AXTAR

AQATA KRİSTİ “QƏHVƏYİ KOSTYUMLU KİŞİ” V hissə

Roman (tərcümə edən: Novruz Novruzov, Bakı, “MBM” 2008)


XXII

Bulavayoya şənbə günü çatdıq. Şəhərin təbii gözəlliyi məni heyran edirdi. Göydən od ələnirdi. Otel xoşuma gəlmədi. Ser Yustas qaşqabaqlı, əsəbi idi. Məncə, hər şeydən əvvəl onu bizim aldığımız heyvan fiqurları, xüsusilə boy-buxunlu zürafənin kədərli gözləri və uzun boğazı əsəbiləşdirirdi.Qırx doqquz fiqur gözləmədiyimiz halda xeyli yer tutdu. Onların quruluşu çox yöndəmsiz idi.Buna görə də fiqurları stansiyadan otelə daşımaq üçün iki hambal tutmalı olduq. Bizim ekzotik heyvanxananın sakinləri elə hey yıxılırdılar. Fiqurlardan birinin başı qırılandan sonra onları bacardığımız qədər qucağımıza yığıb özümüz daşıdıq. Polkovnik Reys də kömək etdi. Nəhəng zürafəni isə son dərəcə səmimi görünməyə çalışaraq ser Yustasa ötürdüm. Miss Petiqrinin payına gombul begemot və iki qara döyüşçü düşdü. Kupedə peyda olduğum gündən nədənsə o, məni sevmirdi. Həmişə məndən qaçmağa səy göstərirdi. Vaxt ötdükcə hərdən vaqonda onunla rastlaşanda sifəti mənə lap az da olsa tanış gəlirdi. Halbuki, nə vaxtsa, haradasa bu qadını görmədiyimə and içə bilərdim.
Oteldə rahatlanıb dincimizi alandan sonra Matonosa ekskursiyaya getməyi planlaşdırmışdıq. Lakin son anda ser Pedler fikrini dəyişdi. Keyptauna gəldiyimiz gün restoranda balıq tikələrini əsəbiliklə döşəməyə fırıldatdığı vaxtda olduğu kimi indi də əhval-ruhiyyəsi yaman pis idi. Oteldə oturaraq hambalları, ofisiantları lənətləyir, xidmətçilərin dalınca donquldanırdı. Onun yanından əl çəkməyən miss Petiqri də payını ala bilərdi. Lakin o, məharətlə elə təkəbbürlü dayanmışdı ki, ser Yustas onun pisliyinə danışmağa cürət etmədi. Və əgər bu an bizim məşhur zürafə ser Yustasın əlinin altında olsaydı, təbii ki, onu da balıq tikələri kimi döşəməyə fırıldadardı.
Hə, baş tutmayan ekskursiyamız haqqında. Ser Yustas ekskursiya barədə fikrini dəyişəndə miss Petiqri də qaldığını bildirdi - birdən şefə lazım olardı. Sonra başı ağrıyan Suzanna da getməkdən imtina etdi. Yalnız polkovnik Reyslə mən geri çəkilmədik.
Son dərəcə köhnə, sınıq-salxaq “fordda” yola düşdük. Gözəl mənzərələr bir-birini əvəz edirdi. Yol boyu qeyri-adi cizgilərə malik iri qaya parçalarına rast gəlirdik. Qəfildən yolda sanki neandertal insan peyda olurdu. O, atamın həmişə dediyi kimi, mənə də tamamilə real görünürdü. Polkovnik Reys özünü qəribə aparırdı. Matonosa yola düşənədək o, mənə maraqlı müsahib, ünsiyyətcil adam təsiri bağışlayırdı. Amma yol boyu nədənsə tərsliklə susurdu. Onun qaradinməzliyi məni daha cox sıxırdı. Nəhayət, dözə bilməyərək həvəslə dedim:
- Məncə, qabaqlar burada nəhəng adamlar yaşayıblar.
- Reys susurdu.
- Şübhəsiz, bax orada nəhənglər yaşayıblar - deyə, davam etdim. - Onların da uşaqları olub. Yer üzünün bütün uşaqları kimi onlar da daşlarla oynayıblar. Oynatdıqları daşları müxtəlif cür düzüblər. Maraqlı bir şey alınanda seviniblər.
- Həqiqətə düşündüyünüzdən daha yaxınsınız, miss Anna! - Reys qaşqabaqlı cavab verdi.
- Qeyri-adi mənzərədir, eləmi? - başlanmış söhbətdən sevindim.
- Həqiqətən qeyri-adidir - öz daxili fikirlərindən çətinliklə ayrılan Reys dedi. - Lakin belə qeyri-adi sərt mühitdə yaşayan insan tez qəddarlaşır.
- Bəlkə də elədir - Harri Reybornu xatırlayaraq dedim. - Qəddar ola bilər, amma zəif olmaz.
- Məsələ kimi zəif hesab etməkdədir, miss Anna.
- Məsələn, uşaqları və itləri.
- Bəs, qadınları zəiflərə aid etmirsiniz?
- Qadınları?... Onlar yalnız inkişaf etmiş cəmiyyətdə zəif olurlar. Atam əmin idi ki, bəşəriyyətin ilkin oyanışında kişi və qadın dünyanı birgə fəth ediblər. Şirlər, pələnglər kimi bərabər güc ilə...
- Zürafələr...
- Zürafələr də - deyə, gülümsündüm. - Əvvəlcə insanlar uzun müddət köçəri həyat sürüblər. Oturaq həyata keçəndə isə kişi və qadın arasında iş bölgüsü olub. Bundan sonra qadınlar zəifləməyə başlayıblar. Buna görə də onlar kişi gücünə-bir vaxtlar itirdikləri gücə sitayiş edirlər.
