Cəbhədəki vəziyyət daha çox döyüşlərin başlayacağı ab-havası yaradır
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini getdikcə daha çox pozmağa başlayır. Bir neçə gün əvvəl Azərbaycan mövqeyini atəşə tutan erməni döyüşçü əsgərlərimiz tərəfindən məhv edilib. Bu, cəbhədəki real vəziyyəti əks etdirən konkret faktdır. İş burasındadır ki, belə faktların sayı çoxdur və bunların təşəbbüskarı yalnız erməni tərəfidir. Azərbaycan əsgərləri təxribatlara, açılan atəşlərə sadəcə cavab verirlər. Lakin hər şeyin sonu olduğu kimi belə erməni təxribatlarının da bir sonu olur. Məsələn, keçən il aprel döyüşləri məhz mütəmadi edilən silahlı təxribatlara Azərbaycan Ordusunun cavabı idi və bir neçə yez erməni əsgərinin tələfatı ilə nəticələnmişdi. O vaxtlar hər gecə atəşkəs 100-150 dəfə pozulmuşdu. Hazırda da eyni hal baş verir.
ABŞ kəşfiyyat idarəsi bu günlərdə yaydığı məlumatda Qarabağ cəbhəsində müharibənin yenidən qızışmaq ehtimalının yüksək olduğu barədə fikirlər bildirib. Bunu yerli ekspertlər də təsdiqləyirlər. Lakin Amerikada çalınan həyəcan təbilində incə məqamlar var ki, bunu qeyd etməmək olmur. Məlumatda müharibənin başlaya biləcəyinin səbəbi kimi tərəflərin güzəştə getmək istəməməsi əsas səbəb göstərilir. Bəli, Azərbaycan tərəfi də bu fikirdədir ki, tərəflər qarşılıqlı güzəştə getmək yolu ilə sülh danışıqlarına başlayıb münaqişəni həll etməlidirlər. Lakin iş burasındadır ki, Azərbaycan edəcəyi güzəşti açıq-aydın bəyan edib. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerli əhali ilə yanaşı ermənilərin də yaşadıqlarını nəzərə alaraq, habelə iki xalq arasında düşmənçiliyin aradan qaldırılması məqsədilə həmin əraziyə yüksək özünüidarəetmə hüququ verməyə hazırdır. Hətta bu, hardasa dövlət içərisində müstəqil idarəetmə statusuna bərabərdir. Belə olan halda Azərbaycanın ərazi bütövlüyü Helsinki müşavirəsinin qəbul etdiyi tələblərə uyğun şəkildə təmin edilər, ermənilər də öz muxtariyyətlərini təmin etmiş olarlar. Çox təəssüf ki, xarici təşkilatlar, o cümlədən Minsk Qrupunun həmsədrləri bu mühüm cəhəti həmişə “yaddan çıxarmağa” üstünlük verir və tənqidi fikirlərini hər iki tərəfə aid edirlər. Belə çıxır ki, əcnəbilərin fikrincə güzəşt, yalnız və yalnız Dağlıq Qarabağın müstəqilliyi ilə, başqa sözlə, Azərbaycandan ayrılıb tam müstəqil dövlət olmasına bağlıdır. Buna isə Azərbaycan heç vaxt yol verməz və düz də edər. Çünki, Azərbaycan suveren dövlətdir və ərazilərinin işğalına imkan vermək fikrində deyil. Ermənistanın hazırkı rəhbərliyi də bu siyasəti yeridir. Onlara sülh sərf etmir. Çünki, hakimiyyətdə təmsil olunan şəxslərin əksəriyyəti Qarabağın işğalında elə cinayətlərə yol veriblər ki, onları nəinki Azərbaycan xalqı, heç dünya ictimaiyyəti də heç vaxt bağışlamaz. Buna görə də törətdikləri konkret cinayət əməllərinə görə məhkəmə qarşısında dayanamamq üçün həmin şəxslərin sülh danışıqlarına razılaşması mümkün görünmür. O biri tərəfdən də Rusiya və Qərb Ermənistana himayədarlıq edir və işğal faktından geosiyasi məqsədlərini həyata keçirməyə çalışırlar. Belə bir vəziyyətdə çar-naçar Azərbaycan öz torpaqlarını güc yolu ilə azad etmək məcburiyyəti qarşısında qalır. Əslində qarşı tərəf öz hamiləri ilə birlikdə onu buna təhrik edirlər. Çox güman ki, torpaqlarımız axırda müharibə yolu ilə azad olunacaq.
IKSmedia.az