İşğalçılıqdan əl çəkməyən dövlətin sonu puçdur
Ermənistanda artıq etiraflar edilir ki, Qarabağ münaqişəsi ölkəyə böyük problem yaratmaqla yanaşı, erməni dövlətçiyini də məhv edir. “Modus Vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyan İrəvanda jurnalistlərlə söhbətində bildirib ki, Azərbaycan rəhbərliyi erməni dövlətçiyini taqətdən salan taktika ilə hərəkət edir. Torpaqlarını işğaldan azad etməkdə israrlı olan Azərbaycan rəhbərliyinin qətiyyəti Ara Papyanı məcbur edib desin ki, Qarabağın işğalda qalması azərbaycanlıların erməni dövlətçiliyini məhv etmələri ilə nəticələnə bilər.
Ermənistanın başqa bir siyasətçisi Manvel Sarqsyan da ərazilərin qaytarılması barədə Levon Ter-Petrosyanın təkliflərinin əhali tərəfindən rəğbətlə qarşılandığını bidirib: “Bəli, problem həll edilməlidir, ancaq heç kim onun həll olunmamış qalmasını istəmir. Lakin problemin həlli yolunun hansı vasitəylə tapılması sualına cavab verilməyib”.
Jurnalist politoloqa xatırlatma edərək Ter-Petrosyanın Qarabağ probleminin sülh qarşılığında ərazilərin qaytarılması istiqamətində həll olunmaması halında müharibənin başlanma ehtimalı fikirlərini çatdırıb və Manvel Sarqsyan həmin fikrə cavab olaraq Azərbaycan tərəfinin bəyanatını xatırladıb: “Azərbaycan tərəfi Prezident və vitse-prezident səviyyəsində dərhal və aydın şəkildə cavab olaraq bəyan edib ki, əraziləri qaytarın və oranı tərk edin. Ona görə də hesab edirəm ki, siyasi xadim Levon Ter-Petrosyan Azərbaycanın heç vaxt Qarabağın müstəqilliyini tanımayacağını bildirib”.
Manvel Sarqsyan etiraf edib ki, Ermənistanın siyasi arenasında da artıq anlamağa başlayıblar ki, Madrid prinsipləri problemin həllinə heç bir səmərə vermir: “Bu, çox mühümdür. Onda problemi necə həll etməli? Qiymətləndirmələri eşitmişəm, ancaq təkliflər olmayıb”.
Azərbaycan Ordusunun ötən il düşmənə verdiyi aprel dərsləri həm ictimaiyyətdə, həm də ordu sıralarında fikir ayrılıqlarını gücləndirirb. Politoloqların dalınca erməni generalları arasında da Azərbaycanın gücünü etiraf etməyə başlayıblar. Erməni mətbuatına müsahibəsində Qarabağ separatçılarından biri, tanınmamış “DQR” “parlamentinin” üzvü, general Vitali Balasanyan deyib: “Biz imzalanmış sənədlərə, digər ölkələrin prezidentlərinin və həmsədrlərin bəyanatlarına sadəlövhcəsinə inanırıq. Ötən ilin aprelində məhz bu baş verdi. Həqiqətən, Azərbaycanın silahı bizdən çoxdur. Nə qədər çətin olsa da, bunu deməyə məcburam. Aprel hadisələrindəki itkilərimiz bütün ermənilərə mesaj oldu”.
Məsələ burasındadır ki, səfalət içərisində yaşayan erməni xalqının 2 aprel parlament seçkilərinə yaranmış inamı da puça çıxıb. 1in.am saytına müsahibəsində iqtisadçı Aşot Yegizaryan parlament seçkilərinin yekununu qiymətləndirərək deyir: “Biz hamımız yaxşı bilirik ki, parlamentin yeni üzvləri hansı yollarla mandat əldə ediblər. Mahiyyət etibarilə bu o deməkdir ki, Ermənistanın süverenliyi yoxdur. Əgər bu vaxtadək biz deyirdiksə ki, Ermənistan süverenliyinin xeyli hissəsini güzəştə gedib, hazırda deyirik ki, artıq Ermənistan suveren dövlət deyil. Bu şəraitdə təbii ki, Ermənistanın inkişaf resursları yoxdur, Rusiyanın bir subyekti kimi o, subsidiyalar hesabına yaşayır”.
Bütün bunlar İrəvanda ictimai fikrin sürətlə dəyişdiyini sübut edir. Nəzərə alsaq ki, hələ seçkilərdən əvvəl tanınmış erməni ictimai xadimləri erməni əsgərlərini silahı Serj Sarkisyana çevirməyə çağırırdılar, onda saxta seçkilərdən sonra həmin şəxslərin özlərinin fəal mübarizəyə qoşulacaqlarına şübhə yeri qalmır. Üstəlik, Azərbaycan Ordusunun da ayaqda olması və hər an ədalətin bərpası üçün hücum əmri gözləməsi nəzərə alınsa, erməni siyasi rəhbərliyi ilə bərabər dövlətçiliyinin də məhv olması ehtimalını gözləmək olar. Hələ indiyədək heç bir işğalçı dövlətin taleyi axıradək parlaq olmayıb.
IKSmedia.az