AXTAR

Gəlin, karantin dövrünün bəzi adət-ənənələrini birdəfəlik mənimsəyək

yas və toy mərasimi

Tarix o cəmiyyətlərin yolunu açır ki, onlar fəlakətlərlə yaradıcı şəkildə mübarizə aparırlar

 

 

 

Koronavirus pandemiyası yer kürəsinə elə bir dövrdə hücum çəkib ki, artıq insanlıar digər planetlərə ayaq açır, “ulduz müharibələri” aparır, insanların mənşəyi ilə bağlı gen mühəndisliyi tədqiqatlarında xeyli təcrübə toplanıb, canlılarda mutasiya problemləri araşdırılır, insanları əvəz edən robotlar meydana çıxır və sairə. Elmin, texnikanın bu səviyyəyə çatdığı dövrdə bəşəriyyətin koronavirus pandemiyasına məruz qalması və yüz minlərlə insanın məhvi qeyri-adi görünsə də, reallıqdır. Bunların təsiridir ki, əhalinin bir qismi bu virusa ya inanmır, ya da onu saya salmır. Amma fakt faktlığında qalır. Dünyada, ən inkişaf etmiş ölkələr daxil olmaqla bizim diyarda da hər gün nə qədər insan həyatını itirir. Bizim öyrəşdiyimiz və “adi qrip” adlandırdığımız virus da vaxtilə, ilk vaxtlarda yayılanda, milyonlarla insanın həyatına son qoyub. Ancaq sonralar həmin virus həm mutasiyaya uğrayıb, həm də uzun tədqiqatlar nəticəsində təbiblər onu neytrallaşdırıb məhv edən əlacı tapıblar və ucuz qiymətli dərman preparatları ilə qarşısını almağa müvəffəq olublar. Tarixi təcrübədə isə cəmiyyətlər bu qripə vərdiş edib və o, həyatımızın bir parçasına çevrilib. İndi ən ucqar, sivilizasiyadan uzaq yaşayış yerlərində də qripin adı gələndə hamı onun necə aradan qaldırılması barədə tövsiyələr verir. Koronavirus da belə olacaq.
Ancaq nə qədər ki, bu məşum virusun peyvəndi tapılmayıb, nə qədər ki, onun müalicəsində hansı dərmanın səmərəli olduğu müəyyənləşməyib, koronavirusa qarşı ümumi mübarizə ən yüksək səviyyədə və hərtərəfli aparılmalıdır. Mübarizə sözü nə qədər pafoslu səslənsə də bir o qədər zəhmət və diqqət, eyni zamanda cəmiyyət həyatının təhlilini tələb edir. Konkret olaraq, öz ölkəmizi götürsək, pandemiyaya görə hökumət tibbi və texniki problemləri uğurla həll edir. Bu dövrü sınaq dövrü kimi qəbul edib, ona bütövlükdə nəzər salmaq itirdiklərimizin müqabilində hansısa dividentlər qazanmağımıza kömək edər. Çünki, bütün sınaqlarda cəmiyyət bütün bacarıqlarını ortaya qoymaqla yanaşı ondan nə isə əldə etməyə çalışmalıdır.
Pandemiyanın zillətinə qarşı ölkəmizdə sərt karantin rejimi tətbiq edilir. Gəlin, bu rejimin yalnız bir qadağası barədə fikirlərimizi ümumiləşdirək. Söhbət toy və yas mərasimlərindən gedir. Karantinə görə insanların bir yerə toplaşması, açıq nəfəslə ünsiyyət qurması qəti qadağandır. Xahiş edirəm, kimsə ağzıgöyçəklik edib “insan hüquqlarından” dəm vurmasın. İnsanın ən böyük hüququ onun sağlam yaşamasıdır. Qadağalar da yalnız bu məqsədlə tətbiq edilir. Lakin təhlil edəndə görürsən ki, bu qadağalar fonunda bəzi adət-ənənələr sıradan çıxır və insanların mənəvi aləminə elə də ciddi zərbə vurmur. Yenə də söhbət toy və yas mərasimləri barədədir. Ətrafımızda gedən söhbətlərdən, yayılan informasıyalardan bəlli olur ki, kimsə oğlunu evləndirmək, qızını köçürmək üçün pandemiyanın, daha doğrusu, karantin rejiminin bitməsini gözləyir. Niyə? Əksəriyyət həqiqəti gizlətsə də, bu mövzuda açıq danışanlar da var və bildirirlər ki, bəs, filankəslərin, bəhmənkəslərin toylarına getmişəm, filan qədər pul salmışam, gətirib borclarını qaytarsınlar. Hətta toy etmiş və yüzlərlə adamı toya dəvət etmiş şəxslər də narazı qalırlar ki, bəs filankəslər mənim toyuma gəlib, pul salıb, mən də gərək borcumu qaytarım. Görürsünüz, məqsəd evlənənlərin şənliyi, ailə xoşbəxtliyi yox, qarşılıqlı borcların silinməsidir. Ayrı nüanslar da var. Məsələn, kimlərüçünsə bu, şan-şöhrət mənbəyidir: mənim toyumda 500-600 nəfər iştirak edib, hər adam üçün restorana 100 manat ödəmişəm və sairə. Yersiz yekəxanalıq! Amma restorana ödənilən pul qonaqların saldığı məbləği üstələyəndə arxada deyilən narazılıqlar da çoxdur: toya gəlib, 100 manatlıq stola 50 manat ödəyib gedib. Belə qanmaz adamlara nə deyəsən?! Qalırsan məəttəl ki, konkret situasiyada qanmaz kimdir?
