AXTAR

Dünyanın yeni düzənində türk dövlətlərinin rolu artır

turk azer

 

Azərbaycan-Türkiyə iş birliyi Avrasiya məkanında sabitliyə və inkişafa zəmanət formalaşdırır

Türkiyə və Azərbaycan birgə səylərlə Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bu istiqamətin bariz təcəssümü bu günlərdə SOCAR-ın qardaş ölkədə işə saldığı “Star” neft emalı zavodudur. Zavodun açılış mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı bu iqtisadi hadisənin nə qədər böyük əhəmiyyət daşıdığını sübut edir.
İllik gücü 10 milyon ton heft olan “Star” zavodunun əsas xammal tədarükçüsü Azərbaycanın SOCAR şirkətidir. Azərbaycan öz xammalını “Star”da emal edib, heç bir yol xərci çəkmədən yerində reallaşdıracaq, Türkiyə də daşıma xərclərindən azad olaraq ölkə daxilində daha sərfəli qiymətə yanacağa olan ehtiyacının böyük hissəsini ödəyəcək, başqa sözlə, hər iki dövlət qazanacaq. İlkin hesablamalara görə, hər il zavodun ticarət dövriyyəsi 6-8 milyard dollar olacaq. Bir müəssisə üçün bu çox iri məbləğdir. Belə bir meqalayihənin məhz neft ölkəsi Azərbaycanla Avrasiyanın ən güclü dövlətlərindən olan Türkiyənin birgə həyata keçirmələri etnik bağlılığı olan iki ölkə arasında münasibətlərin nə qədər yüksək səviyyədə olduğunu göstərir. Bu cür möhtəşəm iş birliyi iki ölkənin müttəfiqliyindən, birgə strateji mövqelərindən və nəhayət dünyada əmin-amanlıq uğrunda mübarizə aparmalarından irəli gəlir.
Birgə emal müəssisələri ilə yanaşı beynəlxalq magistral neft və qaz kəmərləri, nəqliyyat dəhlizləri iki ölkənin dünya iqtisadi sisteminə verdiyi layiqli töhfələrdəndir. Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzrum qaz kəməri, TANAP və TAP qaz kəmərləri “bir millət, iki dövlət” anlayışının mahiyyətindən doğan və qarşılıqlı mənfəətə əsaslanan uğurlu layihələrdir. Bir məsələni açıq və iftixarla qeyd etmək yerinə düşər ki, Azərbaycanın müstəqilliyi tək respublikamız üçün deyil, həm də Türkiyə üçün yeni iqtisadi inkişaf mərhələsinin təməlini qoyub. Azərbaycan öz təbii sərvətləri ilə bütün türk dünyasına və insanlığa qucaq açıb. Ölkəmizin rəhbərliyi elə bir ağıllı, düzgün strateji istiqamət müəyyənləşdirib ki, təbiətin bəxş etdiyi sərvətlər bu gün insanlığa, tariximizə, bütün dünyada yaradılmış mədəni sərvətlərin qorunmasına xidmət edir və bununla da xalqımızın başını ucaldır, dostlarını çoxaldır, missiyasının bəşəri oloduğunu hamıya və hərkəsə sübut edir.
Tarixi Böyük İpək Yolunun müasir simasının yaradılması Bakı-Tiflis-Qars dəmiryol xəttinin istifadəyə verilməsi ilə ərsəyə gəlib. Bu xəttin qarşısına çıxan siyasi manеələri, iqtisadi çətinlikləri müasir cəmiyyətimiz unutmayıb. Prezident İlham Əliyevin təşəbbüskarlığı, həlledici anlarda mühüm qərarlar verməsi, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın daim Azərbaycanın yanında olması nəqliyyat marşrutunun müəyyənləşməsində başlıca rol oynayıb. İndi böyük uğurla fəaliyyət göstərən magistral dəmiryol xəttinin gəlirləri zaman-zaman artır, daha çox Avropa və Cənub-Şərqi Asiya şirkətləri bu yoldan istifadə etməyə can atırlar.
Bu il Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi iki ölkənin xalqı tərəfindən birgə qeyd edildi. 5 il sonra Mustafa Kamal Atatürkün əsasını qoyduğu respublikanın 100 illiyi də birgə qeyd ediləcək. Azərbaycanın yaxından yardımı ilə Türkiyə bu əlamətdar yubileyi XXI əsrin qüdrətli dövləti kimi qarşılayacaq. Çünki, görülən və görüləcək işlərə görə artıq inamla deyə bilərik ki, Avrasiyanın enerji və nəqliyyat xəritəsini müasir dövrüмüzdə qardaş ölkələrimiz çızır.
“Star” zavodunun açılışı mərasimindəki nitqində Prezident İlham Əliyev deyib: “Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır... Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var”.
Beləliklə, iki qitənin iki qardaş dövlətinin birgə siyasi və iqtisadi səyləri dünyada sülhə, əmin-amanlığa, dinc həyata aparan böyük bir yolun istiqamətini müəyyənləşdiriblər və getdikcə bu yolun yolçuları sürətlə artır.
N.NOVRUZ

Oxşar məqalələr