AXTAR

AQATA KRİSTİ "QƏHVƏYİ KOSTYUMLU KİŞİ"

The Man

Roman ( tərcümə edən: Novruz Novruzov, Bakı, “MBM” 2008)
Proloq

Rus balerinası Nadin Parisi valeh etmişdi. Zalda alqışlar guruldayır, onu təkrar-təkrar səhnəyə qaytarırdılar. Buğünkü çıxışı da hərarətlə keçirdi. Nəhayət, pərdə salındı. Səhnə arxasında menecer onu təmtəraqlı sözlərlə qarşıladı: “Cəzibədarsınız! Füsünkarsınız! Bu gün bütün çıxışlarınızı üstələdiniz!”
Nadinin qrim otağı gül buketlərinə bələnmişdi. Şəxsi qulluqçusu Janna balerinanı komplimentlərlə qarşıladı, lakin qapı döyüldüyündən qulluqçu çıxdı və dərhal əlində vizitka geri qayıtdı.
-Qəbul edəcəksinizmi, xanım?
-Ver baxım!
Nadin “Qraf Sergey Pavloviç...” sözlərini oxuyan kimi əmr etdi:
-Qoy gəlsin. Sən gedə bilərsən.
Qrim otağına diqqəti cəlb etməyən solğun bənizli, qəşəng, zabitəli kişi daxil oldu. O, balerinanın əlindən öpdü.
-Ürəkdən şadam...
Nadin gülümsündü:
-Biz səninlə həmvətənik, qraf, ancaq rusca danışmayacağıq. Razısanmı?
-Əgər belə lazımdırsa...- qonaq əllərini yana açdı: - Üstəlik, nə siz, nə də ki, mən bu dili bilirik.
Onlar ingiliscə danışmağa başladılar.
-Böyük müvəffəqiyyət qazanırsınız, Nadin! Sizi təbrik edirəm!
-Hər halda ötən illərlə müqayisə etməyinə dəyməz. Budur, müharibə də qurtardı, ancaq hələ də mənim haqqımda cəfəng şayiələr gəzir. Bilirsinizmi, hiss edirəm ki, məni həmişə izləyirlər.
-Lakin, o vaxt sizi casusluqda təqsirləndirə bilmədiklərini yaxşı xatırlayıram.
-Bizim şef ehtiyatlıdır.
-“Polkovnik”in yaşı çoxdur, - qraf zarafatla dedi.- Eşitmişəm, təqaüdə çıxmağa hazırlaşır. Əladır! Təqaüdə...hər hansı bir həkim, yaxud, deyək ki, çörəkçi kimi.
-Ya da sadəcə işgüzar adam kimi- deyə Nadin davam etdi. – Ancaq nə üçün bu, sizi təəccübləndirir? “Polkovnik” həmişə işgüzarlığı ilə seçilib. O, cinayəti elə törədir ki, elə bil, məsəlçün, fabrik tikir. Cinayətlərin əhatə dairəsi də ki... Briliyant oğurluğu, casusluq, təxribat, adam öldürmək... İndi isə o, oyundan çıxmaq istəyir. Və heç də əliboş getmir! Düzdür, o, başqalarını da incitməyib. Tapşırdığı işin haqqını həmişə yaxşı ödəyirdi. Belə deyilmi?
-Düz deyirsən,- qraf razılaşdı. – “Polkovnik” əliaçıq idi, buna görə də onun əməliyyatları həmişə uğurla keçirdi. Bu səbəbdən də hər hansı bir vəziyyətdə “qorxu-hürküsüz olmaq istəyirsənsə, əməliyyatda şəxsən iştirak etmə” prinsipinə ciddi əməl edirdi. Beləliklə, hamımız onun əlində idik. Heç kimdə də onu ilişdirməyə bir qarmaq belə yox idi! Nə deyəsən?!
Və bir qədər susduqdan sonra qraf təbəssümlə əlavə etdi:
-Bilirsinizmi, bizim “polkovnik” xurafatçıdır. Eşitdiyimə görə, o, falçının yanına gedib. Hə, hə...! Falçı ona müvəffəqiyyət qazanacağını bildirib, ancaq xəbərdar edib ki, sarsıdıcı zərbəni ona...qadın vuracaq.
-Belə de!- Nadin dərin maraqla dilləndi.-Qadın?...
