Qarabağ münaqişəsinin həlli üzrə Avropa İttifaqı Azərbaycanın haqqını rəsmi sənədlə təsbit etdi
“Şərq tərəfdaşlığı” sammiti Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında gələcək əməkdaşlıq üçün yeni istiqamətlər təyin edəcək. Bu sözləri “Azərbaycan Dövlət Statistika Komitəsinə milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması üzrə Dəstək” tviniq-layihəsinin yekunlaşması münasibətilə keçirilən tədbirdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammiti baş tutub və sammitin yekun bəyannaməsi imzalanıb. Aİ ilə Azərbaycan arasında siyasi və iqtisadi münasibətlər ümumən yüksək səviyyədədir. Problem Qarabağ münaqişəsinin həllinə avropalı siyasətçilərin sərgilədikləri ikili standarlarda idi. Fakt budur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın tanınmış sərhədləri təcavüzkar Ermənistan tərəfindən pozulub və яrazimizin 20 faizi işğal edilib. Bütün beynəlxalq təşkilatlar işğal faktını təsdiqləsə də, bunun aradan qaldırılması üçün hər hansı sənəd qəbul ediləndə “ölkələrin ərazi bötüvlüyü” prinsipi ilə yanaşı “millətlərin öz müqəddəratını təyinetmə hüququ”ndan da danışırdılar. Təbii ki, hər bir millətin öz müqəddəratını təyin etməyə haqqı çatır. Lakin bu o zaman olar ki, həmin millət əsarət altında olsun, yaxud digər millətlər tərəfindən istismar edilsin və sairə. Ancaq Azərbaycana məxsus torpaqlarda olsa da, hər halda Ermənistan dövləti yaradılıb və mövcuddur. Hətta Azərbaycan digər millətlərə humanist münasibət baxımından öz keçmiş torpaqlarına da iddia etmir. Belə olan halda Azərbaycan torpaqlarını işğal edib, həmin ərazidə ikinci bir erməni dövlətinin yaradılması ideyası ilə necə barışmaq olar?!
Uzun illər ərzində Qərb siyasətçilərinin ikili standartlar qaynaqlanan mövqeyini Azərbaycanın həm rəhbər işçiləri, həm deputatlar, həm də politoloqları kəskin tənqid ediblər. Xüsusilə, Minsk qrupunun həmsədr ölkələrinin davranışları və söylədikləri fikirlər ciddi təhlil olunub, nöqsanlar sərt şəkildə diqqətə çatdırılıb. Düzdür, diplomatiyamızın səyi nəticəsində bütün əsas beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini birdirir, lakin dərhal millətlərin öz müqəddəratının təyinetmə hüququnu qeyd edirdilər. Bu cür ikili mövqe sərgiləmək əslində, münaqişənin həlli yolundan uzaqlaşmağa hesablanır və düşmənin manevr imkanlarını genişlədirirdi. Azərbaycan ilk növbədə ikili yanaşmanın aradan qaldırılması üçün iş aparırdı. Çox təbəddülatdan sonra axır ki, məqsədə nail olundu. Burada bir məqama da xüsusi olaraq toxunmaq lazım gəlir ki, hələ iki il bundan əvvəl Riqada keçirilən Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” sammitinin yekun sənədində Ukraynanın, Moldovanın və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı məsələlər birmənalı şəkildə öz təsdiqini tapsa da, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə belə bir yanaşma öz əksini tapmamışdı. Mücərrəd şəkildə bir yandan ərazi bütövlüyü, bir yandan xalqların öz müqəddəratını təyinetmə, bir yandan da güc tətbiq edilməməsi ilə bağlı prinsiplərdən bəhs edilirdi. Elə o zaman Azərbaycan tərəfi bu məsələyə kəskin etirazını bildirmişdi. Amma bu dəfə Azərbaycanın qətiyyətli mövqeyi tamam fərqli bir sənədin ortaya çıxmasına səbəb oldu. Belə ki, Brüsseldə bu dəfə imzalanan sənəddə “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə bağlı bənd öz əksini tapdı. Bu, Azərbaycan üçün olduqca vacib məsələ idi və Bakı istəyinə nail oldu.
Avropa İttifaqı kimi dünyanın ən inkişaf etmiş ölkələrini birləşdirən qurum qəbul etdiyi bəyannamədə ölkələrin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədi. Bu, Azərbaycan diplomatiyasının parlaq nailiyyətidir. Çünki, budəfəki Brüssel bəyannaməsi işğalçı dövlət olan Ermənistanın siyasi cəhətdən küncə sıxışdırılması deməkdir. Hətta yaxın perspektivdə Ermənistana himayədarlıq və “böyüklük” edən Rusiyanın da Qarabağ münaqişəsinin çözülməsi sahəsində siyasi təcridə məruz qalacağı qaçılmaz olacaq. Düzdür, zaman-zaman ayrı-ayrı siyasətçilərin (Almaniyanın federal kansleri Anjela Merkel) Qarabağ münaqişəsinin “açar”ının Rusiyada olması barədə fikirlər söyləməsi məhz Qarabağ məsələsində Rusiyanın təklənməsi prosesinə start vermişdi. Bu konteksdə, Minsk qrupu da Rusiyanın siyasi manevrlərinin əsiri rolunu oynayır. Ancaq indi bütövlükdə Avropa İttifaqının ərazi bütövlüyünü birmənalı dəstəkləməsi MQ-nin fəaliyyətinin konkretləşməsinə və eyni zamanda Rusiyanın siyasi aləti olmaqdan qurtulmasına səbəb olacaq.
Münaqişə ətrafında sular durulduqca onun həll yolu da aydınlaşar. Zənnimizcə, indi diplomatıyamızın fəaliyyət istiqamətində yeni taktika yaranacaq. Məqsəd dünya birliyinin Rusiyadan Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutmasının tələb edilməsinə yönəlməlidir. Bu təzyiq Rusiyanın əlaltısı Ermənistana da təsir edər və danışıqlar zaman substantiv müzakirələr aparılmasını stimullaşdırar.
IKSmedia.az