Roman (tərcümə edən: Novruz Novruzov, Bakı, “MBM” 2008)
XXV
O, sözümü kəsmədən qulaq asırdı. Bütün bu vaxt ərzində almazların Suzannada olması onu lap heyrətləndirdi. Olub-keçən hadisələri birlikdə oturub təhlil edəndə hər şey bizə aydın oldu:almazları kasetin içərisinə qoyub gəmidə saxlamaqla Karten son dərəcə ehtiyatlı tərpənmişdi. Axı, kimin ağlına gələ bilərdi ki, almazlar stüarddadır?
Bununla belə, Harri ilə mən çətin vəziyyətdə qalmışdıq. Dönə-dönə özümüzə sual verirdik: bu gizli “polkovnik” kimdir belə?
- Anna, əvvəlkitək sən bu fikirdəsən ki, həmin adam Peqqetdir - Harri dedi. –Onun Keyptaunda səni izləyən şəxsə yaxınlaşması faktı əsaslı səbəbdir... Amma, əgər həmin kişi sadəcə olaraq Peqqetdən saatı soruşubsa və o da saata baxıbsa?..
- Deyirsən, bu da təsadüfdür?
- Bütün bunlarda nəsə var. Məsələn, qətl nə üçün məhz Mill-hausda baş verib? Bəlkə, de Birdə qarət vaxtı Peqqet də Kimberlidə olub? Əgər belədirsə, deməli, o, “polkovnik” üçün heç də məndən az təhlükəli şahid deyil. Və onda...
- Nə “onda”?
- Mən Marlouya gedib çıxmasaydım, qarmağa Peqqet düşəcəkdi.
- Demək, səncə o, cani deyil, yalnız qurbandır?
- Hələ bunu təsdiq edə bilmərəm. Əvvəlcə, o vaxt onun Marlouda nə etdiyini aydınlaşdırmalıyıq... İndisə yatmaq vaxtıdır - Harri ayağa durdu. – Sübh tezdən səni sahilə göndərərəm. Gedərsən Livinqstona, oradan Bulavayoya, sonra da qatarla Beyraya.
- Ancaq...
- Mübahisə etmə. Mən istəmirəm ki, indən belə bu əhvalatda iştirak edəsən.
Birdən Harri ehtiyatla əlini qaldırdı:
- Sakit...
Bir saniyə keçməmiş sağ sahildən avar şappıltısı gəldi. Cəld komaya qaçdıq. Harri divardan asdığı iki karabini, tapançanı götürdü, silahları doldurmaq qaydasını başa saldı və pəncərəyə qısıldı. Qayıq artıq sahilə yan almışdı.
- Dayanın!-Lukas bərkdən əmr etdi.
Cavab əvəzinə atəş guruldadı, güllələr vıyıldadı. Ancaq bizə dəymədi. Harrinin gülləsi isə sərrast oldu. Kimsə zarıldadı, ağır tappıltı səsi gəldi. Harri qayığın olduğu tərəfə, qaranlığa atmaqda davam edirdi. O, tüfəngini mənə tullayıb, doldurmağı əmr etdi və hazır olanını götürdü.
Hücum edənlər tələsik sahildən aralandılar. Qulaqbatırıcı sakitlik başlandı.
Harri diqqət kəsilərək: - İlk hücum dəf olundu - dedi. – Nə qədər ki ikincisi başlanmayıb, qayığı adanın o biri tərəfinə çəkək! Cəld sahilə, Anna! Mən də bu saat gəlirəm, bu həşəratlar üçün bir sürpriz düzəldim ki...
Lakin qayığımız yerində yox idi. Sahilə göz gəzdirdim:görəsən, axına düşməyib ki? Harri yüyürüb gəldi.
- Qaçırıblar! - şəraiti dərhal qiymətləndirdi. – İşlər xarabdır. İndi onlar şübhəsiz, hər iki tərəfdən gələcəklər... Komanı göstərərək əlavə etdi: bu da mənim sürprizim.
