Bu təxminən 46-47 il əvvəlin söhbətidir: ötən əsrin 60-cı illərinin lap başlanğıcının. Onda hələ bizim həyətimizin çəpərlərı qaratikan kollarından və hörülmüş qarğılardan ibarət idi. Küçə qapimizın açıldığı iri dalan hələ asfaltlanmamışdı. Yağışlı günlərdə dalanı keçib küçəyə çıxınca zülüm çəkirdik. Ancaq bütün çətinliklərə rəğmən irəliləyiş duyulurdu. Tikanlı çəpərlərin yerini yavaş-yavaş daş hasarlar tuturdu. Düzdür, bu dəyişiklik Novruz vaxtı biz uşaqların işini xeyli çətinləşdirirdi: tonqal qalamağa çır-çırpı tapmaq yaman çətinləşirdi. Amma səliqə-sahman, təmizlik həyatımıza yeni çalarlar bəxş edirdi.
Küçəmiz isə... ilahi, necə də gözəl idi. Bütün dövrlərin ən gözəl küçəsi... Hətta yaşımın bu yarıməsrlik çağına qədər gəzdiyim neçə-neçə sivilizasiya ölkəsində belə o cür gözəl və yerli-yataqlı küçəyə rast gəlməmişəm.
...Maşın yolunun eni 9 metr idi. Bu məlumatı biz uşaqlara yolu asfaltlayan qırçı vermışdi. Onun bilgisinə görə o vaxt üçün bu, beynəlxalq standartlardan 2 metr az idi. Yolun hər iki tərəfində eni iki metr olan qazon, iki metr yarım olan piyadalar üçün səki vardı. Qazonların ətrafına qırx santimetr hündürlükdə çuqundan tökülmüş bəzəkli çəpər çəkilmişdi. Hər il baharda kommunal təsərrüfatı idarəsi tərəfindən qazonlarda əkilən gül-çiçək açanda isə məhəlləmizin gözəlliyinə baxmaqla doymaq olmurdu. Yaz və yay aylarında ağacların yaşıl budaqları bir-birinə qovuşaraq küçəmizi iri, yaşıl tunelə çevirirdi. Və bizim bu gözəl küçəmiz o vaxt kasıb-kusub hesab edilən proletarların şairi Maksim Qorkinin adını daşıyırdı.
Məhəlləmiz haqqında qəlbimə hopmuş bu təəssürat uşaqlıq yaddaşımda iti bucaq altına sığınmış bir guşə idi. Bu guşənin bir bucağına isə 19 nömrəsi həkk olunmuşdu. Bu nömrə küçəmizdəki hamının “komxoz evi” deyə adlandırdığı, yəni kommunal təsərrüfatı idarəsinin tabeliyində olan və bizim həyətlə çəpər-çəpərə yerləşmiş birmərtəbəli evin divarına vurulmuşdu. “Komxoz evi”nin digər evlərdən fərqi onda idi ki, onun küçəyə baxan hasarınin aşağıdan təxmınən 70 santimetri daşdan və ondan yuxarısı 40 santimetrlik bəzəkli çuqun tökmələrdən ibarət idi. Həyətində isə o vaxtkı təsəvvürdə “russayağı” səliqəlilik vardı. Çünki bu ev ötən əsrin 50-cu illərinin ab-havası ilə Moskvadan gələn layihə əsasında dövlət qulluqçuları üçün təmir edilmişdi. Həqiqətdə isə ev 37-ci ildə ailə başçısının “qolçomaq” adı ilə Sibirə sürgün edildiyi Sadıqovların dədə-baba mülkü idi.
