AXTAR

Yol polisində özünə hörmət problemi

Svetofor

 

Əhalinin küçələrdə hərəkəti zamanı təhlükəsizliyinin qorunması, avtomobil qəzaları nəticəsində baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması yol-patrul xidməti polislərinin qarşısında duran əsas vəzifədir. Biz, vəzifəinin öhdəsindən bacarıqla gələn polislər haqda kifayət qədər faktlar söyləyə, öz işini vicdan və peşəkarlıqla yerinə yetirən Dövlət Yol polisi əməkdaşları haqda hadisələr misal çəkə bilərik. Ancaq nümunəvi xidmət bütün sahələrdə olduğu kimi bu sahədə də vəzifə borcudur. Lakin vicdansız və savadsız xidmət isə yolverilməzdir və belə hallar Azərbaycan polisinin adına ləkədən başqa heç nə gətirmir.
Nə isə, keçək fakta. Hüseyn Cavid küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçələrinin kəsişməsində, H.Cavid küçəsi üzrə metronun Elmlər Akademiyası istiqamətində avtomobillərin hərəkətini işıqfor tənzimləyir. İlk baxışda hər şey normaldır. Yolun xətlənməsi, işıqforun işləməsi və sairə. Amma nədənsə çox tez-tez həmin işıqforun yaxınlığında DYP-nin patrul maşını növbə çəkir. Niyə?
Sentyabr ayının 14-də həmin ərazidən keçəndə baş vermiş yol hərəkəti qaydasının “pozulması” bəzi mətləblərə aydınlıq gətirdi. Təxminən saat 3 radələri idi. Hüseyn Cavid küçəsi ilə gəlib Ə.Həaverdiyev küçəsinə sola dönməliydim. Lakin yol hərəkətinin tənzimlənməsi qaydasına görə sola dönmək qadağan olunduğundan, maşını sağ zolağa verib, işıqforun yaşıl işığını gözlədim ki, sağa burulub, bir qədər irəliləyim və orta xəttin icazə verilən hissəsində geri dönüb lazım olan istiqamətdə gedim. Məndən solda qara rəngli avtomobil dayanmışdı.
İşıqforun qırmızı işığı sönüb sarı işığı yana kimi solda qara rəngli avtomobil sürətlə sola dönüb getdi. Bu, qaydanın kobud surətdə pozulması idi. Ancaq nədənsə ərazidə olan yol-patrul maşınındakı polis buna heç bir reaksiya vermədi. Düşündüm ki, görünür sola dönmək olarmış, lakin artıq gec olduğundan mən sağa döndüm. Dərhal polis maşını yerindən tərpəndi və əl elədi ki, maşını saxlayım. Özünü təqdim edən DYPİ Yol patrul inspektoru, polis serjantı Həsənov Kərim Zakir oğlu başladımənə izah etməyə ki, qaydanı pozmusan. Mən də öz növbəmdə ona izah etdim ki, dediklərini anladım, amma sizin dediyiniz qayda ilə mən heç bir qəza vəziyyəti yaratmamışam və əgər siz dediyiniz düzdürsə, onda bu cür tənzimləmə tamamilə mənasız və sürücüləri cətinə salan qaydadır. Axı, avtomobillərin düz hərəkəti zamanı mənim mövqeyimdən sağa dönmədən başqa ayrı bir yerdən bu istiqamətə avtomobil daxil olmur, çünki qaydalara ziddir və daxil olarsa ağır qəzanın baş verməsi qaçılmazdır. Serjant bu fikirlə razılaşdı və bildirdi ki, buna baxmayaraq mən qaydanı pozmuşam, çünki əsas işıqların sağındakı işığın yanmasını gözləməmişəm. Polisə bildirdim ki, bu sürücüləri çaşdırır və əsassız cərimə yazılmasına