Öz fərdi xarakterini millətin simasında ümumiləşdirmək heç bir mənəvi meyara sığmır
Hə, Rustam (Rüstəm yox, sənin kimilərin dili “ü” və “ə” səslərini tələffüz edə bilmirlər, halbuki həqiqətdə həmin səs məhz “ü” və “ə”dir), sənin “Qafqaz triosu” filminə baxdım. Epiloqda verdiyin Fərhadın qorxaqlığı süjetini görən kimi anladım ki, bu, sən özünsən. Onun indiki dövrü yox, məhz, qayanın üstündə qollarını bədəninə sıxıb, gözlərini qorxudan yumduğu epizodda o, sənsən. Sənin xarakterində var o qorxaqlıq. Fərd olaraq. Hətta o epizoddakı surətləri “bakılılar” mənasında dərk etdirməyə çalışmağın da əbəsdir, həmin qayadan suya tullanan Fərhadın qorxaqlığı bakılı olmağından yox, sənin uşaqlığını əks etdirməkdən irəli gəlir. Çünki, bakılılar heç vaxt suya tullanmaqdan qorxmayıblar, həmişə dönüklükdən, xəyanətdən qorxublar.
Bilirsən, filmdə sənin nə demək istədiyin o qədər də aydın görünmür. Birincisi, qorxundan filmə azərbaycanlı aktyorları çəkməmisən, ona görə ki, ssenaridəki obrazların içərisində xarakterinə görə azərbaycanlı obrazı yoxdur. Sənin daxil olduğun milli heysiyyətini itirmiş hansısa bir zümrəni təmsil edən obrazlardır yaratdıqların. Filmdə sırf Azərbaycan xalqını xarakterizə edən personaj yoxdur. Gürcü, erməni var, azərbaycanlı yoxdur. Yarada bilməmisən bu obrazı. Çünki, qorxmusan. Çünki, bu filmdə sənin məqsədin azərbaycanlının mərd obrazını yaratmaq olmayıb, əksinə, onu qorxaq, nadan, ucuz millətçilik girdabında boğulan kütlə kimi qələmə vermək istəmisən. Niyə?! Ona görə ki, filmin sifarişini və maliyyəsini varlı ermənilər verib? Ya siyasi sifarişi yerinə yetirdiyinə görə filmə mükafat vəd ediblər?
Filmdə rusca danışan qocanı erməni bilən azərbaycanlıların onu dərhal döyməsi səhnəsini çəkməyin filmin böhtan dolu, ucuz şöhrətə hesablanmış epizodudur. Yox, Rustam, sən qorxaqsan. Qorxaq olmasaydın, İrəvanda ermənilərin azərbaycanlılara verdikləri zülmdən yazardın. Erməniləri hazırlayıb Azərbaycan üzərinə qaldıran ölkələrdən və qüvvələrdən yazardın. Bu olardı, sənətkarın haqq-ədalət uğrunda mübarizəsi. Həqiqəti göstərdiyinə və müdafiə etdiyinə görə mükafat da alardın, kişi kimi. Amma sən faktları saxtalaşdırmısan. Mən sənin sitayiş etdiyin Fransada Xocalı faciəsinin epizodlarını danışanda rus qadın hönkür-hönkür ağladı, fransız gənc isə hadisənin videosuna baxandan sonra xahiş etdi ki, anasına göstərməyim, yaşlı qadının ürəyi buna tab gətirməz. Xocalıda azərbaycanlıları döyməyiblər, tikə-tikə doğrayıb, dərilərini soyub, körpə uşaqları zorlayıb.., əhali azərbaycanlı olduqlarına görə məhv ediblər. Sən bunları bilmirsən?
Rustam, mən Qarabağda doğulub böyümüşəm. Atam şuşalıdır. Anam Qarabağ xanlığını quran Pənahəli xanın birbaşa nəsil xəttilə yadıcasıdır. Torpaq həsrəti nədir, onu mən bilirəm. Sənsə, mənim kimilərin yaralanmış qəlbinə öz böhtanınla dağ basırsan. 10 il bundan qabaq Hollandiyadan gəlmiş bir QHT təmsilçisi ilə söhbətdə o, bildirdi ki, ermənilər bizi onları öldürməyimizdən qorxurlar. Həmin hollanda dedim ki, biz torpaqlarımızı azad etməyi qarşımıza məqsəd qoymuşuq, erməniləri öldürməyi yox. Qarabağ azad olandan sonra Azərbaycan vətəndaşı olan ermənilərin konstitusion hüquqlarının qorunmasında mən də bir vətəndaş kimi iştirak edəcəm. Bu, bizim sənin filmindəki böhtanına sığmayan mövqeyimizdir. Amma sənin filmin düşmənlərimizin dəyirmanına su tökür və bizi aşağılayır.
Bir epizodda Qarabağın Ermənistan tərəfindən işğalına qarşı müraciəti imzalamış sənin erməni qəhrəmanın Edik deyir ki, “bilsəydim, o kağıza imza atmazdım”. Bax, sənin erməni qəhrəmanın da özün kimi ipiqırıqdır. Məsələnin mahiyyətinə varmamış sözünü dəyişir. Yadında qalsın, “kişi tüpürdüyünü yalamaz”.
Bilirsən, filmin onsuz da mükafat qazana bilməyəcək, təbii ki, sırf sənətkarlıq, ideyalılıq və tarixi həqiqət mövqeyindən yanaşılsa. Ancaq bu, bizim əsas məsələ deyil. Sənin üçün, ola bilsin ki, həyati məsələdir. Bütün hallarda millətindən, dinindən, dilindən asılı olmayaraq insan insandır və insani keyfiyyətlər onun həyatdakı bəzək-düzəksiz real yerini təyin edir. Sən Moskvada çox şey qazanmısan və ola bilsin ki, bundan sonra da qazanacaqsan. Qardaşın Maksud İbrahimbəyov da həmçinin. Mənim bildiyimə görə gənc vaxtlarınızda sizin ikinizə də mərhum Heydər Əliyev hamilik edib. Allah rəhmət eləsin, qardaşına, mənsub olduğu milləti danmadı, bu dünyanı tərk edəndə də xətir-hörmətlə yola salındı. Heç kim bu dünyada əbədi deyil, bir dəfə verilmiş bu dünyanı gərək iz qoyub tərk edəsən.
Təəssüf, təəssüf ki, bir vaxtlar fəxr etdiyimiz Rüstəm İbrahimbəyov yoxdur, o mənən məhv olub, yerində isə Rustam zoğ atıb. Biz bir nəfəri itirmişik, sənsə nəhəng bir mənəvi auditoriyanı itirmisən. Filmin sonunda Edik aeroportda Moskvaya uçmaq üçün təyyarəyə yollananda Bakıya əl edib, fransızca “orvua” (əslində “oğvua”) deyir, yəni gələn görüşədək. Hə, nə vaxtsa ermənilərin Bakiya gələcəkləri istisna deyil. Çünki, onlar ermənidirlər, sifətləri bəllidir. Amma sən.., sən heç vaxt Bakıya qayıda bilməyəcəksən, çünki sən Azərbaycanda, Bakıda doğulsan da, mənəviyyatına görə nə azərbaycanlısan, nə də bakılı. Burada dönükləri gözləmirlər.
İKSmedia.az