AXTAR

Ermənistanın siyasi masasında ”kim kimi?” söhbəti qızışır

paşa və sarukyan

Bu dəfə “inqilabçı” rolunda oliqarx Qaqik Sarukyan çıxış edir

Bu gün İrəvan küçələrində gur səslə “Nikol, çıx get!” şüarları dəbə minib. “İnqilabçı” baş nazir Nikol Paşinyanın siyasi karyerasının sonunun yaxınlaşması barədə artıq bir neçə ay idi ki, politoloqlar, siyasi ekspertlər müxtəlif rəylər söyləyirdilər. “Müstəqillik” qazanandan bəri uğursuzluq girdabında qovrulan ermənilərin hazırkı hakimiyyətdən də gözləntiləri doğrilmadı və onlar yenidən hərəkətə keçdilər. Lakin məsələ burasındadır ki, hər hansı bir hərəkat üçün xalqda hey yoxdur. Sadəcə, ona “tərpən!” komandası verənlər var ki, onların da məqsədi yalnız öz var-dövlətlərini və qeyri-rəsmi hakimiyyətlərini qorumaqdır. Bu dəfə “inqilabçı” rolunda oliqarx Qaqik Sarukyan çıxış edir.
Ermənistanda vəziyyəti mürəkkəbləşdirən cəhət odur ki, bu ölkədə hər şey saxtakarlıq üzərində qurulub. Belə ki, müstəqillikləri saxtadır. Ermənistan sadəcə Kremlin kurasiyasında olan əlaltı dövlətdir. İnqilab barədə deyilənlər də yalandır, indiki baş nazir Nikol Paşinyan və onun ətrafı ABŞ-ın Soros Fondunun göstərişi və yardımı ilə həyata keçirilən hakimiyyət dəyişikliyidir. Bundan əvvəlki prezidentlər-Robert Koçaryan və Serj Sarkisyan da “dövlər başçısı” kimi yox, mafiya başçıları idilər və ölkəni də cinayətkarlar dəstəsinin iştirakı ilə idarə edirdilər. İndi Nikol demokratiyadan dəm vura-vura baş nazir kürsüsünü ələ keçirsə də, xalqa verdiyi vədlərin heç 10 faizini də yerinə yetirə bilməyib. Əvəzində isə qohum-əqrabası hakimiyyətdə vəzifə tuturlar və bir tərəfdən də büdcəni talamaqla məşğuldurlar. Koçaryan-Sarkisyan cütlüyünün dünənki cinayətkar dəstələri isə indi “demokratik qüvvələr” cildində müxalifət yaradıblar. Belə bir şəraitdə Ermənistanda yaşamaq üçün yeganə salamat yol vəzifə tutmaqdır.
Nikol Paşinyanın oliqarx Qaqik Sarukyanla toqquşması labüd hakimiyyət mübarizəsinin məntiqi nəticəsidir. Çünki Ermənistanın hazırkı bütün oliqarxları Rusiyanın təsiri ilə varlanıblar və Moskvanın çaldığı havaya oynayırlar. Rusiyada bizneslərini inkişaf etdirməyə şərait yaratmaqla Kreml onları çoxdan qarmağa keçirib. Nikolun Qərbə işləməsi hamıya məlumdur və onun hakimiyyəti plandankənar ələ keçirməsi, təbii ki, Moskvada təqdir olunmur. Və Paşinyan özünün xamlığı və savadsızlığı sayəsində indiyədək Moskvanın rəğbətini qazanmağa müvəffəq olmayıb. Heç ölkə daxilində də uğurlu hansısa layihəyə imza ata bilməyib. Əhalinin güzəranı isə nəinki əvvəlki hökumətin vaxtındakı kimi qalıb, hətta xeyli dərəcədə pisləşib. Koronavirus pandemiyası isə “inqilabçıların” olan-qalan nüfuzunui “baltalayıb”.
Koronavirus yoluxmaları bu ölkədə həndəsi silsilə ilə artır. Çünki hökumət vaxtında tədbir görməyib. Əgər bunun birinci əsas səbəbi hakimiyyətin bacarıqsızlığıdırsa, ikinci əsas səbəbi ölkənin iqtisadi durumunun acınacaqlı vəziyyətdə olmasıdır. Amma indi bunun haqda sadə camaat danışır. Müxalifət isə vəziyyətdən istifadə edib hakimiyyətə qayıtmaq istəyir. Paşinyan da ağalarından aldığı təlimatla buna müqavimət göstərir. Müxaliflər tərəfdən Qaqik Sarukyan bir müddət əvvəl baş nazirin idaərəçiliyi əleyhinə çıxaraq “Nikol, çıx get!” deyə onu istefaya