AXTAR

AQATA KRİSTİ “QƏHVƏYİ KOSTYUMLU KİŞİ” VII hissə

Roman (tərcümə edən: Novruz Novruzov, Bakı, “MBM” 2008)

(Ser Yustas Pedlerin gündəliyindən)

Peqqet artıq buradadır. O, iliyinə qədər qorxudulmuşdur. Yubanmadan Pretoriyaya getməyi təklif edir. Qəti bildirdim ki, Yohannesburqda qalacağıq. Onun başını işlə qarışdırmaq üçün Yüklərin arasından makinanı tapıb çıxarmağı əmr etdim.
- Artıq hər yeri ələk - vələk elədim, ser Yustas. Bütün yeşikləri və...
- Necə yəni bütün “yeşikləri”?
- Balacaları da deyirəm.
- Peqqet, sən neyləmisən? Xırda yeşiklər missis Blerindir. Deyəsən, qızışaraq özündən çıxıb hesabı itirmisən.
Peqqet döyülmüş uşaq kimi dayanmışdı. O, səhv etməyi xoşlamırdı.
- Yaxşı, onları yenidən qablayın, sonra isə Yohannesburqu gəzməyə çıxın – deyə, məsləhət gördüm. – Ola bilər ki, sabah bu şəhərin yerində tüstülənən xarabalıq qalsın və baxıb zövq almağa heç nə olmasın... Öz aramızdır, o yeşiklərdə nə vardı?
- Dəri, şlyapalar, bəzi zənbilciklər.
- Missis Bler belə şeyləri görəndə bir düjün alır - dedim.
- Bir də orada plyonkalı kasetlər, əlcəklər və buna bənzər şeylər var.
- Peqqet, necə oldu ki, bu şeylərin mənimki olmadığını o saat anlamadın?
- Ser Yustas, elə bildim bu yeşiklər miss Petiqrinindir.
- Yeri gəlmişkən, Petiqri haqda... Və mən Peqqetə yerli hakimiyyətdə doğmuş şübhələr barədə danışdım. O saat da ona yazığım gəldi. Peqqetin gözlərində mənə tanış olan ehtiras alovu qızışdı və o, “Kilmorden” və hansısa kaset barədə son dərəcə dolaşıq, uzun əhvalatı danışmağa başladı. Sonra isə nəfəsini azca dərib elə bu gün Reybornu gördüyünü söylədi.
- Kimi? – təkrar soruşdum.
- Reybornu. Onunla miss Petiqri əntiq şeylər mağazasına girdilər. Onların mağazadan çıxmalarını xeyli gözlədim və axırda dallarınca içəri daxil oldum. Amma orada yox idilər. Görünür, ehtiyat qapıdan çıxıbmışlar.
Peqqetin gözlərində qığılcım oynayırdı. O, açıq-aşkar hücumda idi.
-Buna görə də, ser Yustas, oteldə məlumat toplamağa başladım. Xidmətçilərdən biri xəbər verdi ki, ötən gecə miss Petiqrinin otağından bir kişi çıxanda görüb.
-Bir gör ey! Bu vaxta qədər katibəmin cinayətkar olduğunu bilmirdim.
- Lakin, artıq Peqqet mənim replikalarıma fikir vermirdi. O, demək olar ki, əldə etdiyi məlumatlardan şişib partlayırdı. O sözünə davam etdi:
-Cinayətkarlıqdan da o yana keçib, ser Yustas. Xahiş edib, miss Petiqrinin nömrəsinin açarını aldım və qapını açanda nə görsəm yaxşıdır?!
- Ora-bura atılmış şeylər arasında ülgüc və üz qırxmaq üçün krem!
- Bu saat Peqqetə belə şeylərin bəzən qadınlara da lazım olduğunu izah etməyin mənası yox idi.
- Bax, belə, ser Yustas. Bu qadın – paltarını dəyişmiş kişidir!
Peqqet ixtiralarından özünü itirərək gözlərini mənə zillədi.
- Nə edəsən, - bacardığım qədər sakit dedim. Bəlkə, bunu əvvəlcədən də onun ayaqlarından bilmək olardı.
- Bağışlayın, ser Yustas, hələ bəzi başqa şeylər də var. Marlou barədə hər şeyi bildiyinizi çoxdan eyhamlarınızdan başa düşmüşəm.
- Nə demək istəyirsən?
- O vaxt mən Florensiyaya getməmişdim.
- Məsələ hər saat qəlizləşir, Peqqet. Bəs, həmin müddətdə harada olmusunuz?
- Marlouda, arvadımın yanında.
- Kimin arvadının? – heç nə anlamayaraq soruşdum.
- Öz arvadımın, ser Yustas. Evli olduğumu sizdən gizlətmişdim. Sizi aldatmışam, bağışlayın.
Bu xəbər aydın səmadan düşən doluya bənzəyirdi.
- Çoxdan evlisiniz?
-Artıq səkkiz ildir. Axı, şəxsi katibin işə büsbütün sədaqətli olması üçün onun subay adam seçilməsi qəbul edilib. İşi itirməkdən qorxduğum üçün sizdən gizlətmişəm... Mümkünsə, bağışlayın.
- İlahi! Uşaqların da var?
- Dördü birdən, ser Yustas.
Qulaqlarıma inanmadım.
- Bu haqda bir başqasına demisiniz?
- Yalnız miss Bedinqfeldə.
Ruhdan düşmüş Peqqeti otaqda qoyub, küçəyə çıxdım. İndicə üstümə yağdırılan informasiyanı dərk etməliydim. Bu da Petiqri əhvalatının gedib çıxdığı əntiq şeylər mağazası. İçəri girmək üçün məndə qarşısıalınmaz istək yarandı. Mağazanın sahibi təlaş içərisində qabağıma yüyürdü.
- Gün aydın, ser! Sizi nə maraqlandırır? Dəri? Əntiq şeylər?
- Bu qəbildən nəsə qeyri-adi bir şey - dedim.
- O-o... ser! Razı qalacaqsınız. Buyurun! – Və sahib qonşu otağın qapısını itələdi.
Onun ardınca getdim. Bu, bağışlanılmaz səhv idi.

