“Sizə tapşırıram, axırıncı dəfə sizə deyirəm, belə tipli, Könül xanım haqqında, Cahangir müəllim haqqında, mənim haqqında, ümumiyyətlə tutorlar, dekanlıq haqqında biriniz bir kəlmə artıq-əskik, lağa qoyulacaq şəkildə sosial şəbəkədə bir cümlə yazın…”
“Qafqazinfo” Abzas.net-ə istinadən xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalova tələbələrə səsli mesaj göndərərək bildirib.
2013-cü ildə vəzifəyə təyin olunan gənc dekan müavini tələbələrdən tələb edir ki, dekanlıq haqqında sosial şəbəkələrdə bir cümlə belə yazmasınlar. Əgər kim tənqid etsə, şəxsən onun təqdimatı ilə həmin tələbəyə töhmət verdirəcəyini bildirib.
Dekan müavini bildirir ki, nizam-intizam işlərinə o baxır: “Şəxsən mən nizam-intizam qaydalarını pozduqlarına görə, dekanlığın, mətbəxin məlumatını çölə çıxardıqlarına görə, onlara töhmət verdirtdirəcəm. Bax deyirəm sizə, axırıncı dəfə deyirəm”.
Aytəkin Zeynalova səsli mesajında bildirib ki, tələbələrdən birinə dişinin dibindən çıxanı deyib. O bildirib ki, Leyla adlı tələbənin yazdığı statusa görə dünən onun təzyiqi qalxıb: “Utanmazlar, ayıb olsun sizə!”
“Qeyri-obyektivliklə o boyda universitetin mətbuat xidmətinin rəhbərini məzəyə qoyublar, Cahangir müəllimi məzəyə qoyublar. Utanmırlar Könül xanımı məzəyə qoyublar ki, guya, qeyri-obyektiv yoxlayıblar. İndi də bu Fuad özündən alim olub, deyir dekanlıq hara baxırdı. Yox dekanlıq oturub səni güdəsiydi, sən imtahanda nə edirsən”.
Aytəkin Zeynalova tələbələrə xəbərdarlıq edib ki, bir nəfər dekanlıq, hətta tutorlar haqqında facebook-da tənqidi fikirlər paylaşdıqda onlarla bağlı ciddi tədbir götürüləcək.
Aytəkin Zeynalova 1982-ci ildə Bakıda şəhərində anadan olub. 1999-2004-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2004-2006-cı illərdə isə həmin universitetin magistratura təhsilini alıb. 2007-ci ildə BDU-nun beynəlxalq jurnalistika kafedrasının doktorantı olub.
Aytəkin Zeynalova əmək fəaliyyətinə də BDU-da başlayıb. O, 2006-cı ildə Beynəlxalq jurnalistika kafedrasında baş laborant kimi fəaliyyətə başlayıb, 2011-ci ildə həmin universitetin “TEM-də Tyutorların əlaqələndirilməsi və nəzarət qrupu”nun rəhbəri olub, 2013-cu ildə isə universitetin Jurnalistika fakültəsində dekan müavini təyin olunub.