AXTAR

Elmdə və sənətdə çığıraçanlar tandem

Ata və oğul Hüseynovların milli və beynəlmiləl yaradıcılıq yolu

 

 

rəhimhüseynov2

Rəhim Hüseynov

 

Bu il tanınmış azərbaycanlı alim, astrofizika üzrə Azərbaycanda ilk fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq Astronomiya İttifaqının və Avropa Astronomiya Cəmiyyətinin üzvü, əməkdar müəllim, professor Rəhim Əyyub oğlu Hüseynovun 95, onun oğlu, dünyada tanınan istedadlı bəstəkar, əməkdar artist, milli dildə ilk yapon operasının müəllifi Fərhəng Rəhim oğlu Hüseynovun 70 illik yubileyidir

Heç kim həyatda əbədi deyil. Hər gün toran qovuşanda səmada peyda olan ulduzlar kimi bir yandan hey gələn, dan yeri qızarınca o biri yandan sanki günəş işığında əriyib yox olan insan ömrü də ilk baxışda həyatın vəfasızlıq sindromuna şahidlik edir. Bu, kainatın bizim iradəmizdən asılı olmayan gərdişidir. Ancaq bir iş də var ki, işıqda əriyib gedən ulduzların itməsi hallusinasiyadır. Həqiqətdə onlar gözdən itirlər, virtual olaraq isə şüurlarda və ənginliklərd izləri qalır. Lakin bu məsələdə də nüanslar var. Kiminin əbədiliyi xəyalidir, kimininki isə kodlarladır. Xəyal insanların hafizəsinə bağlandığından unudulmaq təhlükəsi ilə üz-üzədir. Kodlarda əbədiləşən talelər isə dahi adlandırılır və onların unudulması mümkünsüzdür. Çünki, zərrəciklərin mahiyyətinə hoparaq daşınan irsin taleyi insan övladının iradəsi xaricindədir. Bunlar bəşəri xəzinədir və türk geninin görkəmli nümayəndələrindən biri olan Rəhim Hüseynovun xöşbəxtliyi kainatın qoynunda əbədi yurd salmasıdır.
İnsan şüurunu heyrətləndirən möcüzələrdən biri də ruhları kodlaşan bütün dahilərin xaraktercə səciyyəvi xüsusiyyətlərə malik olmalarına rəğmən açdıqları cığırların bir-birinə oxşamamasıdır. Bu, həyatda indiyə qədər açılmış milyardlarla çığırlar arasında tapdanmamış yeni cığırların tapılıb bəşər cəmiyyətinə yeni töhfələr bəxş edilməsidir. Belə bir dəyərə yalnız seçilmişlər nail ola bilirlər. Öz istedadı, əməlləri, kəşfləri ilə gözlə görünməyən yüksəkliyə ucalan bu insanlardan ikisi – Rəhim və Fərhəng Hüseynovlar Azərbaycan tarixinin ən gur işıq saçan simaları arasında kodlaşdırılmış yerə sahibdirlər.
Sağ olsaydılar indi hər iki seçilmişin doğum günün əks etdirən rəqəmlər yubiley təntənəsi ilə bərq vurardı. Onlardan birincizi ata Rəhim Hüseynovdur. Onun atası Əyyub kişinin var-dövlət sarıdan əli bir yana çatmasa da, zehin və dərrakə sarıdan təfəkkürü mükəmməlliyə malik olub. Azərbaycan mədəniyyəti və milli təfəkkürünün incisi olan Şuşada doğulub böyüməsi onun irsi təfəkkürünə mənəvi mühitin ən gözəl çalarlarını hopdurub. İctimai mühitin dolğunluğu Əyyub kişiyə təbiətin səxavəti ilə mühitin qovuşmasından yaranan ucalığı duymağa, elmin, savadın insan həyatını gözəlləşdirməsini qavramağa yardımçı olub və buna görə də ömrünün səfasını övladlarının savadlanmasında görüb.
Rəhim Hüseynov 8 yaşına çatanda ailə Ağdama köçüb və bu köç ailənin gələcək həyatının müdrik məcraya yönəlməsində zəruri rol oynayıb. Çünki, balaca Rəhim Ağdamdakı özünəməxsus mötəbər ənənələri ilə məşhur olan 1 nömrəli məktəbdə, əhali arasında böyük hörmət və nüfuza malik Mirkazım müəllimin direktor olduğu ocaqda ilk təhsilini alıb. “İlk” sözü əslində rəsmi təhsilə görə işlədilir, ona görə ki, Rəhim məktəbə gedənə qədər böyük qardaşının dərs kitablarını təkbaşına mütaliə edərək artıq bir neçə sinfin materialını mənimsəmişdi. Bu səbəbdən yüksək hazırlığına görə onu birbaşa IV sinfə qəbul edirlər. VII sinfi əlaçı kimi başa vuran yeniyetmənin ailəsi Bakıya köçdüyündən o da təhsilinə paytaxtda davam edir. Böyük və ziddiyyətli şəhər həyatı Rəhimin dünyagörüşünün zənginləşməsinə və elmə həvəsinin artmasına ciddi təkan verir. 