AXTAR

Avropanın Azərbaycanа ehtiyacı artır

aspa

 

Qərb-Rusiya çəkişməsi regional maraqların xəritəsini dəyişir

Rusiya və Qərb arasında münasibətlərin pisləşməsi fonunda Avropanın Azərbaycanın enerji resurslarına marağı artır. Bu fonda TANAP və TAP kəmərləri istifadəyə verildikdən sonra Avropa Azərbaycandan daha çox yanacaq almağa hazır olduğunu bəyan edir. Çünki, bu kəmərlər şəbəkəsi ilk vaxtlar “solğun” görünsə də, get-gedə parlaqlığını biruzə verib və indi dünyanın gözünü qamaşdırır. Kəmərin reallaşmasına əngəl törətmək istəyən beynəlxalq qüvvələrin də əməlləri baş tutmayıb. Əksinə, müxtəlif bəhanələrlə ortaya çıxanlar dəf olunaraq geri oturdulub və Avropa ölkələri daha böyük inadla bu enerji dəhlizini müdafiə ediblər. Üstəlik, beynəlxalq maliyyə qurumlarının da layihəyə marağı artıb. Belə ki, Dünya Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankından ötən il layihəyə ayrılan 1,4 milyard dollarlıq kreditlə yanaşı, Çoxtərəfli İnvestisiya Təminatı Agentliyi, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı da maliyyə vəsaiti ayırmaqda maraqlıdır.
2016-cı ilin dekabrında Dünya Bankının Direktorlar Şurası TANAP layihəsinə 800 milyon ABŞ dolları kredit ayrılması ilə əlaqədar qərar qəbul edib. Belə ki, Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı vasitəsilə cəlb olunacaq kreditin 400 milyon dolları Azərbaycanın zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə, qalan hissəsi isə Türkiyənin zəmanəti ilə “Botaş” şirkətinə verilib. Asiya İnfrastruktur İnvestisiya Bankının Direktorlar Şurası da TANAP layihəsinə 600 milyon ABŞ dolları kredit ayırıb.
TANAP layihəsi həm bizim region, həm Avropa üçün mühüm əhəmiyyətə malikdir. Bu layihə bütün tərəflər üçün yeni iqtisadi imkanlar yaradacaq, enerji təhlükəsizliyinin təmin edilməsinə səbəb olacaq. Layihənin uğurla həyata keçəməsində əsas rol Azərbaycana məxsusdur. Dünya Bankının TANAP layihəsinə kredit ayırması barədə verdiyi qərar layihənin dərin təhlilindən sonra baş verib. Bu qərar layihənin əhəmiyyətini göstərən daha bir faktordur.
Ekspertlərin fikrincə, son vaxtlar TANAP-ın maliyyələşdirilməsinə beynəlxalq maliyyə qurumlarının maraq göstərməsi və eyni zamanda kreditləşmədə iştirak etməsi bir neçə aspektdən müsbət hal kimi qiymətləndirilməlidir. Birincisi, TANAP-ın inşası üçün maliyyə vəsaitlərinə ehtiyac var. Buna görə inşaatda fasilənin yaranmaması üçün maliyyə təminatının gücləndirilməsi və kreditlərin cəlb edilməsi vacib idi. Nəzərə almaq lazımdır ki, TANAP və TAP “Cənub Qaz Dəhlizi”nə daxil olan iki böyük kəmərdir. TANAP vasitəsilə Azərbaycan il ərzində təxminən 7 milyard kub metrə yaxın mavi qazı Türkiyə bazarına çıxaracaq. Eyni zamanda, TAP layihəsi vasitəsilə Azərbaycan birinci mərhələdə Avropa bazarına 10 milyard, sonrakı mərhələlərdə isə illik 15-20 milyard kubmetr arası mavi yanacaq nəql edəcək. O baxımdan söhbət kifayət qədər böyük layihənin maliyyələşdirilməsindən gedir. Vəsaitin cəlb edilməsinin ikinci önəmli tərəfi TANAP-a inamın və xüsusilə beynəlxalq dəstəyin artırılmasıdır, çünki TANAP-ın reallaşması, inşasının aparılması ilə bağlı müxtəlif fikirlər var idi.
Artıq çətinliklər arxada qalıb. Yerindən asılı olaraq işlərin 40-80 faizi görülüb. İqtisadçıların hesablamalarına görə, Azərbaycan “Cənub Qaz Dəhlizi”nin reallaşmasından təxminən 100 milyard dollara yaxın gəlir əldə edəcək. Amma gələcəkdə gəlirlərin stabil şəkildə artması gözlənilir. Çünki, bir çox dövlətlər öz enerji ehtiyatlarını məhz bu kəmər vasitəsilə Avropaya göнdərmək arzusundadırlar. Elə bu amil də Avropanın “Cənub Qaz Dəhlizi”nə olan marağının gələcək perspektivini müəyyənləşdirib.

IKSmedia.az

Oxşar məqalələr