AXTAR

Sülh sazişindən yayınmağa çalışan Ermənistan dalanda vurnuxur

munhen k
Bu günlərdə keçirilmiş Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazda təhlükəsizlik məsələləri də müzakirə mövzusu olub. Konfrans çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda baş tutan plenar iclasda Cənubi Qafqazın hər üç respublikasının rəhbərləri – Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak ediblər. İclasın moderatoru, Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin suallarını cavablandıran iştirakçılar öz mövqelərini ortaya qoyublar.
Təbii ki, bizi daha çox Ermənistanla Azərbaycan arasında münasibətlərin hazırkı durumu və gələcək perspektivi maraqlandırır. Bu mövzuda suala ilk cavab verən N.Paşinyan ənənəvi erməni ləyaqətsizliyindən uzağa gedə bilməyib: “İndi əfsuslar olsun ki, Dağlıq Qarabağda humanitar böhran baş verir. Həmçinin enerji böhranı da baş verir, çünki Dağlıq Qarabağa elektrik enerjisinin təchizatı kəsilmişdir. Qaz təchizatı da kəsilmişdir. Biz hesablamalar aparmışıq və son 70 gün ərzində qaz təchizatı ən azından on dəfə kəsilmişdir”. Paşinyanın məntiqinə görə, Şuşada bir qrup ekofəalın keçirdiyi aksiya “blokada” deməkdir və nəticədə həmin yerdən 10 kilometrlik məsafədə yerləşən Xankəndidə elektrik və qaz təchizatı kəsilir. Bundan səfeh arqument ola bilərmi? Adama deyərlər, əvvələn, təchizat kəsilib, get, bərpa elə. İkincisi, bırpa etməyi bacarmırsansa, onda nəyin davasını edirsən, sülh sazişini bağla, Azərbaycan öz ərazisində yaşayan erməniləri enerji, qaz, çörək və su ilə tam təmin edəcək. Hətta müharibədə əsir düşən erməni əsgərlərinin müalicəsi kimi yüksək şəraitli tibbi xidmət də həyata keçirəcək.
İlham Əliyevin qətiyyətli və siyasi baxımdan aydın cavabı təkcə erməni baş nazirə və moderatora yox, beynəlxalq auditoriyaya, o cümlədən Ermənistan –Azərbaycan münasibətlərində rol almaq istəyən beynəlxalq güclərə bir neçə istiqaməti faktlarla göstərib.
- “Sadəcə, məlumat üçün sizə bildirim ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var”. Yəni, gözünüzü Qarabağdan çəkin. Bu bölgə həmişə olduğu kimi Azərbaycan ərazisidir.
- “...iki istiqamətli həll faktiki olaraq bizim Ermənistanla danışıqlarımızı Qarabağdakı ermənilərlə əlaqələrimiz kimi daxili məsələlərimizdən ayırır”. Daha bundan açıq necə demək olar ki, Paşinyan, get öz işinlə məşğul ol, bizim işimizə qarışma!
- “...Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, “ixrac edilmiş” düzgün ifadə deyil, mən yəqin ki, “gizli yolla keçirilmiş” ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir. Təkcə bu fakt blokadanın olmadığını göstərir. Blokadanın olmadığını göstərən ikinci fakt ondan ibarətdir ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?!”. Bu da faktları saxtalaşdıraraq dünya ictimaiyyətini aldatmaq istəyən ermənilərin ifşası deməkdir.
Ermənistanın baş naziri, təbii ki, bu və digər faktları yaxşı bilir və bu səbəbdən özlərini təmizə çıxarıb, Azərbaycanı günahkar etməyə səy göstərib. Azərbaycan rəhbərinin işğal zamanı ermənilərin məscidlərimizi dağıtmaları ittihamına “Prezident Əliyev dağıdılmış məscidləri qeyd etdi. Mən demək istərdim ki, 2017-ci ildə Azərbaycanda yeni yollar tikmək üçün bir neçə məscid dağıdılıb” kimi gülünc cavab verməklə əslində “əlacsızın dalanda vurnuxması” təəssüratını yaradıb. Üstəlik, 44 günlük müharibənin sonunda 10 noyabr üçtərəfli bəyannaməsinin “kapitulyasiya aktı” olması faktı Paşinyanı “yumurtası tərs gəlmiş toyuq” kimi perikdirib: “Azərbaycan tərəfindən səslənən ifadələr nə deməkdir? “Kapitulyasiya” və s. kimi az qala təhqiramiz sözlər nəyə lazımdır?”. Bunu təhqirdir? Yox, Nikol, təhqir sənə havadarlıq edənlərin arxasında gizlənib Azərbaycan ərazilərini işğal etməkdir. İşğal nə qədər barbarlıq nümunəsi olsa da, bir balaca dəyanəti olan kəs öz işğalını özü edər. Amma siz ermənilər başqa məkrli qüvvələrin gücü ilə Qarabağı işğal etməyi özünüzə şərəf bilmisiniz. Kapitulyasiya aktı sizin şərəfsizliyinizin sübutudur.
Ümidvar olmaq istərdik ki, Münhen Təhlükəsizlik Konfransındakı builki debat Ermənistan rəhbərliyini və müxalifətini qarşılıqlı münasibətlərə reallıq spektrindən baxmağa kömək edəcək və Cənubi Qafqazda sülhə yeni töhfələr verəcək.

Novruz NOVRUZOV

Oxşar məqalələr