1940-cı ildə orta məktəbi əla qiymətlə bitirərək, həmin il Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə imtahansız daxil olur. 1946-cı ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurur.
Qazandığı biliklərə və tədqiqatçılıq bacarığına görə rəhbərlik onu universitetdə saxlayır və 1946-1949-cu illərdə “astrofizika” ixtisası üzrə aspirant olan Rəhim Hüseynov elmi fəaliyyətə başlayır. 1946-cı ilin yayında Azərbaycan Elmlər Akademiyası və Azərbaycan Dövlət Universitetinin respublikada gələcək Astrofizika Rəsədxanası üçün əlverişli yerin seçilməsi məqsədi ilə birgə təşkil olunan elmi ekspedisiyanın tərkibinə Rəhim də daxil edilir. Rəsədxana kimi mühüm elmi mərkəzin tikilməsi üçün günəşli günlərin çoxluq təşkil etdiyi (1800-2900 saat /il) hündür dağlıq ərazi tapılmalıydı. Araşdırmalardan sonra məlum olur ki, günəşli saatların illik miqdarı, buludsuzluqla əlaqədar Naxçıvanın Arazboyu düzənliklərində, Abşeron-Qobustan və Kür-Araz ovalığında maksimuma (2900 saat/il) çatır. Hündürlüyünə və iqtisadi cəhətdən əlverişliliyinə görə rəsədxananı Şuşada tikmək qərara alınır və müvafiq təkliflə ekspedisiya üzvləri lazımı qurumlara müraciət ünvanlayırlar. Bir müddət keçir və ölkə rəhbərliyi Şuşanın namizədliyinə razılıq vermir. Səbəb isə izah olunmur. Sonradan dəhliz söhbətlərindən məlum olur ki, Dağlıq Qarabağ vilayətinin erməni əhalisi Moskvaya məktublar göndərərək bu işin həllinə mane olublar. Çünki, Şuşada rəsədxananın tikilməsi regionun dünyada məşhurlaşmasına və bu torpaqların Azərbaycan ərazisi olması faktının yayılmasına səbəb olardı.
1953-cü ildə istifadəyə verilən Pirqulu Astronomiya stansiyasına (1956-cı ildən Astrofizika Rəsədxanası) direktorun elmi bölmə üzrə müavin təyin olunan Rəhim Hüseynov həm də “Günəş fizikası” şöbəsinə rəhbərlik edir. Onun səyi ilə rəsədxanada Leninqradda istehsal olunmuş “Üfüqi Günəş teleskopu” adlanan cihaz quraşdırılır. Uzun müddət bu elm ocağında geniş diapazonda fəaliyyət göstərən Rəhim Hüseynov 1957-ci ildə Yerin ilk süni peyki buraxılanda onu müşahidə etmək məqsədilə universitetdə xüsusi stansiyanın yaradıcısı, rəhbəri və əsas aparıcısı olub.
Elmdə cığır açmaq kimi ilkinlik sindromuna malik alim 1953-cü ildə astrofizika üzrə respublikamızda ilk elmlər namizədi, 1971-ci ildə isə ilk elmlər doktoru elmi dərəcəsinə yiyələnib. Rəhim Hüseynovun elmi tədqiqatlarının nəticəsi olan “Astrofizika və radioastronomiya”, “Günəşin radio - optik şüalanma xüsusiyyətləri və relyativist elektronların Günəşin məhəlli maqnit sahələrində şüalandırması”, “Günəşin alışmalarının ilk mərhələsində güclü nöqtəvi partlayış nəzəriyyəsinin tətbiqi”, “Planetar dumanlıqların əsas parametrlərinin təyini üsulları” sonrakı dövrdə astrofizika elminin inkişafında istiqamətləndirici mənbə rolunu oynayıb.
