AXTAR

Yeni siyasi avantüra Irəvana baha başa gələcək

ERMENİ ESGER

 

Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə zərbə vurulur

Sentyabrın 11-də düşmən ölkədə “Şant-2018” hərbi təlimləri start götürüb və Ermənistan parlamenti təlimin ssenarisinə uyğun şəkildə şərti olaraq Azərbaycana müharibə elan edib. “Şant” ildırım deməkdir və buna görə də ikinci dünya müharibəsində Hitlerin Sovet İttifaqına hazırladığı ildırım sürətli “Barbarossa” hücum planı yada düşür. Həmin planın aqibətinin necə olduğu tarixi mənbələrdən hamıməza məlumdur və erməni planının da həmin taleйi yaşaması şəksizdir. Çünki, Azərbaycan Ordusu gücünə, hazırlığına və təminatına görə Ermənistan qoşunlarını bir neçə dəfə üstələyir.
Adından da göründüyü kimi ermənilərin növbəti təlimi də Azərbaycana genişmiqyaslı hücumun davam etdirilməsi məqsədilə keçirilir. “İldırım” sözünün mahiyyəti buna ciddi siqnaldır. Yəni, bu təlimlər müdafiə xarakterli deyil. Bu istiqamət əslində, Ermənistanın təcavüzkarlığını və bu siyasəti davam etdirmək niyyətini sübut edir. Halbuki dünya ictimaiyyətini azdırmaq üçün bic ermənilər təlimin müdafiə xarakterli olmasını bəyan edirlər. Üstəlik, şərti olsa da parlament səviyyəsində belə bir qərar qəbul etmək ciddi qalmaqal yaradan beynəlxalq siyasi avantüradır və elə eyni səviyyədə də buna cavab verilməsi vacibdir. Təəssüf ki, beynəlxalq ictimaiyyət, regionda təhlükəsizlik marağını ifadə edən ATƏT və digər beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupu və onun həmsədr ölkələri bu mövzuda susqunluq nümayiş etdirirlər. Baxmayaraq ki, Ermənistan parlamenti özü bu haqda informasiyanı cidd-cəhdlə yayıb və ictimailəşdirib. Təlimlər isə sentyabrın 14-də bitib.
Birbaşa Azərbaycana qarşı yönələn və təhdid doğuran bu cür avantürizm biz tərəfdən cavabsız qala bilməz. Sentyabrın 15-də Bakının azad edilməsinin 100 illiyi münasibətilə keçiriləcək möhtəşəm tədbirlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ermənilərin qorxulu röyasının gerçək olduğunu ifadə edəcək. Belə ki, “Şant-2018”-in ssenarisində Ermənistanın Azərbaycana hücumunun yeni mərhələsində Türkiyənin Azərbaycanın yanında olması yer alır. Təlimlərin bitdiyi günün səhərisi Bakıda keçirilən yubiley tədbirləri erməni avantürizminin iflasına səbəb olacaq. Çünki, Azərbaycanın gücü bir daha nümayiş olunacaq və İrəvanda mütləq 2016-cı ilin apreli xatırlanacaq.
Paşinyan hökumətinin belə bir avantüraya əl atması heç şübhəsiz daxili auditoriyaya ünvanlanıb və keçmiş hakimiyyət mənsublarının baş qaldırmaq istəyinə zərbə məqsədini daşıyır. Ciddi bir nüfuza və sanbala malik olmayan dövlətlər adətən belə yüngülməcazlıqla siyasətdə uğur qazanmağa cəhd edirlər. Nikol Paşinyan da özünün “inqilabçı” imicini qoruyub saxlamaq və xalqın gözündə mübariz görünmək üçün belə saxtakarlıqdan istifadə edir. Ancaq bundan da qorxulu olan onun belə avantürist fəaliyyəti ilə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə zərbə vurmasıdır. O, açıq-aşkar təxribat və şantajla Azərbaycanı yeni müharibəyə çəkmək və regionda aranı qarışdırmaqla Rusiyaynı öz dostu Azərbaycanla müttəfiqi sayılan Ermənistan arasında çətin duruma salıb, Qərbə istiqamətləndirdiyi yolunu əsaslandırmaq niyyəti güdür.
Paşinyanın Qarabağa erməni torpağı kimi yanaşmaq cəhdi də danışıqlara vurulan ciddi zərbədir. Bu, nəinki siyasi həyasızlıq və naşılıq əlamətidir, həm də Azərbaycanı məhvərindən çıxarmaq məqsədi daşıyır. Görünür, onlar hazırkı avantüraya beynəlxalq susqunluq fonunda aprel müharibəsinin analoqunun baş verməsini və bundan istifadə edərək hay-küy qaldırıb götürdükləri siyasi kursun hədəflərinə doğru irəliləmək, bəlkə də söz verdikləri xarici qüvvələrin regiona daxil olması üçün bəhanə əldə etmək istəyirlər. Lakin Ermənistan hakimiyyəti bir məsələni unudur ki, Prezident İlham Əliyevin balanslı siyasətinin uğurlarını erməni siyasətçilər dəfələrlə həsəd içərisində etiraf ediblər və avantürist tryuklar Azərbaycan diplomatiyasının səhv addımlar atmasına rəvac verə bilməz. Hücuma qaldıqda, qoşunlarımız çoxdan buna hazırdırlar və torpaqlarımızın azadlığı yolunda hər bir döyüşə və qalibiyyətə qadirdirlər. Sadəcə, siyasi mükəmməllik səbrli davranışı stimullaşdırır, çünki hər anın öz hökmü var.
N.NOVRUZ

Oxşar məqalələr