Qəfil komanın üzərində alov şölələndi və onun işığında iki nəfərin silueti aydın göründü. Çay tərəfdə şən çığırtılar eşidildi.
- Orada cındırdan müqəvva düzəldib qoymuşam. Qoy Parkeri məhv etdiklərini düşünüb, şadlansınlar - deyə Harri izah etdi və adanın sahildən ayrıldığı ən ensiz yeri göstərərək soruşdu:
- Üzməyi bacarırsan?
- Belə də, bir az.
- Onda dua edib, özünü vur suya!-Harri əmr verdi və mənim təəccübümü görüb əlavə etdi:-Timsahlar...
O biri sahilə xətərsiz ötüb keçməyə bəlkə də allaha yalvarışlarım kömək etdi.
O vaxtdan xeyli keçsə də hətta indinin özündə belə qaçmağımızı xatırlayanda ətim ürpəşir. Tamam islanmış paltarımın ətəkləri tikanların qana boyadığı ayaqlarıma yapışmışdı. Get-gedə hiss edirdim ki, daha bircə addım atmağa da heyim qalmayıb. Səhər Livinqstona çatanda büsbütün taqətdən düşmüşdüm. Şəhərə çatan kimi Harrinin dostu Nedgilə getdik. Dırnaqlarınadək islanmış gözlənilməz qonaqları ev sahibi tam soyuqqanlılıqla qarşıladı. Bizim bu cür məcnun kökündə gəlişimizi sanki hər an gözləyirmiş.
Dincimizi alandan sonra Harri ilə vəziyyəti müzakirə etməyə başladıq. Beyraya mənim səfərim artıq öz mənasını itirmişdi. Bundan başqa Beyrada tək olacaqdım. Bu isə daha çox təhlükə doğururdu, orada qatillər asanlıqla mənim axırıma çıxardılar. Belə qərara gəldik ki, son dərəcə ehtiyatla Suzannanı tapmalıyam. İndi allah bilir o haradadır - burada, Afrikada, yoxsa İngiltərədə. Onu tapıb demək lazım idi, təcili surətdə almazları Parkerin adına banka qoysun. Harri məndən ancaq bunu yerinə yetirməyi tələb etdi və “polkovnik”in axtarışının davam etdirilməsindən boyun qaçırtdı. Razılaşmaqdan başqa özgə çarəm qalmadı. Mən Nedin yanında sakitcə oturmalı və Harridən təlimat gözləməliydim.
- Fikirləşib elə bir yol tapmalıyıq ki, keçən dəfəki məktubun başına gələn iş daha təkrar olunmasın - deyə, təklif etdim.
- Düzdür - Harri başı ilə təsdiqlədi. – Yadında saxla:sənə yazdığım hər bir məktubun üzərində “və” bağlayıcısı olacaqdır.
- Bəs, teleqramlarda?
- Teleqramlara “Andi” imzası qoyacağam.
- Qatarın yola düşməsinə az qalıb, dost! - Ned Lukasa xatırlatdı.
Harri qalxıb qapıya yaxınlaşdı və ona dəxli olmayan kimi soruşdu:
- Əgər münasib namizəd tapılsa ərə gedərsənmi?
- O “namizəd”in boğazını üzərəm - deyə, Harriyə möhkəm söz verdim və o getdi.
XXVI
(Ser Yustasın gündəliyindən)
Mənə ancaq sakitlik lazım olduğu barədə artıq bir necə dəfə yazmışam. Ancaq belə çıxır ki, məndə olmayan yeganə şey sakitlikdir. Həmişə fırtına və dalğaların mərkəzinə düşürəm.
Missis Bler nömrəyə dürtüləndə miss Petiqri növbəti məşhur adam barəsində hekayətimi stenoqrafiyalaşdırırdı.
- Haradadır Anna?! - o az qala qışqırdı.
Yersiz sual idi! Miss Petiqri nə düşünə bilərdi?
- Güman edirəm, öz otağında yatır - deyə soyuq cavab verdim.