Həmin dövrdə elmi işlərdə məhsuldarlığı getdikcə artıran alim beynəlxalq elmi ictimaiyyətin diqqəini daha çox cəlb edir və onu 1969-cu ildə Beynəlxalq Astronomiya İttifaqına üzv seçirlər. İttifaqın ABŞ-da, Çexoslovakiyada, İngiltərədə keçirilən qurultaylarında Azərbaycanı müvəffəqiyyətlə təmsil edən Rəhim Hüseynov o dövrlərdə SSRİ məkanının astrofizika mərkəzləri sayılan Baş Astronomiya (Pulkovo) Rəsədxanasında, Krım Astrofizika Rəsədxanasında, Moskva, Sankt-Peterburq, Kiyev universitetlərində, Rumıniya, Çexoslovakiya və Türkiyənin elmi təhsil mərkəzlərində və müəssisələrində çoxsaylı elmi məruzələrlə çıxış edir. Sanballı elmi əsərlərinə görə o, Avropa Astronomiya Cəmiyyətinə də üzv seçilir.
Görkəmli alim 1975-ci ildə Azərbaycan Dövlət Universitetində təşkil olunmuş astrofizika kafedrasına 17 il rəhbərlik edib. 1992-ci ildən ömrünün sonuna qədər isə Bakı Dövlət Universitetinin professoru vəzifəsində işləyib. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına “astrofizika” ixtisası üzrə müxbir üzv seçilib.
Müstəqillik qazanandan sonra ana dilimizin geniş tətbiq olunması həyatın bütün sahələrində Azərbaycanca elmi terminlərin, ümumi sözlüyün yaranmasına böyük ehtiyac duyulur. Astrofizika elmi üzrə bu ehtiyac özünü daha kəskin göstərir, çünki sovet dövründə Moskvadan verilən təlimatlarla əsas fundamental tədqiqatlar rus dilində yazılmışdı. Bu ağır işi Rəhim müəllim öz üzərinə götürür və onun həm müəllifi, həm də redaktoru olduğu, fizika-riyaziyyat elmi üzrə 9.000 söz və söz birləşmələrindən ibarət olan Azərbaycanca-Rusca-İngiliscə ilk fundamental “Astronomiya Terminləri Lüğəti”nin işlənib hazırlanması professor çalışdığı elm sahəsinin inkişafında böyük əhəmiyyət daşıyan xidmətlərindən biridir.
2019-cu il sentyabr ayının 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) 60 illik və Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi ilə əlaqədar “Ulduzlar və planetlər fizikası” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Rusiya, Ukrayna, Polşa, Hollandiya, İtaliya, Türkiyə, Almaniya, Gürcüstan, Tacikistan, İsveç, Hindistan və Qazaxıstandan olan nüfuzlu alimlər iştirak edib. Konfransın məqsədi rəsədxanada aparılan elmi tədqiqat istiqamətlərinin dünya elminə inteqrasiyası, yeni yaradıcılıq əlaqələrinin qurulması, beynəlxalq elmi tədqiqat proqramlarına çıxışların təmin edilməsidir.
Konfrans iştirakçılarına müraciətdə qeyd edilib ki, yarım əsrdən çox tarixi olan Şamaxı Astrofizika Rəsədxanası hazırda inkişafının ən yüksək pilləsindədir. Bu pilləyə çatmaqda, sözsüz ki, Rəhim Hüseynovun xüsusi xidmətləri olub.
65 illik elmi-pedaqoji fəaliyyətində professor Rəhim Hüseynovun 100-dən çox elmi əsəri (o cümlədən 30-dan çoxu xarici ölkələrdə) işıq üzü görüb. Bundan başqa o, 70-dən çox elmi məqalənin, 6 elmi-kütləvi kitabın, bir monoqrafiyanın, ali və orta məktəblər üçün dərsliklərin müəllifidir.
Alim dostları professor R.Hüseynovu səciyyələndirən əsas cəhətlər kimi onun tədqiq etdiyi prosesləri dərindən və dəqiqliyinədək dərk etməsini, məqsədyönlülüyünü, yüksək məsulliyyət hissini, özünə və onunla birgə çalışmış əməkdaşlara qarşı tələbkarlığını qeyd edirdilər. Bütün varlığı ilə xalqına bağlı olan, qəlbində Vətəninə, doğulub böyüdüyü yurda böyük məhəbbət çağlayan, “Günəş”in tədqiqatçısı olan Rəhim müəllim özü Günəşin bir parçası kimi hərarətli və nurlu şəxsiyyət, mənən kainatın özü qədər geniş ürək sahibi idi.
2012-ci il avqustun 21-də, ömrünün 88-ci ilində vəfat edən Rəhim Hüseynovdan astrofizika elmi sahəsində açdığı dərin cığırlar xatirə qalıb. İndi bu cığırlarla irəliləyib elmin sirlərinə yiyələnən gənc alimlərin rəhmət duaları onun ruhunu yaşadan ən gözəl duyğulardır.

