AXTAR

Dorğudan da.., nə üçün?!

Sh.Az.1

 

Bir neçə il əvvəl ermənilərin ekranlaşdırdığı “Ararat” adlı filmdə iştirak edən Fransanın tanınmış erməni əsilli müğənnisi Şarl Aznavur çəkildiyi filmin süjetinə rəğmən belə bir sual verir: “Nə üçün bizi heç kim sevmir?”
Gec də olsa, haqlı sualdır. Çoxdan verilməli idi bu sual. Ancaq sualin intonasiyasında məlum olmayan bir məqam var: bütün dünyada tanınan məşhur sənətçi bu sualı kimə ünvanlayır: fəlsəfi məzmunda özünə, qınaq tonunda mənsub olduğu xalqa, yaxud onları kənardan müşahidə edib sevməyən digər millətlərin nümayəndələrinə?!
Müsyö Aznavurun sualına kimsə tərəfindən cavab verilib-verilmədiyi haqda məlumatım yoxdur. Amma az-çox erməniləri tanıdığımıza və onların öz əməllərinə görə dünyada yaxşı tanındıqlarına görə əminəm ki, bu sualın cavabı hamı tərəfindən eyni məzmunda veriləcəkdir: nə qədər ki, özünüzü dünyanın ən ağıllı və ən əzabkeş milləti sayırsınız, nə qədər ki, həyatda hər şey gözünüzə erməni siluetində görsənir, nə qədər ki, kimlərinsə ətəyindən yapışıb, ətrafınızdakılara təpik atırsınız, sizi heç kim sevməyəcəkdir.
“Əvvəlki dövr”- bu, Şarl Aznavurun “Xatirələrim” seriyasından 2003–cü ildə fransız dilində dərc etdiyi kitabının adıdır. İlk baxımda kitabda başqalarının memuarlarından fərqlənməyən adi ömür əhvalatları toplanıb. Əslində bu, erməni xarakterinin astarından bixəbər nabələd oxucuya adi görünə bilər və məşhurluğuna rəğmən Müsyö Aznavurun “əzabkeş” xalqın nümayəndəsi kimi “keşməkeşli” ömrünə və “arzularına” mərhəmət oyada bilər. Bizlərdə isə... həqiqəti bildiyimizdən bu cür ah-nalə istehza və ikrah doğurur.
Mən 350 səhifəlik kitabın məziyyətləri barədə danışmaq və onu təhlil, yaxud təftiş etmək arzusunda deyiləm. Amma məhz Ş. Aznavurun “Bizi nə üçün heç kim sevmir” sualına rəğmən kitabda verilmiş saxta fikirlərdən bir-ikisinə toxunmaq istəyirəm.
Kitabın ilk səhifələrindən həyatının məşəqqətli keçməsindən, ermənilərin “genosid”indən, bəzi ölkələrin, o cümlədən Fransa parlamentinin bu “genosidi” tanıdığından məmnun qaldığını bildirən sənətçi oxucunun qəlbinə yol tapmaq üçün anasının türk (əslində, türkiyəli erməni) olduğunu və erməni ailələrində uşaqların türklərə qarşı nifrət ruhunda tərbiyə olunmamalarını (?- müəl.) dilə gətirsə də, 12– ci səhifədə yazır: “Türkiyə genosidi təsdiq etməsə, o, axsaq olacaqdır.” Nə üçün? Axı, neçə - neçə ölkə parlamenti sizin ah – nalənizdən zara gələrək “erməni genosidi”ni “təsdiq” edib! Daha nə istəyirsiniz?! Buyurun, nə qədər istəyirsiniz ağlayın, şivən qoparın, “yubiley” keçirdin, memorial tikin, dünyanın gözünə kül üfürün! Amma, yox, məqsəd, olmayan bir şey üçün göz yaşı axıtmaq deyil. Məqsəd mövcud olan bir şey üçün əldən–ayaqdan getməkdir. Mövcud olan isə Türk torpaqları və Türkiyənin var–dövlətidir. Bunları əldə etmək üçünsə, məhz, Türkiyə saxta erməni iddiasını təsdiq etməlidir. Anlaşılmaz məntiqdir.
Oxuduğu mahnılarda bəşəri ideyaları təbliğ edən müəllif 59–cu səhifədə, “Ah, ermənilər işbazlıqda güclüdürlər”, “Bir erməni ilə döyüşmək üçün iki yəhudi gərəkdir” kimi fikirlərilə dar ermənibazlıq düşüncələrini gizlədə bilmir. Məndən xeyli yaşlı olsa da, bu mövqeyi ilə müsyö Aznavur məni məcbur edir ona məsləhət görüm ki, zəhmət çəkib yaşadığı Fransada, ümumiyyətlə, AB ölkələrindəki polis komissarlıqlarına müraciət edib həmmillətlərinin etdiyi cinayətlərin statistikasına baxsın. Onda oğurluq, saxtakarlıq və cibgirliklə bağlı erməni işbazlığının əsl mahiyyəti barədə onda aydın təsəvvür yaranar. İki yəhudi ilə döyüşmək bacarığına gəldikdə isə... 1918–ci ildə erməniləri Bakıda döyüşə hazırlayan ingilis missiyasının üzvü olmuş general Densvilin 1926 – cı ildə qələmə aldığı sənədli povestdə bu döyüşkənlik haqda aydın yazılıb: “Toplardan açılan bir – iki atəşdən sonra cəbhədə olan 400 nəfər erməni əsgərindən əsər - əlamət qalmadı.”
