Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı düşmən ölkədə hədəfə çevrildi
Belarus Respublikası bloqçu Lapşinin məsələsində obyektiv mövqe sərgiləyib. Hüquq-mühafizə orqanları tərəfindən onun Azərbaycana təhvil verilməsinə görə Ermənistanda Belarusa qarşı isterik vəziyyət yaranıb. Burada hesab olunur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İqtisadi İttifaqında yer alan ölkələr Ermənistan istisna olmaqla Azərbaycanla əsl müttəfiqdirlər, baxmayaraq ki, Azərbaycan bu təşkilata üzv deyil. Başqa sözlə, Ermənistanın KTMT-dəki üzvlüyü və fəaliyyəti artıq fiaskoya uğrayıb.
Azərbaycan Prezidenti İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında baş tutan telefon danışığında qarşı tərəf bloqçunun həbs edilməsi və onun həbsini tələb edən ölkəyə verilməsini beynəlxalq qanunlarının tələbindən doğduğunu və bütün prosedurun qanun daxilində həyata keçirildiyini vurğulayıb. Əvvələn, qeyd etmək yerinə düşər ki, bu gün dünya ölkələri arasında münasibətlərdə çatışmayan ən böyük cəhətlərdən biri məhz hamı tərəfindən qəbul edilmiş beynəlxalq qanunların tez-tez pozulmasıdır. Bu, çox ciddi nöqsandır. Çünki, ölkələr arasına etimadsızlıq toxumu səpir, güclülər istədiklərini edir, zəiflərin adekvat tədbirlər görməyə gücü çatmır. Nəticədə sülhsevər çağırışlar və dinc yaşayış pozulur. İkincisi də ümumilikdə inkişafın qarşısı alınır. İnsanlar qurub-yaratmaq əvəzinə siyasi boşboğazlıq və hüquqsuzluq girdabına sürüklənirlər.
Azərbaycan qanunlarını pozmuş Lapşinin ekstradisiyası Azərbaycan diplomatiyasının uğuru olmaqla bərabər, həm də ölkələr arasında münasibətlərin necə qurulmasına bir nümunədir. Ölkələrin böyüklüyündən, yaxud kiçikliyindən asılı olmayaraq, qanun hamı üçündür. Hətta Azərbaycan kimi gənc dövlətlərin qarşısında daim demokratik ənənələri ilə öyünən bir çox dövlətlərə bu fakt əlin arxası ilə vurulmuş tərs sillə qədər güclü təsirdir. Demokratiya qanunun aliliyidir. Daha qanundan yalnız öz mənafeyi naminə istifadə etmək demokratiya deyil. Təəssüf ki, bu gün mütərəqqi bəşəriyyət məhz bu dilemmanın əzabını çəkir. Azərbaycan torpaqlarının işğalı da beynəlxalq qanunların kobud surətdə pozulmasına real sübutdur. Lakin iri dövlətlər hələ də buna dözür, amma demokratiyadan danışmaqdan usanmırlar. Bu mənada bloqçunun ekstradisiyasını böyük diplomatik uğur adlandırmağa tam hüquqi və mənəvi haqqımız var.
Gözlənilirdi ki, nəhayət, Ermənistanda bundan nəticə çıxarılacaq və Dağlıq Qarabağ münaqişəsinin həllində rasional mövqe tutmağa çalışacaqlar. Lakin təəssüf ki, erməni siyasilər öz təhlillərində izi azdırmağa çalışırlar. Düzdür, bu, onu göstərir ki, onlar məsələnin əsl mahiyyətini bildiklərinə görə məsuliyyətdən yaxalarını kənara çəkmək üçün bu addımı atırlar. Amma hər bir halda onlar dağıdıcılıq yolu tutmaları özlərinə qarşı çevrilmiş prosedurun güclənməsinə səbəb olacaq. Beynəlxalq qanunları saya salmayan erməni politoloqlar, deputatlar və digər siyasilər əsas mahiyyətdən yayınaraq prosesi şəxsi münasibətlər, səmərəli fəaliyyətinə görə kimlərəsə təqdim olunmuş mükafatlar prizmasından izah etməyə cəhd edirlər. Hətta Belarusa qarşı düşmənçilik mövqeyi tutan və bu yola çağırışlar edən populistlər də meydana çıxıb. Ancaq bəla burasındadır ki, bir nəfər də olsun, erməni politoloqu, yaxud eksperti sağlam düşüncə tərzindən çıxış etmir.
Bir də ermənilər hələ də dərk edə bilmirlər ki, dünyanı demirik, heç ölkələrinin yerləşdiyi regionda da söz sahibi deyillər. Onlar həmişə olduğu kimi sifarişlə yatıb-dururlar. Görünür, Azərbaycan bu ölkədə də qayda-qanunları bərqərar etmək məcburiyyətində qalacaq. Nə edəsən, demokratiya, qanunun aliliyi də bəzən sərtlikdən keçir.
IKSmedia.az