AXTAR

Regionda yeni iqtisadi birliyin ilk addımı

turk azer

 

Türk dünyasının gələcəyə gedən yolunun başlanğıcı
Türkiyə Naxçıvanla azad iqtisadi zona yaradır. Bu barədə ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı artıq lazımi infrastruktur yaradılıb. “Türkiyə iqtisadiyyat nazirliyinin nümayəndələri artıq Naxçıvanda yerləşdirilib”, deyə nazir bildirib. Zeybekçi qeyd edib ki, Naxçıvanla aparılacaq ticarət Türkiyənin şəhərlərində aparılan ticarətdən fərqlənməyəcək. Əməliyyat zamanı türk lirəsindən istifadə ediləcək.
Belə bir iqtisadi zonanın yaradılması çoxdan gözlənilən məsələ idi. Sadəcə, müvafiq şəraitin yetişməsi lazım idi. Bu da artıq mövcuddur. Həm Azərbaycan hökumətinin iqtisadi siyasətində Azad Ticarət Zonalarının, həm də Azad İqtisadi Zonaların yaradılmasına start verilib. Bu cür layihələrdə xarici investorlar həvəslə iştirak edirlər. Çünki, sənayenin və ticarətin inkişafı üçün həmin zonalarda xüsusi şəraitin, yəni vergilərdən və bir sıra digər rüsumlardan azad şəraitin yaradılması sahibkarlığın inkişafına güclü təkan verir. İnvestisiya qoyan şəxs də bəri başdan bilir ki, qoyduğu mayanı artıqlaması ilə çıxaracaq, bu sarıdan xəsislik etmir. Güclü investisiya işlərin sürətini stimullaşdırır.
İndi Türkiyə ilə Naxçıvan arasında başlanmış əlbir ticarət imkanı ilk növbədə muxtar respublikanın iqtisadi fəaliyyətinin güclənməsinə səbəb olacaq. Əhalinin məşğulluğu artacaq, gəlirləri çoxaldığına görə maddi-rifah halı yüksələcək. İkincisi, bütövlükdə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin artırılmasında əlaqələrin yeni forması əhəmiyyətli rol oynayacaq. Üçüncüsü isə bütövlükdə Türk dünyasının iqtisadi birliyinin yaranmasının başlanğıcına çevriləcək.
Türkiyə-Naxçıvan ATZ-nın yaranması daha bir təcrübənin əsasını qoyacaq. Bu, iki ölkə arasındakı beynəlxalq ticarətdə hesablaşmaların türk lirəsi ilə aparılmasıdır. Bu hal manat-lirə əməkdaşlığının başlanğıcı olacaq. İndilikdə bunun nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir. Amma güclü iqtisadiyyata və sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrin valyutalarının əməkdaşlığı hər halda gələcəyə nikbin baxmağa əsas verir.
Mümkündür ki, Türkiyənin Naxçıvanla qurduğu yeni iqtisadi münasibətlər uğurla yayılsın və bütövlükdə regionu əhatə etsin. Bu isə iqtisadi əlaqələrin siyasi əlaqələrə müsbət təsirini də ehtiva edə və daha sıx şəkildə geosiyasi tərəfdaşlığı təmin etməyə imkan verər.
Bütün bu saydıqlarımızın Azərbaycanın inkişafını daha da sürətləndirəcəyi, yəqin ki, hamıya məlumdur. Dövlət büdcəsinin gəlirləri hissolunacaq dərəcədə artacaq. Türkiyədən gətirilən məhsulların qiymətində ucuzlaşma baş verəcək. Türk məhsullarının yaxşı qiymətə əldə edilməsi onların populyarlığını artıracaq. İki ölkənin qardaşlıq telləri daha da möhkəmlənəcək.
Beləliklə, Türkiyənin Naxçıvanla azad ticarət formalarına üstünlük verməsi qarşılıqlı faydalılığa söykənir və müasir iqtisadi əlaqələrin xarakterinə cavab verdiyi üçün təqdirəlayiq və təşviq ediləsi istiqamətdir.

İKSmedia.az

Oxşar məqalələr