Ermənistanın nəticə çıxarmalı olduğu zaman yetişib
“Biz son illər ərzində bir çox ölkələrdən ən müasir texnika, silah-sursat almışıq ki, bu texnika və silahlar bu gün bizim ordu potensialımızı gücləndirir. Bir neçə ölkədən alınmış onlarla döyüş təyyarəsi, 100-dən çox hərbi və hərbi nəqliyyat vertolyotu, hava hücumuna qarşı müxtəlif müasir sistemlər bizim müdafiə gücümüzü artırır. Müxtəlif ölkələrdən alınmış ən müasir tanklar, zirehli maşınlar, artilleriya qurğuları da düşmənin istənilən hədəfini yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvəsi ilə məhv edə bilər. Ən müasir pilotsuz uçuş aparatları, həm kəşfiyyat, həm döyüş üçün digər texnikalar alınır və bu proses bu gün də davam edir”. Bu fikirləri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında səsləndirib.
Hərbi ekspertlərin rəyinə görə, cəbhədə intensiv döyüşlər başlasa, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusuna ən uzağı iki həftə yaxşı-pis müqavimət göstərə bilər. Son 10 ildə Azərbaycanın hərbi büdcəsi Ermənistanın illik büdcəsinə bərabər yaxud daha çox olub. Bu ölkənin düz-əməlli iqtisadiyyatı, sənayesi, istehsalı yoxdur ki, özünü müdafiə etmək üçün nə isə edə bilsin. Yalnız Rusiya Federasiyasının iki hərbi bazası hesabına ermənilər özlərini təhlükəsizlikdə hiss edir və hətta işğalçılıqla məşğul olur, qonşu dövlətlərə qarşı təxribatlar törədirlər.
Ötən ilin aprelində erməni silahlı birləşmələrinin təxribatına cavab olaraq hücuma keçən Azərbaycan Ordusunun bir neçə bölməsi 4 günə böyük bir ərazini düşmən tapdağından azad edib. Bu döyüş nəticəsində hərbi qüvvə sarıdan böyük itkilərə məruz qalan Ermənistan qoşunları xeyli müddət sarsıntı içərisində yaşadı. Məsələ burasındadır ki, aprel döyüşlərində azərbaycanlıların qələbəsinin bir səbəbi də o idi ki, əsgərlərimizin qarşısında erməni silahlı qüvvələri dururdu. Yəni, ötən əsrin 90-cı illərində Qarabağda Ermənistan tərəfdən başqa ölkələrin muzdlu əsgərlərinin də olduğu dəstələrə qarşı ov tüfəngi ilə vuruşmuşduq. Amma indi xaricdən alınmış ən müasir silahlarla yanaşı, özümüzün istehsal etdiyimiz və yüksək dünya standartlarına cavab verən atıcı silahlar və hərbi texnika da aprel döyüşləri zamanı bilavasitə döyüş meydanında sınaqdan uğurla çıxıb. Bu gün Azərbaycanla hərbi sahədə əməkdaşlıq edən və bu arzuda olan onlarla dövlət var. Təchizat və döyüş qabiliyyətinə görə Azərbaycan əsgəri güclü dövlətlərin ordularındakı əsgərlərə bərabər tutulur.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda vasitəçilik missiyasını öz üzərlərinə götürmüş dövlətlərin nümayəndələrinin on il əvvəlki ritorikaları ilə günümüzdə səsləndirdikləri fikirləri yanaşı qoysaq, reallığa doğru nə qədər fərqli yanaşma görərik. Bunlar hamısı Azərbaycanın iqtisadi inkişafına və hərbi gücünün artmasına bağlı məsələlərdir. Gərək insan nə qədər korazehin ola ki, bu dəyişikliyi görməyə. Bu məqamda təbii sual doğur: Bəs, Ermənistanda niyə bu faktoru görə bilmirlər? Cavab çox sadədir: Görürlər, amma görməzliyə vururlar. Çünki, dilverənləri var.
Aprel döyüşlərindən sonra Rusiyadan Ermənistana göndərilən “İsgəndər” operativ-taktiki raketlərə görə ermənilər yenə “papaqlarını göyə atıb-tutdular” ki, daha işləri düzəlib. Amma, əvvələn anlamadılar ki, Rusiya raketləri onlara yox, Avropaya daha yaxın ərazidə yerləşdirmək üçün özünün Gümrüdəki hərbi bazasına göndərib. Bununla da rus hərbçiləri hədəf radiusunu azı 500 km artırmış olublar. İkincisi də, Azərbaycan bir neçə həftə sonra həmin raketi zərərsizləşdirən silahlara malik olduğunu açıqladı. Bir sözlə, el dilində desək, “Ermənistanın basaratı hər yandan bağlanıb”. O, bunu birdəfəlik başa düşməli, özündə cəsarət tapıb özgəsinin torpağına göz dikməkdən əl çəkməlidir.
IKSmedia.az