 

Dili bilmədən yaponca danışan bəstəkar

 

f huseynov

 Fərhəng Hüseynov

“Şərq professional musiqisinin beşiyi Azərbaycandır” hipotezinə çətin ki, dünyada etiraz edən tapıla. Dahi Üzeyir Hacıbəyovla başlayan və özünün heyrətamiz melodiyaları ilə bəşəriyyətin musiqi mədəniyyətinə əvəzolunmaz çalarlar bəxş edən Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri də Fərhəng Rəhim oğlu Hüseynovdur. Bəstəkar, skripkaçı, Azərbaycanın əməkdar artisti (2009), “Böyük İpək Yolu” Beynəlxalq müsabiqənin (Yaponiya, 1991), “Sülh naminə” Beynəlxalq müsabiqənin (ABŞ, 1995) “Xose Asunsyon Flores” adına I Beynəlxalq müsabiqənin laureatı (Argentina, 2000), gözəl insan, millətinin başını uca edən fədakar sənətkar Fərhəng Hüseynov 1949-cu ilin iyulunda dünyaya göz açıb.
O, anadan olanda atası aspiranturanı yenicə bitirmişdi və gənc alim arzularının qoynunda xoşbəxtlik iksirinin təsiri ilə körpəsinin gələcəyi barədə xoş fikirlərə qərq olurdu. Alim atanın duyğularına qanad verən amillərdən biri Fərhəngdə uşaqlıqdan özünü biruzə verən Qarabağ ellərinə məxsus əsararəngiz musiqili yaşam intonasiyası idi. Onun gümanları hədər deyilmiş.
Ayaq açıb yeriyəndən, dil açıb danışandan ömür yolu səslərin poetikasında harmoniyalaşan Fərhəng 1968-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfini bitirir və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olur. Tale onun üzünə gülür, Azərbaycan bəstəkarlıq məktəbinin dahisi Qarayev və görkəmli sənətkar oğul Qarayev onun müəllimləri olur. Qara Qarayev Fərhəngin sənət müəllimi, Fərəc Qarayev isə ixtisas müəllimi kimi gənc istedadın yetişməsində, püxtələşməsində əllərindən gələni əsirgəmirlər. 3-cü kursda oxuyanda məhz Qara Qarayevin məsləhəti və xeyir-duası ilə Fərhəng P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına köçürülür və təhsilini bu dünya şöhrətli musiqi ocağında davam etdirir.
Qara Qarayev tələbəsinin yeni müəllimi Leonid Koqana göndərdiyi məktubda Fərhəngin parlaq gələcəyə malik istedadlı, təvazökar və zəhmətkeş gənc olduğunu inamla bildirir və xahiş edir ki, onunla ciddi və tələbkar olsun. Koqan dünya müsiqi aləminin dahilərindən olan dostunun xahişinə diqqətlə yanaşır və Fərhəngin kamil bir sənətkar kimi yetişməsi üçün əlindən gələni edir. F.Hüseynov ona göstərilən etimadı doğruldur və gördüyü qayğı və hörmətin qarşılığında dünya musiqi xəzinəsinin başında dayanan Avropa musiqisinin incəliklərini dərindən mənimsəyir. Artıq tələbəlik illərindən layiq olduğu şöhrət onun qapısını döyür. Xarici ölkələrə qastrol səfərlərinə göndərilir, müsabiqələrdə iştirak edir. 4-cü kursda olanda Qərbi Berlində keçirilən Gerberin fon Karayan adına müsabiqədə Moskva konservatoriyası orkestrinin heyətində etdiyi çıxışa görə qızıl medala layiq görülür.