XXX

(Anna Bedinqfeldin hekayəti)

Uzun mübahisələrdən sonra Bler mənim planımla razılaşdı və göstərişlərimi dəqiq yerinə yetirməyə söz verdi. Lakin vağzala gedən yolda məni dilə tutmağa çalışırdı ki, “Andi” əvəzinə Harri imzası ilə aldığım çağırışa getməyim. Mən vaqona qalxanda onu ağlamaq tutdu.
Teleqramda göstərilmiş stansiyada məni qarasaqqal danimarkalı gözləyirdi. Əvvəllər onu heç yanda görməmişdim. Avtomobildə gedərkən uzaqdan olsa da güllə səsləri eşidirdik.
- Səs Yohannesburqdan gəlir - deyə, müşayiətçim bildirdi. Maşın döngələri dolanaraq axır ki, bir binanın qarşısında dayandı. İçəri keçdik.
- Gənc xanım Harri Reybornu görmək istəyir – danimarkalı üstü kağızla dolu stola əyilmiş kişiyə dedi. Kişi başını qaldırdı və gözlərimiz qarşılaşdı.
- Belə-belə işlər! – o dilləndi. – Yəni, şəxsən miss Bedinqfeldin özüdür?
- Yəni, bu, mister Çiçesterdir? – eyni ahənglə onun sualını özünə qaytardım. Ya da miss Petiqri? Siz ona çox oxşayırsınız... Deyəsən, ünvanı səhv salmışam.
- Məhz, “deyəsən”, miss Bedinqfeld. Bəlkə, dərhal işə keçək?
- Yox, möhtərəm Çiçester. Yenidən tələyə düşsəm də, hər halda sizinlə danışmayacağam. Məni birbaşa ser Pedlerin yanına aparın.
- B-ba-başa düşmədim...-Çiçester karıxmış tərzdə cavab verdi.
- Səhv eşitməmisiniz, ser Yustas Pedlerin yanına - deyə, təkrar etdim.
O pörtmüş halda otaqdan çıxdı. Çantamı açıb azca pudralandım və şlyapamı düzəltdim. Bir dəqiqə sonra Çiçester qayıtdı.
- Xahiş edirəm, arxamca gəlin, miss.
Pilləkənlə yuxarı qalxdıq. O, qapını döydü və qısaca “gəlin” sözünü eşitcək qapını açıb məni içəri ötürdü.
Ser Yustas gülə-gülə irəli yeridi:
- Sizi görməyimə ürəkdən şadam, Anna. Yol sizi yormayıb? Buyurun, əyləşin.
- O, özünü o qədər təbii, səmimi aparırdı ki, hətta bir az özümü itirən kimi oldum.
- Mənimlə görüşə can atmaqda düz etmisiniz, - deyə, əyləşməyimi gözləyən ser Yustas sözünə davam etdi. – Bu Minks bacarıqlı aktyor olsa da, axmaqdır. İndisə, xahiş edirəm, açıq deyin: mənim “polkovnik” olduğumu nə vaxt hiss etdiniz?
- Sizi Marlouda gördüyünü Peqqetdən öyrənən anda.
- Aydındır - o, başını buladı. – Lakin həmin gün Peqqet heç nə başa düşməmişdi. O, yalnız mənim onu tanıyıb - tanımamağımın dərdini çəkirdi və məncə, bu vaxta kimi heç fikirləşməyib ki, Marlouda “mənim nə azarım vardı.” Hə-ə... Ancaq mənə belə gəlirdi ki, hər şey dəqiqliklə hazırlanıb.
- Deməli, məni gəmidən suya atmaq istəyən siz idiniz?
- Məni bağışlayın, əziz balam – elə bilin heç nə olmayıb - dedi. – Siz ilk baxışdan xoşuma gəlirdiniz, lakin hər şeylə maraqlanmağınız... Ancaq, mən nə edə bilərdim?
- Bəs, “Şəlalələrin” yanında...
- Əlbəttə, Minks həqiqətən bacarıqli adamdır. O, nəinki “miss Petiqri”ni oynayırdı, həm də mənim səsimi əla yamsılayırdı. Mənim nömrəmin qarşısında dayanıb nə qərara gəldiyinizi xatırlayın.
- Hə, siz öz xatirələrinizi diktə edirdiniz... Bir şeyi anlamıram:axi, sizin bu “katibəni” Peqqet özü tapmışdı.
- Hər şey kifayət qədər sadədir. Minks - Çiçester, yaxud miss Petiqri mənim xahişimlə ticarət nümayəndəliyində Peqqetlə qarşılaşır və hökumət tərəfindən mənim katibim təyin olunduğunu bildirir.
- Necə də açıq etiraf edirsiniz? – deyə, dilləndim. – Siz bu inqilabda müvəffəqiyyət qazanacağınıza belə əminsiniz? Axi, siz arxanızca bütün körpülərə od vurursunuz?!
- İnanın ki, inqilab məni maraqlandırmır. Hər şeydən əvvəl silah satışından çoxlu qazanc əldə etmişəm. Yandırılmış körpülər barədə isə düzü, nə dediyinizi anlamıram. Nə oğruyam, nə də qanqster, Böyük Britaniyanın bircə səhv buraxmış hörmətli təbəəsiyəm. Ehtiyatsızlıq edərək əntiq şeylər mağazasına girdim və sizin tək mən də ələ keçdim. Əgər sabah əl-ayağım bağlı, yarıboğulmuş vəziyyətdə haradasa məni tapsalar hansısa körpüdən danışmağa dəyərmi?
- Bəs, mənimlə nə etmək fikrindəsiniz?
- Sizinlə? Bu saat sizə mənim arvadım olmağınızı təklif edərdim. Düz sözümdür, cavan, gözəl arvadım olmasını məmnuniyyətlə istəyirəm. Təbii ki, ərindən çuğulluq edən olmasın, elə deyilmi? Di yaxşı, ağız - burnunu niyə büzüşdürürsən, Anna? Yəni, təklifim ürəyincə deyil?
- Əfsüslar, “polkovnik”!
- Təəssüf! - o, səmimiyyətlə ah şəkdi. – Adi sevgi əhvalatıdır:o, qadını sevir, qadın isə başqasını. Nə etmək olar, qarşınızda ikinci bir yol da var. Birincidən fərqli olaraq kifayət qədər qəddar yol. İkisindən birini seçməli olacaqsınız. İndisə, deyin görək, almazlar haradadır?