çağırmışdı. Bundan sonra baş nazir rəqibləri üzərinə hücuma hazırlaşaraq ətrafına özünə sadiq adamları toplamışdı. O, əvvəlcə bütün güc nazirliklərinin rəhbərliyinə özünün “Mənim addımım” partiyasından olan gəncləri gətirib. Bu prosesdə peşəkarlıq və bilik yox, “Paşinyanın sözü ilə oturub-durmaq əsas meyar” sayılır. Sonuncu olaraq ölkənin MTX-nin başına 29 yaşlı Arqişti Karamyanın gətirilməsi siyasi dairələrdə ciddi narazılıq yaratsa da, Paşinyanın məqsədlərinin həyata keçirilməsi üçün əlverişli şərait yaradıb. Məsələ burasındadır ki, bu kimi dəyişikliklərdən Paşinyan da, müxalifət də istifadə edir.
Güc strukturlarında öz adamlarını yerləşdirən Nikol oliqarx Sarukyanın fəaliyyətinin yoxlanılması üçün göstəriş verib. Oliqarx barəsində sonuncu parlament seçkilərində seçicilərin pulla ələ alınması və dövlət büdcəsindən vergilərin gizlədilməsi faktları üzrə təhqiqata başlanılıb. Sarukyanın evində və ofisində polis axtarışlar aparıb, kompüterlər məlumat bazası ilə birlikdə müsadirə olunub. Sarukyan da dinc oturmur, tərəfdarlarını küçələrə töküb Paşinyanın əleyhinə mitinqlər keçirir. Hökumət oliqarxın “Şanqri-La” kazinosu vasitəsilə büdcədən 62 milyon dollar gizlətdiyi iddiasındadır. Müxalifətçi isə bunu inkar edir.
Bu hadisələri təhlil edən Rusiyanın “Kommersant” qəzeti yazır ki, Nikol Paşinyan son günlər opponentlərinin ünvanına kəskin ifadələr səsləndirir, onları “siyasi basillər” (mikroblar) adlandıraraqq “özlərinə başdaşı yazısı hazırladıqlarını” bildirir, Ermənistan tarixinin siyasi zibilliyinə düşəcəklərini söyləyir. Parlamentin 12 iyun tarixli iclasında çıxış edən baş nazir deyib: “Düşünürəm ki, axırıncı iki ildə polis, MTX kimlərəsə çox az qüvvə tətbiq edib və tezliklə onlara qarşı elə qüvvə tətbiq ediləcək ki, bir də səsləri çıxmayacaq”. Onun bu hədəsinə parlament çoxluğuna sahib olan “Mənim addımım” partiyası da qoşulub.
Sarukyanın cinayətləri barədə erməni cəmiyyəti yaxşı məlumatlıdır. Bu da Paşinyana manevr etmək imkanı yaradır. Digər tərəfdən, artıq xalq nə hakimiyyətə, nə də müxalifətə inanır. Siyasi ekspert Tevos Arşakyan yazır ki, biz iki il əvvəl Paşinyana inanırdıq, lakin artıq bu inam yoxdur: “Bazar günü İrəvanda Qaqik Sarukyana dəstək aksiyasının keçirilməsi “məxməri inqilab”dan sonra hökumətə qarşı ən iri siyasi aksiya idi. Açıq görünür ki, başında Koçaryan-Sarkisyan cütlüyünün durduğu və ölkəni dağıdan keçmiş respublikaçılardan ibarət müxalifətçilər Paşinyanın və ətrafının əleyhinə hücuma keçiblər. Ölkə yenidən iki hissəyə bölünüb: Paşinyanı müdafiə edənlər və sayı ondan az olmayan müxalifətçilər. Gizlətmirəm, bizim hamımız Paşinyana görə bəslədiyimiz ümidlərin puça çıxdığına şahidik. Lakin onun əvəzlənməsi üçün bizə kimi təklif edirlər? O gedəndən sonra yerinə kim gələcək? Axı, xalqın yaddaşından hələ silinməıyib ki, Koçaryan-Sarkisyan cütlüyünün başçılığı ilə Qaqik Sarukyan tipli quldur dəstələri ölkənin başına hansı oyunları gətiriblər. İndi Paşik gedəcək, yerinə Saşik gələcək. Bunun xalqa nə faydası?”.
Ekspertin fikirləri Ermənistan reallığını aydın göstərir. Bu ölkədə sağlam qüvvə formalaşana qədər vəziyyət belə acınacaqlı olaraq qalacaq. Aldığımız son məlumata görə, artıq Sarukyan polis tərəfindən saxlanılıb.
N.NOVRUZ

Oxşar məqalələr