Baş nazirin gəncləşdirmə siyasəti öz təhlükəsizliyinin təminatına yönəlib
Ermənistan hökumətində başlanmış istefalar idarəçilikdə olan nöqsanlardan qaynaqlansa da, əslində müxalif qüvvələrin mövcud rejimə yönəlmiş mübarizəsinin nəticəsi kimi xarakterizə edilə bilər. Aydın məsələdir ki, baş nazir Nikol Paşinyan nəinki Ermənistan, sadəcə, dövlət idarəçiliyini bilməyən naşı bir siyasətçidir. Lakin o, özbaşına deyil və kənardan verilən göstərişlərə uyğun siyasət yürüdür və iflasa uğrayır. Çünki Nikol erməni cəmiyyətinin yetişdirməsidir və onun qərbə bağlılığı qabiliyyətindən və yüksək erudisiyasından yox, şəxsi ambisiyalarından qaynaqlanır. Bu fikirləri onun ikiillik hakimiyyəti dövrünün olayları tamamilə təsdiqləyir. İki il əvvəl Ermənistan necə idisə, indi də elədir və başda korrupsiya olmaqla qohumbazlıq, quldurluq, işsizlik və sabahkı günə olan inamsızlıq olduqca güclənib. Buna görə də Nikolun özünün vəzifəyə təyin etdiyi insanlar mövcud hakimiyyətin sonunun yaxınlaşdığını hiss etdiklərindən “gəmini tərk etməyə” başlayıblar. Paşiyanın da reytinqi günü-gündən aşağı düşür. Sonuncu olaraq Milli Təhlükəsizlik Xidmətinin direktorunun istefası vəziyyətin nə dərəcədə böhranlı olduğunun təsdiqidir.
Məhz, bu istefadan sonra baş nazirin istefa verməli olduğu haqda bir sıra siyasi qüvvələr tərəfindən bəyanatlar səsləndirilməyə başlanılıb. Nikol isə buna qarşılıq olaraq özünə sadiq ətrafından ağına-bozuna baxmadan yeni kadrları vəzifəyə təyin etməyə başlayıb. -nin direktoru vəzifəsinə təyin etdiyi Arqişti Karamyan faktoru erməni cəmiyyətində bomba kimi partlayıb. 29 yaşlı gəncin belə yüksək və məsuliyyətli vəzifəyə təyin edilməsi verilən şərhlərdən göründüyü kimi baş nazirin artıq məğlubiyyətə uğradığını deməyə əsas verir. Ancaq, bu ölkədə gizli qüvvələr həmişə hakimiyyət dəyişikliklərində böyük rol oynadıqlarına görə hələ qəti fikir söyləmək çətindir. Erməni müxalifəti isə artıq baş naziri, necə deyərlər, “yıxıb sürüyür”.
Siyasi məsələlərdən yazan Tevos Arşakyan “Paşinyanın gənc serber çekisti” (serber-qədim yunan əsatirində cəhənnəmin qapısını qoruyan it) adlı məqaləsində yazır ki, görünür, cəmiyyətdə reytinqi sürətlə enən Paşinyan siyasi rəqiblərini neytrallaşdırmaq üçün MTX-in başına öz adamını gətirməli idi: “Artıq 2018-ci ildə o öz adamlarını əsas vəzifələrdə yerləşdirirdi və onların əksəriyyəti gənclər idi. O vaxt hakimiyyətə it sədaqəti ilə seçilən eyni sifətləri görməkdən yorulmuş bizlərdən çoxu sevinirdik ki, əksəriyyəti Avropa və ABŞ universitetlərində təhsil almış kadrlar ölkəmizi inkişaf etdirəcəklər. Lakin bunlar Paşinyana bəs etmədi. Son vaxtlar o, əlini hərbi və polis strukturlarına da uzatdı. Silahlı qüvvələrin Baş qərərgahını və polis orqanlarını yaxşı-pis başa düşmək olar, amma milli təhlükəsizlik xidmətinin direktorluğuna 29 yaşlı təcrübəsiz gəncin təyin edilməsi anlaşılan deyil”. Müəllifin fikrincə, Paşinyan milli təhlükəsizliyin nə demək olduğunu anlamır.
MTX-nin keçmiş direktoru Artur Vanesyan da bu təyinatı ciddi tənqid edir. “Erkir media” telekanalına verdiyi müsahibədə o, bildirib ki, Ermənistanın milli təhlükəsizliyi təhlükə altındadır.