- Harri Reybornda - onun baxışlarına sakitcə dözürdüm.
- Tutaq ki, belədir. Ancaq onlar mənə lazımdır.
- Lakin heç bilmirəm sizə necə kömək edim.
- Ola bilsin ki, doğrudan da bilmirsiniz. Onda pis xəbərləri dinləməli olacaqsınız. Hazırda şəhərdə elə vəziyyət yaranıb ki, küçədə kiminsə meyidini görmək heç kəsi təəccübləndirmir. Bu cür işləri ustalıqla yerinə yetirən şəxs isə aşağıda gözləyir. Bax, belə. Bir də təklif edirəm: bu saatca Reyborna məktub yazın, qoy almazları bura gətirsin.
- Əbəs yerə özünüzü yormayın, yazan deyiləm.
- Böyüklərin sözünü kəsməzlər, Anna. Yaxşı-yaxşı fikirləş:ya həyat, ya da almazlar.
- Bəs, Harri?
- Onun salamat qalmasına söz verirəm. Ancaq bir daha mənim yoluma çıxmayın.
- Bəs, zəmanət?
- Nə zəmanətbazlıqdır, canım! Siz dediyim sözlərə inanmalı və allaha dua etməlisiniz ki, işləriniz daha yaxşı getsin.
Şübhələnməsinlər deyə, əvvəlcə bir az tərslik etdim, sonra guya “özümü ələ aldım” və ser Yustasın diktəsilə məktub yazdım. O, məktubu diqqətlə oxuyub, imza qoymağımı tələb etdi.
Əmri dinməz-söyləməz yerinə yetirdim.
-“Həmişəlik sənin olan Anna!”- Pedler imzanı bərkdən oxudu. – Lap yaxşı... Bircə ünvanı yazmaq qalır.
Yenə də itaətlə tabe oldum. Pedler zəngi çaldı. Çiçester - Petiqri, əslində isə Minks qapıda göründü.
- Təcili surətdə sahibinə çatdırın.
- Çatdırarıq “polkovnik” - Minks cavab verdi və zərfə ötəri nəzər salıb, qapıya yönəldi.
- O sizin düşməninizdir, Minks? - Pedler qəfil ondan soruşdu.
- Kim?
- Məktubda adı yazılmış şəxs. Dünən küçədə sizi bir yerdə görüblər.
- Nə danışırsınız, “polkovnik”! Mən o saat onu tanıyardım! Həqiqətən bir kişi mənə yaxınlaşıb Reyslə sizin barənizdə soruşdu. Ona kalan yalan satdım.
- Çox gözəl, əzizim. Demək, yalan məlumat imiş. Gedin.
Deyəsən, Minks daha nə isə demək istədi, lakin qeyri - iradi dodaqları sıxıldı.
- Di gedin! – Pedler təkrar dedi.
- Minks çıxdı. Pedler bir az gözləyəndən sonra qapını açıb, kiməsə dedi: ”Minksin ardınca. Evdən buraxmayın.”
- Sonra səmimi gülümsəyərək mənə tərəf döndü. Üzücü gözləmə başlandı.
- Sizdən bir şey soryşa bilərəm, ser Yustas? – deyə, sakitliyi pozdum.
Başının hərəkətilə razılıq verdi.
- Nə üçün Harrini özünüzə katib götürmüşdünüz? Axı, onu hər an polisə təhvil verə bilərdiniz.
- Bu lənətə gəlmiş almazlar mənə çox lazım idi – o, cavab verdi. Nadin onlardan ötrü həddindən artıq yüksək məbləğ tələb edirdi. Üstəlik, imtina edəcəyim təqdirdə, almazları Reyborna satacağını bildirmişdi – hətta aşağı qiymətə olsa da. Buna görə də bu şantajçı əri ilə birlikdə o dünyaya təşrif apardı. Harri mənim üçün almazlara aparan yeganə “yola” çevrildi. Nadinin, dəqiq bilmirəm, ya Kartendən, ya da Reynbordan aldığı teleqramın surəti vardı. Orada “17 1 22 Kilmorden Kastl” qeyd olunmuşdu. Bunun Reybornla görüş vaxtı olduğunu fikirləşdim və Londonda, Uayt-hollun qapısı ağzında onun üçün təsadüfi söhbət quraşdıraraq gəmiyə gəlib çıxmasına “kömək” etdim. Biz “Kilmorden”də olanda Reybornu diqqətlə izləyirdim. Gözlənilmədən məlum oldu ki, onu “müqəddəs Çiçester” də güdür. Yadınızdadırmı, siz göyərtədə onunla söhbət edərkən mən əyilib yerdən yazılı vərəqi götürdüm. Təbii ki, bu kağızı yerə o yox, mən atmışdım. O, “yandığını” başa düşdü və mənə itaət etməyə məcbur oldu. Təəssüf ki, on yeddinci kayutu ələ keçirə bilmədik. Siz mane oldunuz, miss Anna. Bircə qalırdı ki, Reyborn ora girmək istərkən yaxalayaq. Bu cür də edəcəkdik, ancaq bu qanmaz Minks işi tamam korladı.
- Bəs, onda nə üçün Nadinin göndərdiyi teleqramda səhv getmişdi: 71 əvəzinə 17 – deyə, soruşdum.
- Məncə, bu, poçt işçisinin səhvidir. Adi bir səhv hamımızı çaş-baş salıb.
- Bəs, Generala göndərilən məktub? Onu kim oğurlamışdı?
- Ətrafda o qədər cinayətkar vardı ki, qoca Pedlerdən heç kim şübhələnmirdi. İndisə, miss Anna, icazə verin, sizi otağınıza ötürüm.
Qapı arxamca örtülüb, açar çıqqıldayandan sonra yuyunmaq istədim. Tualet şeylərini götürmək üçün çemodanı açanda... gözləmədiyim halda orada dəstəyi sədəfli kiçik tapança gördüm. Kimsə onu ehtiyatla doldurmuşdu. Adadakı atışmadan sonra ikinci dəfə idi ki, əlimə silah alırdım. Bu məşum evdə o lap yerinə düşdü. Çox fikirləşəndən sonra tapançanı yuxarıdan corabımın içərisinə dürtdüm. Silah hər an açıla bilərdi, lakin ayrı çıxış yolum yox idi.