- Otağında yoxdur! Həm də bu gecə dəhşətli yuxu görmüşəm!
- Bağışlayın, əzizim - onu inandırmağa çalışdım, - narahat olmağa heç bir əsas görmürəm.
- Bəs, mənim yuxum?
Hər-halda bu qadınlar dözülməzdirlər! Axı, məlumdur ki, dəhşətli yuxular pis şam yeməyinin nəticəsidir.
- Bəlkə polkovnik Reysə müraciət edəsiniz? - səbirlə ona məsləhət gördüm.
- O da heç yanda yoxdur.
Bütün hərəkətimlə bu incə məsələyə qarışmaq istəmədiyimi bildirərək dərindən nəfəs alıb, özümü kresloya yıxdım
- Ser Yustas, belə düşünürsünüz ki, Anna ilə Reys gəzməyə çıxıblar? Gecə yarısı?
- Axı, əzizim, bütün dünyaya məlumdur ki, gənc xanımlar bəzən kiçik xətalara yol verirlər.
- Demək istəyirsiniz ki...
Əgər Reys tək, Annasız içəri daxil olmasaydı, bilmirəm bu nənasız söhbət nə ilə qurtaracaqdı.
Çox keçmədən bütün otelin altı üstünə çevrildi. Onun oteldən gecə çıxdığı və sonra onu heç kəsin görmədiyini aydınlaşdırmaq mümkün oldu. Yazıq Reys ozündə-sözündə deyildi. O, ətrafda hər yanı gəzdi. Şəlalələr tərəfdə, birbaşa sıldırıma gedən cığırda qadın ayaqqabılarının izi tapıldı.
Bu haqda nə fikirləşirlər, bilmirəm, ancaq çoxdan etdiyim müşahidələrimi bildirdim:”Lunatiklərin başına heç vaxt heç bir hadisə gəlmir”. Lakin missis Bler heç cür sakitləşmədi. Onu anlaya bilmirəm. Bu yaxınlaradək polkovnik Reyslə elə dost idi ki... İndisə missis Bler polkovniki pişik siçanı izləyən kimi izləyir. Ümumiyyətlə, o özünü çox əsəbi aparır, hər tıqqıltıdan diksinir, sanki daim nədənsə çəkinir. Deyəsən, Yohannesburqa getməyin vaxtı çatıb.
Hə, yeri gəlmişkən, bu günlər çaydakı gizli ada haqqında söz-söhbət gəzir. Deyirlər, orada bir kişi və gənc qadın yaşayır. Onlar orada çoxdanmı məskən salıblar, birlikdə gəliblərmi, ya qadın sonradan gəlib - bunlar barədə heç kim bilmirdi. Hər ehtimala qarşı qəti aydın idi ki, həmin qadın miss Bedinqfeld deyil. Bu şayiə nəyə görəsə Reysi möhkəm həyəcanlandırdı.
Xeyli keçmiş
Yohannesburqa gedirəm. Orada işlər yaxşı deyil. Vəziyyət kəskinləşməmiş çatmaq lazımdır. Missis Bler mənimlə getmək istəyirdi, lakin sonra fikrini dəyişdi. Bu gün axşamsa mənə yaxınlaşaraq xahiş etdi ki, ağac fiqurlardan ibarət yükünü Keyptauna göndərim və onlardan göz olmağı Peqqetdən xahiş edim. Hələ bir müddət də Peqqetdən xilas olmaq üçün əla bəhanədir! Tez Peqqetə məktub yazdım ki, yükləri alsın və böyük bədii sərvət kimi qorusun.
XXVII
(Ser Yustasın gündəliyindən)
Artıq Yohannesburqdayam. Burada şərait çox pisdir. Tətilçilər dəstəsi küçədə keşik çəkirlər. Yəqin kapitalistləri axtarırlar. Taksidə getmək təhlükəlidir - tətilçilər maşından sizi əlüstü sürüyüb çıxararlar.