Ekspertlər bunu Vanesyanın incikliyi və paxıllığı kimi qiymətləndirsələr də, ümumiyyətlə, onunla razıdırlar. Çünki MTX-in direktoru dövlətin bütün gizli məlumatlarına vaqif olur, bütün gərgin situasiyalarda ondan çevik və səmərəli təkliflər gözlənilir. Bəs, 29 yaşlı təcrübəsiz gənc bunların öhdəsindən gəlməyə qabil ola bilərmi?
“Bəs, Paşinyan onu nə üçün bu vacib posta təyin edib?” - deyə, Tovasyan sual edir və cavabında göstərir ki, bunu baş nazir daha yaxşı bilir. Ancaq cəmiyyətdə bunun bir neçə variantı mövcuddur.
İlk növbədə Paşinyan reytinqinin aşağı düşməsi fonunda vəzifəsini qorumaq üçün mühüm postda özünə sadiq adamı yerləşdirib. Bu saat onun üçün ölkənin yox, özünün təhlükəsizliyi vacibdir.
Düzdür, bu, müəyyən vaxt üçün düşünülüb. Müəllif yada salır ki, “məxməri” inqilab dövründə Sarkisyan devrilənə yaxın vaxtda ölkənin güc blokunun başçıları onun müdafiəsinə bütün gücləri ilə qalxmadılar. Yəni, faktiki olaraq onu satdılar. Onlar gördülər ki, Sarksyan devrilməyə məhkumdur. Bəyəm, eyni vəziyyət Paşinyan üçün yarana bilməz?
Hadisələrin inkişafı göstərir ki, Paşinyan ikinci, “antiməxməri” inqilabın yaxınlaşdığını hiss edir. Bu səbəbdən müdafiə xarakterli tədbirlər görür və gənclərin irəli çəkilməsi də bu məqsədlədir.
Bundan başqa, Karamyanın irəli çəkilməsi sübut edir ki, Ermənistanda kadr böhranı yaşanır. Ali təhsilli kadrlar ölkədə iş tapa bilmədiklərindən xarici ölkələrə gedirlər və xaricə təhsil almağa gedənlər isə çalışırlar ki, təhsil aldıqları ölkədə qalsınlar. Bu səbəbdən baş nazir axtarsa da, özünə bab kadr tapa bilmir.
Yeni kladr təyinatında daha bir amil var: ola bilsin ki, Paşinyanın tələbləri ilə təcrübəli kadrlar razılaşmayıb və yalnız Karamyan vəzifə tutmaq naminə bu şərtlərlə razılaşıb. “Past” nəşri baş verənləri belə dəyərləndirir: “Həm də peşə keyfiyyətləri ilə yanaşı, kadrların siyasi məsuliyyət dərəcəsi və təcrübəsi də nəzərə alınmalıdır. Çox vaxt isə bir çox kadrın rəhbər vəzifələrdə istəkləri var, amma tələblərə cavab vermirlər. Eyni zamanda, ölkəmizdə müasir kadr bazası yaradılmır və təhsil sistemi hələ də müasir tələblərdən geri qalır. Müvafiq kadr hazırlamaq üçün müvafiq bilik və təcrübə həvəsləndirilməlidir, kadr seçərkən peşə və insan keyfiyyətlərinə üstünlük verilməlidir”.
Qəzetin dərc etdiyi məqalədə bildirilir ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra peşəkarlıq üçün hər cür şəraitin yaradıldığı ilə bağlı gözləntilər var idi, lakin ictimaiyyətin bu gözləntilərinə baxmayaraq, Paşinyan kadr siyasətinin qurulmasında müstəsna olaraq siyasi qərarlara yer verdi və nəticədə təcrübəsiz və idarə etmədən xəbərsiz olan bir çox gənc dövlət üçün mərkəzi əhəmiyyət daşıyan vəzifələrə gəlib çıxdı.
Tamamilə aydındır ki, baş nazirin kadr siyasəti daxili siyasi mübarizəni sürətlə kəskinləşdirəcək.
Çünki hazırkı müxalifət - keçmiş iqtidar haqda əldə kifayət qədər kompromat var. İndi hakimiyyət isə səhvlər üzərində qurulmuş əndrabadi qurumlardan ibarətdir. Mübarizənin qızışması üçün hər iki tərəfin kompromatları kifayət qədərdir. Bu isə qızışmaq üçün yaxşı mənbə rolunu oynayır.
N.NOVRUZ