AXTAR

Dünya xəritəsinin formal dövləti

ermnistan

 

 

Ermənistanın siyasi hakimiyyəti də oyuncaq rejimdir

Dünya miqyasında qəbul edilmiş dövlət anlayışının vacib atributlarından biri ordudur. Azərbaycan dövlətini qoruyan ordu silah təchizatı, hazırlıq və təminat sarıdan dünyanın ən güclü silahlı qüvvələri sırasında yer alır. Bu günlərdə ölkədə müasir standartlara cavab verən, əsgər üçün hər cür şəraiti olan növbəti hərbi şəhərcik istifadəyə verilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbi şəhərciyin açılışında iştirak edib, hərbi qulluqçular üçün yaradılmış şəraitlə, ordunun silah-sursat təchizatı və hazırlığı ilə tanış olub.
Əsgərlər qarşısında çıxış edən dövlət başçısı ordu quruculuğu, Ermənistanın ölkəmizə təcavüzü, torpaqlarımızın işğaldan azad edilməsi və bu sahədə gedən proses barədə önəmli mesajlar verib.
“Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində sadəcə olaraq formal mövcuddur” –deyə, İlham Əliyev düşmən ölkənin müstəqil siyasət yürüdə bilmədiyini, öz ağalarından asılı olduğunu, gələcək taleyinin başqaları tərəfindən müəyyənləşdiyini bildirib.
Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktivlik nümayiş etdirməyi istəməyən Ermənistan məhz hamilərinin dəstəyinə arxalanaraq təcavüzü davam etdirir. Amma hər bir halda koloniya şəraitində yaşayıb müstəqillikdən dəm vurmaq gülünc isterikadan başqa bir şey deyil. Belələri haqda deyirlər ki, “cındırından cin hürkür, ancaq yersiz ədalarından geri qalmır”. Fikir verin, Azərbaycan əsgəri 20 il qüsursuz xidmət edirsə, hökumət ona pulsuz mənzil hədiyyə edir. Ermənistanda isə əlil əsgərlərin müalicəsi üçün işləyən vətəndaşların hər birindən ayda 1000 dram (təxminən 2 dollar) ianə yığılır. Ancaq əhalinin vəziyyəti o dərəcədə acınacaqlıdır ki, həm 2 dolları verməyə imkanı yoxdur, həm də haqlı olaraq düşünür ki, niyə verməliyəm? Əhali yaxşı anlayır ki, ölkələrinin belə ağır vəziyyətə düşməyinin və forpost olmağının əsas səbəbi Azərbaycana qarşı işğalçılıq siyasəti yeritməyidir. Çünki, müstəqil və güclü Azərbaycan düşmən ölkənin regiondakı bütün önəmli və gəlirli layihələrdən kənarda qalmasına nail olub.
İndi Ermənistanın qarşısında bir yol qalıb: ya Azərbaycanın təklif etdiyi güzəştli həll yoluna rəğmən dinməz-söyləməz qoşunlarını özgə ərazisindən çıxarmalı, ya da Azərbaycan Ordusu onun qoşunlarını silah gücünə geri çəkilməyə məcbur edəcək. Təbii ki, döyüşlərin yenidən qızışmasının sonu ermənilər üçün daha ağır olacaq.
Prezident İlham Əliyev əsgərlərlə görüşündə dəfələrlə səsləndirdiyi fikirləri bir daha qətiyyətlə təkrar edib, bildirib ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. BMT qətnamələrinə uyğun olaraq erməni qoşunları Azərbaycandan çıxarılandan sonra ölkənin sərhədləri daxilində Dağlıq Qarabağa geniş səlahiyyətli müxtariyyət statusu verilə bilər. Onun bu sözləri Ermənistan üçün ciddi mesajdır. Çünki, münaqişə üzərində status-kvonu dəyişmək Azərbaycanın hüququdur. Bu hüquq beynəlxalq sənədlərlə təsbit olunub. Bu gün öz hüququnu həyata keçirmək üçün Azərbaycanın bütün resursları var.

IKSmedia.az

Oxşar məqalələr