Məcburi köçkünlər 18 gündür küçədə gecələyirlər
Sentyabrın 12-də Xətai rayonu, Əhmədli yolu, 15-də məcburi köçkünlərin yaşadığı binada yanğın baş verib. 5 mənzil tamamilə yararsız hala düşüb, binada dərin çatlar yaranıb. 2 gün əvvəl küləklə müşayiət olunan yağış nəticəsində dam örtüyü də uçub, şifer yaxınlıqda oynayan azyaşlının üstünə aşıb. O gündən indiyədək köçkünlər küçədə gecələyirlər.
“Polis əməkdaşları binanın qarşısında növbə çəkirlər, uçqun və ya fəlakət baş verəcəyi halda binanı boşaltmağımıza yardım edəcəklər. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları da hər gün gəlib vəziyyətimizlə maraqlanırlar. Amma bu vəziyyətin nə vaxta kimi davam edəcəyini bilmirik”, - şikayətçilər virtualaz.org saytıın əməkdaşlarına deyiblər.
30 köçkün ailəsinin məskunlaşdığı bina 100 il əvvəl tikilib. 1988-ci ildə qəzalı bina kimi qeydiyyata alınıb. Lakin başqa yer olmadığından, 1993-cü ildə 30 ailə bu binada yerləşdirilib. Yanğın nəticəsində binanın sağ tərəfi uçub, otaqlardakı çatlar o qədər dərindir ki, qonşu qonşunun evini görə bilir.
“5 ailə kirayəyə köçürüldü, qalan otaqlar müvəqqəti yaşayış üçün münasib hesab edildi. Uşaq yatıb-durana kimi başının üstündə keşik çəkirik, bina hər an başımıza uça bilər”, - 8 kvadrat mertlik balaca otaqda məskunlaşmış Şəhla İsmayılova deyir.
Yanğın gecə saat 4-də işləmiş başlayıb. Köçkünlər deyirlər ki, yanğının başladığı yerdən nə qaz, nə də işıq xətti keçmir. Buna görə də, yanğının nədən baş verdiyi müammalı qalır. “Qonşu gecə namaza durub, səs eşidib. Baxıb ki, bina yanır. Əgər beş dəqiqə gec xəbər tutsaydıq heç kim xilas ola bilməyəcəkdi. Çünki bina qamış, taxta və çiy kərpicdən tikilib. 11 yanğınsöndürən maşın gəldi, binanın damından çıxıb suladılar. Bütün əşyalarımız suyun içindədir”, - köçkünlər deyiblər.
Yanğından çıxarılan əşyalar binanın həyətinə yığılıb. Məcburi köçkün İnşallah İsgəndərov deyir ki, yalnız geyinmək üçün paltar, bir-iki əşya çıxara biliblər. Onları da həyətə yığıblar, çünki kirayə köçdükləri mənzildə əşyalarını yığmağa yer yoxdur.
Binanın yanğından mühafizə olunmuş otaqların qapı, pəncərə yoxdur, soyuqdan qorunmaq üçün künc-bucağa kağız, əski parçası qoyublar.
“Yaylı-qışlı siçovulların əlindən tərpənmək mümkün deyildi. Yalnız uşaq üçün çarpayı ala bilmişik, başqa çarpayı üçün yerimiz yoxdur”, - köçkünlərdən biri 25 ildir yaşadığı şəraiti göstərir. Uşaq çarpayısının üstünə yük yığılıb, küncə balaca masa qoyulub. Axşamlar masa çıxarılır, yer döşənilir. “Yanğını söndürmək üçün dama çıxdılar, 11 yanğınsöndürən maşının suyu yuxarıdan binaya axıdıldı. İndi yeriyəndə bina tərpənir, hər gün hansısa fəlakətin baş verəcəyini gözləyə-gözləyə yaşayırıq. Uşaqlar da qorxudan xəstəlik tapıblar”, - köçkünlər bildirirlər.
Hər mərtəbədə 1 ayaqyolu var. Daha doğrusu, su kranı belə olmayan, bir nəfərin güclə hərəkət etdiyi balaca daxma həm ayaqyolu, həm də hamam kimi istifadə edilir. Kanalizasiya sistemi işləmədiyindən pəncərəsiz ayaqyolunun üfunəti binanın girəcəyinədək yayılıb.
Binada məcburi köçkünlərlə yanaşı, yerli sakinlər də qalırlar. Binanın yanması ilə onlar da çıxılmaz duruma düşüblər. Məcburi köçkünlər gec-tez köçürüləcəklər, amma bu ailələrin gedəcəkləri yer, döyəcəkləri qapı yoxdur. Yerli sakinlərdən biri - Səadət Məmmədova deyir ki, Xətai rayonu, Cavanşir küçəsi, 14, mənzil 37 ünvanında qeydiyyatdadır. “Mənzilimdə Qubadlı rayonundan olan məcburi köçkün ailəsi məskunlaşmışdı. Qapını sındırıb evə girmişdilər, uzun illər müraciət etsəm də, heç kim onları çıxarmadı. Bizim kimi 24 fəhlə ailəsi evsiz qaldı. Xətai Rayon İcra Hakimiyyətindən dedilər ki, bu binada yaşayın, köçkünlər evlə təmin ediləndən sonra öz evinizə qayıdarsınız. Bu ilin əvvəlində bina qəzalı olduğuna görə köçürülüb, evin sənədləri bizdə olduğu halda, məcburi köçkün ailəsinə 45 min manat təzminat verilib. Biz binanın söküldüyünü bir neçə ay sonra bildik. İndi isə bu bina qəzalı vəziyyətə düşüb, köçkünləri evlə təmin edəcəklər. Amma biz küçədə qalmışıq. Müraciət etmədiyimiz qurum yoxdur, mən iki uşaqla hara gedim, kimin qapısında qalım”, -S.Məmmədova deyir.
Yağan yağış otaqlara axır. Küncdə masanı çevirib ətrafını sellofan torbalarla tutublar, iki qatlanmış yorğanın içində körpə yatıb. Yağış damcısı torbanın üstünə düşdükcə səsdən diksinir.
“Betonun üstünü adyalla örtmüşəm. Divardakı nəmişliyin qarşısını almaq üçün soba da yandıra bilmirik. Hamı binanın uçacağından qorxur. Tək istəyim balamı təhlükəsiz yerdə böyütməkdir”, - çarəsiz ana kömək diləyir.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hər gün vəziyyətlə maraqlanırlar, hər gələndə də tezliklə tədbir görüləcəyi bildirilir. Köçkünlər yaxın, yaxud o məhcul günə qədər binanın uçmaması diləyi ilə hər gün dua edirlər.
Ülviyyə Xudiyeva
Foto Samirə Həsənovanındır
Virtualaz.org