-Görünür, o əvvəl-axır evlənəcək, gözəlçəsi də yığdığı milyonları havaya sovuracaq. Pulu yelə vermək yığmaqdan asandır.
-Çətin ki...-Nadin gülümsədi və birdən ciddiləşərək dedi: Dost, mən sabah Londona yola düşürəm.
-Bəs, sizin müqavilə?...
-Bir günlüyə gedirəm. Özgə adı ilə... Görürəm ki, səfərimin məqsədi sizi çox maraqlandırır.
-Əyləncə xatirinə getmədiyini hiss edirəm. Çünki, İngiltərədə yanvar heç də ən yaxşı ay hesab olunmur. Yağış, duman... Sərfəli işdir?
-Məncə, hə!
Nadin ayağa durdu. Otaqda gəzinməyə başladı. Sonra əyləşərək, dedi:
-Hər halda siz heç də tam haqlı deyilsiniz. Məsələn, deyək ki, ilişdirmək məsələsində. Şəxsən məndə şefin əleyhinə bəzi şeylər var. De-Bir almazları barədə əhvalatı xatırlayırsınızmı?
-Əlbəttə! Kimberli! Bu, müharibədən əvvəl olmuşdu. Nədənsə işi ört-basdır etdilər. Deyirlər, həmin işdə qazanc pis deyilmiş.
-Yüz min funt sterlinq! Əməliyyata “polkovnik” rəhbərlik edirdi. Mən bir neçə de-Bir almazını Cənubi Amerika daşlarına dəyişməliydim. Daşları Kimberliyə iki cavan oğlan gətirmişdi. Təbiidir ki, daşların dəyişdirilməsində onlardan şübhələnməli idilər. Belə də oldu.
-Məharətlə düşünülüb!
-Hə, pis deyildi. Şefin tapşırığını yerinə yetirdim, ancaq öz şansımı da əldən vermədim. Cənubi Amerikanın bir neçə “daşını” özümdə saxladım. Nadir daşlardır. Və istənilən vaxt asanlıqla təyin etmək olar ki, onlar de-Bir kolleksiyasından deyilllər...hə, nə deyirsiniz? Bəyəm, bu, şef üçün qırmanc deyil? Axı, əgər həmin oğlanların günahsız olduqları aydınlaşsa, “polkovnik” zərbə altına düşür. Həm də bu dəfə yaxasını qurtara bilməyəcək. Mən uzun müddət susmuşam, qraf. Susmağın qiymətini təyin etmək vaxtı indi gəlib çatıb. Bu çox dəhşətli olacaq!
-İnandırıcı deyil! Bu almazlar da...
-Onlar möhkəm yerdədir.
-Bu ancaq sizin fikrinizdir...o, şeytan kimi təhlükəlidir. Siz ki bilirsiniz, “polkovnik”ə hədə-qorxu gəlmək hər adamın işi deyil.
-Mən ondan qorxmuram! Qorxduğum bircə adam vardı ki, o da indi sağ deyil.
-Onun heç vaxt xortlamayacağına ümid etmək olar?
-Siz nəyə işarə edirsiniz?
-Üzr istəyirəm, -qraf karıxdı.- Səfeh zarafatdan başqa bir şey deyil.
-Bəli, o ölüb!- Nadin dedi.- Müharibədə öldürülüb...O məni sevirdi.
-Bu hadisə Cənubi Amerikadamı olub? Eşitdiyimə görə siz orada doğulmusunuz.
-Nadin başını tərpətdi.
-Nə deyim, özün bilən yaxşıdır,-deyib, qonaq susdu, sonra əlavə etdi.
-Hər halda “polkovnik”dən ehtiyat edin.
-Onu əla tanıyıram.
-Şübhəm var,-deyə, qraf yüngülcə etiraz etdi:-Son dərəcə şübhə edirəm.
-Çox nahaq-Nadin qabardı.-Sabah Sauthemptona Cənubi Afrikadan gəmi gələcək. Həmin gəmi ilə gələn, şefə qarşı əlində müəyyən dəlilləri olan bir nəfərlə görüşəcəyəm. Görürsünüzmü, mən tək olmayacağam.
-Həmin adama inanırsınızmı?
-Tamamilə, -Nadinin üzündə təbəssüm gəzdi, düzdür, o, belə şeylərdə usta deyil, ancaq sədaqətlidir. Öz aramızda qalsın , o, mənim keçmiş ərimdir.