60-cı illərdə isə evin sakinləri ortayaşlı ər-arvad idilər. Kişi boy-buxunlu, iri cüssəli idi və ilk baxışda zəhmli, ağır tərpənən, təmkinli davranışı vardı. Sifətindən müdriklik yağırdı, sakit və ağıllı baxışları isə daxili zənginliyini ifadə edirdi. Təbii ki, bu qənaətlər mənim yetkinlik çağımın məhsulları idi və bütün bunlar uşaqlıq dövrünün silinməz yaddaşının köməyi ilə başa gəlirdi. Əvvəllər mənim heç cür anlamadığım bəzi sövqi-təbii reaksiyaların məzmunu da mənə çox sonralar – müdrik kişi həyatda olmayanda və mənim dərrakəmin həyat hadisələrinə mükəmməl izah tapa bildiyi dövrdə aydın oldu. Müdrik kişiyə adətən dalanımızın ağzında rast gələrdim və həmişə onu maraqla izləyərdim. Onda bir yapışıqlıq, daha dəqiq desək, bir cazibə qüvvəsi vardı. Bu da məni özünə cəzb etdiyindən onun davranişi, geyimi, baxışları xırda çalarlarına qədər xatirimdə qalıbdır. Onun əynindəki bizim “letni palto” adlandırdığımız yüngül yaz-payız paltosu, başında paltosunun rənginə uyğun şlyapası, eyni rəngdə şərfı, iri, kök, qırışıqlı, amma rəhmdil sifəti indi də xatırlayanda gözlərim qarşısında canlanır. Bəs, nə idi bu hikmət?! Çox-çox sonralar başa düşdüm bunu: müdrik kişi müsbət enerjiyə malik şəxs idi.
Məhəllədə hamı onun hörmətini saxlayirdi. Böyüklərin onunla salamlaşma tərzində bunu aydın görmək olurdu. Kişilər ona başlarını əyməklə “salaməleyküm” deyərdilər. O da eyni tövrlə yüngülcə başını əyib təmkinlə “əleyküməsalam” deməklə cavab verərdi. Qadınlar adət-ənənə üzrə onun yanından hörmət əlaməti olaraq başıaşağı dinməzcə keçib gedərdilər, imkanı olanlar isə ümumiyyətlə yollarını dəyişərdilər.
Müdrik kişinin baxışları adətən yerə dikilirdi. Başvermə səbəbi dəqiq xatirimdə deyil, amma tək bir dəfə onun yanakı baxan açıq rəngli gözləri olduğu kimi yadımda qalıb. Ancaq o gözlərin ifadəsini indiyədək başa düşməmişəm. Yorğun, uzaqlara baxan və dərinlikdə gizlənmiş bir ifadə vardı onun gözlərində. Elə bil nəyinsə həsrətini, xiffətini çəkirdi. Bəlkə də bu onun gəncliyi ilə bağlı idi, bəlkə də şəxsi həyatı və ya işi ilə, hər halda mən bunu bilə bilməzdim və indiyə kimi də mənim marağımın əksinə olaraq bir sirr kimi qalmışdır.
19 nömrəli evin xanımı da özünəməxsusluğu olan bir ayrı aləm idi. Ən yüksək səviyyədə aristokrat ədalara malik bu qadının davranış normaları məhəllə sakinləri tərəfindən birmənalı anlaşılmırdı. Qadına təsadüfi hallarda rast gələrdim. Hərdən onu yaşadığı evin pəncərəsində görərdim. Sakitcə məhəlləmizdə baş verən prosesləri-uşaqların top qovmasını, arvadların küçə qapısı ağzına yığışaraq söhbətləşmələrini maraqla izləyərdi. Hərdən futbol oynayarkən top onların pəncərəsinin barmaqlığına dəyib səs salanda “Ay uşaq, burdan get!”-deyə bizi qovardı. Qadın rusdilli idi və buna görə türkcə danışanda sözlərin zaman və məkan şəkilçiləri əksər hallarda ixtisara düşərdi. Bu məndə həmişə təəccüb doğurardı. Amma heç vaxt qonşu qadının ləhcəsinə gülməzdim. Sadəcə olaraq onun aristokrat ədaları, səmimiyyəti və üzünün nuru buna imkan verməzdi.