Yenidən “Kilmorden Kastl”ın səfərdaşı olan Rivslə görüşdüm. Digər yerlilər kimi Rivsi də uzun-uzadı nitq irad etməyə öyrətmişdilər. Belələri ertəsi gün təzədən bir gün əvvəl nəyi deyib - deməmək istədiklərini uzunçuluqla isah etməyə başlayırlar. Elə iclasda da belə olurdu.
Peqqeti Keyptaunda saxlamaq üçün uzun müddət müxtəlif bəhanələr uydurdum. Lakin onu razı salmağa fantaziyam çatmadı və sabah o, mənimlə gedəcək.
İndicə hökumət məmuru ilə danışdım. O buradakı vəziyyəti kədərli tonda izah etdi və daha sakit yerə - Pretoriyaya getməyi məsləhət gördü.
- Yeni qarışıqlıqlar gözlənilir? - deyə, soruşdum.
- Tətilçilərin özlərindən real təhlükə gözlənilmir, ser Yustas. Onların arxasında naməlum güclü təşkilat durur. Əlimizə kodlaşdırılmış sənədlər keçib. Bu sənədlərdə həmin təşkilatın tətilçilərə göndərdiyi “kartof”, “güllər” və digər “göyərtilər” barədə məlumat var. Kod o qədər də mürəkkəb deyil:söhbət silahlardan və partlayıcı maddələrdən gedir.
- Maraqlı xəbərdir.
- Maraqdan da artıqdır, ser Yustas. Bu şeytan təşkilatının başçısının hazırda Yohannesburqda olması barədə əlimizdə faktlar vardır. Belə ki, hər şey gözləmək olar və buna görə də sizə iki vəsiqə veririk.
- Biri sizin adamlar, digəri tətilçilər üçün, eləmi?
- Tamamilə doğrudur.
Bu ideya xoşuma gəlmədi. Belə hallarda nə baş verdiyini yaxşı bilirəm:bir də görürsən tələsiklikdə səni istəməyən adama lazım olmayan vəsiqəni göstərdin. Pretoriyaya da getmək istəmirdim. Əgər tətilçilər dəmiryol xəttini dağıtsaydılar, allah bilir, orada nə qədər veyillənəcəkdim. Eşitdiyimə görə artıq ilk partlayışlar olub.
- Heç bir vəsiqə lazım deyil - məmura dedim, - Pretoriyaya da getməyəcəyəm. Bir özünüz fikirləşin:Pretoriyada oturub Yohannesburqdakı vəziyyəti öyrənmək olarmı? Yox, mən burada qalıram.
- Nahaq yerə, ser Yustas. Nəzərə alın ki, ərzaq məsələsi çətinləşəcək. İndinin özündə ərzağın gətirilməsi tez-tez ləngiyir.
Bu vaxt mənə teleqram gətirdilər və onu son dərəcə təəccüb içərisində oxudum: ”Anna sağ-salamatdır. Biz Kimberlidəyik. Suzanna Bler.”
Heç nə başa düşmürəm. Bu qədər vaxtı bu qız harada itib-batıb və birdən-birə Kimberliyə necə düşüb? Təpədən dırnağacan tapmacadır! Teleqramı cibimə dürtüb, məmurla xudahafizləşdim. Bu saat böyük məmnuniyyətlə tünd bir şey içərdim. Ancaq iki gündür ki, Yohannesburqda spirtli içkilər satılmır. Bir qədəh üçün nə qədər desələr verərəm. Bəlkə, Keyptaundan bir şüşə viski gətirməyin yolunu Peqqet bilir?..
Burada yaxşı əntiq şeylər mağazaları var. Gəzməyə çıxanda onlardan birinin qarşısında dayanıb, vitrindəki suvenirlərə baxırdım. Bu vaxt yenə də gözlənilməz iş baş verdi – Reys mağazadan çıxdı! Məncə, bu görüşdən o, heç də sevinmədi.
- Sizinlə Yohannesburqda rastlaşmağı gözləmirdim, polkovnik. Nə vaxt gəlmisiniz?
