Bu ölkədə milli azlıqların kökü birdəfəlik kəsilir
Bu günlərdə İrəvan hakimiyyəti ölkədə guya təhsilin inkişafı üçün “optimallaşma” deyilən proqrama start verib. Lakin həqiqətdə məqsəd Ermənistanda olub-qalan etnik qrupların, milli azlıqların kökünü birdəfəlik kəsməkdir. Məsələnin məğzini bu ölkədə fəaliyyət göstərən “Yezidi Milli Birliyi” təşkilatının sədri Aziz Tamoyan həyəcanla izah edir. Ermənistanda məktəblərin optimallarşdırılmasına qəti etirazını bildirən Tamoyan jurnalistlərlə keçirdiyi görüş zamanı öz narahatlığını dilə gətirib. O, Ermənistan məktəblərində optimallaşdırılmanın yezidilərin Ermənistanı tərk etməsi ilə nəticələnəcəyini deyib: “Ermənistanda yezidi icması böyükdür. Araqatsodi vilayətinin bir neçə kəndində yezidilər kompakt yaşayırlar. Ümumən beş məktəb işləyir, əgər icmalar birləşdirilsə, nəticədə müəllimlər işsiz qalacaq. Bu, köçə gətirib çıxaracaq”. Tamoyan, həmçinin qeyd edib ki, məktəblərin optimallaşdırılması yezidləri savadsızlaşdıracaq və valideynlər qızlarını digər kənd məktəblərinə göndərməyəcək.
Ermənistanda aparılan bu siyasət təzə məsələ deyil. Tarixən havadarlarının köməyi ilə qədim Azərbaycan torpaqlarında məskunlaşan ermənilər diskriminasiya sayəsində zaman-zaman azərbaycanlıların dədə-baba torpaqlarından çıxarılmasına səbəb nail olublar. Faktların saçdığı dəhşətə diqqət yetirin ki, öz halal torpağında yaşayan, qanı və mübarizəsi ilə özünə dövlət quran azərbaycanlılar hansısa gəlmələrə görə öz yurdlarından didərgin salınıb. Bu siyasətin son akkordu isə 1988-ci ildə vurulub və subyektiv tarixi amillər nəticəsində Ermənistan adlanan ərazidə bir nəfər də yerli azərbaycanlı qalmayıb.
Bir neçə gün əvvəl beynəlxalq təşkilatdan da Ermənistana nəhayət ki, mesaj göndərilib. Söhbət ölkədəki milli azlıqların dillərinin məhv edilərək aradan çıxarılmasından gedir. Hazırda Ermənistanda milli azlıq qismində rus, yunan, yezidi, assur, kürd dillərində danışan əhali mövcuddur. Avropa Xartiyasını imzalayaraq öz üzərinə milli azlıqların dillərinin qorunması öhdəliyi götürən Ermənistanın siyasi hakimiyyəti imzasına hörmət, sözünə əməl etmir. Bu dillərdən yunan dili artıq tam məhv olmaq üzrədir. Azdan-çoxdan rus dilinin işlənmə vəziyyəti qənaətbəxş sayılır ki, bu da, birincisi, Ermənistanın Rusiyanın əlaltısı olması, ikincisi, ermənilərin Rusiyada işləməklə güzəranlarını təmin etmələri ucbatındadndır. Yoxsa, rus dili də erməni siyasəti sayəsində bərbad vəziyyətdə olardı.
İndi də növbə yezidi dilinə çatıb, daha doğrusu, yezidilərin ölkədən didərgin salınması prosesinə başlanılıb. Hazırda Ermənistanda 100 minə yaxın yezidi millətindən olan şəxs yaşayır. Onsuz da ölkədə olan işsizlik, ağır sosial-iqtisadi vəziyyətdən təngə gələn bütün insanlar kimi son illər yezidilər də həyatlarını xaricdə yaşamaq arzusu ilə keçirirlər. Onların yaşadıqları şəhər və qəsəbələr getdikcə boşalır. Məsələn, Ermənistanın qərbindəki Hako kəndində 1990-cı illərə qədər 100 ailə yaşayırdısa, indi burada cəmi 16 ailə qalıb.
Ümumiyyətlə, Ermənistanda yezidiləri siyasi ampluada “5-ci kоlon” qismində dəyərləndirilir və xarici qüvvələrin dayağı damğası vuraraq onları dövlətçilik üçün təhlükə sayıb pisikdirirlər. Halbuki, ermənilər və bütün digər milli azlıqlar kimi onlar da Ermənistan vətəndaşlarıdır və öz vətəndaş hüquqlarından, habelə milli adət-ənənələrindən, mədəni irslərindən geniş istifadə etməlidirlər. Erməni siyasilər yaxşı bilirlər ki, bütün bunların açarı dildir və hər addımda islahat adı altında həyata keçirdikləri layihələr və proqramlarla nilli azlırları sıxışdırıb ölkədən çıxarmaq siyasəti yürüdürlər.
Faktlar göstərir ki, Ermənistan məqsədyönlü şəkildə monoetnikləşir. Ayrı vaxt belə faktlara görə az qala dünyanı dağıtmaq istəyində bulunan beynəlxalq təşkilatlar isə yalnız narahatlıqlarını ifadə etməklə kifayətlənirlər. Bu isə ikili standartlara əsaslanan dünya siyasətinin iç üzüdür.
IKSmedia.az