Qadının bəzək-düzəyi həmişə yerində olardı. Dodaqlarının qırmızı boyası, sifətinin ənlik-kirşanı, gözlərinin sürməsi... Ancaq məni ən cox özünə çəkən onun geyimi idi. Əynində adətən ətəyi dar uzun yubka və qollarının ağzı və yaxalığı krujevalı ağ kofta olardı. Mənə elə gəlirdi ki, qadın bəzən rayondakı iclaslarda da iştirak edir. Bunu mən onun geyiminə əsasən müəyyənləşdirirdim. Tünd rəngli pencək və yubkadan ibarət qadın kostyumu və ağ köynək ona yaraşıqla bərabər həm də rəsmi görkəm verirdi. Köynəyinin yaxasına bağladığı qara bant isə məni xüsusilə valeh edirdi.
Qadın məhəllə arvadları ilə çox az ünsiyyətdə olardı. Onun anamla görüşüb dərdləşməsi istisnalıq təşkil edirdi. Bəlkə də bu, anamın da öz aristokratlığı ilə seçilən məşhur Cavanşir nəslindən olmasıyla ölçülürdü. Mənə elə gəlirdi ki, onlar bir-birlərini gözəl başa düşürdülər. Hətta istisna olaraq qonşu qadının hərdən bizim həyətə keçməsi də indiki kimi xatirimdədir. Amma o, çox ləngiməzdi, nə barədəsə anamla məsləhətləşəndən dərhal sonra kübarlılığı ilə yaratdığı xoş təəssürat altında çıxıb gedərdi.
Kübar və alicənab qonşularımızın bəzən Bakıdan qonaqları gələrdi. Həmin vaxtlar 19 nömrəli evə gəlib-gedən də çox olardı. Ancaq onlardan heç biri xatirimdə qalmayıb. Yalnız məndən 3-4 yaş kiçik olan bir oğlan uşağının simasını dumanlı şəkildə xatırlayıram. O, məhəllə uşaqları ilə oynayar, qan-tər içində hey ora-bura qaçardı. Onun adı heç yadımda da qalmayıb. Eşitdiyimə görə indi o, tanınmış adamdır, dünyada məşhur olan yazıçıdır.
Qonşu həyətdə çox vaxt zəncirdə saxlanılan it öz yavalığı ilə hafizəmdə iz salıb. Onun qorxusundan həyətə yaxın düşmək olmurdu. Hətta məhəllədə futbol oynayan zaman topumuz hasardan içəri düşəndə belə ev sahibinin dışarı çıxmasını gözləməli olurduq.
Dəqiqliyinə inamla iddia edə bilmərəm, amma təxmini hesablamalarıma görə 1963-cü il iyun ayının əvvəli idi. 19 nömrəli evin həyəti ilə bizim həyətin arasındakə çəpər sökülmüşdü. “Komxoz” öz balansında olan evin həyətinə qaratikan kolunun əvəzində daşdan hasar çəkirdi. Səhər saat 11 radələri olardı. Anam günorta yeməyini hazırlamaqla məşğul idi.
Çəpərin götürülməsi ilə qonşu həyətin panoramı göz önündə tam açılmışdı. Ancaq bu mənə bəs eləmirdi. Hürməyindən diksinib qorxduğumuz iti görmək həvəsi mənə rahatlıq vermirdi. Bu səbəbdən əyətin hər künc-bucağını yaxşıca görüm deyə yavaş-yavaş hasar çəkilən cığıra yaxınlaşdım. Fəhlələr harasa yoxa çıxmışdılar. Həyətlərin sərhəddində heç kim gözə dəymirdi. Həyət itinin zəncirləndiyini düşündüyümdən bir az da irəliləyib sərhəd xəttinin lap üstündə durdum. Amma heç həyəti düz-əməlli gözdən keçirməyə macal tapmadım. İtin hardan və necə çıxdığından xəbər də tutmadım. Qəribədir ki, o hürüb-eləmədən başını aşağı salıb sakitcə düz üstümə gəlirdi. Mən “ana” çığırıb həyətimizin içərilərinə doğru götürüldüm. 10 metr qaçmamış yava it məni haqladı, dinməz-söyləməz sağ budumun yuxarı hissəsindən dişlədi. Xoşbəxtlikdən çığırtıma bacılarım, əmim uşaqları və bibilərim mən tərəfə qaçdığından it məndən tez əl çəkdi və qaçıb həyətimizi tərk etdi.
