AXTAR

Uzaqdan gələn sülh işartıları

minsk

 

Okeanın o tayında bu tayda baş verlənlər çözüləcəkmi?!

Dağlıq Qarabağ münaqişəsi üzrə tərəflər arasında etimadın möhkəmləndirilməsi istiqamətində addım atmalarının vaxtı çatıb. Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland “Azadlıq” radiosunun Ermənistan və Azərbaycan dilində yayımlanan xidmətlərinə müsahibəsində deyib. O, ümid etdiyini bildirib ki, yaxın vaxtlarda bu istiqamətdə müəyyən addımlar atılacaq.
İnformasiya kanallarında yayılan məlumatlara görə, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərini sentyabr ayında BMT-nin toplantısında görüşdürmək fikrindədirlər. Çox güman ki, bu cəhdin əsas təşəbbüskarları ABŞ və Fransadan olan həmsdərlərdir. Rusiyalı həmsədr bu işə yalnız protokol xatirinə qoşula bilər. Çünki, Riçard Hoqlandın müsahibəsində verdiyi anonslara görə, məqsəd heç də işğalın aradan qaldırılmasından getmir. O, ümid etdiyini bildirərək deyib ki, yaxın vaxtlarda bu istiqamətdə müəyyən addımlar atılacaq: “Mən başa düşürəm ki, hazırda tam demilitarizasiya mümkün deyil. Lakin biz hərbi toqquşma ehtimalını aşağı endirməliyik. İlk növbədə təmas xəttindən və sərhəd zonasından snayperlər geri çəkilməli, müşahidəçilərin sayı artırılmalı və xüsusi avadanlıqlar yerləşdirilməlidir. Əgər iki silahlı tərəf üz-üzə durubsa, hərbi toqquşmanın mümkünlüyü hər zaman var”. Hoqlandın bu niyyəti daha çox hazırkı vəziyyətin qorunmasına, yəni status-kvonun saxlanılmasına xidmət edir. Amerikalı həmsədrin açıqlaması bəri başdan BMT-də baş tuta biləcək görüşün uğursuz nəticələnəcəyini detallaşdırır. Azərbaycan bu absurd təklifi çoxdan və haqlı olaraq rədd edib. Ancaq ortada bu fakt ola-ola amerikalı diplomat “Mən ümid edirəm ki, prezidentlərin növbəti görüşü zamanı tərəflər həmrəylik nümayiş etdirəcək və hətta tam nizamlanma əldə olunmasa da, müəyyən addımların atıldığını elan edəcəklər” deyir.
Azərbaycanın bir nömrəli tələbi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxmasıdır. Çünki, erməni hərbçilər Azərbaycanda qaldiqca işğal faktı da gündəmdə qalır və müharibəni qaçılmaz edir. Buna görə də atəşkəsin pozulmaması üçün müxanizm quraşdırmaq yox, Ermənistan silahlı qüvvələrini Azərbaycandan çıxmasına çalışmaq gərəkdir. Bunu da ya həmsədrlər siyasi və ya iqtisadi sanksiyalar yolu ilə İrəvaн rəsmilərini buna məcbur etməli, ya da Azərbaycan erməni ordusunu zorla qovmalıdır. Bundan sonra Dağlıq Qarabağın yekun statusunu da müəyyənləşdirmək üçün danışıqlar aparmaq, azərbaycanlıların hansı yollarla və hansı müddətdə dədə-baba yurdlarına qayıtmaqlarını müəyyənləşdirmək olar. Yoxsa ki, Azərbaycanın indi təmas xəttində mexanizm-filan yerləşdirməsi əslində, elə işğal faktını qanuniləşdirmək kimi bir şey olar. Çünki, qurğu yerləşdirib kimin birinci atəş açmasını müəyyənləşdirməyin nə mənası var. Əvvələn, birinci atəşi Ermənistan 25 il əvvəl açıb və Azərbaycan torpağını işğal edib. İkincisi də indi Azərbaycanın cavab atəşi açıb torpaqlarını işğaldan azad etmək kimi müstəsna hüququ var.
Təbii ki, Azərbaycan da qarşıda gözlənilən görüşə müəyyən ümidlər bəsləyir. Buvaxtadək Ermənistan danışıqları pozmağa cəhdlər göstərirdisə, son illər artıq danışıqlardan qaçmaq kursu götürüb. İndi düşmən tərəfin həmsədrlər tərəfindən danışıqlar stolu arxasına gətirilirsə, bu artıq müsbət addımdır və müəyyən dərəcədə Ermənistana təzyiq kimi də başa düşülə bilər. Lakin danışıqlar stolu ətrafında mahiyyəti üzrə, yəni, xarici qoşunların Azərbaycan ərazisindən çıxarılması, azərbaycanlıların Dağlıq Qarabağ da daxil olmaqla öz evlərinə qayıtmaları, Dağlıq Qarabağa geniş muxtariyyət hüququ verilməsi və sairə prosedur məsələləri müzakirə obyekti olmayacaqsa, onda sədd heyf! Belə görüşün və ya görüşlərin heç vaxt faydası olmayacaq.

İKSmedia.az

Oxşar məqalələr