“Şəhərin ictimai nəqliyyatında gediş haqqının 50% artırılması haqda Tarif Şurasının qərarı əsassızdır”. Bunu virtualaz.org-a Milli Məclisin deputatı Fazil Mustafa deyib.
"Şəhər nəqliyyatında gediş haqqının artması əhali üçün müəyyən çətinliklər yaradır, çünki onların aylıq gəliri əvvəlki səviyyədə qalır. Vətəndaşların böyük əksəriyyəti avtobuslardan və metrodan istifadə edir, beləliklə, gediş üçün qiymətlərin qalxması onların cibinə güclü təsir edəcək", - parlament üzvü vurğulayıb. O bildirib ki, müvafiq kompensasiya mexanizminin yaradılmasına ehtiyac var.
"Ən azı kompensasiya mexanizmini müxtəlif qruplardan olan əlillərə, həmçinin Qarabağ müharibəsi əlillərinə tətbiq etmək lazımdır. Onlar şəhər nəqliyyatında güzəştlərdən istifadə etməlidirlər", - F.Mustafa deyib və vurğulayıb ki, Milli Məclisin payız sessiyasında bu məsələni qaldırmağa hazırlaşır.
O, ölkə iqtisadiyyatının idarə edilməsində problemlərin mövcudluğunu da qeyd edib: "Dövlətin büdcəsini ölkə əhalisinin hesabına doldurmaq lazım deyil. İstisna deyil ki, yaxın vaxtlarda işığın, qazın, benzinin də qiyməti qalxacaq və bu müxtəlif növ malların qiymətlərin artmasına gətirib çıxaracaq. Yəni vətəndaşlar sosial çətinliklərlə rastlaşacaqlar. Yenə vurğulayıram ki, şəhər nəqliyyatında gediş haqqını artırmağa heç bir ehtiyac yox idi. Başqa resurslar var, hansı ki, onlardan büdcənin doldurulması üçün istifadə etmək mümkün idi. Məsələn, bəzi mənasız iqtisadi layihələrin reallaşdırmasından imtina etmək olardı”.
xxx
Öz növbəsində, onun həmkarı Araz Əlizadə şikayətlənib ki, dünya bazarında neftin dəyərinin artmasına baxmayaraq, Azərbaycanda müxtəlif malların qiymətləri düşmür.
"Tarif Şurasının qərarlarına heç kim təsir edə bilmir, ölkə prezidentindən başqa. Amma ən maraqlısı odur ki, bütün dünyada enerjidaşıyıcılarının qiyməti düşəndə bizdə dövlət büdcəsinin doldurulması ehtiyacı haqda danışırdılar və nəticədə malların qiymətləri artırdı. Və indi, nə vaxt ki, dünyada enerjidaşıyıcılarının qiymətləri qalxır, bizdə yenidən deyirlər ki, büdcəni doldurmaq lazımdır. Və malların qiymətləri düşmür", - o bildirib.
xxx
Milli Məclisin deputatı Rüstəm Xəlilov Tarif Şurasının metro və avtobuslarda gediş haqqının artırılması ilə bağlı qərarına münasibət bildirərək "Ölkə.Az"a açıqlamasında deyib ki, Tarif Şurasının qərarı normaldır: "Burada şou yaratmağa ehtiyac yoxdur. Tarif Şurası baxıb, müzakirə edib və müvafiq qərar qəbul edib. Burada qeyri-adi nə isə yoxdur. Bir çox ölkələrdə bu cür qərarlar verilir".
Deputat sərnişindaşıma nəqliyyatında olan qiymət artımının digər sahələrə təsir göstərməyəcəyini söyləyib: "Bu qərarın digər sahələrdə də qiymət artımına gətirəcəyi ilə bağlı səslənən fikirləri düzgün qəbul etmirəm. Bu cür düşünmək doğru deyil. Tarif Şurasının qərarı normaldır. Bu, dünyanın hər yerində olur. Eyni zamanda Azərbaycanda da ola bilər".