AXTAR

Türkiyədə din alimi dollar dəyişməyin “fərz olduğunu” elan edir

lire dollar

 

Türkiyədə milli valyutanın bu gün səhər saatlarından etibarən dollarla müqayisədə daha 7 faizə yaxın dəyər itirdiyi bir vaxtda maliyyə bazarlarında vəziyyəti sabitləşdirmək səylərinə din alimləri və iş adamları da qoşulub. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Yalova Universitetinin islami elmlər fakültəsinin müəllimi, elmlər namizədi Əbubəkr Sifil özünün sosial media hesabından dollar və qızılın türk lirəsinə dəyişdirilməsinin “fərzi ayn olduğunu” elan edib.

“Fərzi ayn” islam dinində hər bir müsəlmanın etməli olduğu, yəni Allah tərəfindən icrası məcbur əməlləri özündə ehtiva edir. Bura namaz da daxildir. “Fərzi ayn”ın əksini edənlər isə kafir statusundadır.

“Yaşadığımız hadisələr bir istiqlal mübarizəsidir. Bu müharibədə tərəfsiz qalmaq, səssiz qalmaq düşmənlə işbirliyiyidir. Əlində dolları, qızılı olanların dəyişdirib TL-yə çevirməsi farz-ı aynıdır”-din alimi Əbubəkr Sifil yazıb.

Din aliminin bu tviti sosial mediada qızğın müzakirələrə səbəb olub. Sifil bir müddət sonra yeni tvit paylaşıb və əvvəl yazdıqlarında anlaşılmayan və ya yanlış anlaşılan məqamlar ola biləcəyini bildirib.

“Daha açıq yazaq: təcili, təxirəsalınmaz ehtiyaclar, dollarla götürülmüş borc kimi məcburi durumlar olmadıqca qənaət məqsədi ilə dollar saxlayan hər kəsin onu pozdurub TL alması fərzdir (yəni islam dininə görə məcburidir). Xüsusən də iş çevrələrinin, siyasətçilərin və bürokratların bu məsələdə öndə olması vacibdir”-din alimi fikrini dəqiqləşdirib.

Adanada isə bir otel sahibi dövlət bankında 1000 ABŞ dollarını TL-yə dəyişib qəbzini gətirən hər kəsə 3 günlük havayı istirahət vəd edir. Toros dağlarında, təbiət qoynunda yerləşən 200 yerlik otelin sahibi Süreyya Kayar “Anadolu” agentliyinə bildirib ki, Türkiyəni çətin vəziyyətə salmaq istəyənlərə qarşı hər kəs üzərinə düşəni etməlidir. Kayar da hesab edir ki, dolların sürətlə bahalaşmasının arxasında “xarici qüvvələr” dayanır və deməli prezident Ərdoğanın “yastıq altındakı dollarların dəyişdirilməsi” barədə çağırışına hamı əməl eməlidir. Otel sahibi bu çağırışa dəstək olaraq ayın sonuna qədər dövlət bankında hər min dollar dəyişdirib qəbzini gətirənə, “hər şey daxil” şərti ilə 3 günlük tətil verəcəklərini deyib.

Oxşar məqalələr