AXTAR

Müstəqil dövlətimizi qorumaq hər birimizin müqəddəs borc və vəzifəsidir

18 oktyabr gunu

Azadlıq, müstəqillik hər bir millətin ən müqəddəs nemətidir. Bu neməti əldə etmək nə qədər çətindirsə, onu əldə saxlamaq, qorumaq ikiqat ağır məsuliyyətdir. Xalqımız ilk dəfə Dövlət Müstəqilliyini ötən əsrin əvvəllərində əldə edib. Bir əsrdə iki dəfə öz azadlığına qovuşan Azərbaycan 1918-ci ildə əldə etdiyi istiqlalı cəmisi 23 ay əlində saxlaya bilib. O zamanlar mövcud olan xarici müdaxilə və daxili çəkişmələr bu dövlətin qısa müddət fəaliyyət göstərməsinə səbəb olub.

Dünya Azərbaycanın müstəqillik arzusuna, istiqlal mübarizəsinə yalnız 70 ildən sonra, əsrin sonlarında şahid oldu. Azərbaycan müstəqillik əldə etdi və istiqlalını dünyaya bəyan etdi. Dünya bizi tanıdı. Lakin səriştəsiz, heç bir siyasi biliyə, təcrübəyə malik olmayan siyasətçilər dövlət postlarını tutdular. Bu dəfə yaranan təhlükə daha qorxulu idi: Azərbaycanın yenidən bölünməsinə bir addım qalmışdı. Bu təhlükənin qarşısını almaq üçün xalqın liderə ehtiyacı vardı.

XX əsrin 90-cı illəri ölkəmizdə dövlətçiliyin bərpası uğrunda mübarizə ilə əlamətdar oldu. Müstəqillik əldə etdiyimiz 1991-ci ildən sonrakı ilk illərdə ağır sınaqlara çəkildik. O ağır günlərdə xalqımız mətinlik və dözümlülük nümayiş etdirərək nələrə qadir olduğumuzu sübuta yetirdi.

Belə ağır məqamlarda öz xilaskarımızı tapdıq. Hər bir azərbaycanlı o böyük şəxsiyyətdən imdad diləyirdi. Azərbaycanı bürüyən bu odun yalnız onun tərəfindən söndürülə biləcəyini başa düşürdük.

Məhz hamımızın inandığı bu böyük insanın – Ümummilli Liderimiz Heydər Əliyevin qətiyyəti və prinsipial fəaliyyəti müstəqilliyimizin yaşamasında həlledici rol oynadı. Ulu Öndərimiz xalqının və dövlətinin azadlıq qarantı oldu. Azərbaycan dövlətçiliyi onun uzaqgörən siyasəti nəticəsində bütün imtahanlardan üzüağ çıxdı. Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Azərbaycan öz sərvətlərinin sahibi kimi çıxış etdi. Azərbaycan iri regional layihələrə, Avropa və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu qətiyyətlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici və daxili siyasətdə əldə etdiyi uğurlar Azərbaycanı regionun ən aparıcı dövlətinə çevirməklə, onun beynəlxalq mövqeyini möhkəmləndirdi. Dövlət başçısımızın yeritdiyi müstəqil siyasət nəticəsində Azərbaycan indi dünyada söz sahibidir.

Bu gün hər birimizin müqəddəs borcu və vəzifəsi müstəqil dövlətimizi qorumaq, onun inkişafına və tərəqqisinə nail olmaq, Prezidentimizin daxili və xarici siyasətini müdafiə etmək, Azərbaycanın inkişafı və xoşbəxtliyi uğrunda mübarizədə onun ən yaxın köməkçisi olmaqdır.

Ədalət Hüseynov

Masallı rayonu, Ərkivan qəsəbə sakini

Oxşar məqalələr