I
Anna Bedinqfeldin hekayəti

Bu əhvalat barədə yazmağı çoxları məndən xahiş etmişdi. “Deyli büdcet”in baş redaktoru lord Nesbidən tutmuş ta bizim qulluqçu Emilyaya kimi. Axırıncı dəfə mən İngiltərədə olanda o, yenidən məni dilə tutmağa başladı. “İlahi, siz necə gözəl kitab yaza bilirsiniz, miss!”
Nə deyim, o haqlıdır. Axı, mən əvvəldən axıradaək bu işin içində, necə deyərlər, ölümün caynağında olmuşam. Hələ üstəlik ser Yustas Pedlerin gündəliyi də əlimdədir.
Elə bu cür də olmalıydı. Anna Bedinqfeld hekayətinə başlayır...
Uşaqlıqdan macəra arzusundaydım. Görünür, evimizdə həyat son dərəcə yeknəsəq olduğundan bu arzuya düşmüşdüm. Elm aləmində atam professor Bedinqfeldi insana qədərki tarixə aid bütün məsələlərdə inkaredilməz şəxsiyyət sayırdılar. Əfsus ki, onun bu məşhurluğu pul cingiltisi gətirmirdi. Bizdə heç vaxt pul olmadığı yaxşı xatirimdədəir. Belə ki, atam öləndə mən səksən yeddi funtla qalmışdım. Borcları ödəyəndən sonra ondan da məhrum oldum. Bu vaxt atamın dostu və elmi işlərinin qızğın pərəstişkarı Flemminq düşdüyüm vəziyyət barəsində haradansa öyrənir. Mister Flemminq mənə xəbər göndərdi ki, özünün Londondakı evində arvadı ilə birlikdə professor Bedinqfeldin qızını qarşılasalar, çox şad olarlar.
London! Son dərəcə maraqlı, hər addımda macəra gözlənilən bir şəhərdə yaşamağı heç arzulaya bilərdimmi?
Londona gəldiyimin birinci günü qərara alındı ki, mənə nə isə bir iş axtarmaq lazımdır. Axşam öz otağıma çəkiləndə güzgüyə yaxınlaşıb diqqətlə sifətimi nəzərdən keçirdim. Cəlbediciyəmmi? Düzünə qalsa ... məndə düz yunan burnu yoxdur, heç al-qırmızı dodaqlar da...Mavi gözlərin əvəzinə güzgüdən mənə sarımtıl işartılı, tünd-yaşıl gözlər baxırdı. Uzun sözün qısası, macəra axtaranlar üçün əla rəngli gözlər!..Bədənimi qara parça ilə örtdüm, saçlarımı açıb tökdüm, pudralandım, dodaqlarımı qalın rənglədim və gözlərimə qara çəkdim. Sonra çiyinlərimə qırmızı şərf atdım, saçlarıma lələk taxıb, damağıma siqaret qoydum. Çox təsirli alındı. Güzgüdə görkəmimi seyr edib, bərkdən: “Anna-macəra axtaran qadın”- dedim.