1975-ci ildə Fərhəng konservatoriyanı skripka və bəstəkarlıq olmaqla iki ixtisas üzrə uğurla başa vurur. Əsgəri xidmətini hərbi hissənin orkestrində keçir. Hərbi borcunu ödəyib, artıq Bakıya yüksək ixtisaslı müsiqi müəllimi kimi qayıdır, konservatoriyada dərs deyir. Lakin yaradıcılıq yolunu davam etdirir. Skripkada ifa etməklə yanaşı onu narahat edən hadisələrin musiqi poetikasını axtarır, qəlbini çulğalayan hisslərin harmonik ardıcıllığını, onların bədii tonallığını səslərin intonasiyasında tapmağa çalışır. Özü də hiss etmədən bu duyğuların qoynunda atasının tədqiq etdiyi səma ilə kosmik əlaqə məkanın daxil olur. İlahi bir qavrama hissi omu melodiyaların ağuşuna atır. Düşdüyü aləmin sehrini dərindən mənimsəmək üçün yenidən Moskvaya gedib assistent-stajor qismində aspirantura təhsili almağa ehtiyac duyur. Bundan sonra isə yaradıcılıq istiqamətini rels üzərinə keçirərək sürətlə sənətin zirvələrinə doğru yol alır. UNESCO-nun təşəbbüsü ilə 1991-ci ildə Yaponiyanın “Asaxi” televiziya şirkətinin hamiliyi altında Tokioda keçirilən dünya bəstəkarlarının “Böyük İpək Yolu” festivalı öz möhtəşəmliyi ilə dünyanın ünlü bəstəkarlarının diqqətini cəlb edir. Yaradıcılıq əzabının bütün parametrlərinə hazır olan Fərhəng bu simfonik əsərlər yarışında özünü sınamaq qərarına gəlir. Festivala göndərilən 178 əsər içərisində Fərhəng Hüseynovun “Böyük Çöl”, “Hərb və Sülh”, “Böyük Elçilik”, “Oyunlar”, “Ay Yolu” əsərlərindən ibarət “Zaman üzrə səyahət” adlı beşhissəli konserti də yer alır. Həmin əsərlərin sırasından beynəlxalq səviyyəli münsiflər heyəti tərəfindən cəmi 10 əsər seçilib finala tövsiyə edilir və... onlardan beş əsər qalib elan olunur. Azərbaycanlı bəstəkarın adı qaliblər sırasında 3-cü yerdə çəkilir və musiqi korifeyləri bəstəkarın konsertini “festivalın əsas orijinal musiqi kompozisiyasında parlaq surətdə təcəssüm etdirilmiş” kimi qiymətləndirirlər. Çoxprofilli beynəlmiləl milli koloriti - Azərbaycan, Avropa, Çin, yapon musiqisinin melodik, ritmik, tembr cizgilərini bir məcraya gətirməyi bacaran istedadlı bəstəkar vahid bir musiqi mənzərəsi yaratmaqla dinləyicilərə ümumbəşəri hisslər aşılamağa uğurla nail olur.
Ömrünün müdrik çağına qədər uğur dalınca qaçmayıb yalnız öyrənməklə məşğul olan, təvazökarlığı və zıhmətsevərliyi özünə peşə edən Fərhəng Hüseynovun kosmik aləmdə kodlaşma dövrü Yaponiyadakı qələbəsilə başlayır. Həmin andan etibarən uğur özü onun yanına uçur və yeni qələbələrə doğru aparır. Beynəlxalq festivalın qalibi gündoğar ölkəyə dəvət edilir. Tokioda qaldığı 10 gün ərzində tənrənəli təltifetmə mərasimində iştirak edir. Jurnalistlərin çoxsaylı reportajlarının, məqalə və müsahibələrinin əsas personajına çevrilən azərbaycanlı musiqiçinin adı və şəkli qəzet-jurnal səhifələrinin bəzəyinə çevrilir. Ata Rəhim Hüseynovun səmada bərq vuran ulduzlarla bəhsləşdiyi zaman oğul Fərhəng Hüseynov yerdə parlaqlığı ilə hamını heyran qoyan sənət ulduzu olur. Böyük Britaniyada nəşr olunan sanballı “Qrova” musiqi ensiklopediyasına Azərbaycanın səkkiz bəstəkarı ilə yanaşı onun da adı daxil edilir.
Yaponiyada Fərhəng Hüseynova mükafatı təqdim edən yapon şahzadə onunla yanaşı Azərbaycanın da bir boy ucaldığını dilə gətirir: “Cavan oğlan! “Azərbaycan” sözü bu gün sizin şəxsinizdə ölkəmizdə ilk dəfədir ki, dildən-dilə düşür. Vətəniniz sizinlə fəxr eləməlidir, çünki onun övladı yaponların qəlbini riqqətə gətirib”.
