AXTAR

Əylisli bu vəzifəyə göz dikib – tənqidçidən sərt sözlər

ekrem eylisli00

 

Anadilli ədəbiyyat necə Əkrəm Əylisli ilə başlaya bilər? 11-ci əsrdə Mahmud Kaşqarinin “Divan”ındakı şeirlər, neçə minillik tariximiz olan nağıllarımız, bayatılarımız, dastanlarımız, 13-cü əsrdən üzü bəri Həsənoğlu ilə başlayan, Nəsimi, Qazi Bürhanəddin, Xətai, Füzuli, Qövsi və Saib Təbrizi, Vaqif və Vidadi ilə inkişaf edən, Zakir, Seyid Əzim və Natəvanla 19-cu əsrə çatan, Axundovla Avropa tipli mədəniyyətə keçən, 20-ci əsr şair və yazıçıları ilə müasir dövrə yetən ədəbiyyat, bəs, harda qalsın?
Bu sözləri Kult.az-a açıqlamasında tənqidçi, ədəbiyyatşünas Əsəd Cahangir Əkrəm Əylislinin özünün Azərbaycanda anadilli ədəbiyyatın yaradıcılarından biri olması barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. O, Ə.Əylislinin öz xalqının ədəbiyyatını inkar etdiyini söyləyib: “Əgər anadilli ədəbiyyat Əkrəm Əylisli ilə başlayırsa, deməli, bu adam bizim bir neçə minillik şifahi və yazılı ədəbiyyatımızın üstündən xətt çəkir. Bu, məncə, normal ağlın hüdudlarını aşan bir iddiadır.
Əkrəm Əylisli “ziyalı” deyəndə nəyi nəzərdə tutur, bilmirəm. Mənə belə gəlir ki, bu onun qərəzli fikirlərindən doğur. Çünki o həmişə Azərbaycan Yazıçılar Birliyinin sədri olmağa çalışıb. Mənim buna heç bir iradım yoxdur, hər bir yazar bu arzuya düşə bilər. Mən onun bu arzunu həyata keçirə bilməməsindən dolayı hazırda vəzifədə olan adamlara qara yaxmağa çalışmasını qəbul etmirəm.
Ziyalı hansısa qaranlıq bir məsələyə aydınlıq gətirən, öz ağlı, savadı, idrakı ilə başqalarına yol göstərən şəxsdir, aranı qarışdıran yox. Ə.Əylisli özü də müxtəlif vəzifələrdə çalışıb. Yəqin, obyektivlik hissi olan hər kəs təsdiq edər ki, o, harda çalışıbsa, ora işıq gətirməkdən çox, aranı qatmaqla məşğul olub. Məncə, bunun özü bir anti-ziyalılıq, ziyanlılıqdır”.
Ə.Cahangir Ə.Əylislinin “Azərbaycanda ziyalı yoxdur” sözlərinə də münasibət bildirib: “M.Hüseynov haqqında yazılanlar yazıçının hökmən cavab verəcəyi bir məsələ deyil. Bunun üçün hüquq-mühafizə orqanları var. Yazıçı istəsə, buna münasibət bildirər, istəməsə yox. Ə.Əylisli hesab edirsə ki, yazıçının borcu əlində dəyənək cəmiyyətdə baş verən bütün hadisələrə reaksiya verməkdir, onda onun ziyalılıq təsəvvürü çox dumanlıdır. Yazıçının işi kitab yazmaq, sözünü kitablarında deməkdir. Yazıçı natiq, əsgər və ya polis deyil.
Bu ondan irəli gəlir ki, Ə.Əylisli bu və ya digər dərəcədə uğur qazanmış adamlardan özünün həyata keçməyən iddialarının, iflasa uğramış ambisiyalarının qisasını almaq istəyir. Ə.Əylisli nədən danışırsa-danışsın, yalnız özündən çıxış edir, həmişə öz şəxsi maraqlarından, vəzifə və karyera iddialarından söz açır. O heç cür razılaşmaq istəmir ki, artıq yaşı 90-a doğru gedir. Yaş faktı var, bundan sonra onun vəzifə iddialarının həyata keçməsinə yaş faktoru imkan vermir. Bu, reallıq hissini itirmək deməkdir.