Yas mərasimi də eləcə. Adamlar var ki, “fəxrlə” deyirlər ki, mən bir dənə də olsun yasdan qalmıram, hətta tanımadığım şəxslərin də yasına gedib “allah rəhmət eləsin” deyirəm, çünki, savabdır. Gəlin bir düşünək görək, bu məsələdə “savablıq” nədir? İndi hamı qəbir yerinin, mərasim zallarında adambaşına alınan haqqın, yasda “yeyib-içməyin” qiymətindən narazılıqlar edir. Demək olar ki, hamı bunların əleyhinə danışır, amma cəsarət edib köhnəlikdən qurtula bilən yoxdur. Amma karantin dövründə vəfat edənin dəfni qadağalar çərçivəsində həyata keçirilir və bundan narazılıq edənlər yoxdur. Niyə? Ona görə ki, sadədir, çox xərc tələb etmir, yas yiyəsi qonaqların dərdini yox, vəfat edənin ağrısını çəkir, gəncdirsə, onu ailəsinin qayğıları barədə fikirləşir.
Mənim yaxın tanışlarımdan biri karantin dönəmində cavan oğlunu avtomobil qəzasında itirdi. Hadisəni eşidəndə düşündüm ki, gedib başsağlığı verim. Bəs, qadağalar?! Telefon vasitəsilə ona səsli mesaj göndərdim və bildirdim ki, bu hadisə mənə olduqca güclü təsir etdi, onun kədərini anlayır və bölüşürəm. Üstündən, təxminən iki ay keçəndən sonra həmin adam mənə zəng etdi, kefimi xəbər aldı və dedi ki, oğlunu itirib. Mən də yenidən başsağlığı verdim və dedim ki, hadisə baş verən vaxtı ona “başsağlığı” mesajı göndərmişəm. Ancaq həmin günlər o adam sarsıntı içərisində olduğundan ya telefona baxmayıb, baxsa da fərqinə varmayıb və buna görə mənə dedi: “Deyirəm, axı, Novruz müəllim həssas adamdır, mənim dərdimə biganə qala bilməzdi”. Bu faktı ona görə söylədim ki, fikrimi anlayasınız: insanlar bir-birlərini yaxşı tanıyırlar, hətta yasa getsən də, mağarda iki saat oturub 20 dəfə “allah rəhmət eləsin” desən də, yenə hər kəs kimin kim olduğunu unutmur. Belə olan halda minlərlə, bəzən on minlərlə manat xərc çəkib geniş yas mərasimi təşkil etməyin nə mənası var?. Ən əsası da bundan həyatını itirmiş şəxsə nə hacət?
Eynilə, jurnalist-yazıçı Aqşin Babayev bu günlərdə rəhmətə getdi və mən onun haqda yüksək fikirdə olduğum və birgə iş şəraitindən tanıgım üçün “facebook” sosial şəbəkəsində ümvanına “Allah rəhmət eləsin” yazıb, bir neşə cümlə ilə haqqında rəy bildirdim. Mərhumun yas mərasimi tutulsaydı mənim ora gedib tanımadığım oğluna və digər doğmalarına başsağlığı verməyim mənasız olmazdımı? Axı, onun ailəsində heç kimlə tanış deyiləm. Məsələ burasındadır ki, tam tanışlığı olmayan məclislərə gedənlər adətən tanışı ilə görüşməyə, yaxud ora gəlməsi ehtimal olunan hansısa məmurun gözünə görükməyə gedir. Mənəvi zənginlikdən uzaq olan belə misalların sayını “n” qədər artırmaq olar. Ancaq buna ehtiyac yoxdur. Ehtiyac yalnız yeni, müasirliyə, yüksək mədəniyyətə, insanın mənəvi kamilliyinə cavab verən toy və yas adət-ənənələrinin yaranmasınadır.
Bir neçə gün əvvəl vaxtilə mənim rəhbərlik etdiyim qəzetdə işləmiş gənc bir jurnalist xanım ailə qurdu və nikah masasından çəkilmiş şəkli sosial şəbəkədə paylaşdı. Mən onu yaxşı tanıyırdım. Mənən zəngin, milli olduğu qədər də pul sarıdan varlı olmayan orta təbəqə nümayənsədidir. O, toy-büsatsız, sadə bir ailə məclisi ilə ailə qurdu. Amma sosial şəbəkədə yerləşdirdiyi fotodan nə qədər məsud olduğu aydın sezilirdi.
Bu və digər faktları sadalamaqda məramım budur ki, karantin dövrü bizə yeni, həyatımızla ayaqlaşan bəzi adət-ənənələr gətirib. Bunları qoruyub, yaşatmaq lazımdır, çünki, xeyirdən başqa heç bir ziyanı yoxdur. Əslində isə biz tariximizin dərin qatlarından gələn adət-ənənlərimizi qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək üçün onları müasirləşdirmiş olarıq. Əks halda bu ənənələrin ölüb getməsi labüddür. Çünki, həyatımızın bir çox sahələri kimi bu sahə də kommersiyalaşıb. Mənəvi irsimiz indi pulluların əlindədir, necə istəyirlər elə də formalaşdırırlar. Məqsəd isə adət-ənənə, milli irs yox, pul qazanmaqdır. Gəlin bu haqda dərindən fikirləşək. Toyun və yas mərasimlərinin yeni qaydalarını birdəfəlik mənimsəyək. Pandemiya ilə birlikdə zərərlərdən də qurtulaq.
N.NOVRUZ

Oxşar məqalələr