XXXI

Bir müddət keçmiş mənə çay gətirdilər. Sonra yenidən ser Yustasın yanına apardılar.
- Sizinçün məndə yeni xəbər var, əzizim – o dedi. – Sizin Romeo artıq yoldadır. Ancaq sevinməyə tələsməyin. Məsələ burasındadır ki, almazların yerini dünəndən bilirdim. Məni inandırmağa çalışdığınız kimi onlar Reynbornda deyil. Bütün bu vaxt ərzində onlar mənim yanımda idi.
- Demək, bilirsiniz...
- Yenə Peqqet sağ olsun. Dünən o, güdmələr və hansısa kasetlər barədə boşboğazlıq edəndə almazların harada ola biləcəyini hiss etdim – missis Blerin yeşiklərində. Orada olan kasetlərdən biri daha ağır idi və qapağı o birilərdən fərqli yapışdırılmışdı. Əminəm ki, Reybornla birgə tələyə düşdüyünüzü indi anlayırsınız?
Dinməzcə ona baxırdım.
- Bax, belə ha!-o, acı şəfqətlə əlavə etdi. –Təəssüf ki, xanım Pedler olmaq istəmirsiniz. Çox təəssüf, miss Anna.
- Pilləkəndə addımlar gurultu saldı. Qapı taybatay açıldı. Reyborn iki nəfərin müşayiətilə astanada göründü.
- Burada nə baş verir?! - o, nifrətlə soruşdu.
- Ciddi bir şey yoxdur - Pedler nəzakətlə cavab verdi. – Həvəskarların peşəkarlarla çəkişməsi sadəcə çox çətindir. Əzizim Reyborn, milçək tək tora düşmüsünüz. Siz uğursuz adamsınız.
- Bütün bunlar nə deməkdir, Anna? - Harri mənə baxdı.
- Onu günahlandırmayın - Pedler məsləhət gördü. – O mənim diqtəmlə yazıb. Axı, onun başqa çıxış yolu yox idi.
Harri yenidən mənə baxanda hər şeyi başa düşdüm və sanki ümidsizlik içərisində ondan uzaqlaşıb, Pedlerə yaxınlaşdım.
- Bəli - Pedler sözünə davam edirdi, Reyborn, siz son dərəcə uğursuz adamsınız. Deyəsən bu, bizim üçüncü görüşümüzdür, hamısında da siz uduzmusunuz.
- O yan - bu yana vurnuxmayın, - Harri onun sözünü kəsdi. – Həqiqətən iki dəfə mənimki gətirməyib, ancaq bu dəfə müvəffəqiyyət mənim tərəfimdədir... Anna, onu nişan al!
Bir anda corabımın içindən tapançanı qapıb Pedlerin başına dirədim. Kişilər otağa soxuldular, lakin Harrinin səsi onları saxladı:
- Anna, bircə addım da atsalar tətiyi çək!
- Məmnuniyyətlə - deyə, vəd etdim.
Ser Yustas özünün bütün ləyaqətini bircə andaca itirdi. O, yarpaq kimi əsirdi.
- Dayanın! – o, öz adamalarına əmr etdi və banditlər qapının ağzında duruxdular.
- Qoy onlar getsinlər - Harri tələb etdi.
-Hə, hə, qoy getsinlər...- Pedler qorxudan titrək səslə təkrarladı və o saat bunun necə axmaq səsləndiyini başa düşüb əmr etdi:
- Bizi tək buraxın.
Quldurlar çıxaraq qapını örtdülər.
- İndisə gəl danışaq! – Harri mənə yaxınlaşaraq tapançanı aldı.
Ser Yustas tər basmış alnını ovcu ilə sildi.
- Nəhayət ki, bu oyuncaq səriştəli adamın əlindədir - o, yüngülləşərək nəfəsini dərdi.
- Reyborn, xahiş edirəm, onu bir də miss Annaya etibar etməyin. Azmı olur...
Tam özünə gələndən sonra əlini yellədi.
- Nə etmək olar, gənc dostlar, tam məğlub olduğumu etiraf edirəm. Ancaq deyin görüm, bu tapança hardandır? Hər ehtimala görə, miss Anna, sizin kiçik yükünüzə əl gəzdirməyi əmr etmişdim, - oradan heç bir silah tapmamışdılar. Deyəsən, heç bir dəqiqə əvvəl də sizdə odlu silah yox idi...
- Vardı - nifrətlə bildirdim. – Corabımın içində.
- İlahi...-ser Yustas kədərlə gülümsündü. –Axı, mən qadınları yaxşı öyrənməliydim. Daha keçib! Gəlin iş barədə danışaq. Tam ciddiyyətlə. Əlbəttə, ikiniz də başa düşürsünüz ki, belə vəziyyət çox davam edə bilməz. Ev mənim başkəsənlərimlə doludur və buna görə də üstünlüyünüz bir dəqiqəlikdir, xəyali...
Bu vaxt aşağıdan güllə, qışqırıq, zarıltı səsləri gəldi. Deyəsən, orada əsl döyüş qızışmışdı. Pedlerin bənizi ağardı.
