AXTAR

Üç çinarın tarix dolu kiçik hekayəti

ağac5
Ağdamın Zəngişalı kəndində, kəndlilərin pay torpaqlarının arasında öz möhtəşəmliyi ilə nəzəri cəlb edən 3 çinar ağacı var. Kənd özü qədim olsa da, inkişaf tarixi bu ağacların yaşına tən gəlir. Nədəndir ki, XIX əsrin ortalarından etibarən bu kəndin idarəçiliyi Qarabağ xanlığının məşhur hökmdarı İbrahim xanın 8-ci oğlu Səfiqulu ağanın böyük oğlu Hüseynqulu ağanın öhdəsinə veriləndən sonra Zəngişalının büsatlı günləri başlayıb. Hüseynqulu ağanın rəhbərliyi altında kənddə qazılan çoxsaylı quyulardan çıxarılan su torpağı cana gətirir, əhalinin əkin-biçinini bərəkətli edir, kəndlilərin sosial vəziyyəti yaxşılaşır. Vaxtilə Zəngişalını ağ günə çıxarmış bu işlər haqda kənd əhalisinin zəngin xatirələri var.
Hüseynqulu ağa Cavanşirin minbir əziyyətlə 10 hektarlıq ərazidə saldırdığı bağ öz çoxnövlü meyvə ağacları və ümumiyyətlə, dünyanın bir çox ölkələrindən gətirilərək becərilən bitki növləri ilə məşhur olub. İş burasındadır ki, həmin bağ müstəqillik illərinə qədər qalırmış, ancaq respublikamız “öz əli, öz başı” olandan sonra kəndlilərə pay torpaqları verilən zaman həmin bağ da ümumi əraziyə aid edilib və kənd sakinləri arasında bölünüb. Kəndlilər də 100-150 il yaşı olan ağacları dibindən çıxarıb, sahəni əkin yerinə çevirib.
Vəziyyətin belə olduğunu görən kənd bələdiyyəsi əlli tərpənib və bağda yanaşı olan 3 çinar ağacına da 5 sot torpaq ayıraraq kəndin və kəndlilərin yaddaşında iz salmış tartixi yaşatmağa çalışıb. Hazırda yeganə də olsa, bu çinar ağacları tarixi yaddaşımıza böyük hörməti təcəssüm etdirir. Lakin.., tariximizə nə qədər hörmət-izzət, onu yaşatmağa arzu-istək olsa da, maliyyəsi olmayan yerli orqanlar vizual olaraq heç nə edə bilmirlər. Yəni, bu ağaclar sadəcə tarlaların arasında təsadüfi bitmiş yad varlıqlar təsiri bağışlayır. Ətrafında nə bir hasarı var, nə də haqqında xırda bir lövhə. Necə deyərlər, “nə gələnu var, nə gedəni, nə baxanı nə də qoruyanı”. Haqq üçünə, camaatın başı qarışıb dolanışığın dərdini çəkməyə, onlar çinar-tarix haqda düşünməyə macal tapmırlar. Kənd sakini Nahid Əliyevin ölçmələrinə görə, ağaclardan ən böyüyünün gövdəsinin aşağıdan çevrəsinin uzunluğu 4,7 metr, ikincisi 4,4 metr, üçüncüsü isə 3 metrdir. Ölçülərdən göründüyü kimi bunlar həqiqətən nadir ağaclardır.

ağac7

ağac10
Mən bu haqda 10 il əvvəl də yazmışdım. O vaxt hansısa bixəbər cavan ağaclardan birinin gövdəsini balta ilə çaparaq adının baş hərfini həkk etmişdi. 10 il ərzində ağac öz-özünü müalicə edərək yarasını sağaldıb. Amma izi hələ də qalır. Tariximizin bu zərrəciyini sağaltmaq və qorumaq isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Mədəniyyət Nazirliyinin, habelə AMEA-nın müvafiq strukturlarının, üstəlik də Azərbaycan Turizm Agentliyinin öhdəsinə düşür. Niyə?

Birincisi, Zəngişalı kəndi məhz regionda Qarabağ xanlığı mövcud olan dövrdə inkişaf yoluna qədəm qoyub. Bu faktın hazırkı ictimai-siyasi şəraitdə tarixi dəyəri yüksəkdir.
İkincisi, çinarlar “Ağalıq bağı” adlanan və sovet hakimiyyətindən əvvəl rəiyyətin yaşadığı yerdən bir neçə yüz metr aralı olan, habelə o dövr üçün möhtəşəm sayılan ikimərtəbəli, 12 otaqlı malıikanədən ibarət ərazidə yerləşir və XIX əsr Azərbaycan feodal həyat tərzini müzey şəklində canlandırıb turistləri cəlb etmək üçün gözəl məkandır.
Üçüncüsü, gəlin unutmayaq ki, yazıçı Süleyman Sani Axundov sovetləşmədən əvvəl Ağdamda yaşadığı dövrdə Hüseynqulu ağa ilə dost olub, dəfələrlə onun malikanəsinə qonaq gəlib və yazdığı “Qaraca qız” hekayəsinin süjetini də burada baş vermiş real hadisədən götürüb. Sadəcə, o, hekayənin ilk variantında Hüseynqulu ağanın həqiqi alicənab, insanpərvər, rəhmdil, rəiyyətin qayğısını çəkən və Qaraca qız kimi kasıbları öz övladı kimi himayə edən surətini yaratsa da, sonradan sosialist realizminin və fəhlə diktaturasının tələbi ilə hekayədəki surətlərin xarakterində dəyişiklik edərək, keçmiş varlıları mənfi surətə çevirməyə məcbur olub.
Səbəblərin sayını artırmaq olar, ancaq bundansa, çinarlara qayğı göstərməyə başlamaq daha faydalıdır. İşin gedişində o qədər maraqlı və zəruri faktlar meydana çıxacaqdır ki...
Novruz NOVRUZOV

Oxşar məqalələr