Anam itin dişlədiyi yeri diqqətlə nəzərdən keçirdi. İtin dişləri ətə batmamışdı, amma yeri aydın bilinirdi və qızarmışdı. Hər etimala qarşı quduzluğa qarşı iynə vurdular və bu haqda qonşuya xəbər verdilər. Arada heç bir narazılıq olmadı. Valideynlərim ziyalı şəxslər idi, qonşu ilə qovğaya hər hansı bir səbəbin olmadığını aydın başa düşdülər və bunu adi həyat hadisəsi kimi qəbul etdilər. Yalnız övladlarının sağlamlığı sarıdan keçirdikləri təlaşı isə sakitcə yoluna qoymağa çalışdılar.
Hadisədən təxminən iki həftə keçmişdi. Günlər həmişəki qaydasında keçirdi. Qonşu ilə aramızda çəkilən hasar da tikilib qurtarmışdı. Sanki bununla da itin məni dişləməsi barədə söz-söhbət də bitmişdi və tamam unudulacaqdı, əgər bunun məntiqi davamı kimi bizim əyalətimiz üçün humanist, “özündənrazı” Avropa cəmiyyəti üçünsə dəhşətli olan yeni bir olay baş verməsəydi.
Mən yataqdan səhər erkən qalxmağa uşaqlıqdan adət etmişdim. Əyalətin yay adətləri üzrə yemək masamız artıq balkona keçirilmişdi. Valideynlərimlə birgə səhər yeməyini təzəcə qurtarmışdıq ki, qonşu həyətdən gələn güllə səsi hamını diksindirdi və dərhal tükürpərdici it zingiltisi, dalınca da ikinci güllənin açılması və zingiltinin bitməsi ilə böyüklərin
sifətində qayğılı təəccüb, biz uşaqlarda isə heyrət və qorxu yarandı. Atam gərginliyi azaltmaq
üçün “bax, görürsən, səni dişləyən iti öldürdülər, daha o evin qabağından keçəndə qorxmayacaqsan” dedi. Mən “necə yəni it öldü?” sualını dərhal verdim. Sanki bu sözlərin mənasını anlamamışdım. Və o saat da müdrik kişi əlində tüfəng gözlərim önündə canlandı. Amma onu bu görkəmdə heç cür təsəvvürümə sıxışdıra bilmədim. Nədənsə onun sirli baxışı fikrimi daha çox məşğul etdi və onun iti niyə öldürdüyünü anlaya bilmədim. Axı, bu barədə heç kim şikayətçi deyildi!
Bu olay ən azı bir həftə müzakirə mövzusu oldu və mən bir neçə dəfə böyüklərin hadisə barədə qiymətli fikirlərini eşitdim. Bunlardan ən maraqlısı müdrik kişini iti öldürməyə vadar edən səbəb haqqında irəli sürülən versiya idi.
Heç demə müdrik kişi rayon məhkəıməsinin sədri imiş. Versiyaya görə o öz hakim vicdanının qərarı ilə itinin məni dişləməsində heyvanı müqəssir saymış və bir hakim kimi onun haqqında “ölüm” hökmü çıxarmışdır. Hər halda bu günə qədər mən bu hökmün haqlı, ya haqsız olmasıni kəsdirə bilməmişəm. Ancaq, bu nagümanlıq mənim qonşularım haqda təsəvvürlərimə zərrəcə təsir etməyib.
Mən onların adını xeyli sonralar, onlar bizim qonşuluqdan köçüb gedəndən bir neçə il sonra öyrəndim. Müdrik kişinin adı Abdulla, onun aristokrat xanımının adı isə Mina xanım imiş.
