Müharibəyə başlamamaq üçün ciddi bir səbəb qalmayıb
Bu günlərdə Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanın işğal edilmiş Azərbaycan ərazilərinə gəlməyi düşmənin aşkar təxribatıdır. Çox güman bu addımı ilə o, Azərbaycan tərəfindən hər hansı bir atəşin açılmasını və bu səbəbdən beynəlxalq aləmdə səs-küy salmaq üçün alibi qazanmaq istəyib. Üstəlik, Qarabağda separatçıların qondarma “respublikasının” guya “xarici işlər naziri” Masis Mailyanla görüşməyi də onun niyyətinin ara qarışdırmaq olduğunu və təmsil etdiyi hökumətin Ermənistan əhalisi arasında gözdən düşməyini saxlamaq məqsədi güddüyünü göstərir.
Bəli, bu gün ermənilərin bu ölkənin baş naziri Nikol Paşinyana cəmi 12-13 faizi inanır ki, bu da siyasətdə biabırçı göstəricidir. Düşmən ölkənin XİN rəhbərinin bu gedişi onun hökuməti üçün “va-bank” da sayıla bilər. Ona görə ki, Azərbaycanı açıq-aşkar müharibəyə təhrik edir. Çox ola bilsin ki, erməni strateqlər hazırda döyüşlərin alovlanmasını arzulayırlar. Çünki ölkədəki mövcud hakimiyət və onu devirməyə çalışan müxalifət, prinsipcə, rəqibini üstələmək üçün hər hansı həlledici qüvvəyə malik deyil. Bu səbəbdən “suyu bulandırıb balığı tutmaq” niyyətindədirlər. Müharibənin başlanması bu istiqamətdə, yəqin ki, onları qane edər. Ancaq, siyasətdə zəif və resurssuz olmalarına görə müharibənin onlara gətirəbiləcəyi məhrumiyyətlərin tam miqyasını təsəvvür edə bilmirlər.
Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Vaqarşak Arutunyan mətbuata müsahibəsində deyib: “Biz Ermənistan ətrafındakı hərbi-siyasi vəziyyəti qiymətləndirərkən həmişə ondan çıxış eləməliyik ki, Azərbaycanla müharibə hələ bitməyib. Tərəflər arasında yalnız atəşkəs barədə razılaşma var, Azərbaycanla dinc, siyasi razılaşmamız yoxdur. Azərbaycan Silahlı Qüvvələri Qarabağla təmas xəttində və Ermənistanla sərhəddə dayanıb. Bu o deməkdir ki, qərarvermə, səfərbərlik və müharibənin başlaması arasındakı vaxt intervalı olduqca azdır. Bunlar bilməli olduğumuz və heç vaxt unutmalı olmayacağımız reallıqlardır. Müharibə ehtimalı var. Ancaq mən onu hələ ki, yüksək hesab etmirəm. Nə qədər qəribə olsa da, hətta Azərbaycan prezidenti İlham Əliyevin açıqlamaları da buna sübutdur. O, yaxınlarda bəyan elədi ki, müharibənin başlaması üçün uyğun şərtləri gözləyəcəklər. Bu, çox mühüm nəticədir, demək ki, bu gün belə şərait yoxdur”.
Bu fikirlər keçmiş müdafiə nazirinə məxsusdur. Ancaq reallığı əks etdirir, tək bir məsələdə erməni generalı səhvə yol verir. “Uyğun şərtlər” oturub gözləmək deyil, çünki həmin şərtlər anidən də yarana bilər. Keçmiş müdafiə naziri bunları bilməmiş deyil, sadəcə, fikirlərində özünətoxdaqlıq üçün yer saxlayıb.
Erməni siyasətçilər bir məsələdə çox ciddi səhvə yol verirlər: onlar hesab edirlər ki, madam ki, biz Qarabağı Azərbaycandan zorla qoparmışıq, orada hər necə olsa da bir qurum yaratmışıq və sərbəst şəkildə gedib-gəlirik, demək, bu torpaq artıq bizimdir. Yəni, hər şeyi erməniliyin arşını ilə ölçürlər.
Amma ağıllı olsaydılar, düşünərdilər ki, dünyanın ən nüfuzlu təşkilatları Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb və təısbit edib. Hətta işğaldan sonra da beynəlxalq tədbirlərdə, müzakirələrdə bu fikri qanuniləşdirib, sənədlərdə əks etdirib və səs çoxluğu ilə təsdiqləyiblər. Bu, o deməkdir ki, hər nə şəkildə olsa, əvvəl-axır Qarabağ öz sahibinin olacaq. Əgər bu iş müharibə yolu ilə olsa kasıb Ermənistanın başına bəlalar açacaq. Düzdür, müharibə Azərbaycan üçün də acı olacaq. Ancaq bu inkişafın, var-dövlətin, müasir ordunun qarşısında Ermənistan daha ağır şəkildə cəzalandırılacaq.
Azərbaycan azadlıq müharibəsi, Ermənistan qəsbkarlıq müharibəsi aparacaq. Bu anlayışların fərqi böyükdür və müharibənin yekun nəticəsinə də təsiri böyük olacaq. Və torpaqlarını ölüm-dirim mübarizəsi ilə geri qaytaran Azərbaycanın Ermənistanı blokadadan çıxarmaq arzusu da dərhal yetişməyəcək. Çünki Bakının yardımı olmadan İrəvanın ayağa qalxması çox uzun yol keçməli olacaq.
Ermənistanda baş verən proseslər və cəbhə xəttindəki təxribatlar uyğun şərtlərin yetişməsi üçün münbit zəmindir. Yəni, müharibəyə başlamamaq üçün səbəb qalmayıb.
N.NOVRUZ