səbəb olur. Dərhal əlindəki rabitə qurğusunu göstərib bildirdi ki, bizim danışığımız yazılır, bəlkə də elə qulaq asırlar. Mən də dedim ki, qoy qulaq assınlar. Bu tamamilə əsassızdır. Bir dəki siz polislər təkcə cərimə yazmaq üçün keşik çəkmirsiniz, bu vəziyyəti rəislərinizə bildirin, bu mənasız qaydanı dəyişsinlər. Onu da əlavə etdim ki, mən jurnalistəm, bu məsələni ekspertlərlə müzakirə edib ictimailəşdirəcəm. Belə tənzimləmə düzgün deyil. Serjant “bunu dəyişməyəcəklər” – deyib, protokol tərtib edib, mənə verdi. Protokolu imzalamadım və bildirdim ki, ekspertlə danışacam, əgər haqlı olsan cəriməni ödədim.
Amma polis serjantindan sola dönüb-dönməməyə icazə olduğunu da soruşdum. Bildirdi ki, qadağandaır.
-Bəs, onda qara rəngli maşını niyə saxlamadınız, axı, əsl qayda pozuntusunu həmin maşının sürücüsü etdi.
Serjant dərhal dedi ki, elə şey olmayıb. Amma sentyabrın 14-də həmin ərazidəki nəzarət kameralarını izləsələr, bu şəraiti görə bilərlər, təbii ki, görüntünü məqsədyönlü şəkildə pozmasalar.
Bir neçə saat sonra təcrübəli ekspertlərdən biri ilə bu haqda danışdım. Heç demə, problemin mövcudluğu çoxdan bilinir, dəfələrlə DYPİ-nin bu işlə məşğul olan səlahiyyətli işçilərinə müvafiq arayışlar, məlumatlar təqdim edilsə də, müraciət olunsa da, həmin yol kəsişməsində tənzimləmədəki qüsuru aradan qaldırmaq fikrində deyillər.
Belə olan halda sual doğur: Niyə?
Yol polisinin fırıldaq əməlləri, daha dəqiq desək, cərimə toplamaq üçün əl atdıqları mənfi əməlləri barədə cəmiyyətdə nə qədər desən söz-söhbət var. Qarşılaşdığım hadisə bunlardan biridir. Təfərrüatdan belə tam mıntiqi nəticə çıxır ki, H.Cavid və Ə.Haqverdiyev küçələrinin kəsişməsindəki qüsurlu tənzimləmə qəsdən edilib və sürücüləri çaşdırmaq məqsədini güdür. Sadəcə, bundan istifadə edilərək əsassız cərimələr yazılır. Həmin yerdə yol polisinin tez-tez peyda olması da bunun üçündür. Qara rəngli maşın barədə dediklərim, həmin maşın sahibinin cəzalandırılması deyil, əslində onu diqqətə çatdırmaq istəyirəm ki, polis serjantı bütün diqqətini sağa dönən maşına yönəltdiyindən digər qayda pozanları görmür. Çünki, sağa dönmə əməliyyatında “cərimə yazmaq” şansı çox yüksəkdir. “Əhsən” bizim yol polisinə! Deyəsən,özlərini çox ağıllı sayırlar, düşünürlər ki, fırıldağı başa düşən olmaz. Amma bir məsələ də var ki, hansı sahə olur-olsun, bu cür işlərin üstü açılanda, özünə hörmət edən səlahiyyətlilər dərhal üzr istəyib, nöqsanı aradan qaldırırlar. Bu işdəki bizim səlahiyyətlilər haqda bunu demək olar ya olmaz, bunu işin gedişatı göstərəcək.
Novruz NOVRUZOV
P.S. Yeri gəlmişkən, hadisədən bir gün sonra, ayın 15-də cəriməni ödədim. Qanuniləşdirilmiş fırıldaq olsa da, mən vətəndaş öhdəliyimi yerinə yetirdim. İndi DYPİ-nin rəhbərlərinin öz öhdəliyini yerinə yetirmələrini gözləyirəm. Axı, ortada “özünə hörmət” söhbəti var.

Oxşar məqalələr