- Miss Anna, siz sadece olaraq vurulmusunuz! - Reys gözlənilmədən nəticə çıxardı.
- Səhviniz var!-bacardığım qədər sərt cavab verdim.
“Ford” ağır-ağır xırıldayıb dayandı. Maşından düşüb, dağ yamacı ilə yavaş-yavaş qalxmağa başladıq. Artıq neçənci dəfə idi ki, polkovnik Reyslə ünsiyyətdə bir narahatlıq duyurdum. İndi anladım ki, daha ondan ehtiyat edirəm.
Zirvədə bir az oturaraq sakitlikdən zövq aldıq. Sonra geriyə qayıtdıq. Ensiz dar keçiddə Reys əlini mənə uzatdı. - Mən sizi keçirərəm-demek olar əmr etdi.
Məni qucağına alaraq daşlardan ehtiyatla keçirib, cığıra qoydu. Bu adamın polad əzələləri vardı! Mən qorxmağa başladım. Cünki o, mənə sıxılaraq dayanıb, diqqətlə gözümün içinə baxırdı.
- Bura niyə gəlmisiniz, miss Anna? - o, ciddiyyətlə soruşdu.
- Qaraçı şıltaqlığıdır, polkovnik Reys, sadəcə işıqlı dünyada avaralanıram. Bir də ki, jurnalistika...
- Jurnalistika bəhanədir. Daha nə?
- Bəs, siz burada nə edirsiniz? - deyə sualdan qaçmağa çalışdım. - Deyirlər ki, siz əks-kəşfiyyatdansınız. Düzdürmü?
Sifəti bir anlığa tutuldu. Sonra dedi:
- Sizdən fərqli olaraq, miss Anna, mən səyahətdəyəm. Öz kefim üçün.
İkimiz də susaraq dinməzcə “fordun” yanına qayıtdıq. Bulavayoya gedən yolda Reys gözlənilmədən əlimi əlinə aldı və mənim dərin təəccübümə baxmayaraq dedi:
- Anna, mənim arvadım olun.
Nə cavab verəcəyimi bilmirdim. Nəhayət, həyadan sıxılaraq güclə eşidiləcək səslə dedim:
- Yox, polkovnik.
- Axı, niyə? Sizə mane olan nədir?
Anladım ki, onun təmiz, birbaşa təklifinə, təmiz və birbaşa cavab vermək lazımdır. Belə də etdim.
- Mənim yolum başqadır.
- Aydındır, - Reys bir az susaraq dedi. - Sizi “Kilmorden”də ilk dəfə gördüyüm vaxt o başqası vardı?
- Yox - deyə, etiraf etdim. O, sonra peyda oldu.
- Aydındır - Reys təkrar etdi.
Bu dəfə onun səsi gərgin, cingiltili idi.
- Bəlkə izah edəsiniz...
- Nə etmək lazım gəldiyini özüm bilirəm! - Reys çaşqınlıq içərisində qətiyyətlə bildirdi.
Və yenidən, bu səfər vaxtı Allah bilir, neçənci dəfə məni qorxu bürüdü.
Yolun qalan vaxtı bir kəlmə də kəsmədik. Otelə çatan kimi Suzannanın yanına getdim. O, yataqda uzanıb kitab oxuyurdu. Sakit sifətində ağır baş ağrisindan əsər-əlamət yox idi.
- Sənə nə olub, əzizim? Nə baş verib? - Suzanna gözümdəki yaşı görüb soruşdu.
- Heç nə, Suzi - deyə, onu sakitləşdirdim, heç bir şey olmayıb.
Polkovnik Reys barədə hər şeyi ona danışa bilməzdim, bu, nanəciblik olardı. Bir az adi şeylərin qeybətini etdik. Sonra Suzanna dedi:
- Almazları neyləmək barədə fikirləşməliyik. Bu vaxtadək heç kim onları məndə axtarmaq fikrinə düşməzdi, lakin indi səninlə rəfiqə olduğumu düşünəndə...
- Onların kasetdə olduğu heç kəsin ağlına gəlməz - deyə, etiraz etdim. Bundan gizli yer çətin tapıla.
Belə qərara gəldik ki, bu məsələnin üzərinə bir də Şəlalələrə qayidanda gələk. Qatarımız Bulavayodan səhər saat doqquzda çıxdı. Ser Yustasın kefi açılmamışdı. Onun əhval-ruhiyyəsi miss Petiqriyə də sirayət etmişdi. Polkovnik Reys özünü elə aparırdı ki, sanki heç nə olmamışdı. Bütün gecəni gözümü yummadan yataqda eşələndim və sabahı baş ağrısı ilə açdım. Saat ikidə polkovnik Reys pəncərəyə yaxınlaşmağımı xahiş etdi.
- Ağ duman topasını görürsünüz? Bax, orada, uzaqlarda... Ora Şəlalələrdir.
Birdən nə isə qəribə hisslər keçirtdim. Şəlalələrə yaxınlaşdıqca qəlbimə belə bir hiss hakim kəsilirdi ki... evə qayıdıram. Amma, niyə? Axı, burada heç vaxt olmamışam, hətta yuxuda da.
Yaşadığımız otel ağappaqlığı ilə göz qamaşdırırdı. Onun ətrafında nə evlər vardı, nə də yollar. Biz baxış meydançasına qalxdıq və məni təlaş götürdü. Bizdən yarım mil aralı almaz kimi parıldayan su qovuşuğunda Şəlalələr bərkdən uğuldayırdı. Möhtəşəm, gözəl mənzərə idi!