Ölkənin musiqi ictimaiyyətini ayağa qaldırmış azərbaycanlı qonaq yaponların qəlbində artıq özünə yuva qurmuşdu. Müsabiqə günlərində Fərhəngin konsertinə tamaşa edib bəyənən, bəstəkarla yaxından tanış olan məşhur musiqiçi və iş adamı xanım Eyko Aoikinin həmyerlimizə yapon mövzusunda opera yazmağı təklif edir və təklifinin qəbulundan böyük məmnunluq duyduğunu bildirir. Yaponiyalı xanım qəhrəman yapon dənizçilərinin həyatından bəhs edən ssenarisini Fərhəngə təqdim edir...
Operada hadisələr on səkkizinci əsrdə baş verir və Yaponiyanın milli qəhrəmanı, yapon dənizçisi Kodayunun başına gələn əhvalatlardan, onun Sofiya adlı bir qızla eşq macərasından bəhs olunur. Kodayunun gəmisi dənizdə qasırğa nəticəsində batsa da, o, yoldaşları ilə birlikdə xilas olur, Rusiyanın Kamçatka yarımadasında sığınacaq tapır. Dörd ildən sonra yapon dənizçiləri rus tacirləri ilə birgə İrkutska gəlib çıxırlar. Kodayu vətəninə qayıtmaq üçün dəfələrlə II Yekaterinaya müraciət edir və nəhayət, Peterburqda onun qəbuluna düşə bilir. Rus çariçası yapon dənizçisinə vətəninə qayıtmağa icazə verir. Kodayu geri dönür, lakin ona paytaxt Edo şəhərində yaşamağı və Rusiya haqqında danışmağı qadağan edirlər. Yalnız on doqquz il sonra Kodayu doğma yurduna qayıda bilir... Bizim “Leyli və Məcnun” mövzusunu yada salan fabula azərbaycanlı bəstəkara çox doğma gəldiyindən və o, rus, Avropa, yapon musiqisinə dərindən bələd olduğundan yaradıcılıq işi tezliklə öz gözəl bəhrəsini verir. Əsərdə bəstəkar yapon klassik musiqisi ilə rus klassik opera üslubunun, xüsusilə, Pyotr İliç Çaykovskinin və Aleksandr Porfiryeviç Borodinin ənənələrini uzlaşdıraraq məlahətli melodiyaları ilə yaddaqalan musiqi epopeyası yaradır. Üçillik gərgin zəhmətdən sonra əsər tamamlanır və “Asaxi” televiziya şirkətinin 35 illiyinə həsr olunmuş ilk tamaşa 1993-cü ildə Tokionun Bunkamura Orçard zalında, sonra isə Osoxo və Sudzika şəhərlərində böyük uğurla keçir, televiziya ilə birbaşa transliyasiya olunaraq komprakt-diskə yazılır.
“Kodayu” bütün tamaşaçıları heyrətə salır. Yapon şahzadəsi operanı Yaponiyanın ilk “Romeo və Cülyetta”sı adlandırır. Opera ölkənin mədəni həyatında çox əhəmiyyətli bir hadisəyə çevrilir. Eyko Aoki isə operanın çap olunmuş klavirindəki ön sözdə arzusunu bildirir: “Mən istərdim ki, “Kodayu” Cakoma Puççininin “Madam Batterflyay” operası kimi dünyanın bütün ölkələrində ifa olunsun”. İlk milli yapon operası “Kodayu” yüz iyirmi milyonluq yapon xalqının musiqi tarixinə beləcə qədəm basır və hər iki ölkənin mədəniyyət tarixinə unudulmaz səhifələr yazaraq Azərbaycan-Yaponiya mədəni əlaqələrinin təməlini qoyur.
1992-ci ildən Türkiyədə yaşayan istedadlı bəstəkar və musiqişünas Ədənə şəhərindəki Çuxuroba universitetində gənc bəstəkarlara musiqi dünyasının sirlərini öyrətməklə yanaşı müxtəlif konsertlərdə, sənət görüşlərində, beynəlxalq müsabiqələrdə iştirak edir, musiqiçilər arasında solist, kvartet, orkestr ifaçısı kimi tanınır. Fərhəng Hüseynovun Yaponiyadan dünyaya yayılmış şöhrəti ona arasıkəsilməz melodiyaya çevrilən saysız-hesabsız sevinc notları bəxş edir. Bir çox ölkələrin teatrlarından ona opera və ya balet kimi irihəcmli musiqi əsərləri yazmaq üçün sifarişlər verilir. Məşhur türk musiqişünası və cərrahı Süha Dəmirtaşın iş adamı Çətin Önərə yazdığı məktubda belə bir maraqlı və ibrətamiz fikir var: “Əfəndim, Bethoven dövrünün imperatorlarını soruşsanız, Almaniyada onların adını bilən çətin tapılar. Lakin Bethoven, həmçinin onun əsərlərində adları çəkilən Çiardini, Valdşteyni, Brunsu hamı tanıyır. Çünki onlar Bethovenə bir zamanlar mənəvi və maddi dayaq duran vətənpərvər xeyriyyəçilərdir. Əgər dünyada adının, izinin qalmasını istəyirsənsə, gəl Fərhənglə səni tanış edim. Yaponlardan nümunə götür, onunla dostluq elə. Belə istedadları tarix az-az yetirir. Fürsəti əldən vermə!”
