Payızın ilıq günəşi yayın nostalji duyğularını canlandıranda səmadan od tökülən qızmar günlərin həsrətini çəkmək arzusu xəyalımızı çəkib aparır bir neçə ay əvvələ... Amma o günlərin səfasını yaşamağa başlarkən cəfası da xatırlanır, könlümüz kiçik bir cocuğun anasını gözləyən gözləritək bikeflənir və qəlbimizin istehza istedadı şahə qalxır. Təbiətin bakirə gözəlliyini şortu natürmortla korlayan həmvətənlərimizin özfəaliyyət mədəniyyəti qəlbimizi də bataqlığa çəkir.
Qəlbi Xızı torpağı kimi qaynar, eşqi Xəzərin ləpələri qədər sonsuz, inamı dağ mehi qədər ürəkləri sərinlədən Mikayıl Müşfiqin vücudunun qalıqları barədə bir aydır ki, qızğın müzakirələr gedir. 100 ilə yaxındır ki, Müşfiq ruhunun harmoniyası və nisgili ilə döyünən ürəyimizin fəlsəfəsinə onun vücudunun harada olmasının bir mənası varmı? Bunun davasını eləyənlərədir sözüm: Xızı rayonunun yox, torpağının darvazası ağzında hökumət bu islaholunmaz vətənpərvərin xatirə muzeyini yaradıb. Müzeyin binası və bağı parlaqlığı ilə göz qamaşdırmasa da sadəliyi və reallığı, habelə kompozisiyası ilə dünyagörüşləri ovsunlayır. Yayın cırhacırında küləyin pıçıldaşmağa məcbur etdiyi bağdakı kiçik qamışlıqdan ətrafa yayılan sərin meh düşüncələrə aydınlıq, ürəklərə nəfəs açıqlığı bəxş edir. Di gəl.., yəqin ki, ayaq tappıltısından qorxub dabanına tüpürən bəzi “qəhrəmanlar", ilk baxışda həlim görünən bu sakit guşədəki ağaclara əllərində bıçaq öz səfeh düşüncələri ilə hücum çəkməyi çox xoşlayırlar. İrsə dayaz münasibətləri bir yana, ağacların gövdələrini oyub adlarını yazmaqla guya məhəbbətlərini əbədiləşdirməyi düşünən bu yaramazlarda insaf-mürvət deyilən bir keyfiyyət köklü-köməcli yoxdur. Olsaydı, canlı təbiətin ah-naləsini eşidib, mənfur əməllərdindən əl çəkərdilər. Görəsən, Müşfiq sağ olsaydı, öz xatirə bağı haqda “Yenə o bağ olaydı...” deyərdimi?!
Nabran meşələrində “bəy” nəslindən olmaları barədə gurultulu sağlıqlar deyərək zəngin mədəniyyətə malik olduqlarından dəm vuran həmvətənlərimizin “mədəni” zibilliyi... Xırda xəndək qazıb mədələrinə dürtdükləri nemətlərin artığını bura doldurmaqla mədəniyyətsizliklərini gizlətməyə çalışan həmvətənlərim, özünüzü niyə aldadırsıniz və yaxud ətrafdakıları aldatdığınızımı zənn edirsiniz?
Bizim Dənizkənarı Milli Parkımızın, dünyada deyə bilmərəm, amma regionda tayı-bərabəri yoxdur. Burada əkilən ağacların böyük bir qrupu xaricdən od qiymətinə alınıb gətirilib və qoymahaqoyma ilə böyük zəhmət və yenə də xərc hesabına saxlanılır. İnsafən, xərci çox olsa da, eyb etməz, zövqü də çoxdur. Amma nə edəsən ki, “qəhrəmanlar” və sevginin nə olduğunu bilməyən aşiqlər paytaxtımızın bu gözəl məkanına da hücumdan çəkinmirlər. Əcnəbi kaktuslar bu zalımların əlindən nə çəkirlər, bir özləri bilirlər, bir də Allah.
Yaralı kaktusların fotolarını çəkərkən yanımdan keçən iranlı turist qadın farsca ovulmuş yazını oxuyub bərkdən yanındakı kişiyə bitkinin üzərində “Şəhla” yazıldığını elə təəccüb və həyəcanla dedi ki, mən də eşitdim. Hə, turistlər bizim qəhrəmanlarımızdan belə əməlləri də öyrənirlər. Sədd heyf!
İKSmedia.az