- Bu gün səni tanımaq olmur, Anna, - yeməyə gedəndə missis Bler maraqla mənə baxıb, dedi. – Mələklərmi əsalarını sənə toxundurublar?
- Düz tapmısan! - deyə, gülümsündüm. Lakin gülüşüm qeyri-təbii olduğundan tələsik əlavə etdim: - Suzanna, mən sadəcə olaraq Şəlalələrə vurulmuşam.
- Yalnız Şəlalələrəmi?
Həqiqətən Şəlalələrin gözəlliyindən sarsılmışdım. Lakin təbiətin böyüklüyü qarşısında xoşbəxt həyəcanla yanaşı hökmən burada baş verməli olan qeyri-adi hadisələri duymağım məni narahat edirdi.
Çay dəstgahından sonra kiçik vaqonlara oturduq və hər şeyə biganə zəncilər onları nazik relslərin üzəri ilə Şəlalələrə tərəf itələməyə başladılar.
Qarşımızda sıçrantı dumanı içərisində yüksəklikdən tökülən nəhayətsiz su axını daşlara çırpılaraq coşan, bir anda qəfil qıvrılaraq təlatümlü burulğan yaradan və yenidən birləşərək sanki sirrini əbədi gizlədən Şəlalələrin gözəl mənzərəsi açılırdı. Bu sürüşkən sirr məni necə də özünə çəkirdi!
Körpüdən kecərək kənarlardan ağ daşlarla nişanlanmış cığıra çıxdıq. Cığır yarımdairəvi uçurumun kənarından keçirdi. Yarımdairəni keçib, aşağıya gedən digər ensiz cığırın başında ayaq saxladıq.
- Gəlin, düşək - Reys təklif etdi. - Ya bəlkə sabaha saxlayaq?
- Sabaha qalsa yaxşıdır - ser Yustas dedi və biz körpüyə qayıtdıq.
- Əgər islanmaqdan qorxmursunuzsa, onda gəlin Göy Qurşağı meşəsinə baş çəkək - Reys dedi.
Suzanna ilə mən onun təklifini qəbul etdik.
Ser Yustas yenə də imtina etdi və otelə qayıtmaq üçün vaqonlara tərəf qayıtdı. Düzünü desəm, Göy Qurşağı meşəsi elə bir xüsusi təəssürat yaratmadı, lakin təpədən-dırnağadək islandıq.
Şam yeməyindən sonra Pedler miss Petiqri ilə öz otağına çəkildi. Polkovnik Reyslə bir az çənə döyəndən sonra Suzanna ilə mən də öz nömrələrimizə getdik. Elə həyəcanlıydım ki, yuxuya gedə bilmədim. Paltarımı soyunmadan yerimə uzanıb gözlərimi yumdum və gərginlik içərisində gözləməyə başladım:nəsə baş verməliydi. Bu sirli “nəsə” hər an yaxınlaşırdı... Kimsə qapını döydü. Açıb gördüm zənci balasıdır. O, əlindəki məktubu mənə verən kimi yoxa çıxdı. Məktub mənim adıma yazılmışdı. Xətt tanış deyildi. Bir neçə an tərəddüdlə durub baxdım, sonra kağızı açıb oxumağa başladım:”Sizi görməliyəm. Otelə gələ bilmərəm. Şəlalələrin yanında, körpünün arxasında gözləyirəm. Əgər on yeddinci kayutu hələ unutmamızsınızsa, gəlin. Harri Reyborn kimi tanıdığınız şəxs.”
Demək, o buradadır! Hardasa, lap buralarda! Mən ki onun yaxında olduğunu hiss edirəm! Qəlbimlə bunu duyurdum. Şərfimi boynuma dolayaraq barmaqlarımın ucunda nömrədən çıxdım. Suzannanın otağına çatanda bir saniyəliyə dayandım. İçəridən səs gəlmirdi. Ser Yustasın otağı yanından sivişib keçəndə onun səsini eşitdim:katibəsinə nə isə diktə edirdi. Reysin qaldığı nömrənin qapısı yarıaçıq idi, özü isə yoxuydu. Bu saat hamıdan çox Reysdən ehtiyat edirdim. Oteldən çıxaraq körpüyə tərəf tələsdim. Körpünü keçərək kölgədə gizlənib ətrafa nəzər saldım. Məni heç kəs izləmirdi. Bu da Şəlalələrə baxıb zövq aldığımız meydança. Bir yerdə dayanıb, diqqətlə ətrafı dinlədim. Arxadan xışıltı gəldi. Əgər xışıltı salan adam idisə, onda otelin sakinlərindən deyildi, axi məni heç kim izləmirdi. Təəccüblüdür! Bir neçə addım atıb, yenə ətrafa göz gəzdirdim. Qaranlıqda yad kişi dayanmışdı. Üzü görünmürdü. Demək, məni kimsə burada gözləyirmiş? Reyborn? Əgər odursa, bəs, məndəki kəskin instinkt ölüm hissi hardandır? Geri döndüm-heç kəs yox idi. Bir addım atdım, ikincisini atanda... yenə xışıltı gəldi. Bir saniyə sonra hər şeyi başa duşən kişi arxamca götürüldü. Ağ daşlarla haşiyələnmiş cığırla bütün gücümü toplayıb qaçırdım. Qaranlıqda nicat yolu yalnız ağ daşların uzandığı istıqamətdə idi. Birdən torpaq ayağımın altından qaçdı. Arxada təntənəli qəhqəhə eşidildi. Qəhqəhə səsi qulaqlarımda cingildədi və mən aşağı yuvarlandım.