II

Darıxdıcı həftələr uzanırdı. Heç bir dəyişiklik yox idi. Ancaq qəti əmin idim: Əgər macəra axtarırsansa, o özü gəlib səni yolun ortasında tapacaq. İnsan həyatda yalnız istədiyinə nail olur.
Bu hadisə yanvarın 8-də baş verdi. İş axtarmaqdan evə qayıdırdım. Metroya daxil olub, Qloçester Rouda qədər bilet götürdüm və platformaya düşdüm. Camaat seyrək idi. Hansısa bir kişinin yanından keçəndə kəskin naftalin iyi məni vurdu. Görünür, kişi öz düşüncələrinə dalmışdı. Buna görə də yaxınlıqda dayanıb ona göz yetirməyə macal tapdım: qısaboylu, üzü günəşdən yanmış, mavi gözlü, qara saqqalı olan adam idi.
“Yəqin, xaricdən indicə gəlib –dərhal öz –özümə fikirləşdim. – Hindistandan! Saqqalından görünür ki, zabit deyil. Bəlkə, çay plantasiyaçısıdır?...”
Elə bu an o, mən tərəfə baxdı və baxışları məndən arxada nədə isə ilişib qaldı. Qorxudan sifəti dəyişiləlrək, demək olar, dəhşətlə əyildi. O, söz yox ki, qarşılaşdığı təhlükədən yayınmaq məqsədilə bir addım geri atdı və görünür, platformanın kənarında dayandığını unutduğundan arxası üstdə relsin üstünə yıxıldı. Açıq – aydın nəsə köpüb cırıldadı. Dəhşətdən qışqırdım. Adamlar hadisə yerinə qaçıb gəldilər. Kişini qaldırıb platformaya uzatdılar.
– İcazə verin, keçim! – arxadan səs eşidildi: - mən həkiməm .
Xurmayı saqqallı, hündürboylu kişi irəli dürtülərək zərərçəkənin üzərinə əyildi. Və birdən məni baş vermiş bütün bu hadisənin qeyri – reallığı hissi bürüdü. Həkim dikəldi:
– Keçinib, - dedi.
Adamlar hələ də meyidin ətrafına yığışmışdılar. Camaatdan aralanıb çıxış yoluna tərəf tələsdim. Qabağımca bayaqkı həkim gedirdi. Liftə girdiyi anda onun cibindən bir kağız parçası yerə düşdü. Onu götürüb həkimin ardınca götürüldüm, lakin liftin qapıları çırpıldı və kağız parçası əlimdə qaldı. Blaknotdan cırılmış vərəqdə aşağıdakı sözlər yazılmışdı: “17. I 22. Kilmorden Castl”
Vərəq əlimdə dayanmışdım və birdən bayaqkı tanış qoxunu duydum. Kağızı burnuma yaxınlaşdırdım. Naftalin! Qeyri-iradi kağızı çantamda gizlədərək liftə girdim.
Evdə missis Flemminqə metroda baş vermiş hadisə barədə danışdım. O, məni bir fincan isti çay içməyə məcbur etdi. Bir az sakitləşəndən sonra öz otağıma qalxdım və baş vermiş hadisəni bütün təfərrüatı ilə xatırlamağa çalışdım: istəyirdim, başa düşəm görüm, həkimin zərərçəkəni müayinəsini müşahidə etdiyim zaman nə üçün birdən məni qəribə hisslər bürüdü. Döşəmədə oturub platformada uzanmış adamın vəziyyətini aldım, sonra özümü həkimin yerində təsəvvür etdim, onun hərəkətlərini təkrarladım və... hər şeyi anladım.
Axşam qəzetləri metroda baş vermiş hadisə barədə xırda məlumatlar dərc etmişdilər. Repartyorlar bir –birinin ardınca: “Bu, bədbəxt hadisədir, yoxsa özünəqəsd?” – deyə suallar yağdırırdılar.
Mister Flemminq başıma gələnləri dinləyərək məsləhət gördü ki, polisə müraciət edim. Sonra soruşdu:
-Deyirsiniz yaxınlıqda heç kəs yox idi?
-Heç kim. Ancaq indi əminəm ki, məndən arxada kimsə dayanmışdı. Polisdən öyrəndim ki, həlak olanın cibindən yalnız Marloudakı evə baxmağa icazə kağızı tapılmışdır. “Rassel-Otel”də yaşayan L.B.Kartenin adına icazə kağızını mülk üzrə agentlik yazmışdı. Otel xidmətçisi kişinin meyidini tanıdı, bildirdi ki, bir gün əvvəl otaq tutub və qeyd dəftərində Cənubi Afrikadan, Kimberlidən olan L.B.Karten adı ilə qeyd olunub. Hər şeydən göründüyü kimi o, gəmidən bu günlərdə düşmüşdü. Sonrakı hadisələrin yeganə şahidi isə mən idim.
-Siz təsdiq edirsinizmi ki, onu nə isə qorxutmuşdur?- polis soruşdu.
-Bəli,o, dəhşətlə bir addım geri çəkildi və...
-Yaxşı, onu nə qorxuda bilərdi?
-Təsəvvür etmirəm. Ancaq nəsə vardı...
-Miss, bəs, sizə qəribə gəlmirmi ki, metroda meyidi yoxlayan doktor sonralar heç görünmədi, nə adını, nə də ünvanını bildirdi?
Təbəssümümü güclə saxladım. Axı, bu haqda məndə tapıntı vardı və səhərisi
onu Skotland-Yardda bəyan etmək istəyirdim. Lakin səhər gözlənilməz xəbərlə açıldı. “Deyli Budcet” qəzeti “Metrodakı hadisənin qəribə davamı”, “Boş evdə qadın boğulmuşdur” kimi sensasiyalı sərlövhələrlə çıxdı. Qəzet yazırdı: “Marlouda, Mill-Hausda sensasiya. Ser Yustas Pedlerə məxsus Mill-Haus villası kirayə verilir və ona baxmaq üçün qəbz metroda həlak olan şəxsin cibindən tapılmışdır. Dünən Mill-Hausun otaqlarından birində gənc, gözəl qadının meyidi aşkar edilmişdir.Onu boğmuşlar. Ehtimal ki, qadın əcnəbidir, lakin hələlik şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Mill-Hausun sahibi ser Yustas Pedler hazırda Fransada istirahətdədir.”