- Dünən - Reys quru cavab verdi.
-Əgər gizli deyilsə, hara düşmüsünüz?
- Dostlarımın yanına.
“Polkovnik o qədər də söhbətcil deyil”- deyə, fikirləşdim. Buna baxmayaraq soruşdum:
- Miss Bedinqfeldin sağ-salamat olduğunu bilirsinizmi?
- Hə - Reys başını tərpətdi. – Bütün bu müddət ərzində o, bir cavanla adada qalırmış.
- Görəsən, kimdir o bəxtəvər?
Reys özünü elə göstərdi ki, guya mənim sualımı eşitmədi.
- Nə etmək olar, - dedim, - demək istəmirsənsə, demə, lazım deyil.
- Harri Reynborn imiş. Əslində isə o, Lukasdır – nəhayət Reys bildirdi. – Onu yenə də əldən buraxdıq, ancaq hökmən tapacağıq. Lap tezliklə.
- İlahi, ilahi...- eşitdiklərimdən sarsılaraq deyindim.
- Lakin, miss Anna heç də Reybornun xəbərçisi deyil. Anna sadəcə olaraq ona vurulub. Hazırda miss Bedinqfeld Beyradadır. Yazıq İngiltərəyə qayıtmağa hazırlaşır.
- Beyrada? – təəccüblə teleqramı Reysə uzatdım. – Onda bunu necə isah edərsiniz?
Reys məndən az pərt olmadı.
- Lənət şeytana! – deyə, hiddətləndi. – Onlar Kimberlidə nə edirlər?
- Görünür, qadınları heç vaxt başa düşməyəcəyik, Reys...
Biz xudahafizləşdik. Beləliklə, mağazaya daxil olmadan ofisə qayıtdım. Hökumət məmuru məni görəndə sevindi:
- Üzr istəyirəm, ser Yustas, sizə bir neçə sualım var.
- Buyur əzizim.
- Sualım katibinizə aiddir.
- Peqqetə?
- Xeyr. Mən nəzərdə tuturam...
- Miss Petiqrini deyirsiniz? – təəccüblə səsimi ucaltdım.
- Düz tapmısınız, ser Yustas. Bizim agentlər onun əntiq şeylər mağazası “Arqasato”ya girdiyini görüblər.
- Nə olsun ki? – yenidən təəccübləndim. – Deyəsən, sizin ölkədə özünü şübhəyə salmamaq üçün bir addım da atmamalısan.
- Lakin, ser Yustas, bu mağaza bizə adamları bund qaldırmağa təhrik edən təşkilatın yığışdığı yer kimi məlumdur. Buna görə də miss Petiqrinin necə sizin katibəniz düzəlməsini bilmək istəyirdim.
- Onu mənə sizin hökumət məsləhət görüb – deyə, soyuq cavab verdim.
XXVIII
(Anna Bedinqfeldin hekayəti)
Bir neçə gün Livinqstonda, Nedin yanında qaldım. Harri ilə danışdığımız kimi, sonra Kimberliyə gəldim və dərhal Suzannaya teleqram vurdum. O az qala hər bir stansiyadan teleqrafla xəbər verərək yanıma tələsdi. Bununla da Suzannanın həqiqi dostluğuna bir daha əmin oldum. Emosiyalarımız sakitləşəndə axır vaxtlar keçirdiyim əziyyətli günlər barədə rəfiqəmə ətraflı danışdım. Məni axıradək dinləyəndən sonra Suzanna yavaş-yavaş, sanki hər sözünü ölçüb-biçərək dedi:
- Demək... polkovnik Reys...
Onun daha nə deyəcəyini gözləməyə hövsələm çatmırdı.
- Polkovnik Reys...- o təkrar etdi. – Ona elə rəğbət bəsləyirdim, səninçün gözəl nişanlı sayırdım... Lakin sən itən gecəsi ona qarşı səmimi hisslərim puç oldu. Sənin Reysə olan inamsızlığını xatırladım və onun hər addımı məndə şübhə doğurmağa başladı. Almazlar üçün xüsusilə narahat oldum. Onları özümdə saxlamaq getdikcə daha təhlükəli olurdu...