XXIII

Necə saatdan sonra ayıldım, bilmirəm. Bütün bədənim əzilmiş, başım yarılmışdı. Tərpənməyə cəhd etdim. Sol əlimdən cəhənnəm ağrısı qalxdı və yenidən huşumu itirdim. Gözlərim qarşısında qorxunc varlıqlar rəqs edirdi. Arabir mənə elə gəlirdi ki, uçuruma yuvarlanmaqda davam edirəm. Sonra qalın duman içərisində Reybornun həyəcanlı üzü göründü. Sonra yenidən itdi və təhlükə barədə Harrini xəbərdar etmək üçün məndə üzücü bir istək yarandı. Ancaq, hansı təhlükədən-heç özüm də bilmirdim. Kimsə fincanı dodaqlarıma yapışdırdı və dərman iyi verən suyu içdim. Bundan sonra hiss etdiyim tam qaranlıq və dərin xilasedici yuxu oldu.
Gözlərimi açanda başıma gələnləri bir anlığa xatırladım. Bu dəfə hansı möcüzənin təsiriylə sağ qalmışdım? Kim məni xilas etmişdi? İndi haradayam? Divarlarına heyvan dəriləri döşənmiş bir komada idim. Sol əlimin sarındığını gördüm. Yalnız bu vaxt ağacdan yonulmuş Afrika fiquru tək tərpənməyən kişini seçə bildim. Başının formasından tanış gəlirdi. Nəhayət, o, mənə tərəf çöndü və Harri Reybornu görəndə az qala nəfəsim dayandı. Ancaq, bu, yuxu yox, həqiqət idi.
O qalxıb mənə yaxınlaşdı və onun ümidverici səsini eşitdim:
- Hə, indi necəsən?
Cavab verməyə güc tapmayaraq uzandığım yerdə göz yaşı axıdır, onun əlini minnətdarlıqla ovcumda saxlayırdım.
- Bəsdir ağladın, Anna. Xahiş edirəm, qurtar. Allaha and olsun, bir də səni incitməyə heç kəsin gücü çatmaz.
O, mənə fincanda süd verərək, nəvazişlə dedi:
- Xahiş edirəm, iç... Bax, belə... İndisə yat. Tez düzələcəksən, lap tez.
O əlini əlimin üstünə qoyub, yanımda oturdu.
Ayılanda gec idi. Gözlərimi açdığımı görən son dərəcə kifir və qorxunc, ancaq mülayimliklə gülümsəyən qoca zənci qadın mənə yaxınlaşdı. Kasada verdiyi supu axıra qədər içdim. Onunla danışmağa səy göstərdim, amma zənci qadın yalnız gülümsəyib başını təsdiqedici tərzdə tərpətdi və qırtlağında hansısa dildə tez-tez nəsə dedi. Harri komaya girəndə o, hörmətlə ayağa qalxdı.
- Hə, necəsən? Əhvalın düzəlir?-Harri gülümsündü.
- Mən hardayam, Harri?
- Zambezinin ortasındakı kiçik adada. Şəlalələrdən təxminən dörd mil arali.
- Burada olduğumu dostlarım bilirlərmi?
- Yox.
- Çoxdan buradayammı?
- Bir aya yaxındır.
Reybornun cavabı, demək olar, məni çaşdırdı.
- Harri! Gecikmədən Suzannaya xəbər vermək lazımdır!
- Suzanna kimdir?
- Missis Bler. Şəlalələrə ser Yustas, polkovnik Reys və onunla birlikdə gəlmişəm. Oteldə yaşayırıq. Sən ki, bilirsən...
- Heç nə bilmirəm. Səni uçurumun üzərində, ağac budaqlarının arasından tapmışam. Budaqlara ilişib qalmışdın. Əgər ağac olmasaydı...
Dəhşətdən udqundum. Sonra soruşdum:
- Bəs, məktub?
- Nə məktub?
- Otelə göndərdiyin məktub.
- Mən heç bir məktub-zad göndərməmişəm-o, təəccüblə dedi.
Mənə elə gəldi ki, tüklərimin dibinə qədər qızardım, lakin xoşbəxtlikdən o bunu hiss etmədi.
- Bəs, onda məni necə tapmısan? Bu adada nə edirsən?
- Mən burada yaşayıram-Harri cavab verdi. – Özü də çoxdan, müharibə qurtarandan dərhal sonra. Burada məni Harri Parker kimi tanıyırlar. Turistləri Zambezidə qayıqla gəzdirirəm. Ümumiyyətlə, istədiyimi edirəm.
- Tək yaşayırsan?
- Cəmiyyətdən qaçıram - o, kəskin cavab verdi.
- Sənin yalqızlığını pozduğum üçün bağışla. Deyəsən, mən qonaq kimi dəvət almamışam.
- Hələ bir deyirsən də. Səni tapanda kürəyimə atıb qayığa gətirdim. Daş dövrünün kişiləri öz ovlarını mağaraya belə daşıyarmışlar.
- Ümid edirəm ki, başqa məqsəd üçün. O pıqqıldadı. Vəziyyəti düzəltmək üçün tez soruşdum:
- Bəs, məni necə tapdın?
- Başa düşürsənmi, o günü heç cür yata bilmədim. Nədənsə varlığımı həyəcan bürümüşdü və hisslərim məni sahilə qovurdu. Qayığa oturub Şəlalələrə getdim, şata-çatda qışqırıq eşitdim...
