AXTAR

Mədəniyyətimizin inkişafında Mehriban xanım Əliyevanın rolu

mehriban xanım

Mehriban Əliyevanın siyasi-ictimai və sosial-mədəni fəaliyyət dairəsi o qədər genişdir ki, bu barədə nə qədər danışsaq da bitməz. Hər şeydən öncə Azərbaycan və eləcə də dünya ictimaiyyəti Mehriban Əliyevanı böyük xeyriyyəçi, qayğıkeş vətəndaş kimi tanıyır. Hələ 2004-cü ildə Heydər Əliyev Fondu yaranarkən insanlara qayğı və təmənnasız xidmət amalını prioritet elan edən Mehriban Əliyeva öz səylərini əhalinin zəif müdafiə olunan təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara, qocalara kömək göstərilməsinə yönəldir. Son dövrlərdə geniş vüsət alan məktəb və xəstəxana tikintisində, uşaq evlərinin və bağçalarının, internat məktəblərinin yenidən qurulmasında, tarixi və dini abidələrin bərpasında Mehriban Əliyevanın əzmkarlığını, təhsilimizin inkişafına, milli genefondumuzun qorunmasına xidmət edən əsl vətəndaşlıq missiyasını görürük.

Yüksək yaradıcılıq və təşkilatçılıq qabiliyyəti sayəsində Mehriban xanım fəaliyyətinin mühüm sahəsini nümayiş etdirərək xalqımızın mədəniyyətini dünya ictimaiyyətinə tanıtmaq naminə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmışdır. Ölkənin birinci xanımının indiyədək rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu Azərbaycan xalqının mədəni dəyərlərinin dünya mədəniyyətinə inteqrasiya olunması, yeni beynəlxalq əlaqələrin yaradılması baxımından həyata keçirdiyi ideyalarını özündə cəmləşdirir. Artıq Fond faydalı tədbirlərin sosial institutuna çevrilmiş, beynəlxalq səviyyəli tədbirlər – festivallar, konsertlər, sərgilər təşkil etməklə əslində mədəniyyətimizin mükəmməl təbliğatçısı olmuşdur.

Azərbaycan Mədəniyyətinin Dostları və Heydər Əliyev fondlarının xətti ilə sənəti və mədəniyyəti himayə edən Mehriban xanım Əliyeva çağdaş Azərbaycandan əski çağlara cığır açdı. Mehriban xanım 2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə dünyanın ən nüfuzlu və önəmli beynəlxalq qurumlarından olan YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb Onun fəaliyyəti nəticəsində YUNESKO-nun qərargahında Azərbaycanın böyük şəxsiyyətlərinin yubileyləri qeyd olunur, Azərbaycan mədəniyyətini təbliğ edən çoxlu sayda tədbirlər keçirilir. YUNESKO-nun baş katibi Koişiro Matsuuranın iştirakı ilə Azərbaycanla təşkilat arasında təhsil sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Bakıda YUNESKO ilə birlikdə təhsil sahəsində beynəlxalq konfrans keçirilib. Bakıda Beynəlxalq Muğam Mərkəzi yaradılıb. Azərbaycanın bu ecazkar, əlçatmaz musiqisinin, mədəniyyət incisinin inkişafı, dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dünyanın müxtəlif bölgələrindən gələn muğam ifaçılarının iştirakı ilə Beynəlxalq Muğam Müsabiqəsi keçirilib. Azərbaycanın qədim musiqi növlərindən olan əsrarəngiz Muğam, YUNESKO-nun qeyri-maddi irs siyahısına salınıb. Mehriban xanımın rəhbərliyi muğam ustalarının valehedici ifalarının toplandığı Qarabağ Xanəndələri albomu hazırlanıb. Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu açıq şəkildə göstərən Qobustan abidələrinin YUNESKO-nun dünya mədəni və təbii irsinin qorunması siyahısına daxil olmasında da onun böyük xidmətləri, əməyi vardır. Mehriban Əliyevanın qarşıya qoyduğu vəzifələrdən biri də bütün bəşəriyyətə məxsus olan tarixi və mədəni abidələrin bərpasıdır.Maddi mədəniyyət abidələrinin qorunması və bərpası işində Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsləri əvəzsiz vətənpərvərlik nümunəsidir. Fondun dəstəyi ilə Gəncənin sonuncu xanı Cavad xanın qəbri üzərində gözəl məqbərə tikilmişdir. VII əsrdən Gəncədə öz xeyirxahlığı ilə məşhur olan Comərd Qəssabın məzarında və məzarüstü türbəsində bərpa işləri, Görkəmli yazıçı və pedaqoq Abdulla Şaiqin ev-muzeyində əsaslı təmir-bərpa işləri aparılmışdır. Mərdəkan qəsəbəsində kütləvi kitabxana üçün müasir bina tikilmiş, kitab fondu zənginləşdirilmiş, kompyuter avadanlığı ilə təchiz edilmişdir.

Ermənistan tərəfindən təcavüzə məruz qalan və işğal altında olan ərazilərdə vandalizm aktları ilə qarşılaşan Azərbaycanın, Versal Sarayının parkındakı mədəniyyət abidələrinin, Luvrda İslam incəsənəti şöbəsinin, Berlin Qəsrinin, Romada Kapitoli muzeyindəki “Filosoflar zalı”nın və digərlərinin bərpasında fəal iştirakı haqqında informasiyanı hazırda bütün dünyada məmnunluq hissi ilə qarşılayırlar.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondunun fəaliyyəti çoxşaxəli və rəngarəngdir. Bütün fəaliyyəti ilə uğurlara imza atan Mehriban xanım Əliyevanın məqsədli amalı, fədakarlığı, ictimai mövqeyi onu hər kəsə örnək edib.Bu gün dünyanı bürüyən koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar dövlət başçısı tərəfindən iqtisadiyyatımızı, o cümlədən insanlarımızın sosial həyatını qorumaq üçün çox mühüm qərarlar verilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətimizin başçısı ilə bu istiqamətdəki gərgin zəhməti xüsusilə qeyd olunmalıdır. Bir sıra xəstəxanaların pandemiya ilə mübarizə üçün təşkil olunması, yeni laboratoriyaların alınması, tibbi personalın bu prosesə səfərbər olunmasında da Mehriban xanım Əliyevanın peşəkarlığı öz sözünü deyir.

Təhmasib Məcidov

Masallı rayon sakini

Oxşar məqalələr