İndi Ə.Əylislinin həyatının elə bir dönəmidir ki, o artıq fani dünyanın nemətləri, sərvətləri haqqında yox, ruhunu xilas etmək barədə düşünməli, üzünü qibləyə tərəf tutmalıdır. Bu yaşda o gərək özünü Allahla görüşə hazırlasın, hərdən vaxt tapanda son ucu ölümlü dünya haqda düşünsün. Amma Ə.Əylisli Anarla, AYB ilə, hakimiyyətlə, bir sözlə, başqaları ilə döyüşür, öz fəaliyyətini və özfəaliyyətini başqaları ilə qarşıdurma enerjisi üstündə qurur.
Onun “ziyalı” mövqeyi daha çox özünü “Ətirşah masan” və “Daş yuxular” romanlarında büruzə verib. Əylisli “Ətirşah masan” romanında Azərbaycan Milli Məclisi üzvlərini təhqir edən fikirlər yazmışdı. Bundan bir qədər sonra özü Milli Məclisin deputatı seçiləndə isə jurnalist bir xanımın ona ünvanladığı “Ətirşah masan”da deputatlarımızı tənqid etmisiniz, indi özünüz deputatsınız. Yenə də əvvəlki fikrinizdə qalırsınızmı” sualına gülə-gülə ”Yox, o tənqid mənim konkret bir ovqatımın ifadəsi idi. Onu yazdım qurtardı getdi” deyə cavab verdi. Görəsən, özünü ziyalı sayan bir adam şəxsi ambisiyalarından doğan, konkret qəzəb ovqatından irəli gələn roman yazıb, cəmiyyətə təqdim etməkdə nə dərəcədə haqlıdır?”
Ə.Cahangir Əylislinin “Daş yuxular” romanındakı məqamlara xüsusi diqqət çəkib:“O, romanda yazıb ki, “həmişə hiss etmişəm ki, içimdə bir erməni var”. Onun qəhrəmanı azərbaycanlıları ən müxtəlif formalarda təhqir edir. Naxçıvanlılara “danabaş”, qarabağlılara “eşşək”, qərbi azərbaycanlılara “verzila” deyir. Onun meyiti Təzəpirdə yuyulub dəfn edilir, ruhu isə uçaraq Ermənistanın baş kilsəsi olan Eçmiədzinə gedir. O bunu guya xalqlar arasında nifaq yox, birlik toxumu əkmək istəməsi ilə əsaslandırır. Amma bu, Nobel almaq naminə öz xalqından üz çevirən, tarixi həqiqətə göz yuman, ilahi ədalətin üstündə keçən bir möhtəkirin pişik başı bəzəməsindən başqa bir şey deyil.
Belə çıxır ki, barış nümunəsi göstərmək üçün hökmən öz xalqını təhqir etməlisən. Özü də işğala məruz qalan, torpaqları tutulan, didərgin düşən, bir milyondan çox qaçqını, on minlərlə şəhidi olan, bir sözlə, təcavüzə məruz qalan məhz sənin xalqındır. Qızğın informasiya müharibəsinin getdiyi indiki vaxtda buna kollaborasionizmdən, erməni dəyirmanına su tökməkdən başqa nə ad vermək olar? Ə.Əylisli bütün bunları ziyalı mövqeyi sayır? Əgər bu, ziyalı mövqeyidirsə, onda belə çıxır ki, bir nömrəli ziyalılar ancaq daşnaklardır. Çünki bu, sadəcə erməni yox, məhz daşnak mövqeyidir.
Mənə elə gəlir ki, karyerist iddialarının həyata keçməməsindən dolayı belə bir mövqe sərgiləmək nəinki heç bir ziyalılıq ölçüsünə, hətta normal ağlın ölçülərinə belə sığmır. Mən Əkrəm Əylislini ömrünün bu ahıl çağında ağıla dəvət edirəm”.
Qeyd edək ki, Ə.Əylisli açıqlamalarından birində Azərbaycanda ziyalı olmadığını deyib. O, AYB üzvlərini ancaq öz mənfəətlərini güdməkdə ittiham edib. Ə.Əylisli özünün Azərbaycanda anadilli ədəbiyyatın yaradıcılarından sayır.

Oxşar məqalələr