Çətin Önər həmyerlisinin yanğısını bütün çalarları ilə anlayır, çünki bu yanğıda ulu türkün ədalət qılıncının kəsəri, səma altında qəlblərə hakim kəsilən sevgi şərqilərinin ruhu cövlan edirdi. İncəsənət sevgili Çətin Ömərin təşəbbüsüylə Mersin Opera və Balet Teatrı Fərhəng Hüseynova “Aba kraliçası” adlı balet yazmağı sifariş verir. Antik dövrə aid baletin əsas mövzusu məhəbbət və Xeyirlə Şərin mübarizəsidir. Əhvalat Antoniya və Kleopatranın çarlığı dövründə baş verir. Həmin uzaq zamanlarda Roma imperiyasının muxtar bir əyaləti olan və müstəqillik uğrunda uzun müddət mübarizə aparan Obiya ölkəsini cəsur hökmdar Aba işğalçılara qarşı mübarizəyə qaldırır. Xeyirlə Şərin mübarizəsi fonunda dramatik səhnələrlə müşayiət olunan baletdə əsas qəhrəmanların həlak olmasına baxmayaraq, Xeyir Şərə qalib gəlir. Humanist ideyalardan və haqq ədalətdən bəhs edən sifarişi bəstəkar məmnuniyyətlə qəbul edir və libretto ürəyini fəth etdiyindən gərgin işləyərək qısa müddətdə əsəri tamamlayır. Balet libretto müəllifi Altay Bayramın və xoreoqraf Şamil Terequlovun iştirakı ilə Mersin Dövlət Opera və Balet Teatrının səhnəsində böyük müvəffəqiyyətlə göstərilir. Türkiyənin mətbuat aləmində bir-birinin ardınca dərc olunan çoxsaylı məqalə və resenziyalar, həmçinin televiziya kanalları ilə verilən reportajlar uğurun hüdudsuz olduğunu təsdiqləyir. Müəllif janrın ən gözəl klassik ənənələrini məxsusi sənətkarlıqla tətbiq edib özünün yaradıcılıq manerasına uyğun üslubda rəqslərlə səslərin vəhdətindən qeyri-adi ahəngdarlıq yaratmağa nail olmuşdu. “Aba kraliçası” antik süjetinə görə ilk türk baleti kimi Mersin teatrının fəxri hesab olunur və Mərmərə festivalında 2005-2006-cı illər teatr mövsümünün ən yaxşı səhnə əsəri kimi qəbul edilir. Fərhəng Hüseynov “Azərbaycan övladı” adını türk musiqi irsinin salnaməsinə fəxrlə yazdırır və Şuşanın əbəs yerə Qafqazın Konservatoriyası adlanmadığını beynəlxalq aləmdə bir daha isbatlayır. Bununla da dünyanın dörd bir yanına səpələnmiş azərbaycanlıların müqəddəs və ləyaqətlə daşıdığı Qarabağlı qürurunu türk dünyasının alnına əbədi həkk edir.
Fərhəng Hüseynovun yaradıcılıq üslubu yeddi rənglə yeddi səsin uzlaşan çalarından yaranmış harmoniyadır. Musiqişünasların təbirincə onun musiqi üslubunun əsrarəngizliyi
rəngarəng palitradan, forma və arxitektonik hissiyyatdan, möhkəm tembr duyumundan doğur və bu kamillik sadədən aliyə doğru musiqi sənətinin simfoniya, kantata, oratoriya, opera, balet əsərləri, kino musiqisi, həmçinin kiçik formalı bir çox kamera əsərləri, skripka, fortepiano, orqan üçün sonatalar, simli kvartet, skripka üçün pyeslər, mahnılar kimi müxtəlif janrlarda əsərlər yoğurmağa imkan verir. Fərhəngin təfəkküründən süzülüb gələn bu əsərlər haralarda səslənməyib?! Amerika Birləşmiş Ştatları, Almaniya, İsveçrə, Rusiya, Türkiyə, Yaponiya və onlarla digər ölkələrdə Fərhəng Hüseynovun əsərlərini məmnuniyyətlə dinləyib, alqışlayıb və müəllifinə əbədi şöhrət arzulayıblar.
