaların hərəkətini asanlaşdıran tədbirlər görülür. Lakin yenə də bu iki sosial obyekt arasında mübahisə səngimir. Nəticə isə hər ikisi üçün ağır olur. İnsanlar həyatını itirir, hadisənin günahkarı sayılan sürücü ciddi cəzalara məruz qalır. Ailələr səadətdən, nişanlılar xoşbəxt ailədən, ana baladan, uşaq atadan məhrum olur. Bütövlükdə isə cəmiyyət sarsıntı içərisində yaşayır.
Bu problem heç də yeni deyil və inkişaf səviyyəsindən asılı olmayaraq, dünyanın bütün ölkələrində mövcuddur. Lakin.., fəqrlər də mövcuddur və bu, cəmiyyətin ümumi, insanların fərdi xüsusiyyətlərindən, bir az da dəqiqləşdirsək, ictimai inkişaf səviyyəsindən asılıdır. Bəzən biz düşünürük ki, inkişaf etmiş ölkələrdə bu problemlər yoxdur. Amma bu, yanlış təsəvvürdür. Düzdür, uzaqdan baxanda, yəni televizorda izləyəndə bu kimi təsəvvürlər o qədər də aydın və əhatəli olmur. Lakin birbaşa təmasda piyada-sürücü münasibətlərində oxşar cəhətlərin olduğu ortaya çıxır. Ancaq bir məsələ şəksizdir ki, say etibarı ilə digər, məsələn, Avropa cəmiyyətində bu hadisələr bizdəkindən qat-qat aşağı səviyyədədir.
Bu fərqləri nədə görmək olar? Mən şahidi olduğum faktları misal gətirəcəm. Fransada qoca sürücü qadın avtomobilini dar səki kənarında saxlayıb qapını açır və düşmək anında görür ki, arxadan piyada gəlir və sürücü maşından düşüncə həmin şəxs keçib getmək məqamındadır, o saat qadın geri çəkilib qapını örtür və hətta.., üzr istəyir. Bizdə bu hala rast gəlmək müşkül məsələdir. Yaxud, heç kəsin, heç bir avtomobilin olmadığı dağ yolu ilə gedərkən fransız sürücü başa düşür ki, yolu səhv gedib, geri qayıtmalıdır. Lakin biri gediş, biri gəliş olmaqla ikizolaqlı yolda geri dönmək üçün mavafiq işarələr yoxdur və yolun ortasından bütöv xətt çəkilib. Fransız qaydanı pozmayacq və geri qayıtmaq üçün 30 km-likdə olan işarəyə qədər getməyə ərinməyəcək. Çünki, qayda belədir. Təəssüf ki, bizdə bu hala da rast gəlmək mümkün deyil.
Eyni hala piyadalarda da rast gəlinir. Fransız piyada, yol onun deyilsə, heç vaxt yolu keçməz. Yəni, yol boşdursa, avtomobil gözə dəymirsə, lakin işıqforda piyadanın yolu bağlıdırsa, onda o, yolu keçməyib açılmasını gözləyəcək.
Bundan başqa, əgər anlaşılmazlıq nəticəsində yolda sürücü və piyada arasında böhranlı vəziyyət yaranarsa, onda hər iki tərəf maksimum nəzakətlilik göstərərək gülümsəyib yaranmış narahatlığı aradan qaldırmağa çalıb və qarşılıqlı üzrlərlə ayrılmağı bacarırlar. Yenə təəssüf ki, bizdə bu çatışmır və ən adi anlaşılmazlıq dramatikləşdirilir. Məsələn, metronun “Neftçilər” stansiyasının üst tərəfində, Nizami RİH-nin yaxınlığında geniş olmayan yolun hər iki tərəfində iki piyada zolağı qoyulub. Buna baxmayaraq, piyadalar, birincisi, haradan istəyirlərsə, oradan da yolu keçirlər. Zolaqdan keçmək istəyənlər isə yığışıb toplam halda yox, bir-birindən 2-3 metrlik məsafədə keçirlər. Bu isə avtomobillərin uzun tıxacına səbəb olur və lazımsız əsəbilik yaradır.
Ancaq gəlin elə fikirləşməyək ki, Avropada anormal hallar baş vermir. Məsələn, bələdiyyə polisinin dayanacaqda düzgün saxlanmayan, yaxud pullu dayanacaqda biletsiz dayanan avtomobilə yazdığı cərimə çekinin ərəb əsilli fransızın nümayişkaranə şəkildə cırıb atdığını görəndə təəccüblənməyin. Belə hallara tez-tez olmasa da rast gəlinir.
Gətirilən misallara əsasən demək olar ki, cəmiyyətin ümumi mədəniyyət çərçivəsi daxilində ayrıca olaraq sürücü və piyada mədəniiyyətinin inkişafı bu işdə başlıca rol oynayır. Yəni, bu məsələ zaman məsələsidir və cəmiyyətin irəliləməsi fonunda fərdi qaydada tədricən yoluna düşəcək. Cəmiyyətimizin inkişafının sürətinə əsasən iddia edə bilərik ki, Azərbaycanda bu kimi məsələlər nisbətən tez yoluna qoyulacaq.
İKSmedia.az