- Reys də başının dəstəsi ilə gəlib çıxdı! - Harri sevindi. –“Polkovnik”, sizi əmin edirəm ki, bizimkilər sizinkiləri üstələyəcəklər... Nə gözünüzü zilləmisiniz mənə? Hər şey çox sadədir. Teleqrama Harri yox, “Andi” imzasını qoymağı hardan biləydiniz axı? Bir də sizin diktənizlə Annanın yazdığı məktubda “və” bağlayıcısının qaralanmaması və bizim öz aramızda danışdığımız kimi bunun təhlükə siqnalı olması hardan ağlınıza gələ bilərdi. Bizə qurduğunuz tələyə özünüz düşdünüz. Öz həyatı ilə risq edib sizin yuvaya yollanan Anna bu barədə mənə və Reysə məlumat vermişdi. Və sizin əntiq şeylər mağazasında gizli yolun olmasını başa düşmək bizim üçün heç də çətin olmadı. Reys o yolu tapdı...
Aşağıda atəş səsləri kəsilmirdi. Birdən küçədə güclü partlayış eşidildi. Mağaza ilə üzbəüz binaya od düşdü. Ser Yustas ona tərəf tuşlanmış tapançaya əhəmiyyət vermədən otaqda ora-bura qaçırdı. O qəfil dayanıb xırıltılı səslə danışmağa başladı:
- Hə, elə bilirsiniz uduzmuşam. Vaxtından tez sevinirsiniz. Nadini öldürməyimi heç vaxt sübut edə bilməyəcəksiniz. Bəli, həmin gün Marlouda olmuşam, lakin onunla tanış olduğumu kim sübut edəcək? Lakin siz - o, Harriyə tərəf döndü, - onu tanıyırdınız! Bunu Kimberlidə təsdiqləyər və sizdə qətl üçün motivlər olduğunu söyləyərlər. Beləliklə, Reyborn, ictimaiyyətin gözündə oğru və qatil kimi də qalacaqsınız. Sizi xilas etməyinsə yeganə yolu - bu almazlardır...
Pedlerin qolunu pəncərəyə çırpması ilə şüşənin qırılıb yerə tökülməsi bir oldu. Və həmin dəqiqə kiçik silindrə oxçar kaset ensiz küçəni bürümüş alovda yox oldu.
- Bu da son ümidiniz! - kinlə gülümsəyən Pedler Qürrələndi. – İndi günahsızlığınızı sübut etməyə çalışın! Nə qədər gec deyil, sövdələşməyi təklif edirəm. Buradan başqa otağa yol var. Məni buraxıb, oradan aradan çıxmaq üçün beş dəqiqə vaxt verirsiniz. Əvəzində isə Nadini öldürməyim barədə elə buradaca etirafnamə yazıram.
- Harri, razılaş! – deyə, qışqırdım.
- Yox, Anna, min dəfə yox! Bu qatili buraxsam, Reysin gözünə necə baxaram?!
Aşağıda atışma səngidi. Kimsə pillələrlə qaçırdı. Qapı açıldı və Reys otağa daxil oldu.
- Sizi görməyimə şadam, Anna - o, gülümsədi və ser Yustasa müraciətlə dedi: - Sizin dalınızca şox qaçmışam, Pedler!
- Deyəsən, burada hamının ağlı başından çıxıb - Pedler bildirdi. – Reys, indicə bu cavanlar məni tapança ilə hədələyib, allah bilir, nədə günahlandırırdılar. Bəlkə, nə baş verdiyini siz izah edəsiniz? Şəxsən mən heç nə anlamıram!
- Hər şeyi gözəl anlayırsınız, Pedler. Elə bilirsiniz, əleyhinizə heç bir sübut yoxdur? Nahaq yerə. Mill-hausda Nadinlə görüşməli olduğunuz barədə bilən şəxs var... Minks, bura gəlin!
Minks otağa daxil oldu.
- Danışın! – Reys əmr etdi.
Minksin dəhşətli dərəcədə əsəbiləşdiyi hiss olunurdu. Lakin o, ardıcıl danışırdı:
- Nadinlə Parisdə görüşdüm. Özümü rus qrafı kimi təqdim etdim. Nadin bir-iki günlüyə İngiltərəyə getməyə hazırlaşırdı. Söhbət əsnasında o, niyyətini açıqca bildirdi. Ancaq, gözlənilən təhlükə barədə xəbərdarlığım onu bu niyyətindən çəkindirmədi. Söhbət zamanı stolun üstündəki teleqramları oxuya bildim. Bilirsiniz, almazları əldə etmək üçün belə bir imkandan istifadə etməmək günah olardı. Hə, burada, Yohannesburqda mister Reyborn...eyy... ona... kömək etməyə məni razı saldı.
- Siçovullar gəmidən qaçırlar - ser Yustas filosofcasına bildirdi. – Dəyyus, qulaqlarını yaxşı - yaxşı aç, eşit, gec - tez məhv ediləcəksən.
Minks qorxudan özünü lap itirdi. O, sahilə atılmış balıq tək ağzını açmışdı.
- Öz aramızdır, ser Yustas - bacardığım qədər saymazyana dedim, - təntənə ilə pəncərədən atdığınız kasetdə adicə çay daşları vardı. Almazlar isə etibarlı yerdədir. Bilirsinizmi harada? Suzanna onları böyük taxta zürafənin içərisində gizlədib.
Pedler bir müddət susdu. Sonra öz adi manerasında dedi:
- Deyirəm axı, niyə əvvəldən bu məlun heyvanlardan zəhləm gedirdi. Görünür, instinkt imiş.