III

Əldə olan faktlardan aşağıdakılar məlum olurdu. Yanvarın səkkizində, təxminən gündüz saat birdə yüngülcə əcnəbi şivəsi ilə danışan yaxşı geyinmiş bir qadın Knaytsbricdəki “Batler və Park” agentliyinə daxil olub. Orada bildirib ki, London yaxınlığında , Temza sahilində ev almaq, yaxud kirayə tutmaq istəyir. Mill-haus da daxil olmaqla ona bir neçə ünvan təklif ediblər. Qadın özünü de Kastinin xanımı adlandırıb və deyib ki, “Rits” otelində yaşayır. Halbuki, orada bu adla heç kim qeyd olunmayıb, otelin xidmətçiləri də öldürülənin bədənini tanıya bilməyiblər.
Ser Yustas Pedlerin bağbanının arvadı, villanın qapısı ağzındakı kiçik evdə yaşayan missis Ceymsin verdiyi ifadəyə görə gənc xanım Mill-hausa gündüz saat üçə yaxın gəlib. Evə baxmaq üçün icazə vərəqini təqdim edib və missis Ceyms parkın içərilərində yerləşən mənzilin açarını ona verib. Bir neçə dəqiqə keçmiş gənc kişi peyda olub. Missis Ceyms onu hündürboylu, enlikürək, sifəti günəşdən yanmış, gözləri açıq-boz rəngli, üzü tərtəmiz qırxılmış təsvir edirdi. Qəhvəyi rəngdə kostyum geyinibmiş. Kişi izah edib ki, bu saat evə baxan xanımın dostudur və teleqram vurmaq üçün poçta girdiyindən onu bir dəqiqəliyə tərk edib. Beş dəqiqədən sonra gənc kişi qayıdıb, açarı qaytarıb və deyib ki, ev onlara sərf eləmir. Onun yanında heç kim olmayıb və missis Ceyms də fikirləşib ki, yəqin xanım əvvəlcə çıxıbdır. Bir də , missis Ceymsin dediyinə görə, həmin centlmen evə baxandan sonra üzü elə ifadə almışdı ki, sanki ölüm kabusu ilə qarşılaşmışdır. Səhərisi evə baxmaq üçün daha bir “cüt” gəlib. Həmin vaxt da meyid tapılıb. Missis Ceyms meyidin dünən gələn qadın olduğunu tanıyıb. “Betler və Park” kontorunun agenti də öldürülmüş xanım de Kastinanı tanıyıb. Polis həkiminin rəyində yazılmışdı ki, qadın artıq bir sutkadır ölüb. “Deyli Budcet” qəzeti hadisəni belə yekunlaşdırırdı : “metrodakı şəxs əvvəlcə qadını öldürüb, sonra öz həyatına qəsd edib. Ancaq bəzi uyğunsuzluqlar vardır: metrodakı hadisə saat ikidə baş vermişdi, saat üçdə isə qadın hələ sağ idi. Məntiqi surətdə belə çıxırdı ki, bu iki ölüm heç cür bir-birilə bağlı deyil. Metroda həlak olmuş kişinin cibindən tapılmış evə baxmaq üçün qəbz isə təsadüfi uyğunluqdan başqa bir şey ––deyildir.”
Polis və “Deyli Budcet”in reportyorları səylə “Qəhvəyi kostyumlu kişini” axtarırdılar.
Missis Ceyms sirli xanımın gəlişinə qədər evdə heç kimin olmadığına tam əmin idi. Deməli, bədbəxt xanım de Kastinanı, ondan bir az sonra evə daxil olmuş “Qəhvəyi kostyumlu kişi” öldürüb. Hər şeydən göründüyü kimi qadın qəflətən yaxalanmış və qalın, qara qaytanla boğulmuşdur.
Bütün bunları yerli-yataqlı xəbər verən “Deyli Büdcet” mübariz ruhlu çağırış irəli sürdü. “Qəhvəli kostyumlu adamı tapmalı!.”
Gözləri boz rəngli, sifətləri gündən yanmış gənc kişilər qəhvəyi kostyum aldıqları günü lənətləyirdilər. Adicə təsadüf kimi izah olunan metrodakı hadisə isə ikinci plana keçdi və tezliklə hamı tərəfindən unuduldu. Yalnız məndən başqa. Və qərara gəldim ki, Skotland-Yarda getməyi təxirə salmayım.
Məni inspektor Midouz qarşıladı.
- Sabahınız xeyir! Buyurun, əyləşin. Siz metrodakı hadisəyə görə gəlmisiniz, miss Bedinqfeld?
- Ölən kişinin cibində biletin olmaması sizə qəribə gəlmirmi?- deyə, suala sualla cavab verdim.
- Yəqin ki, onu itirib, bəlkə də atıb.
- Pul da olmayıb, - mən davam etdim.
- Qəpik – quruş vardı.
- Belə olan halda, qəzetlərdəki xəbərlərə həkimin heç bir reaksiya verməməsi sizcə, təəccüblü deyil?
- Həkimlərin işi xirtdəyəcəndi. Qəzet oxumağa onlarda vaxt hardandı? Buna görə baş vermiş hadisəni o, sadəcə olaraq unuda da bilər.
- Bəs, əgər sizə desəm ki, o, heç də həkim deyil, onda necə?
- Nə-nə? !
- O, həkim deyil! – deyə, təkrar etdim.
- Nədən bilirsiniz, miss Bedinqfeld?
- Bilirsiniz, müharibə vaxtı mən hərbi xəstəxanada işləmişəm. Və həkimin yaralını necə müayinə etdiyini görmüşəm. Onların peşəkar hərəkətləri bu həkimin fəaliyyətində yox idi. Bundan başqa, heç bir təbib ürəyə sağ tərəfdən qulaq asmır.
-Bəs, o necə, sağdan qulaq asdı?
-Bəli. Əvvəlcə buna fikir vermədim, ancaq sonra başa düşdüm və bu, orada, metroda məni həyəcanlandırdı. Evdə həmin səhnəni “oynayandan” sonra əmin oldum ki, o, həkim deyil.
-Hı-ııı...-inspektor fikrə getdi.-“Doktor”un zahiri görkəmini təsvir edə bilərsinizmi?
-Hündürboylu, enlikürək, tünd rəngli palto, qara çəkmələr, şlyapa, eynək... və şabalıdı saqqallı.
-Aha, demək belə. İndisə ondan paltonu, saqqalı, eynəyi çıxardın ve onu tapın görüm necə tapırsınız! Daha nə əlavə edə bilərsiniz, miss?
-Nə əlavə edərəm!-sual mənə yersiz göründü və fikirləşdim ki, axırda inspektoru pərt edim. – “Doktorun” başı xalis braxisefalik (eni uzunundan artıq) idi. Bax, bunu isə heç cür dəyişə bilməzsən!
Bu vaxt inspektor Midouzun qələminin tərəddüdlə donub qaldığını məmnunluqla seyr etdim. O, açıq-aşkar “braxisefalik” sözünü necə yazmağı bilmirdi.