- Bəs, niyə dostlarımı oteldən çağırmadın? Nə üçün bura gətirdin?
Harri yenidən qıpqırmızı oldu.
- Belə hərəkəti bağışlanılmaz özbaşınalıq saymaqda haqlısan. Amma, mənim fikrimcə, düz hərəkət etmişəm. “Dostlar”- deyirsən? Onların əhatəsində az qala həlak olmuşdun. Düz demirəmmi? Sənin qayğına omların hər hansı birindən yaxşı qalıram. Heç bir canlı bu adaya göz qoymur. Zənci qadın mənə sadiqdir. Heç kəsə bir kəlmə də deməz. Burada nə qədər istəsən, yaşaya bilərsən.
Bu sözləri ondan eşitmək nə qədər xoş idi!
- Bəlkə də sən haqlısan. Hələlik, bir kəsə xəbər vermək lazım deyil. Onsuz da bir ay keçib, bir-iki günün keçməyilə də bir şey olmaz. Axı, onlar heç mənim qohumlarım da deyil! Yalnız tanışlarıq. Hətta Suzanna da. Bəs, Harrinin məktubu? Bu, kimin işidir?
- Anna, əgər sən hələ “Kilmorden”də verdiyim məsləhətlərə əməl etsəydin?! Axı, səni xəbərdar etmişdim ki, bu əhvalata baş qoşmayasan... Bəri bax, sən həmişə öz istədiyin kimi hərəkət edirsən?
- Bəzən-deyə, cavab verdim. Halbuki, başqasına “həmişə!” deyərdim.
- Ərinə yazığım gəlir! - deyə, Harri gözlənilmədən gülümsündü.
Səhhətim tez gümrahlaşırdı. Vaxt hiss olunmadan keçirdi. Adada həyat şox qəribə idi! Biz bütün dünyadan ayrı düşmüşdük. Adəm və Həvva kimi yalqız idik. Palmaların altında, kölgəlikdə əyləşərək dünyada olan və baş verən hər şey barədə söhbətləşir, mübahisə edir, hətta dalaşır və dərhal da barışırdıq. Lakin mənim tam sağalmağım gün gələcəkdi. Bəs, onda? O bir söz demədən məni asudə buraxacaqdımı?
Orada qaldığım vaxtı daha hesablamadım. Bəlkə də aradan bir ay keçmişdi. Və bir axşam həyatımızın sakitliyi pozuldu. Komanın qapısı ağzında oturmuşduq. Günəş üfüqün arxasında gizlənmişdi.Üzümdə Harrinin inadlı baxışlarını hiss etdim. Sonra o, əlini uzadıb saçlarıma toxundu... və gözlənilmədən hirslə çığırdı:
- Vəssalam! Daha bəsdir! Günü sabah getməlisən! Eşidirsən? Günü sabah! Nəhayət başa düşməlisən ki, belə davam edə bilməz!
- Davam edə bilməz! - astadan dedim. - Lakin... bu xoşbəxtlikdir, Harri.
- Xoşbəxtlik? Cəhənnəmdir bu! Bildin?!
- Yox, canım? - deyə gülümsündüm.
- Nəyə gülürsən?! Mənə lağ edirsən?
- Gülüb, eləmirəm. Əgər istəyirsənsə, gedə bilərəm. Qalmağımı istəyərsənsə, qalaram.
- Hı-ı, yox! Mən kim, sən kim? Mən iki dəfə cinayət törətmişəm və hər an polis məni həbs edə bilər. Mənim kitabım bağlanıb! Amma, sən? Elə gözəl və gəncsən ki, adamın ağlını başından çıxardırsan. Sənin qarşında bütün dünya, məhəbbət, həyat durur.
- Əgər belədirsə... sənə lazım deyiləmsə...
- Lazımsan! Sən ki bunu bilirsən! Səni əllərimlə ağuşuma sıxmaq, bütün dünyadan gizləmək üçün qəlbimi girov qoyaram! Ancaq, səni xilas etməyə borcluyam, Anna! Sənin özündən də, məndən də. Bu gün axşam gedəcəksən. Əvvəlcə Beyraya qədər...
- Beyraya getməyəcəyəm - onun sözünü kəsdim.
- Gedəcəksən! Hər axşam oturub nə isə bir möcüzə baş verəcəyini gözləmək olmaz! Qayıt İngiltərəyə, ərə get və xoşbəxt ol!
- Bəs, sən?
- Məndən nigaran qalma. Ya öləcəm, ya da təmiz adımı qaytaracağam. Bir də səni Şəlalələrdə öldürmək istəyən əclafı axtaracağam.
- Harri, ancaq o, heç barmağını da mənə toxundurmayıb.
- Senin xəbərin yoxdur. O, planını hiyləgərcəsinə qurubmuş. Həmin gün cığırı gözdən keçirəndə gördüm ki, kimsə daşların yerini dəyişib və qaranlıqda ağ daşlar adaml uçuruma aparıb çıxarır. Sən də cığırla qaçmısan. Kaş, o, əlimə düşəydi!
Hirsindən Harri özündən çıxmışdı. Bir az sakitləşəndən sonra o dedi:
- Bütün əhvalatı əvvəldən axiradək sənə danışmalıyam. Hər şeyi bütün təfərrüatı ilə.
- Artıq bəzi şeyləri bilirəm - deyə cavab verdim, məsələn, bilirəm ki, sən Parker yox, Lukassan.
Deyəsən, o, məni öz sirrindən agah etməyə hələ tərəddüd edirdi. Axır ki, qəti qərara gəldi...