XXXII

Yohannesburqa gedib çıxa bilmədik – yolu tətilçilər kəsmişdilər. Şəhərdən 20 mil aralı, fermada dayanmalı olduq. Pedleri buradan ciddi mühafizə altında Keyptauna apardılar.
Ertəsi gün səhər yemətindən sonra aynabənddə oturub əlimə düşən bir romanı oxuyurdum.
- Əyləşmək olar? – deyə, polkovnik Reys mənə yaxınlaşdı.
- Bir yenilik var?
- Sabah qoşun Yohannesburqa daxil olacaq. Üç günə hər şey öz məcrasına düşəcək.
İkimiz də susduq. Reys dərindən nəfəs aldı.
- Ancaq, bu, hamısı deyil, miss Anna. Pedler... qaçıb.
- Nə?! - inanmağım gəlmirdi.
- Onu hərbçilər yerləşdirilən fermalardan birində saxlayırdılar. Oradan necə qaçması aydınlaşdırılır. Ancaq, Harriyə görə nigaran qalmayın. Pedlerin günahı tamamilə sübut olunub, Harri daha öz adını daşıya bilər.
- Nəsə qəribə danışırsınız, mister Reys.
Bu vaxt Harri aynabəndə çıxdı.
- Sabahın xeyir, Lukas - Reys ayağa qalxdı. Harri nə üçünsə cavab vermədi, yalnız polkovnikə ötəri nəzər salıb dedi:
- “Lukas”ı xüsusi ahənglə tələffüz etdiniz. Nə olub ki?
- Heç nə. Sadəcə olaraq, mən bir dəfə gördüyüm şəxsin sifətini ömür boyu unutmuram.
- Di yaxşı, bir izah edin görüm, nə baş verib - həyəcanla soruşdum.
- Polkovnik haqlıdır, Anna. Bu gündən bizim aramızda heç bir sirr olmamalıdır. Mən Harri Lukas deyiləm. O, müharibədə öldürülüb. Mən Con Herald Erdsleyəm.