IV

Belə səfeh söhbət məni özümdən çıxartdı, buna görə də qəti addım atmaq mənə çox asan gəldi.
Skotland-Yarddan birbaşa lord Nesbinin evinə yollandım. Milyonçu lord Nesbi bir çox qəzetlərin sahibi olsa da, sevimli yetişdirməsi kimi “Deyli-Büdcet” onun üçün daha əziz idi. Birləşmiş Krallıqda hamı onu məhz “Deyli Büdcet” in sahibi kimi tanıyırdı. Lordun iqamətgahını tapmaq çətin iş deyildi. Düzdür, məni qəbul edəcəyinə inamım yox idi. Lakin təsadüf kömək etdi: Flemminqlərin hollunda qraf Loumislərin görüş vərəqi vardı. Onun kənarında karandaşla: “zəhmət olmasa, miss Bedinqfeldi bir neçə dəqiqəliyə qəbul edin”- yazdım və bu vərəqlə də Nesbinin malikanəsinə daxil oldum. Nə edəsən! Məqsədə çatmaq üçün vasitə seçərkən ehtiyatlı olmaq macəra axtaranlara uğur gətirmir. Lord Nesbi dərhal məni qəbul etdi. Və bu xaşalqarın, yekəpər kişiyə baxmağa macal tapmamış, o, mənim üstümə bağırdı: “Nə var? Loumisli, nə istəyir? Onun katibəsisiniz? Nə olubdur?”
- Hər şeydən əvvəl, - bacardığım qədər sakitcə cavab verdim, - mən qraf Loumislini tanımıram, hətta onun da mənim mövcudluğum barədə heç bir təsəvvürü yoxdur. Bu vərəqi yaşadığım evdə tapmışam. Əlavəni də özüm yazmışam. Sizinlə görüşmək mənə vacib idi.
Bütün bunları düdüləyib tökəndən sonra qorxmuş halda susdum.
Lorda apopleksiya zərbəsi bəs idi, yoxsa hər şey keçib gedəcəkdi. Nəhayət, o, dedi:
- Həsəd aparılacaq soyuqqanlılıqdır, miss, daha keçib, sizə iki dəqiqə vaxt ayırıram.
- Tamamilə kifayətdir, - tələsik cavab verdim. - Mill-haysda qətl!
- Qəhvəyi kostyumlu adamı tapmısınız?
- Xeyr, tapmamışam, lakin bu mümkündür.
Vəziyyəti qısaca şərh etdim. Qurtaran kimi, Nesbi gözlənilmədən soruşdu: - Başların tipləri haqqında hardan bilirsiniz?
Atam barəsində danışdım.
- Demək, siz professor Bedinqfeldin qızısınız? Yaxşı, deyin görüm, nə istəyirsiniz?
- Qəzetinizdə işləmək fikirindəyəm! İstəyirəm bu işi araşdıram.
- Lakin, miss, bu iş üçün öz adamlarımız var.
- Məndə isə sensasiyalı məlumatlar var.
- Bu danışdıqlarınızdı? Cəmi- cümlətanı, beş-üç kəlmə?
- O-o... yox, Lord Nesbi! Məndə başqa şeylər də var!
- Hə- ə... deyəsən zirək qızsınız? Di, döşəyin, gəlsin!
- Yalançı həkim liftə girəndə cibindən kağız parçası düşmüşdü. Həmin kağız məndədir. Kağız naftalin iyi verir. Metroda həlak olan kişinin paltosundan da həmin iy gəlirdi. Güman edirəm ki, özünü həkim kimi qələmə verən şəxs vərəqi onun cibindən çıxarmışdı. Vərəqdə iki söz və bir neçə rəqəm yazılmışdır.
Lord Nesbi saymazyana əlini uzatdı:
- Verin, baxim!
- Heç cür vermərəm, - deyə gülümsədim, - bu, mənim qənimətimdir.
- Deyəsən, həqiqətən bacarıqlı qızsınız! Və görünür, kağızı polisə vermədiyiniz üçün vicdan əzabı – zad çəkmirsiniz.
- İnspektor məni dinləmək belə istəmədi.
- Uzaq görən adam deyil. Yaxşı, öz versiyanızı hazırlamaqda davam edin. Əgər maraqlı bir şey tapsanız, dərc olunmaq imkanı əldə edərsiniz. “Deyli Büdcet” də istedadlı materiallara həmişə yer tapılar. Ancaq çalışmaq lazımdır. Başa düşdünüzmü?
Lord Nesbiyə təşəkkürümü bildirib, öz “Metodlarıma” görə üzr istədim, və ruhlanmış halda kabinetdən çıxdım.

