AXTAR

Sosial şəbəkələri xaos yuvasina çevirmək istəyənlər

Qloballaşma bəzən azadlığı və mədəniyyəti təhdid edir

 

sosialşəbəkə

 

İnternet və sosial şəbəkələr böyük əmək tutumuna malikdir. Hansı məqsədlə istifdə edilməsindən asılı olmayaraq, bu belədir. Çünki bu resursların işləməsi yüz minlərlə mütəxəssisin və şirkətin daim iş başında olmasını tələb edir. Xüsusilə, bu “sosial güzəştlər”dən kütləvi istifadə zamanı da iş dayanmır. İlk baxışda kimlərəsə elə gələ bilər ki, bu şəbəkələrdən istifadə, hardasa, dünya əhalisinə bir “müavinət”dir. Əslində isə elə deyil və internet üzərindən iş quranlar və ya proqramlaşdırmalarla çıxış edənlər milyardlarla vəsait qazanırlar. Məhz, miyardların əldə olunması üçün yer kürəsi əhalisinin bu şəbəkələrdə daha çox fəallıq göstərmələri tələb olunur. Buna görə də internet resurslarda elə bir iştirak formulu yaradılır ki, insanların özləri də müəyyən qədər pul qazana bilsinlər. Bu amil sosial şəbəkələrin istifadəsinin kütləviləşməsinə ən güclü təsir edən vasitədir.
Təbii ki, qloballaşma, bəşər övladının yer kürəsinin tam sahibi olması barədə düşünə bilməsi üçün bu çox faydalı prosesdir. Amma, eyni zamanda ciddi nüanslar yaradır.
Əgər ehtimal edilən nüansları sadalasaq uzun bir siyahı alınar. Ancaq, bu yazımızda cəmiyyətlərin siyasi inkişafına mənfi təsir edən bəzi məqamları diqqətə çatdıracağıq. Bu əsasən siyasi sistemlərə təsir edə bilən cinayətkar əməllərin internet resursları vasitəsilə həyata keçirilməsinə aiddir. Təbii ki, haqqında danışıdığımız sosial şəbəkələr kommunikativ texnologiyaların inkişafı sayəsində tayı-bərabəri olmayan təbliğat vasitəsidir. Bu amil qloballaşmanın əsas reagenti olan ünsiyyətin əsas barometridir. Üstəlik, hansı ölkədə yaşamasından asıəlı olmayaraq bütün insanların söz azadlığının təminatıdır. Bəli, hər bir şəxs istədiyi vaxt kompüterin düyməsini basmaqla dünyaya nəhayətsiz bir pəncərə açmış olur. Ancaq çox təəssüf ki, bu pəncərədən baxanların arasında fərdi mənfəət güdənlər, cinayətkar əməllərin sahibləri, siyasi mübarizə aparanlar da var. Bu istiqamətlərin qolları isə saysız-hesabsızdır.
Gəlin, bunlardan bir neçəsi üzərində dayanaq. Daha iri faktlara müraciət etsək, bu, prezident seçkiləri ilə əlaqədar fakt ola bilər. Məsələn, Donald Trampın seçki prosesinə rusların internet üzərindən təsir cəhdi. İndiyə qədər bu işin təfsilatı üzə çıxarıla bilməyib. Amma araşdırmalara nə qədər vaxt, vəsait sərf olunub, dövlətin vacib işləri ilə məşğul olmaq əvəzinə bu faktların bir tərəfdən böhtan olmasının, digər tərəfdən həqiqiliyinin sübut olunmasına nə qədər qüvvə sərf olunub. Artıq Trampın səlahiyyət müddəti başa çatmaq üzrədir, məsələnin üstü isə hələ də açıqdır. İndi, görün, demokratiya və azadlığın təntənəsinin hökm sürməsi üzrə lider olan ABŞ-da vəziyyət o yerə çatıb ki, ölkə prezidenti sosial şəbəkələr üzərində nəzarətin yaradılmasına qərarlıdır. Sözdə bəziləri tərəfindən, bu, azadlığın məhdudlaşdırılması kimi izah olunsa da, əslində bunu deyənlərin və ümumiyyətlə insanlığın təhlükəsizliyi üçün böyük önəm daşıyır. Çünki nəinki dövlətlərin işinə qarışmaq, hətta internet üzərindən silahların idarə olunması ilə ayrı-ayrı qruplar tərəfindən cinayətlərin törədilməsi də qaçılmazdır. Buna görə də nəzarət prosesinin başlanması ciddi və lazımlı fakt kimi qarşılanmalıdır.
Azərbaycan üzrə də sosial şəbəkələrdən istifadə təhlükəli prosesin içərisinə daxil olub. Bu, əsasən ölkəmizdə hakimiyyətə təsir etmək istəyən xarici qüvvələrin müxtəlif metodlarla daxildə özünə havadar tapıb, onları siyasi məqsədlərlə dövriyyəyə buraxmaqla bağlıdır. Bu adamlar xaricdə məskunlaşaraq hərəyə bir internet kanalı açıb və başlayıb dövlət və hakimiyyət əleyhinə böhtanlar yağdırmağa. Bu məsələyə diqqətlə yanaşmaq lazımdır, çünki, hətta söhbət təbliğatdan və ya tənqiddən yox, şəxsiyyətin təhqir olunmasından, dövlətin əsaslarının sarsıdılmasından, əhalinin yalan məlumatlarla çaşdırıb hakimiyyət əleyhinə çıxmağa təhrik edilməsindən gedir. Açıq-aydın görünür ki, bu şəxslər pozuculuq fəaliyyəti, qanunla yanaşdıqda isə cinayətkar əməllərlə məşğuldurlar.
“Beş barmağın beşi də eyni oladığı” kimi insanların fərdi inkişaf səviyyəsi də eyni deyil. Kimi təhsil alıb savadlıdır, kimi savadsız, kiminin dünyagörüşü genişdir, kiminin dar, kimi qəlbən safdır, kimi də “ağa qara deyən” fürsətçidir, bir sözlə, həyata baxışların rəngarəng palitrasında bəzi vətəndaşların beyninə təsir etmək imkanı sosial şəbəkələrdə olduqca genişdir. Bundan isə pozucular dərhal istifadə edirlər.
Bundan əlavə, daxili auditoriyada da sosial şəbəkələrin rolu getdikcə sürətlə artır. Həm də daha çox idarəetmə funksiyalarının inkişafında özünü göstərir. Lakin siyasi məqsədlərlə yolundan sapmış və bəzi hallarda psixoloji problemləri olan şəxslər sosial şəbəkələrdə “at oynadırlar”. Nəticə etibarı ilə müasirliyin detonatoru rolunu yerinə yetirən internet resursları mədəni irsimizin dağılmasına, mədəniyyətimizin iflasına və uşaq və yeniyetmələrin dünyagörüşünün mənasız yerə söyüş və iftira istiqamətində formalaşmasına səbə olur. Bütün bunlar isə Azərbaycan hökumətini dünyada başlanmış “sosial şəbəkələr üzərində nəzarət” kampaniyasına qoşulmağa çağırır. Təcrübə göstərir ki, hüdudsuzluq xaosa, xaos isə dağıntılara aparır. Bunun qarşısı vaxtında alınmasa, axır nəticələr çox məyusedici olar. Axı, müstəqilliyi “hazırına nazir” əldə etməmişik, niyə azadlığımızı qorumayaq?!
N.NOVRUZ

Oxşar məqalələr