XXXIII

Qaranlıq düşürdü. Conla birlikdə aynabənddə üzbəüz oturmuşduq. İkimiz də susurduq.
- Nə isə...-birinci o dözmədi. – Məni bağışla! De ki, bağışlayırsan.
O, mənim əlimdən tutdu, ancaq tez əlimi çəkdim.
- Aldatmaq nəyə lazım idi?
- Nəyə? Var - dövlət, hakimiyyət... İstəyirdim ki, məni olduğum kimi, uydurmasız - filan sevəsən.
- Yox, sadəcə mənə etibar etmirdin!
- Məsələ heç də belə deyil, Anna! Son illər mən şübhə altında idim və özüm də hamıdan şübhələnirdim. Yəni sənə aydın deyil ki, belə vəziyyətdə olan şəxs heç kəsə etibar etməməlidir? O, hər hansı adamla yaxınlıq etdikdə əvvəlcə onun daxili aləmini, xarakterini yaxşı - yaxşı öyrənməlidir. Hətta həmin adam qarşına şəxsi taleyin kimi çıxsa da.
- Görünür, sən haqlısan. Deyəsən, haq...
Əvvəllər ondan eşitdiyim hər şeyi xatırladım. İlk dəfə olaraq baş vermiş hadisələri tam dərk etdim və onun davranışına məntiqi haqq qazandırdım. Bir məsələ də aydın oldu ki, nə üçün o, Nadindən almazları satın ala biləcəyinə əmin idi. Və nə üçün bütün bu əhvalatları həmişə üçüncü şəxsin adından danışıbdır. “Mənim dostum” deyəndə o, həqiqətən öz dostu Lukası nəzərdə tuturdu. Həmin Lukas ümidsizcəsinə Nadinə vurulmuş və cəbhədə həlak olmuşdu.
- Hadisə necə baş verib? - deyə, soruşdum.
- Bir dəfə biz xoşbəxtlik naminə bir - birimizlə jetonlarımızı dəyişdik. Ancaq, belə çıxdı ki, talelərimizi dəyişmişik. Elə ertəsi gün Lukas mərmi zərbəsindən demək olar, tikə - tikə parçalanaraq həlak oldu.
Mən ah çəkdim:
- Lakin, hətta bu gün səhər belə mənə heç nə demədin.
- Hər şeyi korlamaqdan çəkindim. İzahatsız - filansız səni öz adama aparmaq istəyirdim. Axı, səadəti pulla almaq olmur, orada isə biz xoşbəxt idik, elə deyilmi?
- Bəs, Pedler sənin kim olduğunu bilirdi?
- Əlbəttə.
- Karten də?
- Yox. Mən özümü Lukas adlandırdım, o da beləcə yazıb teleqrafla Nadinə göndərdi. Nadin isə Lukasdan heç vaxt qorxmamış, onu istədiyi kimi əlində oynatmışdı. Məndən isə çəkinirdi və nə qədər pul verməyə boyun olsaq da, bir dəfə də olsun mənimlə görüşməyə razılıq verməmişdi. Əgər Nadin mənim Erdsley olduğumu bilsəydi, qorxudan ölərdi.
- Onda de görüm... Əgər Reys olmasaydı, axıradək süsacaqdın?
- Hə. Həmişə Lukas olaraq qalardım.
- Bəs, atanın milyonları?
- Onların öhdəsindən Reys məndən yaxşı gələrdi. Niyə tutuldun?
- Həqiqəti tam öyrəndiyimə, demək olar, təəssüflənirəm.
- Yox, Anna! Bütün bunların baş verməsi zəruri idi... Bilirsən, dəhşətli dərəcədə səni Reysə qısqanıram. Axı, onunla müqayisədə mən kiməm ki!..
- Səfeh. Necə də bekara fikirləşirsən, Harri. Mənə dünyada səndən başqa heç kəs lazım deyil.