1995-ci il. Amerika Birləşmiş Ştatların Nyu-York şəhəri. “Dünyaya Sülh Naminə Barış Cəmiyyəti”nin beynəlxalq müsabiqəsinə göndərilmiş əsərlər münsiflər tərəfindən qiymətləndirilir. Cəmiyyətin xüsusi “Zirvə” mükafatına yekdilliklə görkəmli Azərbaycan bəstəkarı Fərhəng Hüseynovun “Yer üzündə sülhə nail olunmalıdır” oratoriyasına verilir. Bu münasibətlə okeanın o tayından müəllifə göndərilmiş məktubda deyilir:
“Hörmətli cənab Hüseynov!
“Dünyada Sülh Naminə Barış Cəmiyyəti” Sizin “Yer üzündə sülhə nail olunmalıdır” adlandırdığınız gözəl oratoriyanızın xüsusi mükafata layiq görülməsi barədə qərarını xəbər vermək mənim üçün çox xoşdur.
Biz dünyanın çox yerindən yüzdən artıq yazarın 1995-ci il üçün sülh naminə çox istedadlı musiqi töhfəsini almışdıq. Liriklik və poetiklik cəhətdən rəngarəng olan və sülh arzusunu özündə əks etdirən hər bir əsəri diqqətlə, obyektiv surətdə dərhal nəzərdən keçirməyə başladıq. Təqdim olunan bütün əsərləri gözəlliyinə görə və müsabiqə yeri baxımından diqqətlə təhlil etdikdən sonra nəticədə bu əsərlərin içərisində xüsusi mükafatın Sizə verilməsi qərarına gəldik.
“Sülh zirvəsi” tituluna layiq görülməyiniz haqqında Siz ayrıca zərf alacaqsınız. Biz inanırıq ki, “Yer üzündə sülhə nail olunmalıdır”a görə alacağınız “Sülh zirvəsi” titulu daim barış rəmzi olacaq. “Sülh zirvəsi” sənədini və təltif olunmağınız haqqında sertifikatınızı göndərməkdən ötrü ünvanınızı bizə bildirməyi xahiş edirik.
Biz böyük həvəslə Sizin bu işinizi izləyəcəyik. Ona görə ki, Sizin əsəriniz parlaq və dərin olmaqla yanaşı, sülh üçün musiqi istedadının gözəl töhfəsi ola bilər. Biz inanırıq ki, Sizin tamamlanmış bu böyük işiniz dünyanın çox yerində ifa olunacaq və çoxsaylı dinləyicilərin zövqünü oxşayacaq.
Sizə böyük ehtiramla: Kazio Sugapuama”
Beynəlxalq ictimaiyyətdən belə səmimi və zəngin təəssüratlarla dolu ilhamlı sözlər ancaq Fərhəng Hüseynov qədər istedadlı və mənəvi yüksəkliyi fəth etmiş insanlara ünvanlana bilər. O, buna layiqdir. O, bunu öz alın təri ilə qazanıb. O, öz dühası ilə qəlblərdə əbədi məskən salıb. Bu gün bu insan haqda keçmiş zamanda düşünmək və danışmzq olmur. Çünki, o, öz yaratdıqları ilə bizim qəlbimizdə məskən salıb. Musiqilərini dinləyəndə onun ruhu ilə kosmik əlaqə yaranır və zövqləri qidalandıran mükalimə başlanır.
Fərhəng Hüseynov yaradıcılığının müdrik və məhsuldar çağında cismən yer üzünü tərk edib. 2010-cu ilin 16 fevralda bilinməyən səbəbdən onun ürəyi dayanıb. Bu çox insafsız ölüm idi. Çünki, milyonlar ondan yeni əsərlər, həyatlarına xoş ovqat qatacaq müsiqi sədaları gözləyirdi.
Müdriklər deyirlər ki, bu cür seçilmiş insanları Tanrı çəkib öz ətəyinə aparır. Ancaq Tanrı sevgisi nə qədər güclü olursa olsun, insanların möhtac olduğu sevgi yer üzündə daha böyük savaba malikdir. Həm də Fərhəng Qarabağ nisgili ilə insanları tərk edib, ona görə ki, torpağımızın azadlıq marşını hələ yazmamışdı.
Novruz NOVRUZOV

 

Oxşar məqalələr