V

Evə qayıdaraq otağıma çəkildim, sonra “həkim” dən qalmış qeyd vərəqini də götürüb, allah bilir, neçənci dəfə oxuyub izah etməyə çalışdım. İntuisiyam məni aldada bilməzdi: bu beş rəqəmdə - 17. I 22 sirrin cavabı gizlənmişdi. “Birinci iki rəqəmdən sonra nöqtə,- deyə mızıldandım.
- Nə olsun? Hələ baş işlətmək lazımdır! “Əvvəlcə, rəqəmləri topladım. 13
alındı. Görəsən, bu, kimisə hədələyən bədbəxtliyin xəbərdarlığı deyil ki? Yox, kimsə, əgər kiməsə xəbərdarlıq edirsə, onda sadəcə 13 yazardı, vəssalam. Sonra vurub-bölüb hesablamağa başladım. Hec nə alınmadı! Riyaziyyatı bir tərəfə qoyub, düşünməyə başladım.
Ağlıma min fikir gəlirdi: “Kilmorden Qəsri”. Aristokrat familyalar yuvası? İtmiş varis? Gizlədilmiş varidat? Əgər bunlar düzdürsə, onda rəqəmlər sirrin koordinatlarını göstərir. Bir adddım sağa, yeddi addım sola, iyirmi iki pillə aşağı. Ola bilsin, şifrlər elə bu prinsip üzrə tərtib olunub. “Kim kimdir?” məlumat kitabını götürdüm, lakin yarım saat sonra onu da kənara tulladım. Çünki, orada lazımi məlumatı tapa bilmədim. Qəribədir! Axı, bu qəsr haradasa olmalıdır. Əks təqdirdə onun adını yazmaq nəyə gərəkdir? Bəlkə, cəfəngiyyatdır! Əgər belədirsə, bəs, bunun sonrası? Çıxılmaz vəziyyət yaranır. Yox! Mütləq cinayət baş verən yerdə - Marlouda olmalıyam. Dərhal hər şeyi ölçüb- biçdim: əgər ev əvvəlkitək kirayə verilirsə, ona baxmaq çətin iş deyil.
Agentliyin gülərüz xidmətçisi seçmək üçün mənə bir neçə ünvan təklif etdi.
- Sizdə daha nə var? Məsələn, çay sahilində, bağ-bağatlı? – Və Mill- hausa uyğun gələn bir neçə detal da əlavə etdim.
- Ser Pedlerin də villası kirayə verilir-deyə, klerk xatırladı və şübhəylə əlavə etdi ki, ancaq bu, Mill-hausdur. Yəqin ki, qəzetlərdə oxumusunuz..
- Bəs, hardadır sizin bu Mill-haus?- qətiyyətlə onun sözünü kəsdim.
- Marlouda, necə olub ki, eşitməmisiniz? Bu günlərdəə orada qətl törədilib, çətin ki, razılaşasınız...
- Niyə ki? Bu səbəbdən daha ucuz qiymətə razılaşarıq. (“Ustalıqla elədim!”- ürəyimdə atdığım addımı bəyəndim.)
- Nə olar, miss əgər istəyirsinizsə, icazə kağızını yaza bilərəm. Evə baxarsınız işdir xoşunuza gəlsə...
On beş dəqiqə sonra Mill-hausda idim. Qapıda məni əsəbi, yaşlı qadın qarşıladı.
- Bu evə heç kəs girməyəcək! Eşidirsinizmi? Reportyorların əlindən lap təngə gəlmişəm!
- Axı, mənim bildiyimə görə ev kirayə verilir?
- Ah, bağışlayın miss, elə bildim jurnalistsiniz. Bir dəqiqə də sakit buraxmırlar. Ev, əlbəttə, hələ ki kirayə verilməyib, ancaq çətin ki, onu götürən ola.
- Bir hadisəmi baş verib?- həyəcanla soruşdum.
- Aman-allah! Bəyəm, burada öldürülən əcnəbi qadın haqqında eşitməmisiniz?
- Bu haqda qəzetlərdə nəsə oxumuşdum – etinasızlıqla necə gəldi cavab verdim.
Qətlə cüzi maraq göstərsəydim, heç şübhəsiz, arvad ilbiztək qınına çəkiləcəkdi. İndisə o, açıldı, nə açıldı!
- Hələ oxumamısınız? Bu barədə bütün qəzetlər yazıb. “Deyli Büdcet” isə hələ də canini tapmağa çalışır. Polis hələlik susur, amma məncə, canini tutarlar. Onu da, qadını da yaxşı xatırlayıam. Qadın, bax, orada dayanmışdı, siz dayanan yerdə.