Epiloq

İki il keçdi. Harri ilə əvvəlki kimi Zambezinin ortasındakı adada yaşayırıq. Bu saat Suzannadan aldığım məktub qarşımdakı kobud taxta stolun üstündədir. O yazır:”Mənim əziz sevimli Lunatiklərim! İnanın ki, əməllərinizə zərrə qədər təəccüblənməmişəm. Axı, hələ iki il əvvəl Paris toy qaydalarını sizinlə müzakirə edərkən hiss etmişdim ki, toyunuz adi toy olmayacaq, uzaq, gözəl bir yerə qaçacaq və qaraçısayaq sərbəst yaşayacaqsınız. Mənim məftunedici lunatiklərim, belə də oldu! Sizin fikrinizcə böyük nəsildən imtina etmək tamamilə cəfəng ideyadır. Siz qaçandan sonra polkovnik Reys ser Lorensdən qalan var - dövləti həqiqi varisin adına keçirmək istəyirdi. Lakin bal “ayı” üçün sizə vaxt verməyə onu razı sala bildim. Hər halda, Anna, yanımda olmadığından və öz Suzannanın üstünə vəhşi pişik təki atılmadığından istifadə edərək cəsarətə gəlib, gör nə deyirəm: daxmada məhəbbətiniz nə qədər uzansa da, gün gələcək Park-Leyndə gözəl ev, limuzinlər, manto və fransız qulluqçuları arzusuna düşəcəksən. Bəli-bəli! Mübahisə etmə! Hələliksə... Hələlik qoy sizin bal “ayınız” hökmranlıq etsin!
Səni sevən Suzanna Bler.”
Adaya bir dənə də məktub gəldi. Qalın bağlama ilə o, Boliviyadan , ya da haradansa çətin və uzun yol qət etmişdi. Hərdən vaxt olanda məktubu götürüb oxuyuram:
“Əzizim Anna Bedinqfeld!
Sizə məktub yazmaqdan özümü saxlaya bilmirəm. Ona görə yox ki, məktub mənə zövq verir, ona görə ki, məndən xəbər tutmağın Sizə zövq verəcəyini bilirəm. Yeri gəlmişkən, dostumuz Reys özü düşünən kimi ağıllı və diqqətli deyilmiş, elə deyilmi?..
Bax, belə. Öz gündəliyimi Sizə göndərir və ədəbi müvəkkilim olmağınızı Sizdən xahiş edirəm. Gündəlikdə Reysi və onun əkskəşfiyyatda olan xidmətçilərini maraqlandıracaq bir şey yoxdur. Lakin əminəm ki, Sizi əyləndirən səhifələr tapılacaqdır.
Gündəlikdən istədiyiniz kimi istifadə edə bilərsiniz. Məsələn, “Tanıdığım cinayətkarlar” sərlövhəsi ilə “Deyli Büdcet”də çap etdirmək olar. Yeganə xahişim ondan ibarətdir ki, yazınızın qəhrəmanı mən olum.
Öz məktubumda Sizə Anna Bedinqfeld kimi müraciət edirəm. Ancaq çoxdan Sizin ledi Erdsley olduğunuza və Park-Leyndə hökmranlıq etdiyinizə bir saniyə də şübhə etmirəm.
Mən özüm pis yaşamıram. Əlbəttə, hər şeyi təzədən başlamaq asan iş deyil. Lakin məhz dar gün üçün möhkəm yerdə bir az pul gizlətmişdim. İndiki vəziyyətdə bu lap yerinə düşdü. Hazırda yeni tanışlarla əlaqələri tədricən sahmana salıram. Yeri gəlmişkən, əgər siz nə vaxtsa Çiçester - Minksi görsəniz, ona deyin, “polkovnik” səni unutmayıb. Bir balaca stresə düşməklə ona heç nə olmaz.
Ümumiyyətlə, çoxlarını bağışlamağa hazıram. Hətta Peqqeti də. Eşitmişəm ki, o, dəqiq desək - missis Peqqet altıncı (!) uşağı dünyaya gətirib. Görünür, tezliklə İngiltərə ağzınacan Peqqetlərlə dolacaq. Bu çoxuşaqlı ailəyə təbriklə birgə gümüş fincan göndərdim. Zarafatsız - zadsız əminəm ki, Peqqet dərhal onları Skotland-Yarda aparıb...
Sizə və Sizin nurlu gözlərinizə xeyir-dua verirəm! Mənə ərə gəlməməyə görə etdiyiniz səhvi nə vaxtsa başa düşəcəksiniz.
Sizin Yustas Pedler.”
Harri hirsindən coşdu. Axı, onun hafizəsində Pedler məni öldürmək istəyən adam kimi qalırdı. Üstəlik, Lukasın da ölümündə Pedler günahkar idi. Düzünü desəm, mənə ən səmimi hisslər bəsləyən ser Yustas Pedlerin həyatıma niyə qəsd etməsi məni uzun müddət təəccübləndirdi.
Doğrudan da, nə üçün? Harri, Pedleri “çirkin ünsür” adlandırır və bununla da məsələni bitmiş sayırdı. Məncə, bunun cavabını Suzanna daha yaxşı izah edirdi. Haçansa Suzanna ilə bu barədə danışmışdıq. O, öz diaqnozunda qorxu kompleksini üstün tutmuşdu. Onun fikrincə, ser Yustasın bütün həyatı bircə arzuya - tam rahatlığa və təhlükəsizliyə tabe edimişdir. Suzannanın psixotəhlilinə görə, buradan da özünüqoruma instinkti kəskin inkişaf edir. Nadinin ölümü Pedleri öldürücü qorxudan qurtardı. Ancaq, onu mənə qarşı cinayətə sövq edən nifrət yox, özünüqoruma instinkti olmuşdur - axı, yalnız mən onun sirrini bilirdim.
Məncə, Suzanna haqlıdır. Nadinə gəlincə, o, ölümə layiq qadınlardan idi. Var - dövlətə və hakimiyyətə can atan kişilər mənəvi nöqteyi - nəzərdən şübhəli hərəkətlərə tez - tez yol verirlər. Lakin nə vaxt ki, tamahkar məqsədlərlə qadın məhəbbət hiyləsi işlədir - bu, ən alçaq cinayətdir. Bəli! Müqayisədə ser Yustası asan bağışlaya bilərəm, Nadini isə heç vaxt bağışlamaram. Heç vaxt! Heç vaxt!
Bu yaxınlarda qəzetə bükülmüş bir bankanı açanda gördüm ki, bu, “Deyli Büdcet”in mənim “Qəhvəyi kostyumlu kişi” reportajım dərc olunmuş nömrələrindən biridir. “Eh, gör bu nə vaxt olub” - deyə, təəccübləndim və hər halda reportajımın o vaxt böyük uğur qazandığını xatırladım.
...Bu saat oğlum günəşin altında uzanıb qaralmış ayaqları ilə hər yanı eşələyir. Budur, mənim “qəhvəyi kostyumlu kişim” - Afrika üçün ən yaxşı “kostyumda” - şabalıd kimi qəhvəyi. Onu isti torpağın üstünə qoyan kimi həris arxeoloq tək qazmağa başlayır. Bu şakər ona, deyəsən, babasından keçib.
Oğlum dünyaya gələndə Suzanna teleqram vurmuşdu:”Lunatiklər adasının daha bir sakinini təbrik edir və sevirəm! Yeri gəlmişkən, yeni sakin yekəbaşdır, yoxsa başı yekədir?”
Ancaq, Suzannanı bu adətindən çəkindərməyə borclu deyiləm! Teleqramın cavabında “Enlibaş!” yazdım.
Yerində və qənaətlə yazılmış cəmi bircə söz.

Son

 

Oxşar məqalələr