Qeyd etdiyim bu bir neçə fakt öz yerində. İndi də gələk məni bu kiçik məqaləni yazmağa məcbur edən faktın üzərinə. Kitabın 160–cı və 161–ci səhifələrinin arasında müəllif ailəsinin və dostlarının müxtəlif tərkibdə şəkillərini yerləşdiribdir. Və bunların arasında hər bir azərbaycanlının diqqətini cəlb edəcək bir fotoşəkil də var. Şəklin altında Ş. Aznavur belə yazıb: “ Atam Mişa və onun atası Missak Aznavuryan, güman edirəm ki Gürcüstanda”. Amma şəkil bizə başqa fakt göstərir. Mətndən aydın olur ki, foto XX əsrin əvəllərində çəkilmişdir. Və şəkildə müəllifin atası ayaq üstdə və Missak oturaq halda yanaşı durublar. Klassik fotolarda olduğu kimi bu şəklin də lap aşağısinda fotoqrafa və onun atelyesinə aid məlumatlar vardır. Solda onun möhürü, ortada “ M.C. Şitovъ” yazılmaqla adı və nəhayət, sağda tam aydınlıqla seçilən “Баку” sözü ilə yerləşdiyi şəhər göstərilmişdir. Demək, şəkil Bakıda fotoqraf Şitovъ tərəfindən çəkilmişdir. Bəs bütün dünyanı gəzib dolaşan, kitabında Qarabağdan söhbət açan məşhur sənətçi bəyəm Bakı haqda eşitməyib, ya bunu qəsdən gizlətməyə çalışıb?! Təbii ki, ikinci versiya həqiqətə daha uyğundur. Niyə?
Ş. Aznavur xatirələrində atasının Axalkalakidə (Gürcüstan) doğulduğunu qeyd edir, amma bunun üçün heç bir sənəd təqdim etmir. Başqa iki şəkildə isə atasının tar çaldığı yerdə seklini verir. Qafqaz xalqlarının mədəniyyəti, musiqisi ilə tanış olan hər bir kəsə məlumdur ki, tar bu regionda Azərbaycana məxsusdur. Gürcüstanın Axalkalaki bölgəsində, hətta tarixən azərbaycanlıların yaşadığı Borçalıda tar musiqiçilər arasında heç vaxt dəbdə olmamışdır. O ki qaldı keçən əsrin əvvəli ola, erməni ola, özü də Gürcüstanda. Yalnız Azərbaycana köçüb gəlmiş ermənilərin az bir qismi yerli əhalidən tar və kamança çalmağı öyrənmiş və bu musiqi alətlərini sevmişlər. Demək, çox güman ki, Şarl Aznavurun atası Bakı ermənisi olmuşdur. Bəs, onda müğənninin atası nə üçün özünü Türkiyə sərhədlərinə yaxin zonanin sakini kimi təqdim etmişdir?
Bu fakt klassik erməni bicliyinin bariz nümunəsidir. Keçən əsrin əvvəllərində Bakıda, Şirvanda, Qubada və Qarabağda on minlərlə günahsız azərbaycanlını qətlə yetirən ermənilər yaxşı həyat ardınca Avropaya axışıb sığınacaq almaq üçün nə kimi fakt göstərə bilərdilər? “Mən burada qalıb, sizin kimi yaxşı yaşamaq istəyirəm” deyənə sığınacaq vermirlər axı. Elə buna görə də Şarlın atası Mişa özünü Türkiyənin qonşuluğunda olan Axalkalakinin sakini kimi qələmə verib ki, ailəsinin türklər tərəfindən zülmə məruz qalması barədə uydurmalarına avropalıları inandıra bilsin. Ola bilər ki Şarl Aznavur özü bu barədə bilməsin, çünki, o, Fransada doğulub, orada təhsil alıb, dünyagörüşü Avropada formalaşıb. Təbii ki, Fransız xalqının bir çox müsbət məziyyətlərini də əxz edib. Bu məziyyətlər sayəsində də ermənilərin, heç kim tərəfindən sevilmədiyini duyub və çəkildiyi filmdə “Nə üçün bizi heç kim sevmir” sualını səsləndirməyi özünə rəva görüb.
Ancaq həqiqəti anlayib onun səbəblərini axtarmaqla iş bitmir. Gərək tarixə həqiqətin gözü ilə baxasan, ermənilərin keçən əsrin sonunda Qarabağda törətdikləri vəhşilikləri, Xocalı soyqırımını, habelə vaxtilə qonaq kimi gəldikləri torpağı özlərininki saymaları və yeni iddiaları barədə faktları araşdırasan. Üstəlik, yazdığın kitablarda faktları saxtalaşdırmayasan! Yəqin ki, bunlardan sonra sualınızın cavabı sizə aydın olar, Müsyö Aznavur. Sualnızın məlum olan cavabı üzərində düşünmək və nəticə çıxarmağın vaxtı isə çoxdan keçib.

N. İbrahimoğlu

Oxşar məqalələr