-Anna, sənin kimi mən də valideynlərimi erkən itirmişəm. Anamın vəfatından sonra atam məni bacısının hımayəsinə verib, Rodeziyaya getdi. Bir neçə il sonra, mən Kembricdə təhsil alanda atam da dünyadan köçdü. Mənim həmkurslarım arasında Erdsley adlı bir gənc vardı. Məni də, onu da səyahət həvəsi çulğalamışdı. İkimiz də tədqiq olunmamış ölkələrə getməyi arzulayırdıq. Afrika bizi xüsusilə cəlb edirdi. Uzun sözün qısası, bir-birimizə tay idik.
Kembrici qurtarandan sonra atası ilə Conun arasında ciddi ixtilaf baş verdi. Ser Lorens artıq iki dəfə onun borclarını ödəmişdi. Üçüncü dəfə isə bildirdi ki, oğlunun israfçılığına daha göz yummaq fikrində deyildir. Con çətin vəziyyətə düşdü və artıq sənin bildiyin kimi, biz birlikdə Cənubi Amerikaya almaz axtarmağa getdik. Orada həyat son dərəcə çətin olmasına baxmayaraq, cəlbedici idi! İnsan həmişə çətinlikdə tanınır. Və get-gedə Conla mənim əsl dostluğumuz yaranıb möhkəmləndi.
Polkovnik Reys düz deyir. Biz həqiqətən xeyli almaz tapmışdıq. Sonra kolleksiyamızı ekspertlərə göstərmək üçün Kimberliyə yollandıq. Gənc, gözəl aktrisa Anita Qrünberqlə orada oteldə rastlaşdıq. O, Cənubi Afrikada dünyaya göz açsa da, anası macar idi. Anitanın nə isə bir sirri olduğunu hiss edirdik. Bu da bizi ona daha da yaxınlaşdırırdı. İkimiz də ona möhkəm vurulmuşduq. Anitanın isə öz kələyi varmış. O vaxt hələ heç kim bilmirdi ki, bu gözəl qadın de Bir kompaniyasında kantor işçisində ərdədir. Anita tapıntılarımız haqqında hər şeyi son nöqtəsinə qədər öyrənənədək bizi əlində oynatdı. Başımıza elə hiylələr gətirdi ki, hətta kolleksiyamızı da ona göstərdik...
Nə deyim, o, öz rolunu əla oynadı. De Birdəki oğurluqdan dərfal sonra polis bizim almazları müsadirə etdi. Ünvanımıza yağdırılan böhtanların istintaq vaxtı asan yolla üzə çıxacağına əmin idik. Lakin almazlar məhkəməyə təqdim olunanda hər şey aydınlaşdı:hamısı de Bir kompaniyasından oğurlanmış daşlar idi. Daşları kimin dəyişdirdiyini o saat başa düşdük. Anitanı axtarmağa başladıq. Ancaq o, yoxa çıxmışdı. Bizim bircə çıxış yolumuz qalırdı:şübhəni öz üzərimizdən götürmək üçün məhkəməyə Anita barədə danışmalıydıq. Lakin Con qətiyyətlə bu fikrin əleyhinə çıxdı. Onu inandırmaq üçün göstərdiyim səylər heç bir nəticə vermədi. Düzdür, ser Lorens cəmiyyətdəki nüfuzundan istifadə edərək işi ört-basdır etdirdi. Bir həftə sonra isə müharibə başlandı. Conla mən Avropaya getdik, oradan da yollandıq cəbhəyə...
Bundan sonrasını isə, Anna, sən artıq bilirsən. Con müharibədə öldürüldü. Məncə, o, özü ölümə can atırdı. Səni inandırıram ki, Anitaya qarşı məndə dərin nifrət yaranmışdı. Cünki o, Conun taleyini qırmış, onu ölümə məhkum etmişdi! Anitaya vurulduğumu gizlətmirəm. Lakin bu, uzun çəkmədi. Hətta o, deyəsən axır vaxtlar məndən qorxmağa başlamışdı. Çünki, mənim gözlərim açılmışdı, buna görə də onun planlarından xəbər tuta bilərdim. Erdsley isə onu ürəkdən sevirdi. Anita onun üçün bütün sevinclərinin rişəsi idi. Maskalanmış qadının satqınlığı Erdsleyin həyatını məhv etdi.
Harri həyəcanlanmışdı. Nə vaxtsa baş vermiş hadisələri o, yenidən yaşayırdı. Acığından və nifrətindən səsi arabir batırdı. Azca sakitləşəndən sonra yenidən öz etirafını davam etdirirdi:
-...O vaxt ağır döyüşlər gedirdi. Tezliklə mən də dolaşığa düşdüm. Yaralanmışdım. Sağalıb ayağa durunca məni itkin düşmüş elan etdilər, sonra da qəzetlər öldürüldüyümü xəbər verdilər. Bu səhvi düzəltmək fikrində deyildim. Parker adı altında Cənubi Afrikaya qayıdıb, bu adada yurd saldım. Buranı müharibədən əvvəl gözaltılamışdım.
