Geosiyasi maraqların mübarizəsində qılaflı qurumlar həmişə öz rolunu oynayıb
Rusiya Müdafiə Nazirliyi ABŞ-ı Suriyada İŞİD terror təşkilatına birbaşa dəstək verməkdə ittiham edib. İdarə ABŞ-ın terrorçulara dəstəyini göstərən fotofaktları dərc edib. Müdafiə Nazirliyinin məlumatına görə, Amerika Əbu-Kamal qəsəbəsinin azad edilməsi zamanı oradan qaçan terrorçuların kolonunu bombalamaqdan imtina edib və Rusiyanın bunu etməsinə mane olub. Həmçinin bildirilir ki, ABŞ-ın maraqlarının Yaxın Şərqdə müdafiə olunması üçün istifadə edilən İŞİD-in döyüş bacarığı yüksək olan dəstələrin sığınacağında Birləşmiş Ştatlar tərəfindən təchizatın sübutları əldə olunub. Faktlarla irəli sürülən bu iddiaya əsasən müvafiq suallar yaranır: göstərilən faktlar sadəcə geosiyasi rəqabətdən irəli gələn adi dezifnormasiyyadır, yoxsa, ABŞ həqiqətən öz məqsədləri üçün terrorçulardan istfiadə edir?
Məsələ burasındadır ki, Rusiya Müdafiə Nazirliyinin indi tam çılpaqlığı ilə irəli sürdüyü iddiaya aid məlumatlar zaman-zaman beynəlxalq mətbuatda öz əksini tapıb. ABŞ-ın, İranın, Rusiyanın, Səudiyyə Ərəbistanının dəstəklədiyi və silah-sursat və ərzaqla təchiz etdiyi silahlı dəstələr, ayrı-ayrı qruplar haqda vaxtaşırı iddialar ortaya çıxıb. Bunların bəziləri ayrı-ayrı jurnalistlər, bəziləri isə hansısa gizli imzalar tərəfindən mediaya çıxarılıb. Amma gəlin etiraf edək ki, qızğın döyüşlərin getdiyi zonalardan mətbuat üçün reportajlar hazırlayan şəxslər sənətindən asılı olmayaraq, bu işə özbaşına qoşulmur. Düzdür, “qiymətli” informasiyanı satıb varlanmaq arzusunda olan həvəskarlar da olur. Lakin əsasən silahlı münaqişələrin informasiya döyüşləri adətən siyasi sifarişlər üzərində qurulur.
İndi gəlin bu İŞİD müəmmasına diqqət yetirək. Birdən-birə meydana atılıb “mən dövlətəm” deyə özünü təqdim etməklə dövlət olurmu? İŞİD-in timsalında, sanki, dövlət qurmaq “su içmək qədər asan” bir iş imiş. Amma İraq Şam İslam Dövləti adı ilə meydana atılan qüvvələrin “dilinə görə dilçəyi də vardı”, yəni bu qüvvələr Yaxın Şərqdə real dövlətlərin ərazilərini işğal etməklə dövlət qədər gücə malik olduğunu qısa zamanda sübut etdi. Ancaq necə? Havadan gözəgörünməz aviasiya zərbələri bu dövlətə işğal prosesində yardımçı olur. Yardımçı kim olub, bilinmir. Regionda aclıq çəkən insanlara səmadan yardım atılır, ancaq dəqiq elektron cihazlar dövründə yardımlar “səhvən” İŞİD-çilərin ərazisinə düşür. İri dövlətlər (ABŞ) tərəfindən regiona göndərilən silahlar yolda yoxa çıxır, lakin bir müddət sonra elan edilir ki, İŞİD silahları ələ keçirib. Və heç bir xüsusi hazırlığı olmayan insanlar birdən-birə ard-arda işğallar həyata keçirən qüdrətli hərbi bölmələrə çevrilir. Bu saydıqlarımız hər hansı mükaliməyə yol vermədən İŞİD-in ən güclü dövlətlər tərəfindən yaradıldığını və idarə edildiyini sübut edir. Onun döyüşlər zamanı sərgilədiyi strategiya və taktika səmərəli olduğundan nizami hərbi hissələrin mütəxəssisləri tərəfindən hazırlandığı şübhə doğurmur. Üstəlik, internet üzərindən gizli şəkildə insanların bu işə cəlb edilməsi də həvəskarlıqdan tamamilə uzaq işdir. Buna görə də qəti demək olar ki, İŞİD təcrübəli gizli xidmətin hazırladığı plan əsasında yaraılan və iri dövlətin geosiyasi maraqlarına xidmət edən terrorçu qruplaşmadır. Onun sahibibnin ABŞ olması isə tamamilə real görünür. Düzdür, bu amildən öz məqsədləri üçün istifadə edən digər dövlətlərin də olduğu reallığa söykənən ehtimaldır. Məsələn, haradasa terror aktı törədib İŞİD-in adına bağlamaq geosiyasi mübarizədə görünməmiş hadisə deyil. Bu mənada ABŞ-ın terrorçu qüvvələrdən öz məqsədləri üçün istifadə etməsi də qeyri-adi sayılmamalıdır.
İndi İŞİD-in sonu barədə danışılır. Rusiya, Türkiyə və İran kimi güclü dövlətlərin bu real təhlükəyə qarşı birgə mübarizə aparması onun sonunu yaxınlaşdırıb. “Dövlətəm” deyə guruldayan qüvvədən əsər-əlamət qalmayıb. İŞİD məhv edilib, amma yaratdığı təhlükə qalıb. Mətbuatda xəbərdarlıq anonsları yayılır ki, 5400 İŞİD-çı öz ölkələrinə qayıdıb. Bunlar artıq peşəkarlaşmış hərbi cinayətkarlardır. Ölüb-öldürmək bu adamlar üçün indi həqiqətən “su içmək” qədər asan və adi prosesdir. Digər tərəfdən onların sənəti, qazanc yeri də zorakılıq və cinayət əməllərindədir. Buna görə də hansısa regionda birdən-birə İŞİD timsallı yeni bir terrorçu qrupun meydana çıxması istisna edilmir. Onun arxasında kimin durmasından asılı olmayaraq, nəticə eyni olacaq: insanlar ölümlərdən və dağıntılardan əzab çəkəcəklər.
İKSmedia.az