- Qadın qarabuğdayı idi? Qəzet şəkillərindən çətin bilmək olurdu.
- Hə, saçları qaraydı. Sifəti isə ağ. Dodaqlarını qalın rəngləmişdi. Belələrindən heç xoşum gəlmir. Pudra və pamada qaydasında olsa yaxşıdır.
Artıq, biz köhnə, yaxın tanışlar kimi söhbət edirdik.
- Qadın pərişan görünmürdü?- soruşdum.
- Heç cür! Elə səmimi gülümsəyirdi ki!
Səhərisi onun meyidini evdən tapanda, az qala ağlım başımdan çıxacaqdı. Ser Yustas olmasaydı, heç nə məni burada saxlaya bilməzdi.
- Qəzetlərin yazdığına görə, hazırda o, Kanndadır.
- Düzdür, miss, orada idi, lakin baş vermiş hadisəni eşidən kimi İngiltərəyə qayıtmışdır. Ser Yustasın tapşırığı ilə onun katibi Peqqet qalmaq üçün məni dilə tutdu. Ərimlə mənə ikiqat maaş təklif etdi. Mənim Conum da fikirləşdi ki, hər halda pul puldur. Buna görə qalası olduğ.
Missis Ceyms susdu. Sonra yenidən hadisəyə qayıtdı:
- Amma gənc kişi, dəqiq deyə bilərəm ki, nədənsə dilxor idi. Evdən də beləcə həyəcanlı çıxdı. Ancaq o vaxt buna əhəmiyyət vermədim.
- Orada o, çox qaldı?
- Evdəmi? Yox, canım. Beşcə dəqiqə.
- Hündür idimi? Məsələn altı fut.
- Desəm ki, az deyildi, inanın.
- Üzü təmiz qırxılmışdı?
- Hə. Nə bığı vardı, nə də saqqalı.
- Çənəsi parıldamırdı ki? - Qəfildən soruşdum.
Qadın mənə qorxu ilə baxdı.
- Ah, miss, bax siz bu barədə soruşan kimi xatırladım: parıldayırdı! Bunu necə bildiniz?
- Sizə qəribə gəlir, lakin hamı bilir ki, adətən qatillərin çoxunun çənəsi parıldayır - deyə vəziyyətdən çıxdım.
- Belə de! Heç vaxt bu haqda eşitməmişəm.
- Bəs, siz fikir vermədiniz, onun başının forması necə idi?
- Başı adi idi mis... hə-ə, açarı verimmi? Sizi ötürərdim, amma...
Açarı alıb evə tərəf addımladım. Axtarışlar pis getmirdi. İndi aydın idi ki, Mill-hausda olan centlmenlə metrodakı “həkim” arasında ümumi nəsə var. Əgər, polisin dediyi kimi həmin centlmenin paltosunu çıxarıb, saqqal yapışdırsaq, onda əsaslı bir fərq olmaz. İntuisiya mənə başqa versiya da deyirdi: metroda həlak olan şəxslə xanım de Kastina, şübhəsiz, Mill-hausda bir-birile görüş təyin etmişdilər. Görüş barədə agentlik vasitəsilə danışmaqları isə onların ehtiyat etdiklərini göstərir. Açıq-aşkar onlar nədənsə çəkinirmişlər. Buna görə də görüşləri danışılmamış, təsadüfi olmalı imiş... Bəs, sonra?
Metrodakı kişi qəfildən “doktoru” görərək özünü itirmiş və həlak olmuşdur. Bəs, “doktor”? O, həlak olanın cibindən vərəqi tapır, qiyafəsini dəyişərək Marlouya tələsir. Tələsdiyindən hətta çənəsinin yapışqanını da silməyə macal tapmır.
Budur, Mill-hausun qapısı ağzındayam. Hollun tavanı alçaq olduğundan tutqun görsənirdi. Ev sanki sahibsiz idi. Qeyri-iradi səksəndim. Görəsən, mulayimliklə gülümsəyən qadın bu otağa daxil olarkən nə fikirləşirdi? Qapını açanda ürəyinə nəsə dammamışdı ki? Bir neçə saniyə sonra nə baş verəcəyini duyurmuşmu?
Ürəyimdə güclü döyünmə hiss etdim. Ev həqiqətənmi boşdur? Bəlkə, məni də burada bədbəxtlik hərləyir? Bax, bu an ilk dəfə “mühit” sözünün həqiqi mənası mənə çatdı. Bu evdə məni çürümüş həyəcan, qəzəb, qəddarlıq mühiti bürümüşdü.

ardı var

Oxşar məqalələr