Uzun müddət günahsızlığımı sübut etmək fikrində olmamışam. Bilirsənmi niyə? Dostum artıq həyatda yox idi. Nə onun, nə də mənim qohumlarım qalmışdı. Mən yaşamırdım, sadəcə mövcud idim. Sanki kimsə bütün hisslərimi qəlbimdən şıxarmışdı. Bəlkə də bunlar müharibənin yadigarı idi. Bilmirəm... Və birdən gözlənilməz hadisə! Bir dəfə həmişə olduğu kimi turistləri çayda gəzdirirdim. Bir kişi... qayığa əyləşdi. Sən deyən elə bir xüsusi əlaməti yox idi-qısaboy, arıq, saqqallı... Hə, demək mən onun yerini rahlayıram, o isə gözlərində sanki o dünyadan gəlmiş adamın dəhşəti hey mənə baxır. Sonra oteldə soraqlaşıb onun kim olduğunu öyrəndim və o saat tanıdım: o, Kimberlidən gələn Karten idi – de Bir kompaniyasının işçisi. Kimberliyə getsəm də Karten haqqında əməlli-başlı bir şey öyrənə bilmədim. Bəs, nə üçün Zambezidə məni görəndə heylə qorxmuşdu? Əlimdə tapança onu qəfil yaxaladım. Bax, onda o mənə keçmiş arvadı Anita Qrünberqdən, onunla birlikdə de Bir oğurluğundakı iştirakından danışdı. Heç demə, hələ müharibədən qabaq oteldə təsadüfən Anita ilə məni görübmüş. Sonralar qəzetdən mənim öldüyümü öyrənibmiş, buna görə də üz-üzə gələndə özünü itirib. Qorxmağa əsası vardı. Kartendən bir də onu öyrəndim ki, Anita hansısa “polkovnik”ə görə ərini atıbdır. Həmin cani əvvəl Anitanı, sonra isə Karteni cinayətə sövq edibmiş. O and içdi ki, almazlarla baş vermiş avantüradan başqa ayrı heç nədə əli yoxdur. Düzünü desəm, bu qorxaq kantorçu doğrudan da islaholunmaz cinayətkara oxşamırdı. Ancaq, hər halda o, nəyisə gizlədirdi. O vaxt onu güllələməklə hədələdim. Onsuz da dəvəsi ölmüş ərəb kimi idim. Hədə-qorxu təsirini göstərdi. Heç demə, Anita Qrünberq bizim almazları dəyişərək çox hissəsini “polkovnik”ə ötürmüş, daşların qiymətini yaxşı bilən kişiciyəzinin məsləhətilə bir hissəsini özündə saxlayıbmış. Əgər həmin almazlar ekspertlərə göstərilsəydi, təbii ki, onların hər biri daşların Kimberlidən olmadığını deyərdi.İndi məndə təmiz adımı bərpa etməyə və Conun xatirəsini qara şübhələrdən qurtarmağa imkan yaranmışdı.
Başqa bir məsələ də mənim üçün aydınlaşdı:digər fırıldaqlarından fərqli olaraq “polkovnik” bu dəfə əməliyyata özü rəhbərlik etmişdi. Buna görə də Anitanın əlində onun əleyhinə güclü faktlar vardı. “Qısası, Anita ilə sövdələşmək olar - deyə Karten məsləhət gördü. Ona əməlli-başlı pul təklif edin, onda daşlarla birgə “polkovnik”i də satar.” Bəs, onu necə tapım? - sualıma Karten cavab verdi ki, bu çox sadə bir işdir. Anita məşhur balerina olmuşdur, Nadin adı ilə Parisdə müvəffəqiyyətlə çıxış edir, əgər razı olsam, ona təcili teleqram göndərər...
- Lakin yoldan keçən bu adama axıradək inana bilməzdim - Reyborn sözünə davam etdi. - O, adi şeylərdən qorxan adamlardan idi və belələri qorxu içərisində adamı elə aldadırlar ki, həqiqəti yalandan ayırmaq cəhənnəm əzabına çevrilir. Danışdıq ki, onun təklifi barədə fikirləşər və ertəsi gün cavabını deyərəm. Ancaq, Karten qəfildən yoxa çıxdı.. Dərhal axtarışa başladım və təsadüfən öyrəndim ki, o, “Kilmorden Kastl”a bilet alıb. İki gün sonra saqqal taxıb, İngiltərəyə yola düşdüm. Karteni hürkütməmək üçün kayutda gizləndim. Londonda onu dabanbasma izləyirdim. O, əvvəlcə oteldə yer aldı, səhərisi isə Knaytbricdəki agentliyə yollandı. Kantora girib ona yaxın stolda əyləşdim və kirayə verilən evlər barədə soruşduğunu eşitdim. Çox keçmədən kantora bir qadın da gəldi. Qadını o saat tanıdım - Anita Qrünberq idi. Həmin an qəzəbdən gözlərim qaraldı, az qala özümü biruzə verəcəkdim. Sonra onun klerkə dediyi sözləri eşitdim: ”Mill-haus ser Yustas Pedlerin mülkiyyətidir? Bu ev mənə əl verir.” Klerk qadına icazənamə yazdı və o sanki Karteni görmədən bayıra çıxdı. Bir neçə saniyə sonra Karten onun dalınca düşdü...
Keçmiş ər-arvadın birlikdə, yaxud ayrılıqda Mill-hausa, müəmmalı “polkovnik”lə görüşə getdiklərini anladım. Həmin vaxt ser Pedlerin Kannda istirahət etdiyini bilirdim, lakin mənə məlum idi ki, de Bir qarət olunanda o, Cənubi Afrikada olub. Bu haqda o vaxtkı qəzetlər yazmışdı. Birdən ağlıma gəldi ki, bəlkə Mill-hausun hörmətli sahibi və “polkovnik” eyni adamdır?..