Suzanna ətrafı gözdən keçirdi və necə hərəkət etdiyini pıçıltı ilə danışdı.
- Əla ideyadır – deyə, bəyəndiyimi bildirdim. Bu saat bundan əlverişli yol yoxdur.
- Ancaq, sən əlini ağdan-qaraya vurmayana oxşamırsan – Suzanna gülümsündü.
O düz deyirdi. Gündüz teleqram almışdım:”Salamat çatdım. Hər şey yaxşıdır. Erik və Yustas buradadırlar. Harri bu gün gələcək. Yerində qal. Andi.” Polkovnik Reysi Erik adlandırmağı qərara almışdıq. Bu ad mənə iyrənc göründüyü üçün seçmişdik. Harri adı altında isə Qay Peqqet nəzərdə tutulmuşdu. Yohannesburqa gedən qatar axşam beş qırxda Kimberliyə çatmalı və altı tamamda yoluna davam etməli idi. Stansiyada 20 dəqiqəlik dayanacaq Peqqeti axtarıb tapmağıma və ona yeganə sualımı verməyə bəs edərdi. Suzanna da mənimlə stansiyaya getmək istəyirdi, lakin onu başa saldım ki, Peqqetlə söhbətim əlavə şahid olmadan üz-üzə olmalıdır.
Qatar azca gecikmişdi. Peqqeti çətinlik çəkmədən tapdım. Məni görən kimi özünü itirib kəkələdi:
- İlahi! Miss Bedinqfeld... hamı sizin itdiyinizi düşünür.
- Ancaq görürsünüz ki, yenidən peyda olmuşam. Sizdən yalnız bir məsələ barədə soruşmaq istəyirəm: yanvarın 8-də Marlouda nə edirdiniz?
Peqqet özünü daha da itirdi.
Mən isə təkid edirdim:
- Axı, siz orada idiniz, mister Peqqet! Deyin, nə üçün?
- Bəyəm...bəyəm ser Yustas sizə heç nə deməyib?
İndisə karıxmaq növbəsi mənə çatdı:
-Ser Yustas? O bu haqda bilir?
- Əminəm ki, bilir... Demək olar, əminəm... Onun etdiyi işarələr, zarafatlar... Məncə, o, həmin gün məni görmüşdü, bütün bu illər ərzində hər şeyi anlamışdı...
Qətiyyən bir şey anlamadım. Peqqet isə qolun-qıçın qıra-qıra üyüdüb tökürdü: - Ola bilsin, haqlı deyiləm, lakin mənə belə gəlir ki, bu cür günahsız aldat...
Fit çalındı. Peqqet vaqona qalxmaq üçün məhəccərdən yapışdı.
- Axı, Marlouda nə edirdiniz? – yenidən cavab almağa nail olmaq istədim.
- Bu mənim səhvimdir, ancaq şərait...
- Hansı şərait? – ümidsizliklə qışqırdım.
- Bağışlayın, miss Bedinqfeld, lakin bunun şəxsən sizə heç bir dəxli yoxdur.
Peqqet vaqon meydançasına qalxdı. Müvəffəqiyyətə bütün ümidimi itirərək, qarasına dedim:
- Başa düşürəm, qorxursunuz! Utanırsınız, elə deyilmi?
- Qorxuram? – o, təhqiredici tonda təkrar etdi və dərhal bir necə sözlə öz sirrini açdı. Lakin bu, mənim eşitmək istədiklərimə qətiyyən uyğun gəlmirdi. Qatar yola düşdü və mən karıxmış halda otelə yollandım. Orada məni Yohannesburq yaxınlığındakı kiçik stansiyaya getmək üçün dəqiq göstərişlər yazılmış teleqram gözləyirdi. Teleqrama Harri imzası qoyulmuşdu.
ardı var