P.S. Çox sonralar köhnə qonşularımızı xatırlayanda Abdulla kişi olduğu kimi hafizəmdə canlanırdı. Arvadını isə nədənsə Mina yox, Nino xanım kimi xatırlayırdım və mənə elə gəlirdi ki, həqiqətən o, gürcü kübar cəmiyyətinin nümayəndəsi olub. Görünür, bu, onun yüksək etik ədalarından irəli gəlirdi.
Ağdam, 1962 – Bakı, 2008.
BORC
1993-cü ilin soyuq yanvar günlərindən birində, təxminən axşam saat 20 radələrində birinci mərtəbədəki qonşunun oğlu məni aşağı çağırdı. “Əmi, iki nəfər kişi sizi soruşur”.
Həmin gün atamın vəfatının qırxıncı günü idi. Yasa gələn qohumları, dost-tanışı yola verib, indi də yır- yığış edirdik.
“Kim olar bu vaxtı?”- fikrimdə öz-özümdən soruşdum. Heç kim ağlıma gəlmədi. Yasa gəlməli olanlar gəlib getmişdilər. Bu düşüncələrlə həyətə endim.
Orta yaş dövrünü nisbətən adlamış və görünüşlərindən ləyaqətli olduqları dərhal bilinən iki nəfər kişi həyətdə məni gözləyirdi. Görən kimi “sən İbrahimin oğlusan?” -deyə soruşdular.
“Bəli” cavabını eşidən kimi yanlarındakı sürücüyə “maşını kənara ver, biz yarım saata gəlirik” göstərişini verdilər. Maşının nömrəsinin seriyasına diqqət yetirdim. “AQA” idi. Bu o demək idi ki, gələnlər yüksək hökumət vəzifəsində işləyirdilər. Tərpənişlərindən anladım ki, müsafirlərim yuxarı, mənzilə qalxacaqlar. Mənzilim isə beşinci mərtəbədə idi. Pilləkənləri
qalxa-qalxa onlar bir neçə cümlə ilə məni məsələdən agah etdilər: “Biz İbrahimlə gənclik yoldaşı
olmuşuq, bir məhəllədə yaşamışıq. Uzun illər görüşmədiyimizə baxmayaraq münasibətlərimiz xatirələrimizdə yaşayıb. Eşitdik İbrahim rəhmətə gedib. Ona görə də özümüzə borc bildik ki, mütləq gedib başsağlığı verməliyik. Ünvanınızı bilmirdik, amma 8-ci km-də yaşamağınızı öyrənmişdik. İki saatdan artıqdır ki, məhəllə-məhəllə gəzib soruşuruq. Amma bir az xəcalətli olsa da, rəhmətə gedən şəxsin adını öyrənir, İbrahim olmadığını biləndə üzr istəyib, axtarışları davam etdirirdik. Şükür ki, axır gəlib tapdıq”.
Ürəkdən gələn bu səmimi etiraf və məlumat məni dərhal öz təsirinə saldı və dərindən həyəcanlandırdı. İnsan nə dərəcədə alicənab olmalı idi ki, ahıl çağında əzab-əziyyətə qatlaşıb 30 il ərzində görmədiyi gənclik dostunun ruhu qarşısında borcunu ödəməyə gəlsin. Bu həm də həmin şəxsin özünün şəxsiyyətinin kamilliyindən doğurdu.
Biz otağa girəndə anam irəli yeriyib qonaqlarla görüşdü. Gələnlərin “bizi tanıdınızmı?” sualının cavabında o, bir qədər ləngidi, sonra tərəddüdlə “Siz Bahadır, siz isə Akif deyilsinizmi, rayondakı qonşularımız - Abdulla kişi ilə Mina xanımın oğlanları?!”
Mən yalnız bu vaxt köhnə qonşularımızı xatırladım və onların bizimlə oynayan uşaqları Çingiz yadıma düşdü...
Atamın hüznlü təziyəsi nostalji hisslərin xoş təəssüratı ilə yekunlaşdı.
Novruz Novruzov
Jurnalist,
Bakı – 1993-2008