Anita və Kartenin ardınca agentlikdən çıxdım. Bir az gedəndən sonra Anita restorana daxil oldu, Karten isə Knaytbriclə metroya addımladı. Anitanı güdmək risk tələb edirdi, çünki o hər dəqiqə məni tanıya bilərdi. Buna görə də Kartenin ardınca düşdüm. Onsuz da məlum idi ki, artıq Anita lənətə gəlmiş almazları ona ötürübdür. Karteni qəflətən yaxalayıb daşların yerini deməyə məcbur etmək, ya da bəd ayaqda həqiqəti öyrənmək olardı. Biz metroya girdik. O, platformanın kənarında dayandı. Ətrafda bir qızdan başqa heç kim yox idi. Planımı həyata keçirməyi qərara aldım...
Sonra nə baş verdiyini özün bilirsən. Mənim qəfil peyda olmağım Karteni dəhşətə gətirdi. O, elə bilirdi ki, məndən yaxasını qurtarıb. Özümü doktor kimi qələmə verib, hiss etdirmədən ciblərini yoxladım. Kartenin cibində boş pul kisəsindən, plyonkalı kasetdən və xırda vərəqdən başqa heç nə yox idi. Kaseti sonralar haradasa salıb itirdim. Vərəqi də həmçinin. Lakin vərəqi oxuyub yadda saxlamağa imkan tapmışdım. Metrodan çıxdım, həyətlərin birində tələsik saqqalı sifətimə yapışdırıb restorana cumdum. Nadin hələ orada idi, naharın pulunu verirdi. Marlouya qədər onu necə izldiyimi danışmayacağam. Nadin evə girəndə mən həyət qapısına yaxınlaşdım. Ev baxıcısına bildirdim ki, otaqlara baxan xanım arvadımdır və...
Anna, mənə inan! İndi sənə deyəcəklərimin hanısı həqiqətdir! Allaha and olsun! Yəqin ki, o vaxt həmin fırıldaqçı qadını öldürə bilərdim. Bəli, bacarardım, ancaq Mill-hausa girib ikinci mərtəbəyə qalxanda... Çox dəhşətli mənzərə idi! O, boğazında qara qaytan yerdə uzanmışdı... Bomboş evdə ölmüş qadın... yanında da heç kim yox. Məndən başqa heç kim. Anitanın hədələdiyi adam ondan yaxasını qurtardı və fürsətdən istifadə edib məni qorxunc zərbə altında qoydu. Bunu yalnız “polkovnik” bacarardı. Birinci dəfə müharibədən qabaq Kimberlidə onun qurbanı olmuşdum. İndisə Mill-hausda yenidən “qapazaltı” oldum. Çünki, ev baxıcısı qadının dalınca evə girdiyimi polisə danışacaq, əlamətlərimi təsvir edəcək və polis məni axtarmağa başlayacaqdı. Beləcə, özümü axmaqcasına apardım! Anita və Karteni izləyə-izləyə ətrafı unutduğumdan, demə özümü izləyib tələyə salmaq istəyirmişlər!
“Qəhvəyi kostyumlu kişini” polisin axtardığı barədə xəbəri isə qəzetlərdən öyrəndim. Bir neçə gün harda gəldi gizləndim və gözlənilmədən bəxtim gətirdi. Təsadüfən getdiyim Uayt-holldan iki nəfər yaşlı centlmen çıxdı. Söhbətlərindən başa düşdüyümə görə onlardan biri... ser Pedler idi. O, əsəbiliklə müsahibinə söyləyirdi ki, son vaxtlar onunku heç gətirmir. Kannda olan vaxtı Londondakı evlərindən birində naməlum bir qadını boğublar. İngiltərəyə qayıtmağa macal tapmamış bu uzunqulaq Milrey ona ilişib məcbur edir ki, təcili Keyptauna getsin. Əvvəl-axır getmək lazım gələcək, çünki Milrey əl çəkən deyil. Qətlin başqa yerdə yox, məhz Mill-hausda baş verdiyinin təsadüf olduğunu və ser Pedlerin “polkovnik”-zad olmadığını anladım. Və ağlıma xilasedici bir ideya gəldi: Milreyin adından ser Yustasa yaxınlaşıb xahış edim ki, məni özünə katib götürsün və bu yolla İngiltərədın təhlükəsiz çıxıb gedim.
- Bilirsənmi, Harri - deyə onun sözünü kəsdim – qətl günü Peqqet də Marlouda ola bilərdi.
- Axı, o, ser Yustasla birlikdə Kannda idi.
- Nə olsun ki. Ser Yustas Peqqetə Florensiyaya getməyə icazə vermişdi. Peqqet də getmişdi, ancaq həmin vaxt o, Florensiyada olmayıb, bunu dəqiq bilirəm. Heç bir sübut dəlilim yoxdur, amma demək olar əminəm ki, qətl günü Peqqet Marlouda olub.
- Tutaq ki, belədir. Ancaq bu saat başlıca məsələ almazlardır.. Haradadır onlar? “Polkovnik” gözləyirdi ki, Nadin onları özü ilə Mill-hausa gətirəcək. Göründüyü kimi o, səhv edib. Yoxsa ki, nə gəmidə fitnə-fəsad qoşub düzəldərdi, nə də burada - Afrikada. Yox, almazlara hələ ki sahib olmayıb, deməli nəyin bahasına olursa – olsun onları əldə etməyə çalışacaqdır. Bəs, bu şüşəciklər hara yoxa çıxıbdır? Nadin və Karten ölümqabağı onları harada gizlədiblər?
- Bu isə, Harri, artıq ayrı əhvalatdır - mənim əhvalatım.
Və mən danışmağa başladım.

 ardı var

Oxşar məqalələr