Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri, Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqin "Moskva-baku” portalına müsahibə verib.
Həmin müsahibəni ixtisarla təqdim edirik:
- 2019-cu ildə Rusiya-Ermənistan münasibətləri necə inkişaf edəcək?
- Prinsip etibarilə Rusiya-Ermənistan münasibətlərində heç nə qaçılmaz olmadı. Bu, münasibətlərin qırılması, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), yaxud Avrasiya İqtisadi Birliyindən çıxması demək deyil. Lakin qazın qiymətlərinə görə razılığın əldə edilməməsi ona siqnaldır ki, Rusiya əsas tərəfdaşı Ermənistanla çətin vaxtlarını yaşayır. Rusiya üçün qaz və neft təkcə iqtisadi yox, həm də geosiyasi amildir. Rusiya yaxın olduğu ölkələrə endirimlər edir, bu, dost ölkəyə dəstək verməkdir. Bu, dostluq öhdəliklərin hansısa sistemini özündə birləşdirir. Nikol Paşinyan özünün qeyri-sabit davranışları ilə fərqlənir. O, Ermənistanın əvvəlki rəhbərliyi ilə işğal olunmuş rayonların beşinin Azərbaycana qaytarılması haqqında ciddi razılaşmanı inkar edir. Paşinyan razılığı sıfırlayaraq, öz davranışını sərgilədi. Rusiya erməni baş nazirin hakimiyyəti dövründə belə gözlənilməz addımları ilə çox rastlaşıb.
Müvafiq olaraq Rusiya sual qoyur: əgər Paşinyan belə düşməncəsinə davranışı davam etdirəcəksə, nə üçün Moskva birtərəfli güzəştə getməli və öhdəliklərə sadiq qalmalıdır. Rusiya və Ermənistan arasında qaz məsələsində narazılıq mənə Ukrayna ilə bağlı vəziyyəti xatırladır. Əgər vəziyyət bu həddə çatıbsa, deməli münasibətlər güclü şəkildə xarab olub.
- Bu nə ilə nəticələnə bilər?
- Əgər qaz haqqında danışıqlar belə davam edəcəksə, mən qorxuram pis qurtaracaq. Rusiya prezidenti hələ ki sakitdir və tərəfdaşın öhdəliklərini izləyir. Lakin tərəfdaş danışdığı kimi hərəkət etmirsə, Putin buna əvvəlcə bir neçə dəfə xəbərdarlıq edə bilər, sonra isə daha sərt reaksiya verəcək. Ermənistanın yeni rəhbərliyi belə siyasəti davam etdirəcəksə, bu, sadəcə qəza ilə başa çatacaq. Çünki bu üslub Putinlə işləmir. Hələ ki biz münasibətlərin pisləşdiyini görürük, bu, Azərbaycanla yaxşılaşan münasibətlər fonunda daha parlaq müşahidə olunur. Azərbaycan hakimiyyəti öz siyasətinin ardıcıllığı, sağlamlığı ilə Ermənistana nümunə göstərir. Azərbaycan bu gün Cənubi Qafqazda Rusiyanın əsas müttəfiqi rolunu möhkəmləndirir. Paşinyan Rusiya ilə münasibətlərdən, ümumiyyətlə, Avrasiya geosiyasətindən açıq-aşkar heç nə anlamır. Bəlkə də o öz mövqeyinə düzəliş edəcək, mən buna ümid edirəm, lakin hələ ki bunu görmürəm. Rusiya ilə münasibətlərdə dağıdıcı siyasət İrəvanın Moskva ilə hərbi əməkdaşlığını dağıda bilər, bu, isə az qala Ermənistan dövlətinin mövcudluğunu sual altına qoyur. Əgər Ermənistanda Rusiya hərbi bazaları olmayacaqsa, ölkə təhlükəli vəziyyətə düşəcək.
- Rusiya Ermənistana hansı yollarla təzyiq edə bilər?
- Moskva qaz təzyiqindən başqa, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında da təzyiq edə bilər. Putin Ermənistana deyə bilər: "Baxın, biz həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyırdıq, Qarabağı Azərbaycanın ərazi hesab edirdik. Biz münaqişənin hərbi yolla həllinə qarşıyıq, lakin gəlin bütün işğal edilmiş ərazilərdə Azərbaycanın konstitusion nəzarətini bərpa edək. Əgər siz regionda ümumi sülhün qorunmasına hesablanmış ssenariyə - 5 rayonun Azərbaycana qaytarılmasına razı deyilsinizsə, onda gəlin başqa cür edək...”. Rusiya bu tezisi səsləndirə bilər, sonra vəziyyət qorxulu olacaq. Rusiyada heç bir erməni diasporu Paşinyana kömək etməyəcək. Putin Ermənistanı sevir, lakin bu şərtlərdə İrəvanı titrətməyə qərar verəcəksə, onda Qarabağ geniş muxtariyyətin təminatı şərti ilə Bakının hakimiyyəti altına qayıdacaq. Heç kəs Azərbaycana öz ərazi bütövlüyünü bərpa etməyə mane olmayacaq. Azərbaycan əvvəlki ölkə deyil, bu güclənmiş, fəal inkişaf edən dövlətdir. Sadəcə, Rusiya Dağlıq Qarabağ məsələsində balansın qalmasına kömək edir...
Heç kəs Qarabağın statusu əvəzinə 7 rayonun mübadiləsi ssenarini dəstəkləməyəcək, hansı ki, bunu ermənilər istəyirdilər. 7 rayon ticarət obyekti ola bilmir. Azərbaycanlılar oradan qovulublar, etnik təmizləməyə məruz qalıblar. Sülh nizamlanmasına başlamaq üçün Ermənistan ilkin olaraq 5 rayonu qaytarmalıdır, sonra digər 2 rayon qayıdır. Bunu Ermənistan üçün güzəştə adlandırmaq olmaz, axı bunların əvəzinə Ermənistan blokadadan çıxarılacaq, beynəlxalq iqtisadi layihələrə giriş əldə edəcək, iqtisadi inkişafını təmin edəcək. Əgər nizama salma prosesi 2019-cu ildə tərpənəcəksə, bu, böyük qələbə olacaq. Lakin Paşinyan Rusiya ilə münasibətləri korlayır, əgər o, buna davam edəcəksə, nizama salma prosesi də dağılacaq...
Publika.az